Badam ağacları
Page 2 of 3 · 33%
Ağarza bunu dediyini gördü. Araxçınlı kişi irəli yeridi, təsbehi bir kənara atıb, ağacı Ağarzanın əlindən almaq, onun başına çırpmaq istədi. Ağarza əvvəl ərbabın niyyətini başa düşmədi. Onun ağaca əl atdığını görəndə, yatıbmış kimi ayıldı. Ərbab ağzına gələn söyüşü deyib, nökərlərini çağırdı.
– Qovun bu mürtəd oğlunu! - deyə bağırdı. - İtilsin, hansı cəhənnəmə gedir-getsin! Mənim kəndimdə oturmasın! Gör nə qələt eləyir!
Təbliğat aparmağına bir bax! Ayağı çarıqlının biri! Ay çörək tutsun sizin kimi nadürüstləri!..
Ağarza özünü qapıdan çölə atdı, birbaş onu ərbab yanına göndərən həmyerlisi Mirzəməmmədin yanına getdi.
Mirzəməmməd də Ağarzanı danladı.
– Ay bədbəxt oğlu, - dedi, - bu yaşa çatmısan, ərbabla danışmağı da bacarmırsan. Ərbab söz götürməz. Bilmirsən iki yoluq cücə ilə ağa yanına getməzlər? Sən nə hesab eləyirsən! Hamı Mirzəməmməd olmaz ki, sənə müftə ərizə yaza.
Ağarza yerlisi ilə razılaşmadı:
– Mirzəməmməd, axı, dostum, nə üçün elə deyirsən? Ərbab gərək özü razı olmuya! Mən öz əlimin əməyi ilə əkdiyim ağacların bahasını istəyirəm. Bu, fıtrə, sədəqə zad deyil. Qardaş, müşavirdi, amerikandı, ingilisdi, hər kəsdi, ona yer lazımdır, ayrı torpaqdan götürsün! Köyşən doludur. Mənim badamlığım olmasa, bu təyyarə yerə enə bilməz bəyəm! Onu görüm heç sağ enməsin! Mahalda meydan qurtarmışdı ki, mənim bir tikə badamlığımı kəsirlər?
Ağarza dostunun məsləhəti ilə təkrar kəndə qayıtdı. Deyirlər müşavirdən kağız gətirsən, o kağızı dövlət bankına təqdim etsən, ziyanın bir payını alarsan.
Müşavir doğrudan da ona bir kağız verdi. Təsdiq etdi ki, filan mahalda, filan kənddə Ağarza Baba oğlunun otuz bir ağaclıq badamlığı, "Marşal planı" əsasında kəsilib, müəyyən məqsəd üçün düzəldi.
Ağarzanın kənddə bu kağızı oxutmadığı savadlı qalmadı. Orada yazılanların hamısı aydın idi. Her şey ona aydın idi. Ancaq "Marşal planı", "marşallaşma" deyilən sözdən bir şey başa düşmürdü. Kağızı oxuyanlara macal vermir, barmağını yazının həmin yerinə qoyub soruşurdu:
– O nə sözdü qardaş? "Marşallaşma" - yəni kim barəsində yazır? Mənə təəllüqü var o sözün, ya yox? Yəni o adam kimdir, görüm mənim ağaclarımı kəsən adamdır, ya buna əmr verən, pul buraxan adamdır? O kimdir?
Oxumuşlar qəzetdən, siyasətdən söhbət salıb çox söz deyirdilər. Ancaq Ağarza daha da hirslənirdi:
– Qardaş, hər nə planı-filanı var aparsın şahla, vəzirlə danışsın.
Mənim ağaclarıma nə dəxli var axı! Plana düşür, qoy mülkədarların xalvar-xalvar yerləri düşsün. Mənim canamaz boyda badamlığımı bilmirəm kim plana salır axı!
Mirzəməmməd Ağarzanı başa salıb deyirdi:
– Ay rəhmətlik oğlu bu "Marşal planı" o yandan – Amerikadan gəlir. Bir bizim vətənə deyil, odur, türkə də, yunana da, ərəbə də gəlir. Vergi-tövcü kimi bir şeydir. Əvvəllər İrana vəba gələrdi, taun, çəyirtkə gələrdi. Indi də"Marşallaşma" gəlir, Amerika soldatı gəlir, çürük mal, tısbağa yumurtası gəlir. Dünən bir kəndlinin cilovunda bir arıq at var idi, üfürsəydin yıxılardı. Soruşdum ki: "Kəndli qardaş, at niyə bu kökə düşüb?” Kəndli gülüb dedi: "Marşallaşıb". Belə yekə bir kəndin bağ-bağatını kəsib tökürlər; soruşursan: bu nə həngamədir? Deyirlər: "Marşallaşırıq". Şəhər küçələrində dilənçi əlindən keçmək olmur. Deyirsən:canım, bu nədir? Deyirlər: səsini çıxarma, "marşallaşırıq!" Kəndlilər lüt, möhtac görəndə deyirlər: "Sən "marşallaşıb" qurtarmısan!” Heç bir zəlzələ, sel, heç bir səmum yeli kəndləri "marşallaşma” qədər yaman günə qoymamışdı...
Ağarza dostunun dediyindən nəticə çıxartdı:
– Yaxşı, qardaş nə vacib olub? Olmaz ki, "marşallaşmayaq?" İndi ki, "marşallaşma” bizi bu kökə salır, gəlin "marşallaşmayaq"da!
Mirzəməmməd qəhqəhə çəkib güldü.
– Sən, - dedi, doğrudan da lap avam imişsən. Görünür, Kəmərli dağlarının arasından kənarı görmürsən. Ay rəhmətlik oğlu, ölünü öz kefinə qoysan, şıllaq atıb kəfəni yırtar. Sənin nə ixtiyarin var "marşallaşmayasan?” Sən "marşallaşmayasan", bəs bu amerikan zabitlərinin qazancı haradan gəlsin? Yeddi iqlim, yeddi dərya basa-basa buraya əbəs yerə keçməyiblər axı! Yazıqsan, get, bəlkə müşavirdən bir kağız ala bildin, bəlkə yerin bahasından bir az verdilər. Yenə qənimətdir, lənət heçə?
Müşavirin kağızına şəhərdə güldülər. Bu kağız, - dedilər, - sənin bağçan haqqında yoxlamadır, ayrı bir şey deyil. Heç bir iddia üçün sənə əsas vermir.
– Mən ayrı iddia eləmirəm. Hökumətlə hökumətlik eləmirəm.
Torpaq divana lazım olub, buyursun mənim ziyanımı versin. Bu iş qanunda var.
– Oanunda nə var?
– Qanunda var ki, kəndlinin əlindən alınan malın, ya mülkün bahası verilə gərək.
– Kəndli var, kəndli var.
Bank dəftərdarı, dazbaş, çeşməkli kişi Ağarzanı daha da heyrətə saldı.
– Necə yəni, mən necə kəndliyəm bəyəm? - deyə gözləri alacalandı.
– Necə kəndlisən, özün bilirsən, amma ixtiyaratın ərbabdır.
– Ərbab məndən vergi alır, maliyat alır, bağçamın da sahibi deyil ki.
Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb, içəri qayıtdı.
– Sənin, - dedi, - işin məhkəməlikdir. Get orada baxsınlar, gör nə deyirlər.
Məhkəmədə Ağarzanı bəlkə iyirmi dəfə dindirib danişdırdılar. Yazıb pozdular. Şahid, sübut istədilər. Müşavirin iştirakı olmadan işə baxmadılar. Çox xahişdən, tələbdən sonra günün birində müşavirin vəkili gəlib çıxdı, məhkəməni inandırdı ki, Ağarzanın bağça yeri əvvəldən ərbabın olub, kəndlinin iddia üçün əlində nə kağızı, nə sübutu var. Ona görə də bir şahı tələb etməyə haqqı yoxdur!
Ağarzanı daışmağa qoymadılar. İddiasını rədd etdilər. Vəkil çaldığı qələbənin iftixarı ilə Ağarzanın yanından ötüb getmək istəyəndə Ağarza onu saxlamaq istədi.
– Bura baxın, ağayi vəkil! - deyə müraciət etdi.
Vəkil qulaq asmadı. Ağarza bərk addımlayıb onun çiynindən tutdu, geriyə çəkdi:
– Sənnənəm axı!
Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi. Ağarza da tünd və kefli nəzəri ilə ona baxıb düşündü: "Deməli, işi-gücü qaldı, eləmi? Di, al gəldi!"
Ağarza bunu deyib, elə bir sillə çəkdi ki, üç dəfə fırlanıb fəryad çəkdi,yıxıldı.Ağarza çıxmaq istəyəndə, kimsə qapını bərk itələdi,qapı onun alnına toxunub yaraladı.Ağarza aradan çıxdısa da, onu təqib edənləri görüb döngəyə buruludu. Uçuq bir divardan hoppanıb kiçik həyətə, oradan isə ağaclı bir yerə keçdi. Bura xəstəxana imiş. Ağ xalatlı bir həkim onu qarşılayanda, Ağarza alnının yarasını göstərdi. Onu sarğı otağına apardılar. Ağarzanın yarası bağlanıb qurtarmışdı ki, xəstəxana qapısında izdiham göründü. Müdir qapıya çıxdı. Qorxu və təəccüblə qapıdakılara baxdı. Müşavirin adamları müdirdən Ağarzanı tələb edirdilər.
– Ağa, nə buyurursunuz? - deyə xəstəxana müdiri soruşdu.
– Buranın müdiri lazımdır! - deyə müşavirin adamlarından biri
donquldandı.
– Buyurun görək!
– Deməli, müdir sizsiniz?
– Belə görünür.
– Burada gizlənən düşməni istəyirik.
– Ağa, bura müalicəxanadır! Fərqi yoxdur, hər kəs olursa olsa, vəzifəmiz naxoşları müalicə etməkdir.
– Burada yaralı varmı?
– Yaralı da var, şikəst də var, qızdırmalı da...
– Biz buraya qaçıb gizlənən...
Vəkil sözünü bitirməmişdi ki, Ağarza camaatı yarıb, heykəl kimi onun qabağında dayandı.
– Ağayi vəkil, pis olmazdı sən gedib öz yerində, Amerikada vəkil
olaydın. Burada nə Amerika torpağı var, nə təbəəsi. Sizi bura çağıran
da yoxdur. Bilmək olmur dünyanın o başından atıla-atıla gəlib, burada
nə sülənirsiniz! Kəndlinin qanı sizə də şirin gəlib... eləmi?
Ağarza hirslə irəli çıxdı. Hiddətindən gözləri böyümüş, gicgah damarları şişmişdi, sifəti mis kimi qızarmış halda dişlərini qıcayaraq, yumruğunu düyərək, sözünü bərkdən təkrar etdi:
– Şirin gəlib, eləmi?
Ağarzanın odlu baxışları ətrafa ildırım saçırdı. Yumruğunu göyə qaldırdı, vəkil bu saat başına enəcək zərbənin dəhşətindən ürkərək, geriləmək istədi. Səndələdi, özünü saxlaya bilmədi. Qollarını kənara açıb, dırmaşdığı uca yerdən düşən toyuq kimi ləngər vurdu. Arxadan tutmasaydılar, tirlənəcək idi. Ağarza hərifin çəkildiyini gördükdə, sanki zərbəsini endirməyə hədəf axtarırdı. Yumruğu ilə havanı yardı, sinəsində yanan nifrət, qəzəb alovu ilə dedi:
– Zəlilər! Əqrəblər!
Ağarza irəli cumanda, vəkil də, adamları da cəld çəkildi, izdiham parçalanıb qolu çirməkli, saçı dağınıq kəndliyə yol verdi. O, bir neçə addım atandan sonra dönüb vəkilə baxdı. Sanki baxışı süngü idi və bununla da özünə yol açdı. Vəkilin ətrafındakılar dağılışdılar. Vəkil yolun ortasında qanqal kolu kimi tənha göründü. İzdiham Ağarzanı bir qəhrəman kimi qucağına alıb, gözdən itənəcən müşayiət etdi.
Doğrudur, kənddə Əlican, Ağarzanın uşağına, atasının tapşırdığı balaca Ədalətə öz övladı kimi baxırdı: onu gözdən qoymurdu. Ancaq Ədalətdən arxayın ola bilmirdi. Çünki Ədalət hər gün oğurlanıb kənd üstünə, badamlığa gedirdi, təzəcə puçurlayan nəhəng ağacların doğranıb töküldüyünə, bağça hasarının yerində bünövrələr salındığına diqqət və ürək ağrısı ilə tamaşa edirdi. O, baxırdı, müşavirin adamlarının nə iş gördüklərinə diqqət yetirirdi ki, atası gələndə danışsın. Bağçada Ədalətin öz əli ilə toxumunu basdırdığı iki yaşlı bir badam ağacı adam boyu ucalmışdı. Qız bu ağacı həmişə əli ilə suvarır, dibini alaqdan, gövdəsini qarışqadan təmizləyirdi. Bağçanın sökülüb dağıldığını görsə də, Ədalət o körpə ağaca baxmaqda davam edirdi. O, buraya gələndə əziz yoldaşını - kimsəsiz qalmış, qohum-əqrəbasından uzaq düşmüş bir yetimi görən kimi qəhərlənirdi. Sanki körpə ağacın yenicə puçurlayan, həyat, günəş arzusu ilə baş qaldıran zərif, zümrüd yarpaqları Ədalətin gəlişindən hərəkətə gəlir, nə isə dil açıb demək istəyirdi. Ədalət nə etsin? Badamın dibinə torpaq yığsın, ətrafına çəpər çəksin? Dağ kimi divarları vurub dağıdan, təpələri düzə çevirən bu silahlı müşavirələrin, gurultulu maşınların qabağında Ədalət nədir ki, çəpər də çəkə! Heç yerdə Ədalət buradakı qədər gücsüz, əlacsız olmamışdı. Sanki bunu körpə ağac da hiss etmişdi. Ədalətə tərəf əyilərək yalvarmaq, ağlamaq, arxalanmaqmı istəyirdi, ya qıza məlum olmayan bir sirr deməkmi istəyirdi? Bəlkə deyirdi: "Bu qansızlardan uzaq ol!" O demək istəyirdi ki: "Məni apar!" Qız onu hara apara bilərdi? Ədalət əlində balaca bel körpə ağacın yanına gəlir, ağ əlcəkli bir zabit onu istehza ilə qarşılayır, ağaca işarə edirdi: "Qızım, bu sənindirmi?"
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-badam-agaclari
Use ← → keys to move, R for a random poem
More by this author
Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.
Kəhərin son günləriBir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...
Gözəl barəsindəMüasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:
Gənc şairin ərizəsiBu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.
Poems by other poets
Allaha ruşvətHəmədan ölkəsində xud əlan
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Kölgə varQardaş! Bizim görüşümüz uzun sürmədi,Dövran bizə bu vüsalı rəva görmədi.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,