Contents
  1. 2
  2. 3
  3. 4
  4. 5
  5. 6

Page 3 of 3 · 67%

5

Həmin bu hirsindən qızaran oğlan komsomol Məcid idi. O, ali məktəbə girməyə hazırlaşırdı. Vəsiqələrinin surətini əvvəlcədən qəbul komissiyasına göndərəcəkdi. Fikri Nəcat adəti üzrə əvvəlcə həmin vəsiqələr* dəftərə saldırmış, iki gün vaxt qoymuşdu.

İki gün sonra Məcid gələndə Fikri Nəcat onu yaruna çağırıb demişdi:

– Sənin kasıblıq kağızın var, amma...

– Necə amma? Amması harasındadır?

– Elə bir amması yoxdur. Amma onu demək istəyirəm ki, ali məktəbə gedirsən...

– Əlbəttə, gedirəm. Mən də getməyəndə kim gedəcək? Yoxsul...

– Yoxsulluq məsələsi deyil. O qədər sənin kimi yoxsullar var ki... Məktəblərdə yer yoxdur. Seçirlər, ələyirlər.

– Seçirlər, qoy seçsinlər! Nə demək istəyirsən?

– Demək istəyirəm ki, seçəndə bizim kağızlara artıq fikir verirlər.

– Mənim kağızım pis yazılmayıb.

– Biz ondan da yaxşı yazmağı bacarardıq. Səni çəkməçi oğlu yazıblar.

– Mən elə çəkməçi oğluyam.

– Biz fəhlə oğlu yaza bilərdik.

Məcid Fikri Nəcatın bu sözünə həm hirsləndi, həm heyrət etdi. Dinmədi. Dik-dik onun üzünə baxdı. Nəhayət acığını dedi:

– Ver bəri! Mənim öz vəsiqəmin düzgün surətini ver!

Fikri Nəcat dilini dəyişdi, Məcidlə rəsmi danışdı:

– Yoldaş, ana dilində sənə deyirəm: hələ hazır deyil.

– Üç gündür!

– Dəftərə salınmayıb.

– Sal! Di tez ol!

– Yoldaş, mən sənə əməli katib ola bilmərəm! Bura idarədir. Qayda var, qanun var...

Məcid müdirin yanına gəldi. "Nə təhər olursa-olsun, bu saat mənim vəsiqəmi ver!" - deyə tələb etdi.

Müdir ayağa qalxdı. Fikri Nəcatı yanına çağırıb göz vurdu və ucadan danışdı:

– Bu yoldaşın vəsiqəsini tez hazır eləyin. Yoldaşı incitmək lazım deyil.

Məciddən sonra notariusdakıların canına daha bərk ağrı düşdü.

Vaxtilə göl kimi sakit olan idarə indi qayıq kimi yırğalanırdı. Müdirin ovqatı qarışmışdı, Fikri Nəcatın qazı qaçmışdı, Mehralı bəyin dodağı çatdamışdı, Bədiülcamal xanım əlində kağız dikdaban çəkməsi ilə otaqdan-otağa keçir, müdirdən soruşur, Fikri Nəcatı yanlayırdı:

– Nə var? Yenə nə olub?

Tənəffüs zamanı onlar xısın-xısın danışırdı.

Bədiülcamal xanım bir axşam müdirin yanma getdi. Yalnızlıqda, uzun isrardan sonra öyrəndi ki, "işlər xarabdır." Sən demə, o vaxt vəsiqə üstündə dava eləyən oğlan bir od, bir alovmuş. Fikri Nəcat adəti üzrə onun vəsiqəsindən bir neçə surət çıxarıb müştərilərinə satıbmış. Bunun üstü açılıb. Həmin oğlan açıb, müfəttişi işdən qovublar.

Notariusun sözünü böyük yerlərdə danışırlar...

6

Təhlükə gümanı azalmış, Məcidin acıqlı səsi qulaqlardan getmiş, müdirin rəngi üzünə gəlmişdi. İdarənin adi günlərindən biri idi. Saat birə yaxındı. Sadə geyimli, uzun, nazik bir oğlan içəri girdi. Müdiri soruşdu. Otağına girib salam verdi.

Müdirin əlində rəngli jurnal vardı. Jurnalı vərəqləyib, şəkillərə baxırdı. Özü üçün xoş mənzərəli, zəngin təbiətli, münasib bir yaylaq seçmək fikrində idi.

Uzun oğlan cibindən balaca bir kağız çıxartdı, müdirə göstərdi. Müdir özünü itirdi, ayağa qalxıb, katibi çağırdı. Açarları nazik oğlana verdi. Siyirməsini təmizləyib qoltuğuna vurdu...

Təzə müdirin xəbəri ildırım kimi idarəyə yayıldı, adamları yerindən silkələdi.

Bədiülcamal xanım əyilib, katibdən soruşdu:

– Bu kim ola? Hara adamıdır? Kommunist olmaya?

Katib əyilib, dodaqlarını onun qulağına dayadı, yavaşca dedi:

– Bəs nədir, canım? İrəli çəkiblər...

Arvadlar tələsik koridora çıxıb pudralarını silməyə başladılar. Kişilər stol yeşiklərini sıyırıb qalaq-qalaq kağızları əlüstü ortalığa tökdülər, özlərini işlək göstərməyə can atdılar.

Hamı bir-birinə dəymişdi. Katib möhür və ştampı yudurdub, təhvil vermək üçün hazırlayırdı. Mehralı bəy papirosu papirosa calayıb, fikrini dağıtmağa çalışırdı. İşlərin "aqibəti" onu qorxudurdu. Ürəyində "işləri fəna görürəm" deyirdi. Kimi üst-başını çırpırdı, kimi oturub tez-tez yazırdı, nə yazdığını özü də bilmirdi. Nazik oğlan qapını açıb, idarəyə baxanda qarğaşalığı gördü. Aləm bir-birinə qarışmışdı, idarə kağız ilə dolmuşdu. Adamlar kağız arasında siçovul kimi eşələnirdilər.

– Yoldaşlar, buraya yığılın, bir söhbət eyləyək. Hamınız yığılın! İclas var!

Bu iclas hamını maraqlandırdı. Qulluqçular stullarını götürüb müdirin otağına dolurdular.

Hamı hazırdı. Məcid içəri girdi. Nazik oğlan ayağa qalxdı. Məcid onun əlini sıxıb, gülümsədi:

– Təbrik!

– Sağ ol! Əyləş, səninlə işim var.

Məcid oturanda Bədiülcamal xanım onun üzünə elə nifrətlə baxdı ki, az qaldı, öz gözü tökülsün.

Mehralı bəy nazik oğlanın ağır hərkətlərində dərin düşüncə, iş qayğısı gördüyündən fikrə getdi. Sonra papirosunu söndürüb, qulaq asdı. Anladı ki, bu gün notariusun köhnə siçanlardan təmizlənməsi günüdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 min
Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 min
Bağa getmişdim

Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

4 min
Bizim quşlar

İnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:

19673 min

Poems by other poets