Yoldaş!

Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.

Bunu sirdaşlar haqqında, məsləkdaşlar, əməkdaşlar, silahdaşlar, vətəndaşlar haqqında da işlədirlər.

Amma mənim aləmimdə "yoldaş" m bir mənası da var ki, çox az işlənir. Daha doğrusu, çox az görünür.

Bir adam ki, sənin ürək, canciyər dostundur, sevincində, kədərində yaxşı, pis günündə sənə qəlbin kimi yaxındır, hər dəqiqə ona müraciət eləməyə, ürəyindən keçəni deməyə, eşitməyə hazırsan. Sənin ömrünün, həyatının aynasıdır, canlı güzgüsüdür. Hər anda, hər işdə ona məsləhət eləyirsən, ağır dəqiqələrində onun sözünü, səsini eşidir, təsəlli tapır, xoşlanırsan. Yayda sərinlik, qışda istilik, qaranlıqda işıq, yorğunluqda yuxu, tənhalıqda ünsiyyət gətirir. Belə yoldaş insan üçün böyük nemətdir, səadətdir.

Bir yoldaş da var ki, işi dolaşanda sən onun yadına düşürsən. Müraciət edir, yağlı dilini tərpədir, mətləbinə çatandan sonra qarğa qoz qaçırdan kimi, yox olur, "sən hara, mən hara?"

Belə yoldaşlardan biri dünən məktəb yanında qabağımı kəsdi:

– Necəsən, nə təhərsən, kefin lap yaxşıdırmı? Uşaqlar qıvraqdırmı? Belə olmaz, niyə görünmürsünüz? Nə zəng vurur, nə də yada salırsınız. Vallah, bizdə hər gün sizin söhbətiniz var, ürəyimiz istəyir. Xanım hey yığışır sizə gəlsin, macal tapa bilmirik. İş boğazdan aşıb, baş qaşımağa vaxt olmur, gərək bağışlayasınız...

Yoldaşımın ədasından, xasiyyətindən bilirdim ki, bunlar müqəddimədir, əsl mətləb axırdadır. Mənim üzümdəki sualı, görünür, başa düşmüşdü, sağa-sola baxıb ahəngini dəyişdi:

– A filankəs, sənə bir balaca zəhmət verəcəyəm. Qaynım oğlu hüquq fakültəsinə girir. Bacarıqlı da oğlandır. Yaxşı qurtarıb məktəbi. Attestatı-zadı sahmanda. Sabah sizə yazıdan imtahana gələcək, famili Qafarov Qafardır. Gözün üstündə olsun, yazıdan yaxşı nömrə almasa, düşə bilməz. Hüquqa gələn çoxdur. Xahiş eləyirəm, yadından çıxmasın: Qafarov Qafar, nömrəsi də 19.

– Yazı imtahanında güzəşt eləmək olmur. Atalar deyib: "Yazıya pozu yoxdur." Tələbənin savadı burada meydana çıxır, ona nə kömək eləmək?

Dostum mənim sözümü zarafat sayıb gülümsədi. Özünün dünyagörmüş adam olduğunu bir də mənim nəzərimə çatdırdı:

– A filankəs, imtahanı-zadı çox görmüşük. Yazı-mazı sözdür. Çobanın könlü olsa, təkədən pendir tutar. İmtahan sənin əlindədir. Demirəm əla ver. Amma belə elə ki, Qafarov düşsün, kənarda qalmasın. Səndən bircə bunu xahiş edirəm, vəssalam!

Dostum "vəssalam" deyib əlimi sıxmaq istəyəndə tələsdi, əlim əlinə keçmədi, biləyimdən tutub silkələdi, üzünü döndərib getdi.

O, getdi, məni də fikir apardı.

Düşündüm ki, imtahan işi nə ağır, cansıxıcı, kədərli bir iş imiş. Gərək mən buna razılıq verməyəydim, yaxına durmayaydım, belə işlər də başıma gəlməyəydi.

Axı, Qafarov Qafarı həştad nəfər tələbədən mən necə ayırım, niyə ayırım və nə ad qoyum ayırım? Lövhədə bir mövzu veriləcək, hər kəs öz biliyinə, bacarığına, məlumatına görə yazıb təqdim eləyəcək. Qafarovun yazısını mən yazası deyiləm, cümləsini, sözlərindəki səhvləri də düzəldəsi deyiləm. Necə ola bilər ki, Əhməd, Məmməd, Əli, Vəli yaxşı yazdıqları halda, aşağı nömrə alsınlar, Qafarov Qafar filankəsin qaynı oğlu olduğu üçün yuxarı nömrə alsın? Belə dəhşətli bir hərəkətə qol qoyan müəllimin gözünə gərək dağ basasan. Beləsinin üzünə tələbə kütləsi, bütün ictimaiyyət bir ağızdan tüpürməzmi? Elmi rüsvay eləmək, aləmdə rüsvay olmaq üçün belə bir hərəkət kifayət deyilmi?

Onu da bilirəm ki, yoldaşım necə qarayaxandır, sözbaz, kinli, ədavətlidir. Onun adamlar haqqında rəy ölçüsü bazarın hər gün dəyişən məzənnəsi kimidir. Bir xahişini ki, yerinə yetirmədin, hər yerdə hərzə söhbət eləyəcək, ağzına gələni deyəcək...

Nə isə, imtahan gəldi, Qafarov Qafar da özünü mənə tanıtmalı oldu. Yazı mövzuları lövhədə yazılanda göygöz, sarıyanız bir oğlan mənim yanıma gəlib, xahiş elədi ki, yoldaş müəllim, mən hüquq sahəsində işləyirəm. İcazə varmı ki, bəyəndiyim mövzunu yazım?

Bu oğlanın nə demək istədiyini bilmək üçün təəccüblə üzünə baxırdım. Sanki, mənim işarəmi duydu, dərhal özünü tanıtmaq imkanı tapdı.

– Adım da Qafarov Qafardır. Bu mövzuların hansını istəsəm yaza bilərəm, ya yox?

Mənə aydın oldu ki, hərif nə demək istəyir. Mən özümü onda qoymadım, mülayim cavab verdim:

– Əlbət ki, yaza bilərsiniz. Hər biriniz lövhədə yazılan üç mövzudan birini seçib yaza bilərsiniz.

Qafarov Qafar, görünür, özünü nişan verdiyinə arxayın olduğundan gedib yerində oturdu. Ancaq o, narahat idi. Güman edirdi ki, müəllimlər sıraları gəzdikcə onun yazısına fikir verəcək, ayaqüstü səhvlərini düzəldəcək, yazısının yüksək qiymət almasına səy edəcəklər.

Müəllimlər isə öz işlərində idilər. Möhürlü kağızları paylayır, partalardakı kitab-qəzeti yığır, yazı yazanlara nəzarət yetirir, sinifdə sakitliyi təmin edirdilər.

Qafarov bir də durub mənim yanıma gəldi. Pıçıltı ilə nəsə demək istədi. Mən acıqlandım ki, yazı vaxtında müəllimə müraciət edib, başqalarına mane olmaq yaramaz. Ucadan bir sual verdim:

– Qafarov, sən nə istəyirsən, aydın olmayan nədir?

Qafarov sualını açıq verə bilmədi. Qayıdıb yerində oturdu, yazı işinə məşğul oldu.

Yazı işləri yığılıb yoxlanır, qiymətlər yazılırdı. Qafarovun yazısını alıb baxdım. İki səhifədə 27 səhv gördüm. Qafarovun səhvləri savadsız adam üçün çox səciyyəvi idi. Onun yazısında həm qrammatik, həm imla, həm məna, məzmun, həm də adi savad səhvləri vardı. Qafarı "Qəfər" yazmışdı. Nəcəfbəyin məlum dramasını "Museybət, Faxretdin" yazmışdı. Axırda da məhkəmə-istintaq protokollarında olduğu kimi, imza yerinə dolaşıq, quyruqlu bir şey qaralamışdı.

Qafarovun yazısına baxanda məni fikir götürdü. Bir müəllim yoldaşın dediyi kimi, bu işə "bir"dən artıq qiymət vermək olmazdı. Altı-səkkiz səhv tapanda yazılara "iki" verilirsə, iyirmi yeddi səhvi olana nə verilməlidir?

Məni xəyal, düşüncə bürümüşdü. Anlaya bilmirdim ki, Qafarov orta məktəbi necə qurtarıb və hansı rayon məhkəməsində necə katiblik eləyir? Onun məktəbə daxil olması, ya olmamasını yox, işlədiyi yerdə qalıb-qalmamasını düşünürdüm.

Qafarovun isə damağı duru idi. Dik-dik gəzir, sağa-sola keçib, işlərin cavabı ilə maraqlanırdı. Görünür, qohumu onu inandırmışdı. İnandırmışdı ki, "tapşırmışam, ədə! Sən yaxşı qiymət alacaqsan, kefini kök elə!"

Müəllimlərdə də bir xasiyyət var: bilməyən, tənbəl, əfəl tələbəni sevməzlər. İllah da ki, əfəl tələbə özü haqqında bədgüman olub, fors satanda, yoldaşlarını saymayanda bu nifrət daha da artır.

Qafarovun yazısına nida işarəsinə oxşayan bir kök vahid yazıb onu mənə verən müəllim əlavə etdi:

– "İki" buna heyifdir, insafsızlıqdır.

Qaydaya görə, imtahan cədvəlində "bir" qiyməti yoxdur. Dördballı sistemin yuxarısı "beş", aşağısı "iki"dir. Qafarovun səhvləri əlamətdar, yazısı əcaib olduğundan müəllim özünü saxlaya bilməmişdi, "bir" yazmışdı. İmtahanın nəticələri elan olunandan sonra Qafarov ilan çalmış kimi idi. O yan-bu yana keçir, fır-fır fırlanırdı, mənim yanıma gəlib salamsız-kalamsız başladı:

– Yoldaş müəllim, bə niyə belə?

– Necə?

– Mənim yazıma zəif niyə?

– Yazını alıb baxa bilərsən, səhvlərin çox və səciyyəvidir.

– Bəs sizlə danışmayıblar?

– Danışmaq ilə, bəyəm, yazının səhvləri yox olur?

– Səf, səf! Bəyəm, bir məndədir! Səf yazanda nə olar? Biz öyrənməyə gəlmişik, gərək buna bir şərait yaradılsın, ya yox? Sovet hökumətinin qanunlarını biz də bilirik axı, biz özümüz hüquq frontunda can qoymuşuq...

Qafarovun töhmətləri hələ bitməmiş qohumu özünü yetirdi:

– A filankəs, axı mən sizə adam kimi söz demişdim. Nəzərə almayacaqdın, qabaqcadan niyə bildirmədin! Zəif yazmağa adam tapmısan, neçə ilin işçisidir. Qafarovu məhkəmə sistemində kim tanımır?

– Tanışlığın savada məgər dəxli var?

– Bunun, bəyəm, "iki"si var idi?

– "Biri" var idi, "iki"si yox.

– "Bir" hardan çıxdı?

– Qafarovun savad dərəcəsindən, diplomundan, bilik və məlumatından.

– Sən özün baxmısan?

– Bəli, o kişinin qiymətində mənim iştirakım olub.

Qafarov da, yeznəsi də o gedən getdilər.

O zamandan bəri mənə rast gələndə üzlərini yana çevirir, acı bir dərman udmuş kimi, qaş-qabaqlarını turşudurlar. Məndən söhbət düşən məclislərdə isə uca səslə ağız-ağıza verib bir-birini təsdiq edirlər:

– O, əclafdır. Onun sözünü danışma, əclafın biridir ki, tayı-bərabəri yoxdur. Biz onu yaxşı tanıyırıq, qoy rədd olsun getsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets