Page 2 of 3 · 33%

2

Yazın yuxusu nə qədər şirinsə, oyaqlığı da o qədər ləzzətlidir. Oyaq olasan! Səhərin açılmasına, dənizin içindən qalxan günəşə, üfüqün gül rənginə, may paltarı geymiş meyvə ağaclarının yaylıq oynatmasına, səslərində yerə gümüş pul səpən quşlara, daşları yalayaraq axan duru sulara, arılara, o şüursuz "memarlara" baxdıqca, ən tez duran adamlardan salam aldıqca ömür artmırmı?

Heyif ki, zəng tez çalınır. Dan üzü qalxıb anasına kömək etdikdən sonra çantasını qoltuğuna vuran, yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə, yaxası açıq məktəbə tələsən uşaqlar sinfə doluşurlar, skamyaların arasına səpələnib, məsum və gülər üzlə məni gözləyirlər. Mən tez bağçadan qayıdıram, təəssüflə qayıdıram.

Bu təəssüf sinfə girənə qədər davam edir. Bura, bu sinif bağdan, bağçadan əskikmidir?

Budur, bu bağçanın baharı gəlir! Buranın kiçik günəşləri var! Bütün təbiət - günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir, böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf, bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən gözəl şeri, dünyanın ən dadlı musiqisidir. Ah, mən də uşaq olsaydım!..

Dərs başlanır.

Sabirin yaradıcılığı!

Mən bu böyük insanı uşaqlara tanıtmalıyam.

– Necə başlayım?

– Çətindir.

Mən hər birini bir Sabir, bir Puşkin, bir Axundov görmək istədiyim uşaqların qarşısında acizliyimi etirafa məcbur oluram. Əllərimi ovuşdurub, sinifdə gəzişirəm. Nə çıxır çıxsın, başlamalıyam.

– Tahirzadə Ələkbər Sabir... Xidmətçi qadın qapını açıb, mənə baxır:

– Bağışlayın, darvazada sizi gözləyirlər.

– Deyin dərsdədir!

– Tələsirəm, deyir, bir dəqiqəliyə...

Mən kitabı yerə qoyub, çıxdım. Darvazada bir qırmızı paltar qadın dururdu. Əvvəl tanımadım. Yaxınlaşdıqca onun boyu, baxışı və duruşunda keçirdiyim günlərdən bir cizgi seçməyə çalışdım, tanıdım: Səadət xanımdı.

– Sə...

İstədim salam verib, görüşəm. O, üzümə elə tünd baxdı ki, sözüm ağzımda qaldı. Ancaq vəsfə gəlməz yaxşılıqları, ömrü uzunu dostluq və məhəbbəti yerə vurub, ən böyük cinayətə qoşulan xainə belə baxarlar. Sanki gözümə istiot tökdülər.

– Çox ayıb olsun!

O bu sözü elə bərk və etimadla dedi ki, elə bil, müqəssir bir adama xitab edirdi. Mənə bir kağız uzatdı.

– Bunu sizmi yazmışsınız?

– Kağızı çevirib baxdım, mən yazdığım açıq məktub idi.

– Bəli, mən yazmışam.

– Sən çox qələt eləmisən, başını da... Yoxsa, sənə xəyal, xalq çöldəmi qalıb?.. Xəyalın kimə gedib? Mənə Səadət xanım deyərlər!

Sən nə cürətlə mənə bunu yazırsan?

Danışdıqca səsini ucaldır, sifətini turşudur, mənə yaxınlaşırdı. Qurudum qaldım. Məktubda nə yazdığımı xatirimə gətirə bilmədim.

Uşaqlar açıq pəncərələrdən əyilib baxırdılar. Xidmətçi də astanada saymazyana fikir verirdi. Müdir arvadın qırmızı paltarını görüb, pəncərəsini çoxdan açmışdı. Qarnı üstə pəncərəyə yıxılıb baxırdı.

Səadət xanım təhlil edib dururdu:

– Mən ciddi danışmaq istəyirəm. Yoxsa üzüaçıq görmüsən? And olsun vicdana, sənə bir toy tutduraram, külün göyə sovrular, buyur, düş qabağıma, gedək məhkəməyə, görək sən nə haqq ilə bunu mənə yazırsan!

Qorxudan boğazım qurudu. Məhkəmənin açıq iclası, müttəhim skamyası, camaat, yazı, müşavirə otağı, komendant, hökm... Ömrümdə təsəvvürümə gətirə bilmədiyim bir vəziyyət, bir dəhşət xəyalımda böyüdü. Mən, sabah hər biri bir günəş kimi həyatı işıqlandıracaq uşaqların hörmətinə nail olmaq istərkən, təmiz və abırlı böyümək istərkən nə iş idi başıma gəldi? Bu lənət damğasını alnıma kim basdı? Səadət xanımın qumaş libası müdirin gözünü qamaşdırdı, enib gəldi. Həyətdə baxınır, sağa-sola keçib mənə eşitdirirdi:

– Zəng çalınıb ha, sonra...

Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Müdirin sözünü bəhanə etdim:

– Bağışlayın, xanım, dərsimi qurtarım, sonra danışaq.

Səadət xanım darvazanın səkisində çömbəlib gözləyirdi. Sinfə qayıtdım. Dərsimi dedim, oyunmu çıxardım, yoxsa hönkür-hönkür ağladım? Bəlli deyil! Onu bilirəm ki, bütün bədənim əsirdi. Ancaq bəbəklərim oğurluq üstündə döyülmüş pişik gözü kimi işıldayırdı.

Mənə elə gəldi ki, zəng bir ildən sonra çalındı. Uşaqlar qımıldanmadan üzümə baxırdılar. Mən çıxdım.

Səadət xanım yola düzəldi.

– Siz ilə seryoznu danışınaq istəyirəm. Adınızı da qoymusunuz müəllim... Beləmi tərbiyə...

Mən məktubu alıb, diqqətlə, adresinəcən hər kəlməsini yoxlayaraq oxudum. Heç bir nəzakətsiz söz tapa bilmədim:

– Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm, mən...

Səadət xanım daha qətiyyət və qəzəblə sözümü kəsdi:

– Bağışlayası bir şeyim yoxdur. Mən ciddi danışınaq istəyirəm ki, siz özgənin arvadına nə haqq ilə belə məktub yazırsınız. Axı... Mən...

Bir başa düşək, görək, bu nə deməkdir?

Mən onun öz xahişinə görə, həm də yoldaşcasına bir məktub yazdığımı deyir və bu hərəkətlərə qarşı təəccüb etdiyimi söyləyirdim. O, üzüklü barmaqları ilə məni yanıyaraq, acıqlı-acıqlı baxırdı:

– Kimi aldadırsan? Onu bil ki, qabağındakı bəbə deyil ha! Sən oxuyanı mən toxumuşam...

Mübahisəmiz dərinləşirdi. O dediyini mən anlamırdım. Mən deyəni o anlamaq istəmirdi. "Mən siz ilə ciddi danışımaq istəyirəm" - deyə şəhər bağına doğru addımlayırdı.

Bağ müsaid idi. Heç olmasa bu biabırçılığı tanış-biliş eşitməsin - deyə xəlvətə çəkilib, məsələni aydın etmək lazım idi. Bağa girdik. Günortanın istisi ağacların arasına dolmuş, havanı ağırlaşdırmışdı. Qarğalar qoca çinarların başında çırpınır, böcəklər kölgəliklərə dolub səslənirdi. Bağın bir bucağında yaşıllıqda oturduq, heç kəs yox idi. Bu sakitlikdə Səadət xanımın təhqirləri mənə o qədər də acı gəlməzdi; çünki özümdən başqa eşidən yoxdu.

Mən bir az özümə toxtaq verdim. Bir sual hazırladım. "Açıq de görüm mən sənə nə yazmışam, məni nə haqq ilə təhqir edirsən?"

Mən bu sualı yoğurub, xamır kündəsi kimi hazır etmişdim ki, bir də gördüm Səadət xanım məni qucaqladı.

– Ox... Ay allah... Bu ki uşaqdır. Qadası... Ölürəm səndən ötrü...

Mən falçı qadının əlində çapalayan göyərçin kimi çırpınırdım.

Özümü onun zorba qollarından güclə çıxartdım.

Bu, təhqirin son dərəcəsi idi. O mənə murdar bir cənazə kimi göründü, üz-gözümdən nifrət yağdı. Mən bu canlı meyitin əlindən tezliklə qurtarmaq istədim. O, şişman bədəni ilə böyrümdən sallanaraq dişini ağardırdı.

– Səndə eşq yoxdurmu?.. Ruhun hanı?..

Mən qolumu dartıb onun əlindən çıxaranda bərk bir qışqırtı eşitdim. O üzərinə isti su atılmış donuz kimi çığırıb, yerə yıxıldı, çapaladı... Adamlar töküldülər. Bağın qabağında su satanlar, dondurma yeyən xanımlar, uşaqlar, yoldan ötən qulluqçular gəldilər. Mən qaçmaq istədim. Bir də fikirləşdim: "Yəqin deyəcəklər bu qadına nə etmişsə, qorxudan qaçır". Dayandım. Nə edəcəyimi bilmirdim.

Səadət xanım lap arxayınca yerə sərilmişdi. Kimi əlini başına qoyur, kimi qılçasını ovurdu. Dondurmaçı çömbəlib qışqırırdı:

– Ədə, su gətir!

– Doldur ver bəri!

Mən istəsəm də kənar dura bilməzdim; adamlar onu mənimlə görmüşdülər. "Aparın dincəlsin", "istidəndir, soyuq suda çimizdirin" deyə xeyirli məsləhətlər verirdilər. Bu sözlər məni daha da əsəbiləşdirdi. Qolundan tutub silkələdim. Gözlərini açıb üzümə baxdı. Durdu. Getmək istəyirdi. Əlimi qoluna atanda ağırlığını mən tərəfə saldı. Mən qolunu buraxmaq istəyirdim, qorxurdum yıxıla, qucaqlamaq məcburiyyətində olam.


Bir müddət gözümə yuxu getmədi. Səadət xanımın qorxusundan ürəyim döyünürdü. Hətta yuxuma girirdi. Dönə-dönə məni qara basırdı. Bu əhvalatın, sevgilimin qulağına çatmasından qorxurdum. Məni belə bir qadınla görənlər nə deyəcəklər?

Şəhərə çıxanda dostlar mənə mübarək badlıq edirdilər.

– Mübarək olsun!

– Nə?

– Necə nə? Lotu, toy edirsən, bəs bizi niyə yaddan çıxarırsan?

– Mən and içirəm ki, boş sözdür. Elə bir şey mənim xəyalımdan da keçə bilməz...

Onları inandırmaq çətindir.

– Ay zalım, deyirlər, müvəqqətidir. Beş günlük kefini sürürsən.

Daha niyə utanırsan? Səadət xanım da bir xanımdır... Allah tükü sanı xeyir versin!.. Dul olanda nə olar?

Səadət xanım, elə bil, qapı-qapı mənim tanışlarımı gəzib, muştuluqlamışdı ki, "biz evlənirik".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets