Page 2 of 2 · 50%

2

Əzəmətli, yaraşıqlı, hər tərəfi şüar və şəkillə bəzənmiş böyük salonda - iclas zalında kimlər yox idi? Ölkənin ən böyük adamları, xalq komissarları, vilayət və qəza komitələri sədrləri, köhnə firqəçiləri, mühəndisləri, fəhlələri, kənd kommunistləri, handa bir adlı-sanlı mütəxəssisləri...

Lenin bütün nümayəndələrin diqqətini toplayaraq, iti, kəsərli, alovlu sözlərlə danışırdı. Zaldakılar sükut və diqqət kəsilib dinləyirdilər. Leninin təsirli, cazibəli səsi, sanki təkcə burada əyləşənlərə yox, bütün ölkəyə, bütün dünyaya xitab edən səsi hər kəsi gələcəyə - yüksəklərə çağırırdı. Adamlar bu gün burada əyləşdiklərini yox, sabah harada, nə xidmətdə, nə vəzifədə olacaqlarını, çalışacaqlarını düşünür, özlərini səfərbər kimi təsəvvür edirdilər. Leninin nitqi gənc respublikada inqilablardan, müharibələrdən, döyüşlərdən qalib çıxan Sovet ölkəsində böyükdən kiçiyə hər zəhmətkeşin işini əhatə edir və işıqlandırırdı. Lenin həmkarlar ittifaqının bizim Vətəndə, bizim dövlətdə, xalq həyatında əhəmiyyəti və vəzifələrini müəyyən edəndə əlinə bir stəkan alıb misal çəkirdi...

Qasım irəli oturur, qabaq cərgədəki stullara söykənərək, elə bir maraq və diqqətlə natiqi dinləyirdi ki, barmağını kəssəydin, xəbər tutmazdı.

Lenin həmkarlar ittifaqını - milyonların toplandığı bu kütlə təşkilatını anlamayanlara, yolundan azdırmaq istəyənlərə üzünü tutaraq, kəskin cavab verirdi. Qabağındakı sadə su stəkanını götürüb misal çə kirdi: bu stəkan su qabıdır, bu həm də həndəsi bir cisimdir. Bundan başqa həm də kimyəvi bir tərkibdir. Lazım gəlsə, kəpənək tutmaq üçün bir tordur, ya da zərbə üçün işlədilə bilən silahdır, ağırlıqdır... Natiq stəkanın, sadə bir cismin nə qədər xüsusiyyəti olduğunu saydı, neçə tərəfdən ona yanaşmağı göstərdi. Kommunistlər yanılmamaq, ayıq olmaq, həqiqəti görüb-göstərmək üçün həyat hadisələrinə, bu təşkilata hərtərəfli, dərindən yanaşmağın zərurətini bilməlidirlər. Həmkarlar ittifaqı məktəbdir, həm tərbiyə, həm idarə məktəbi, kommunizm məktəbidir. Burada biz fəhlələrə kommunizm öyrədirik...

Bir tərəfdən baxan, hər şeyi yarımçıq görər, hərtərəfli baxmadıqca, heç nəyi dürüst dərk edə bilməzsən! Günəş kimi əhatə qüdrəti lazımdır.

Qasım birinci dəfə yeni təfəkkür üsulunu burada eşitdi. Rəhbərin dilindən eşitdi, onu dəftərinə yazdı. Xəyalına qoydu ki, qurultaydan sonra kitab mağazasına gedəcək, Leninin bütün kitablarını alacaq, hamısını alacaq. Quba kəndlilərinin qabağında səhifə-səhifə oxuyacaq. Burada gördüklərini nöqtəsinəcən danışacaqdı...

Qasım salona göz gəzdirir, dünəndən bəri uzun nitq, mühakimələr aparan, dəftərinin birini qoyub, o birini götürən, kitabların, filosofların adını çəkən, çeşmək taxan, alim sayılan adamların necə mat-məəttəl dayanıb Leninin alovlu sözlərini dinlədiyini, təzə mətləblərini tələsik dəftərinə yazdığım görürdü.

Lenin bütün dünyaya azadlıq gətirən kommunist inqilabının keçdiyi, hələ keçəcəyi çətin, mürəkkəb, lakin işıqlı yolları deyir, eşidənləri möhkəmliyə, mətanətə, birliyə çağırırdı. Orağın çəkic ilə, fəhlənin kəndli ilə möhkəm ittifaqına çağırırdı.

Natiqin gurultulu alqışlar altında xitabət kürsüsündən enib getdiyini, yaylığı ilə enli alnının tərini silərək, Kalininə nəsə deyib gülümsədiyini Qasım anbaan izləyirdi.

Adətən ağır müzakirə və mübahisələrdən sonra tənəffüsə çıxanda hamı özünü rahat, sərbəst duyar. Amma bu iclasın tənəffüsü Qasım üçün daha çox həyəcan və təlaş gətirdi. O, adamların Rəyasət Heyəti otağından kənara çıxdığına diqqətlə göz qoyurdu. Lenini görəndə ürəyinin döyüntüsü artdı. Ömründə heç bir zaman özünü bu həyəcanda duymamışdı. Çoxdan bəslədiyi bu arzuya qovuşmaq məqamında özünü itirən sadə adamların hərəkəti ilə irəli yeridi. Birdən o, özü də bilmədi ki, hansı bir cəsarət, hansı bir məqsədlə ucadan çağırdı:

– Salam, Vladimir İliç!

Lenin keçdiyi yerdə ayaq saxlayıb səs gələn tərəfə döndü, Qasımın qolundan tutdu:

– Siz kimsiniz?

– Azərbaycan kəndlilərinin nümayəndəsiyəm, Qubadan gəlmişəm.

Böyük rəhbər onun qolundan tutub yeyin addımlarla özü ilə apardı. Leninin sadə, mehriban münasibəti Qasımın keçirdiyi təlaşı bir anda yox elədi. Qasım sıxıntıdan, həyəcandan xilas oldu, özünü öz idarəsində, sıravi kommunist yoldaşlarının yanında, iş otağında duydu. Bayaqdan bəri keçirdiyi ağır nigarançılıq yükü üzərindən yox oldu. Quba kəndlilərinin tapşırığını rəhbərə çatdırmağa tələsdi.

– Vladimir İliç, - dedi, - kəndlilər mənə xahiş ilə tapşırıblar ki, onların səmimi salamını sizə yetirim.

– Kəndlilərin yaşayışı necədir, torpaq alıblarmı?

– Bəli, alıblar. Sovet hökumətindən çox razıdırlar. Torpaq paylamağa başlamışıq. Kəndlilər özləri mülkədar torpaqlarını alıb öz aralarında bölüşdürürlər.

– Bu çox yaxşıdır!.. Biz müsəlman kəndlilərinə öz düşmənlərini tanıda bilmişiksə, bütün Şərqi ayılda biləcəyik!

Bu sözləri Lenin elə bir əmniyyətlə dedi ki, Qasım fərəhindən bilmədi neyləsin, necə təşəkkür desin.

"Şərqi ayılda biləcəyik!"

Bu sözlər sanki Qasımın ürəyindəki bütün suallara aydın bir cavab idi. Axı Quba kəndlilərinin mətləbini rəhbərə yetirmək vaxtı çatmışdır. Leninin yanındakı adamların gözlədiyini, hər dəqiqənin qiymətini düşünən Qasım fürsəti fövt etmədi, cəld əyilib gətirdiyi qutudan iki-üç ağ-qırmızı alma götürdü, Leninə təqdim etdi:

– Vladimir İliç, mən işlədiyim Quba qəzası bağçılıq yeridir. 250 mindən artıq nüfusu var. Bu il on beş milyon pud alma dərmişik. Kəndlilər mənə tapşırıblar ki, qəzamızın almalarından Sizə nümunə yetirim. Bunların dadma baxın, Vladimir İliç. Bunlar adi alma deyil. Bunlar bizim kəndlilərin qoca Şərqi azad, onun milyonlarla adamım ağ gündə görmək arzularının ifadəsidir. Onlar istəyirlər ki, gələcək günlərimiz belə çilçıraqban olsun.

Lenin müsahibinin əlini sıxdı, təşəkkür elədi:

– İnqilab bütün zəhmətkeşləri ağ günə çıxaracaqdır! Mütləq çıxaracaqdır!

Buradaca Lenin telefon dəstəyini götürdü, zəng vurub Krupskayanı çağırdı, Qasımın gətirdiyi sovqat almaları uşaq evlərinə göndərməyi xahiş etdi:

– Sizin və özümün payımızı götürmüşəm, - dedi. Sonra Qasıma tərəf döndü: - Uşaqların təşəkkürünü də qubalı yoldaşlara çatdırın!

Bu sözləri eşidəndə Qasım dinmədi, bilmədi neyləsin. Axı növbənöv almaları o, Leninə gətirmişdi, rəhbərin özü üçün gətirmişdi.

Vladimir İliç onun ürəyindən keçəni sanki gözlərində oxudu, yaxınlaşıb əlini onun çiyninə qoydu:

– Eybi yoxdur, heç narahat olma! Sənə kağız verəcəyəm ki, gətirdiyin almaların hamısını özüm yemişəm. Kağızı kəndlilərə oxuyarsan! Heç kəs sənə bir söz deyə bilməz. Arxayın ol!

Qasım rəhbərdən ayrılanda dünyaları fəth etmiş əfsanəvi qəhrəmanlar kimi sevincindən yerə-göyə sığmırdı. Eşitdiklərini və gördüklərini qubalılara deməyə, danışmağa tələsirdi.

Lakin həmyerliləri ona macal vermədilər. Hamı bir ağızdan nümayəndəni muştuluqladı:

– Yoldaş Lenindən xəbər gəlib. O, bizə çap maşını göndərib. Deyib, gedin qəzet çıxardın, camaatı qəflət yuxusundan oyadm! Qafil adam azad ola bilməz! Hamı ayılıb dost-düşmənini tanımasa, Şərq xalqları əsirlikdən qurtulmaz!

Qasım Qubaya çatanda kəndlilər yeni maşını revkom otağında qoyub o yan-bu yanına baxırdılar. Qəşəm də, Əliəşrəf də burada idilər. Revkom onları təbrik edib Leninin salamını deyəndə onlar gülümsəyərək, bir-birinə baxır, nəzərləri ilə deyirdilər: “Qardaş, bizə savad lazımdır, savad! Rəhbər bizi işıqlı dünyaya çağırır!"

O gün revkom otağına gələnlərin hərəsi bir xahiş eləyirdi:

– Məni də kursa yaz!

– Qəzet haçan çıxacaq?

– Bizə də oxumaq öyrədəcəksinizmi?

– Bəs nə! Lenin deyib, hamı gərək oxusun!

– Sağ ol, yoldaş revkom, xeyirxəbər olasan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets