Page 3 of 5 · 40%

Qohumlar sevinişər, Ağca bundan ləzzət alardı.

O da Ağcanın yadındadır ki, cümə axşamları, bayram axşamları əmiləri səfərdən qayıdanda özü də belə peşkəşləri qəbul edərdi. Novruz bayramında onun başına o qədər pal-paltar, bər-bəzək, şirniyyat, oyun şeyləri tökərdilər ki, zalın ortasında tərpənməyə yer qalmazdı. Bu səxavətli qonaqların hamısından artıq, nədənsə, Təbarəkin sovqatlarına fıkir verilirdi. Atası tez- tez onun adını çəkərdi, hamı görünərdi, Təbarək görünməzdi. Daha sonralar Ağca bildi ki, Təbarək onun nişanlısıymış. O, ancaq toyda gələcək, ancaq onda görüşəcəklər.

Ağcanın uşaqlıq günləri beləcə şən-şətarətlə, əzizlik, bəxtiyarlıqla keçdi. Günün birində bu dəm-dəsgah lap böyüdü. Aləm, xara geyinmiş kimi, par- par parıldadı, evlərin qabağı camaatla doldu, musiqi çalındı, kişilər, qadınlar dəstə ilə evə doldu, gümüş göyə sovruldu, güllələr açıldı, oğlanlar küçəyə səs saldı, xonçalar bəzəndi, şamlar yandı, axund xeyir-dua verdi, faytonlar tərpəndi, sanki şəhərin bir hissəsi o biri hissəsinə köçdü.

Ağca gözünü açıb özünü Təbarəkin otağında gördü...

Onun birinci səhvi bundan ibarət idi.

Bilən olmadı Təbarəkin nəyi pisdir, niyə Ağca beş gün onun evində oturmadı. Toydan bir ay sonraya qədər hər gün səhər fayton Ağcanı atası evinə gətirər, axşam ər evinə qaytarardı. 31 -ci gün axşam fayton nə qədər dayandısa Ağca atası evindən çıxmadı. Özü də soyuq, küləkli bir axşam idi. Axırda anasının faytonçuya rəhmi gəldi:

– Dur get, oğul, özünü soyuğa verərsən, yenə qızın tutması tutub!

Hacı Abdulla qızının ər evinə getməyəcəyini yəqin edəndə ürək verdi:

– Qızım, - dedi, - sıxılıb eləmə, istəmədiyin adama getməyəcəksən. Bunu mənə qabaqcadan da deyə bilərdin. Əlli qızım yoxdur, bir qızım var. Onu da xunciyər eləyə bilmərəm. Otur, bu ev-eşik sənindir. Havaxt kimi istərsən gedərsən. Heç könlünə qubar-zad gəlməsin!

Bu təsəllidən sonra Ağca başa düşdü ki, bütün külfətləri səhv iş görmüşdür.

İkinci səhvinin öhdəsindən gəlmək istəyirdi, anası qorxurdu: "Amanın bir günüdür, bala, tələf eləmə. Elə işdən hər adam salamat qurtarmır. Allaha da xoş getməz, cavan canını bədbəxt eləmə!".

Ağca dedi:

– Qucağımda bəbə gəzdirməkləmi xoşbəxt olacağam?

– Uşağı qoy mənim öhdəmə! Sən get cavanlığını elə!

Ana ilə qız arasında bu söhbət olan günün axşamı vergi yığanlar Hacı Abdullanın qapısını döydülər. Arvad qışqırdı ki: "Ay aman, hamilə arvad var, qorxar, çıxın bayıra!".

Onlar eşiyə çıxanda Ağcanın qoltuğuna iki boğça verib, qonşu otağa ötürdü. Ağca boğçaları pəncərədən o biri həyətə saldı. Bir neçə dəfə belə gedib-gəldi; anası onu eyvana çıxartdı, vergi yığanlara izin verdi.

Evdə şey qoymamışdılar. Olan Ağcanın cehizi idi. Gələnlər bəzi şeyləri yazıb getmişdilər.

Hacı Abdulla gündüzdən yola çıxmışdı.

Dükanını möhürlü görəndə səhər başıaşağı evə qayıdıb, pul çamadanını götürmüş, uzaq səfərə yol almışdı. Arvadına tapşırınışdı: "Qız bilməsin, yazacağam, yığışdırıb gələrsən".

Atası gedəndən bir il sonra Ağcanın anası sətəlcəmdən öldü. Əmiləri də yaxın gəlmədi. Qız körpəsi ilə tək-tənha qaldısa da özünü itirmədi. Dünyagörmüş xanımların məsləhətiylə bir dayə tutub, uşağı ona tapşırdı. Özü də zəhmət çəkib, orda-burda gizlətdiyi boğçalardan birinin böyründən xərcləməyə başladı.

Bundan sonra Ağcanın dost-aşnası çoxalırdı. Onu yeni tikilmiş bahalı libaslarda, şəhərin ən gözəl, ən yaraşiqlı oğlanlarının qolunda "toqsinə" girən, "mostorqdan" çıxan, "Novaya Yevropada" oturan, bulvarda gəzən, söhbət eləyən, musiqi dinləyən, nəhayət, yaxşı həkimlərin qapısında gözləyən görərdilər.

Ağca xanım "bəxtəvərlərin bəxtəvəri" idi. Bakının axar-baxarlı küçələrinin birində dörd otaqdan ibarət, ağzinacan dolu, topdağıtmaz ev- eşik təkcə ona qalmışdı. Rəzəli sandıqdakı boğçaların hərəsi bir ömrə bəs elərdi. Özü də cavan, ay kimi açılmış, gün kimi gümrahlaşmış, gəlinlər bulağından təzəcə su içmişdi. Şəhərdə beş qızın söhbəti var idisə, biri Ağca xanım idi. Müsamirələrdə qabaq cərgədə oturan, teatrların baş lojasını tutan, ilk tamaşaları buraxmayan, məsxərə yarışında diqqəti cəlb edən, seyrəngahlarda ən şux görünən də Ağca xanım olardı. Güman edərdi ki, xanəndə ona baxıb segaha dəm verir, tarçı acığını simlərdən çıxır, məruzəçi ibarə başlayır, şair onun göz-qaşına bədahətdən bir bənd artıq deyir... Özünəgümaanı gələn hər gənc onunla oturub-durmağı xoşbəxtlik sayırdı.

Ağca xanım bunların hamısını hiss edər, gününü xoş keçirməyə səy edərdi.

Deyəcəksiniz niyə ərə getmirdi? Deyəcəyəm: alan yox idi! Deyəəksiniz: bayaqdan şəhər cavanları Ağcaxanımın əsiri idilər, niyə bəs alan olmasın?

Siz mənim yalanımı tutmaq istəyirsiniz! Mən də dedim şəhər cavanları Ağca xanımla maraqlanırdı. Bunu yenə də deyirəm. Ona görə də Ağca xanımı heç kəs almırdı.

Bəli, qəribə də elə budur. Ağca xanım ilə bir axşam vaxt keçirməyi səadət bilən gənclərin heç biri ona həmişəlik yaxın durmaq istəmirdi. Bilirdilər ki, ona həmişəlik sahib olmaq mümkün deyil. Əvvəl o, "baxışına, duruşuna, gülüşünə qurbanam" deyən bir məsul işçiyə könül vermək istədi. Məsul işçi bunu hiss edən kimi daha gözə görünmədi. Sonra bir hərbiyəlinin nəvazişləri Ağcanın xoşuna gəldi, ürəyinin mətləbini deyəndə hərbiyəli üzr istədi: "Bizlər, - dedi, - bü gün varıq, sabah yox, mənim bir ayağım otaqdadırsa, bir ayağım cəbhədədir. Risk eləməyin, məsləhət görmürəm, səni sevdiyim üçün də almaq istəmirəm... Sağlıq olsun, kapitalizm əhatəsinin öhdəsindən gələrik, düşməni qovub dənizlərə tökərik, onda bu haqda danışmaq olar..."

Sonralar Ağca, nədənsə, heç belə təmənnaya düşmədi. Görüşüb ünsiyyət bağladığı adamdan asanlıqla ayrıla bilərdi. Ayrıldığı adama qovuşduğundan, qovuşduğunu ayrıldığından fərqləndirmirdi. Ancaq yenə ürəyinin dərinlərində həsrətmi, ağrımı, arzumu deyək, nə deyək, incidici bir hiss oyanırdı. Bir-birini təqib edən qayğısız gənclik günlərinin izində sanki boranlarla süpürülmüş soyuq bir səhra ağarırdı. Get-gedə bu səhra böyüyür, soyuyur, tənhalaşır, sükut içində batıb qalırdı. Ağca düşündükcə təsəvvürünə gələn və onu vahiməyə salan mənzərələrdən üz döndərməyə, hər şeyi unutmağa, nəyə, kimə isə ümid bəsləməyə çalışırdı.

İstəyirdi ki, ona indi sadəcə Ağca yox, filankəsin arvadı desinlər. İstəyirdi ki, rəsmi də olsa birisinin, bir abırlı kişinin olsun. Məclislərə, ziyafətlərə başqaları kimi o da cüt getsin, cüt qayıtsın. Xüsusilə zəmanəyə münasib oxumuşlar, firqəçilər, komsomolçular, ziyalılar ilə durub-oturmağı arzu edirdi. Buna görə də Gəldiyev ilə görüşməsi Ağca xanımı sevindirımşdi.

Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Ağca xanımın daş- qaşla parıldayan səxavətli əlləri stol başında tərpəndikcə süfrə ulduzlu göy kimi bərq vurardı. "Nikolaydan qalma" stəkan-nəlbəkiləri, qırmızı mürəbbə qablarını, göy meyvə büllurlarını gətirib tökər, növbənöv mürəbbələr çıxarar, şəkərçörəyi düzər, lumu kəsərdi. Çox çəkməzdi ki, ev sahibinin qohum-əqrəbası, yaxın yoldaşlarından bəziləri yığılardı. Xüsusilə yetim qalmış bacıqızı gələndən sonra Ağca xanım məclisi ona həvalə edərdi. Özü yumşaq divanda oturub, sədəfli qarmonu dizi üstə qoyar, açıb-büzər, vücudu da qarmonla bərabər uzanıb gedərdi. Gəldiyev özünü məhrəm bir evdə, - qız-gəlin içində görəndə cənnətə düşdüyünü güman edər, inanmağı gəlməz, "yuxu aləmi" olmasın deyə, zənnini yoxlamaq üçün neçə dəfə kirpik çalar, gözünü bərk yumub, boş açardı, "Yox, həqiqətdir!" Ağca xanımı qarşısında sərbəst əyləşən və çalıb-oynayan görəndə sevincindən özü də çargah başlamaq istərdi. Səsi gəlmədiyindən özünə qəzəblənər, Ağcanın qolundan ərklə tutub rəqsə çəkər, balalarını öyrədən qartal kimi qol-qanad açar, oturanlara deyərdi: "Əl vurun, əl vurun!".

Verdiyev bir gün məktəbdə Gəldiyevlə zarafat elədi:

– Aşna, - dedi, - özünü yaman yerə yıxmısan ha! Gec gəldin, əcəb tez öyrəndin. Gözlə, bir balaca məişət pozğunluğuna oxşaya bilən işlərə doğru meyl göstərmək niyyətinə yuvarlanarsan ha!

Gəldiyev irişdi:

– Ay İslam, sən allah, boşla! Qoyarsan kasıbçılığımızı eləyək, ya yox!

Vərdiş, deyirlər ki, insanda ikinci xasiyyətdir. Gəldiyev həyata nəqd baxan adamdır. Onun üçün Ağca xanımm səliqəsi əvəzsizdir. Bu səliqə, Gəldiyevi qız dalınca düşməkdən, bulvara çıxıb ona-buna sataşmaqdan qurtarırdı. İndi bu evdə o, keçmiş Bakı varlılarının həyatını yaşaya bilərdi, ürəyində neçə dəfə deyirdi: "Zalım burjuaziya, nə kef görüb!.. Təki mən də elə ömür sürüm, sonradan dalımca ha söysünlər". Bir də Ağca xanım və onun evi Gəldiyevi dərsdən sonra "Ermənikənddəki" yataqxanaya qaçmaqdan, qarlı-boranlı günlərdə tramvaylardan sallana-sallana instituta iclasa gəlməkdən qurtarırdı. İclas olan günlər iki nömrəliyə oturur, Ağca xanımgilə gedir, yeyir-içir, rahatlanırdı. Axşam da durub hamıdan tez iclasa gəlirdi. İllərdən bəri arzuladığı "normal" həyatı tapmışdı. Neçə dəfə Ağca xanıma pul təklif eləmişdi, Ağca xanım acıqlandı. O da rastına düşəndə əlinə keçəndən, Corat qovunu, ya bir Şəmkir qarpızı, ya bir qutu konfet, bir şüşə Kon-kordiya çaxırı..., İstirahət günləri də bir şaqqa ət çəkdirib aparırdı. Ağca xanım Gəldiyevin bazarlığını bəyənmirdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets