Page 5 of 5 · 80%

Verdiyev söhbətə ayrı rəng verdiyini görüb, açıq danışa bilmədi, yalnız bunu əlavə etdi.

– Bu gecə də zənitəm!

Gəldiyev o gecəni də Ağcagildə keçirdi. Səhər samovarı dəmdə, süfrəni hazır gördü. Ağca xanım onu tələsdirdi:

– Dur, çayını iç, işimiz var.

Gəldiyev yeyib-içəndən sonra çıxmaq istədi. Öz vəziyyətindən utandı: "İndi deyər yeyən kimi qaçır". Azca duruxdu, saatına baxdı:

– Birinci dərsimiz texnologiyadır. Gecikirəm. Ağca, mən gedim.

Ağca xanım kinayə ilə dedi:

– Yeri, dərs qaçır!

Gəldiyev onun qolundan tutdu:

– Dərs qaçmırsa, gülüm, sənnən də az oturmadıq ha, iki gündür burdayam ki...

Ağca xanım geyindi, uşağa tapşırdı ki, eşiyə çıxmasın. Geldiyevə qoşulub gedəndə Gəldiyev soruşmaq istədi: "Sən hara?". Xətrinə dəyər, deyə soruşmadı. Pilləkənlərdən enəndə Ağca xanım onun qoluna girdi. Tramvay tərəfə qoymadı, küçə aşağı yeyin getdilər.

Dünənki bərk qardan sonra gün çıxmış, hava durulmuşdu. Əriyən qarın axıb getdiyini, novdanlardan suyun töküldüyünü gördükcə yaz yada düşürdü. Amma Bakıda belə günlər, qışda yazı, yazda qışı və payızı andıran günlər çox olur. Gəldiyev tramvay xəttinə mümkün qədər tez çatmaq, Ağca xanımdan ayrılmaq istəyirdi: "Nə lazım, görən olar..."

Verdiyevin sözü yadına düşdü: "Gözlə; bir balaca məişət pozğunluğuna oxşaya bilən işlərə doğru meyl göstərmək niyyətinə yuvarlanarsan ha!.."

Buna bir qorxağın vahiməsi deyib güldüsə də yenə tələbələrdən çəkinirdi. Ancaq bu hissini Ağca xanımdan gizlətməyə çalışırdı. Tramvay xəttinə çatan kimi küçə saatına baxacaq, dizinə döyüb yüyürəcək ki: "Vaxtım keçdi, uşaqlar məni gözləyir".

Gəldiyevin niyyəti Ağca xanıma məlumdurmu, məlum deyilmi, bu barədə heç nə deməyəcəyik. Bircə onu bilirik ki, Ağca xanım Kərimi tramvay xəttindən çox uzaq, instituta da səmt olmayan bir tərəfə, Proletarski küçəyə çəkdi. Gəldiyev dedi:

– Hara gedirik?

– Mənimlə getmək istəmirsən yoxsa?

Gəldiyev şeir ilə cavab verdi:

– Hara getsən səninlə mən də varam...

Ağca xanım şüşəbəndi təzə salınmış, hələ rənglənməmiş bir dükanın qapısında dayandı. Əvvəlcə Gəldiyevi itələdi, dalınca özü girdi. Gəldiyev güman elədi ki, haradırsa Ağca xanımın işi var. Tək gelməyi münasib bilməyib.

Bura darısqal, alçaq, yarımqaranlıq bir otaq idi. Ancaq səliqədə idi. Sağ və sol tərəfdə köhnə, uzun kürsülər qoyulmuşdu. Bir neçə adam oturub gözləyirdi. Gəldiyev gülə-gülə soruşdu:

– Bura haradır?

Ağca dinmədi. Otağın dib tərəfinə baxdı. Dib tərəf maliyyə idarələrində olan kimi alçaq şüşəbənd ilə qurşağa qədər kəsilmişdi. Ağca yeriyib, şüşəbəndin qapısını açdı. Onu içəri çağırdılar, getmədi. Qayıdıb Gəldiyevə işarə elədi. Gəldiyev əlləri paltosunun cibində, deyəsən, idarə başçısının otağına girdi. İdarə başçısı ortayaşlı, qarayanız, arıqca bir adam idi. Qalxıb əl verdi, yer göstərdi:

– Mübarək olsun! - dedi.

Gəldiyev:

– Sağ ol, - cavabını versə də, niyə mübarəkbazlıq olunduğunu seçmədi. Ağca üzünü arıq kişiyə tutub dedi:

– Ay Paşa, bizı yola sal, Kərimin dərsi var.

Paşa:

– Bu saat! - deyib çağırdı: - Həbib, Həbib!

Ağ geyimli bir oğlan gəldi. Paşa yazdığı kağızı ona verdi:

– Həbib, bu yoldaşlan qabağa sal.

Həbib onları apardı. Gəldiyev Ağcanın qolundan tutub, ahəstə səslə soruşdu:

– Nə məsələdir?

Ağcanı gülmək tutdu. Ciddiliyini pozmadı. Gəldiyev bir də soruşmaq istəyirdi ki, Həbib şüşəbəndin qabağında dayanıb təklif elədi:

– Buyurun bura!

Gəldiyev gözünü Ağca xanımdan ayırmayaraq, pərdənin dalısına keçdi. Həbib pərdəni örtdü, gülər üzlə Gəldiyevin qarşısında dayandı: Onun üzünə baxdı:

– Soyunun, xəstəliyə-zada tutulduğunuz olmayıb?

Ancaq indi Kərimə əyan oldu ki, bura nə imiş, Ağca xanım onu nə üçün gətirib və həkim nə üçün belə sözlər soruşur. Elə bil başından bir qazan dağ su tökdülər. Bütün vücudu mum kimi yumşaldı, gözləri alacalandı. Dizləri taqətdən düşdü. Başı vurulmuş kimi boynuna endi, boğazından nəgahani bir "uf' qopdu. Həkimin suallarına ala-yarımçıq cavab verib çıxdı. Qaçmaq istədi, düşündü ki: "Qaçmaq ilə qurtarmayacaqsan. Dava eləyib pozdurmasan, evlənmisən ki, evlənmisən", Çaşmış halda qapıları açıb örtdü, gah müdirin, gah katibin yanına baş vurdu. Ağca xanım həkim otağından çıxıb, gülə-gülə Gəldiyevə yaxınlaşdı.

Gəldiyev bulud kimi tutulmuşdu:

– Bu nə işdir, Ağca xanım, məndən xəbərsiz məni evləndirirsiniz deyəsən?

Ağca xanım onun rəngini görüb xəyalını anladı. Sifətinə qəzəbli bir görkəm verdi:

– Bu nə qaşqabaqdır?

Gəldiyev qolunu ölçdü:

– Mən belə şeyə dözüb eləmərəm ha!

Ağca it ilə qarşılaşmış pişik kimi üzünü qabartdı. Sanki başının tükləri biz-biz olub tirmə şalı qaldırdı:

– Xəbərin yoxdur?

– Mənim razılığımı soruşmamış, bilməmiş...

Bu anda katib dəftəri və kəbin kağızını gətirib, Gəldiyevin qabağında tutdu. Gəldiyev heç üzünü o yana çevirmr. Ağca xanımdan cavab istəyirdi:

– Mənim razılığım: xahişim...

Ağca xanım onun ağzının üstündən elə bir sillə çəkdi, uzaqdan eşidənlər elə bildi ki, bez cırdılar.

– Razılıq, xahiş! Gör haçan razılıqdan danışır. Sənin üçün üç aydır bəyəm istirahət evi açmışdılar, qol çək!

Gəldiyev ağzını tutdu. Bu həngaməyə baxan adamların xəcaləti, qızmış aslan kimi duran Ağca xanımın qəzəbi, kiminsə hırıldayıb gülməsi, sanki Gəldiyevi hər şeydən məhrum edir və hər şeyə məcbur edirdi.

Ağca:

– Qol çək! - deyəndə katib dəftəri daha yaxın tutdu. Gəldiyev başını qaldırmadı. Qələmi güc ilə tutdu, dəftəri cızdı, nə yazdığını özü də başa düşmədi. Ağca xanım kağızı qatlayıb redikuluna qoydu. Onu elə şəst ilə bağladı ki, deyərdin illərdən bəri çalışıb ələ gətirdiyi arzularını oraya qoymuşdu.

Məmnun bir baxışla adamlara xudahafiz eləyib Gəldiyevin qoluna girdi, onu çəkə-çəkə tramvay ayağına apardı, vaqona mindirəndə yadına saldı:

– Axşam gecikmə!

Ağca xanımın səfehliyi haqqındakı axşamkı düşüncələr Gəldiyevin başından dağıldı.

Ağca xanımın təkidilə Gəldiyev İzzəti bağçaya qoydu. Axşam saat dörddə ötürməli, səkkizdə gedib gətirməli idi. Ancaq həmişə gedə bilmirdi və getməyəcəkdi də... Ağca xanım hər gün səliqə ilə uşağını geyindirib, bağçaya yola sala bilsə və vaxtında da gedib gətirə bilsə, heç bağça-filan lazım gəlməzdi. Özü işləmirdi. Evində oturub, yeganə uşağına qulluq eləyər, get-gəl əzabından da qurtarardı. İş belədir ki, Ağca xanımın nə uşaq ilə eylənməyə, nə də bağçaya yola salmağa vaxtı vardı: geyinib-keçinəndə dünya gözünə görünməzdi. Gəldiyev dərsi, ya iclası bəhanə gətirərdi. Ağca eşitməzdi.

– Sənə iclas şirindirsə, mənə də teatr...

– Bəs uşaq necə olsun?

– Uşaq var deyən, mən ömrümü puç eləməliyəm ki?

– Ağca xanım, bunu mən yanımda gətirməmişəm, öz balandır, qorxudan ölər!

– Balamdırsa, mən bilərəm, sən qarışma!

Ağca xanım hiss ilə çəkib qapını bağlar, uşağı həyətə endirər, tapşırardı:

– A qonşular, bundan muğayat olun. Oynasın, bir-iki saata qayıdırıq.

Əvvəl qonşular bir söz demirdilər. Elə ki, İzzət hər gün axşamlar həyətdə, qapı-bacada, ya onun-bunun evində qalmalı oldu, söz çıxdı, hətta bir gün ev idarəsinin işçisi gəlib, Gəldiyevi danışdırdı da:

– Bu uşağı niyə sahibsiz qoyursunuz?

Gəldiyev üzr istədi:

– Anasının vacib işi olur, qonşulara tapşırıb gedir, uşaqdır, durmur, qaçır.

İdarə işçisi ona inandı:

– Siz bunun atalığısınız, nə qədər yaxşı baxsanız, ögey deyəcəklər. Elə eləyin, uşaq sarıdan sizə diqqət tutan olmasın.

Gəldiyev ondan sonra uşağı bağçaya verdi. Ağca bir-iki gün özü yola saldı. Sonra uşağın yolu tanıdığına arxayın oldu, axşamlar onun qeydinə qalmadı.

Bağça saat səkkizdə bağlanırdı. Ağca xanımın qapısı saat səkkizdə açılmırdı. Uşaqlar bağçadan dağılışanda İzzət əlləri dizində dəhlizdə, qarovul kürsüsünün üstündə tək oturub mürgüləyirdi. Qulluqçular bağçanı silib-süpürər, yığışdırardı. İzzətin adamı gəlmədiyini görüb onu ötürərdilər. Buna da Ağcanın acığı tutdu:

– Ay itin balası, özün gələ bilmirsən bir addım yolu? Niyə qapını ona- buna tanıdırsan!

O idi ki, İzzət qorxusundan heç kəsə qoşulmurdu. Anası, ya Gəldiyev gəlməyəndə yola düşüb maşından, tramvaydan, milisdən, keflidən qorxa- qorxa gəlirdi.


Rübabə dərsdən qayıdanda və ikinci dəfə İzzəti küçədə tək görəndə izindən əl çəkməməyi qət etdi. Özünü ona göstərmədi, dalısınca gəlib evlərinə çatdı. İzzətdən beş dəqiqə sonra qapını döydü. Su daşıyan qarı qabağa çıxdı:

– Ay xala, İzzət kimin uşağıdır?

Qarı heç nə demədən həyətə çəkildi. Bir az sonra Ağca xanım qabağa çıxdı. Rübabə dedi:

– Bağışlayın, bu uşağı mən ikinci dəfədir sahibsiz görürəm. Gecə vaxtı, böyük şəhər, küçədə beş yaşlı uşaq...

Ağca xanım bunun ağzını yamsılayıb danışdı:

– Bağışlayın, bunun sizə nə dəxli?

– Uşaq bədbəxt ola bilər...

Ağca qışqırıq saldı:

– Bədbəxt olsun canın. Bikarlamısınız, bilmirsiniz nə hoqqa çıxarırsınız! Sizinki uşaq deyil, böyük dərdidir. Qızışıbsınız, çarə tapın,

Kərimin ailəsi var, ay yazıqlar! Ummayın, şişərsiniz!

Vaxtilə Gəldiyev Ağcaya danışınışdı ki, məktəbdə bir neçə qız var, məndən el çəkmirlər. Biri lap məktub-zad da yazıb. Ancaq Rübabə, bilsəydi, bu arvad Gəldiyevin arvadıdır və bu uşaq onun oğulluğudur, heç dalınca düşməz, bir kəlmə də danışmazdı. Ağcanın həyasızlığını gördüsə də susmadı:

– Xanım, - dedi, - uşaq mal deyil, istədiyin yerdə bağlayasan.

Onun üçün sən məsulsan. O, tək sənin yox, gələcəyin, xalqın da övladıdır. Saxlamağı bacarmayanda əlindən ala bilərler. Uşaq tərbiyəsi indi ümumi işdir.

Ağca qəh-qəh çəkib istehza ilə güldü və şəhadət barmağını ona tərəf silkələdi:

– Uşağı alsan da, atasını əlimdən ala bilməyəcəksən, umsuna-umsuna qalacaqsan, ay yazıq!

Rübabə başa düşdü ki, Ağca onun sözünü hayana yozur. Gəldiyinə, danışdığına peşman oldu, evin ünvanını götürdü, sakitcə qayıdıb getdi. Bütün gecəni fikir-xəyal içində başağrısı çəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets