Page 1 of 2

I

Üç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

Aydın idi ki, maşın xarab olub yolda qalmışdı. Ancaq bu maşının haradan gəlib, haraya getdiyini, nə maşın olduğunu öyrənmək lazım idi. Bu vəzifəni yoldaşlarıma tapşırıb irəlilədim. Yaxında mütləq bir qərargah, ya hərbi məntəqə olduğunu güman etdim. Deyəsən, mənə dedilər ki, şəfəqdə ağaclar arasında seçilən açıqlığa bax. Meşənin axırında olan bir ağaca səssizcə dırmaşıb dayandım. Arxada qoyub gəldiyim motor yenə tırıldayırdı. Açıqlıqda heç nə yox idi. Beş dəqiqə gözlədim, enmək istərkən bir at fınxırdı. "Aha, - dedim, batareya tapmışam, yerini bəlləmək lazımdır." Ehtiyatla endim, tələsik otlar arasından sürüşərək, addımbaşı ətrafımı dinləyə-dinləyə irəliləyirdim. Çoxmu, azmı getmişdim, bilmirəm, ancaq güman ilə at olan yerə çatmış olmalı idim. Bir böyük ağacın gövdəsinə sığınıb diqqət etdim, səs-səmir yox idi. Sanki bayaqkı səs bir xəyal, bir yuxu imiş. Cəbhə dairəsində bu bir neçə ay ərzində hələ belə sükut görməmişdim. Bu sükut nədənsə mənə ləzzət verirdi. Bu, döyüşün, çarpışmanın, gurhagurun bitdiyi demək deyildi. Bəlkə, dərin və mənalı bir tənəffüs idi. Mənə elə gəlirdi ki, yer, göy, meşə, tarla, buludlar, otlar, ağaclar, sular - hər şey susur, hər şey fikirləşir, sabahkı müdhiş qovğanı düşünür. Mənə elə gəlirdi ki, sükuta dalan kainat birdən dinəcəkdir. Elə səslənəcək ki, ürəklər yarılacaqdır.

Sanki, bayaqkı at ilk səsi ilə məni çağırmışdı, indi də yaxınlaşdığımı hiss edib kişnədi. İndi bildim ki, yanaşmışam. Gecə səs nə uzaq gedirmiş... İndi mən daha yerimirdim. Hərdənbir addım atır, nəfəsimi oğurlayır, ətrafımı dinləyirdim. Hər tərəfdən arxayın olmamış ikinci addımı atmırdım. Birdən güllə səsi eşitdim. Təkrar, təkrar... Uzaqda qabaqlaşan iki dəstənin atışdığı hiss olunurdu. Yəqin etdim ki, yoldaşlarım düşmənlərlə vuruşur. Görünür, motor təmir olunmuşdur. Həriflər getmək istəyirmişlər.

Sən demə, mən qərargahın böyründə, top atlarının otladığı qoruqdayam. Atışma başlanan kimi, haradansa soldatlar çıxdılar. Lap böyrümdən iki atlı çapıb yoldaşlarımın üstünə getdi. Deyəsən, yolda motosikl səsləndi, sonra pulemyot...

Mən gəldiyim yol ilə qayıtmaq istəyirdim. Meşədə hənirti duydum. Yerə sinən kimi başım üstündən yana-yana bir güllə keçdi. Biri də, biri də!.. Görməsələr də duymuşdular. Cavab verməsəm lap üstümə tökülə bilərdilər. Avtomatı işə saldım. Düşmən çox atırdı. Mən sağa-sola sürünüb atırdım, guya yanımda bir dəstə olduğunu hiss etdirməyə çalışırdım. Lakin mən bu döyüşə çox dözə bilməzdim. Patronum çatmayacaqdı. Susmağı, ancaq üstümə gələn düşməni yaxına buraxıb vurmağı qət etdim. Mən susanda düşmən də susdu. Güllə səsi seyrəldi. "Zənn ilə irəli gələcək, bu yerləri axtaracaqlar. Belə olsa, yaxşı iş görmək olar",- deyə düşünürdüm. Otun içində uzandım. Barmağım tətikdə müntəzir dayandım. Lakin gələn olmadı. Heç atan da olmadı. Hava isə yavaş-yavaş işıqlaşırdı. Çəkilib mövqeyimizə getmək, ya yoldaşlarıma qovuşmaq istədim. Uzaqda iki kənd evi, yaxında bir çadır ağarırdı. Arabalar, atlar görünürdü. Yaxında vedrə ilə tökülən su səsi, ayaq tappıltısı gəlirdi. Sübh çağı atışma başlanacağını yəqin etdiyim üçün cəhd edib özümü hissəmizə yetirmək istəyirdim. Ağacların arası ilə yeriyirdim, bu yerlər heç mənim gəldiyim yola bənzəmirdi. Mövqeyimizi andıran heç bir əlamət yox idi. İşıqlaşanda tamam çaşbaş qaldım. Cəhətləri təyin etmək çətin idi. İndi bildim ki, gecənin qaranlığında çox yol getmişəm. Meşənin dərinliklərində, sağımda, solumda vuruşma başlanmışdı. Ancaq səslər məndən güllə məsafəsindən də uzaq idi. Mən ağaclıqdan kənara çıxmaq istəyirdim. Ayaq səsi eşitdim. Yerə sinib durdum. Zabitin komandası ilə bir dəstə faşist soldatı qabaq tərəfə soxulurdu. Birinci dəfə idi ki, mən düşməni belə yaxından görürdüm. Onların dəstəsi, hətta ayrı-ayrı soldatların kürəyi elə yaxşı nişana gəlirdi ki, az qalırdım silahı dilləndirəm. Ancaq mən kəşfiyyatçı idim. Bunların planını öyrənmək, hərəkətlərini izləmək lazım idi. Çox çəkmədi, maşınların ağzı açıldı. İrəliyə soldat, sursat gedirdi. Qabaqdan brezent ilə örtülü maşınlar, bəzən də çaparaq atlılar gəlirdi. Aydın idi. Mən düşmənin lap arxasına, cəbhə xəttindən çox uzaqlara düşmüşdüm. Bütün günü meşəlikdə o tərəf-bu tərəfə süründüm. Çıxmaq imkan yox idi. Hər yer düşmən ilə dolu idi. Hissələrimizə əlim çatmayacaqdı. Bu vəziyyətdə gözə görünmək mümkün deyildi. Kömək almaq üçün isə heç bir vasitə yox idi.

Gecəni gözlədim. Yoldan çıxıb, daha da dərinliklərə, almanların bir ay əvvəl işğal etdikləri Reçnaya kəndinə yol aldım. Cəbhə xətti buradan keçdiyi zaman mən bu kəndə gəlmişdim. Şose yolunun ağzında bir neçə yel dəyirmanı olduğu yadımda idi. Mən yerə yox, ağacların başına göz gəzdirir, yel dəyirmanlarını axtarırdım. Bu gecə də heç bir şey mümkün olmadı. Kəndə çatıb-çatmadığımı müəyyən edə bilmədim, çünki almanların tutduğu yerdə hərbi hərəkatdan başqa heç bir həyat əlaməti olmurdu. Nə get-gəl, nə kənd işi, nə səs, nə səmir.

Səhər açılanda kəndin lap kənarına, dəyirmanların sağındakı qovaq ağaclarına çatdığımı gördüm. Gündüz açıq-aşkar evlərə yanaşmaq mümkün olmazdı, çünki hər tin başında alman soldatı durur, hər ötübkeçən qadını, uşağı yoxlamamış buraxmır. Ona görə də kənddə qalan qadın və uşaqlar evlərə qapanmışdılar.

Yenə axşamı gözləməli oldum. Yaşıllıqlar, göy ot mənim yeganə köməkçim olmuşdu. Yerə uzanır, üstümü ot ilə örtür, nəfəsimi oğurlayıb ətrafı dinləyir, arxayınlıq olduğunu duyduqda cibimdən quru çörək çıxarıb xırtıldadırdım. Məni sıxan nə aclıq, nə susuzluq, nə də ölüm qorxusu idi. İntizardan üzülürdüm. Hissəmizdən ayrıldığım bu iki gün mənə iki ildən uzun gəlirdi. İki gün böyük bir vaxt deyildir. Ancaq, nədənsə, mənə elə gəlirdi ki, bu müddətdə çox dəyişiklik olmuşdur. Mənə elə gəlirdi ki, hissəmiz yeni əmrlər almış, yeni mövqelər tutmuşdur. Yoldaşlarım, mənimlə kəşfiyyat səfərindən qayıdanlar indi, kim bilsin, hansı bir eşq ilə, hansı bir şücaətlə düşmən üstünə cumur, səslənirlər, bir-birinin səsindən, nəfəsindən qüvvət alırlar. Onu da fikrimə gətirirdim ki, artıq məndən əl üzmüşlər. Sırada yerimi boş görüb papaqlarını çıxarmış, mənimlə xəyalən vidalaşmışlar.

Bu fikirlər məni çox narahat edirdi. Mən heç bir zaman bu günə düşə biləcəyimə inanmazdım. Mənə elə gəlirdi ki, sağ olmağımı heç kəs bilməyəcəkdir. İtkin düşdüyümü zənn edib, gözü yollarda qalan anama məktub yazacaqlar. Anam belə məktub alsa da, inanmayacaq, darvazamızın ağzındakı daşın üstündə oturacaq, corablıq əyirəcək, gəlib-gedəndən dürüst əhval soruşacaqdır.

Axşam yenicə qaranlıqlaşanda mən kölgə kimi səssiz və ehtiyatla kəndin xəlvət küçələrindən, divar dibləri ilə yeriyərək, özümü dar və pəncərəsi pərdəsiz bir evə yetirdim. Pəncərədən baxanda üç nəfər alman soldatının köynəkcək oturub içdiyini gördüm. Birdən qapı açıldı. Mən cəld özümü günəbaxan ləklərinin içinə atdım.

Evdən bir qadın çıxdı. O, su quyusuna yaxınlaşıb vedrəni ipə bağlayanda mən yavaş səslə dedim:

– Bacı, mənə kömək elə!

Qadın əvvəlcədən belə bir işarə gözləyirmiş kimi, ətrafına baxındı, mənə tərəf gəldi. Paltarımdan qızıl əsgər olduğumu bildi: "Səsini çıxarma! - dedi. - Qardaş, başkəsənlər buradadırlar!"

Bunu dedi, vedrəni quyu başında qoyub getdi. Çox keçmədi, qadın əlində bir bağlama geri qayıtdı. Bağlamanın içində paltar var idi. Qadın bağlamanı mənə verdi. Biz bir-birimiz ilə necə görüşəcəyimizi və mənim kim olduğumu soldatlara necə izah edəcəyimizi şərtləşdikdən sonra qadın evə qayıtdı. Mən ağaclar arasına çəkilib paltarımı dəyişdim. Qadının səliqəsinə bax ki, mənə tuman-köynəyə qədər gətirmişdi. Mən bunu artıq sayırdım. Üst paltarımı, əsgər qiyafəmi dəyişmək kifayət idi. "Bəlkə, – dedim, – qadın mənim çoxdan bəri qoşundan ayrıldığımı zənn edib dəyişik vermişdir."

Silahımı həmin tuman-köynəyə büküb bəlli bir ağac dibində basdırdım. Kənd içinə üz qoydum. Xüsusilə kəndli qadının rəftarından mənə aydın idi ki, əhali ilə əlbir olub çox iş görmək olar. Əhalinin adama ehtiyacı çoxdur. Özümü evə yetirdim. Dəhlizə girdim. Otağın qapısını açanda üç nəfər köynəkcək soldat dik ayağa qalxdı.

– Dur! Kimsən?

Mən ağzımı açmamış, içəridən yüyürüb gələn qadın, ev sahibi cavab verdi:

– Ərimdir!

Bunu deyib məni qucaqladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vicdan mühakiməsi

– Divardan boylanan uşağı görürsənmi?– ...

24 min
Dağların qəlbi

Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

9 min
Zəhmət, ağıl, bəxt

(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.

3 min
Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 min

Poems by other poets