Çox yaxşı bir sözdür, gözəl də keyfiyyətdir!

Güman edirəm ki, "insanam" deyən hər bir kəsdə bu keyfiyyət olmalıdır. Hər bir kəsə, hər bir işə yanaşanda nəzakəti unutmaq lazım deyil. Bu cəhətdən elə kamil və qanacaqlı adamlar olur ki, hər addımda səni utandırır: sən oturmamış oturmur, səndən qabaq baş əyir, sənə salam verir. Salamla kifayətlənmir, dayanıb hal-əhval soruşur, uşaqların səhhəti ilə maraqlanır...

Mənim anam da çox nəzakətli, çox mərifətli qadındır. O qədər ehtiyatlıdır ki, yar-yoldaşla görüşəndə, əhvallaşanda onları aralamaq mümkün olmur. Anamı kinoya, ya teatra aparanda yolda rast gəldiyi hər tanışla yarım saat əhvalpürsanlıq eləyir. Necəsiniz, nə təhərsiniz, niyə görünmürsünüz, uşaqlar nə hallıdır?..

Mən də anamdan utanıram, söz deyə bilmirəm, kinonun da vaxtı keçir, bilet batır, ayağımın birini qoyub, birini götürürəm, gah qabağa keçirəm, gah maşın çağırıram, gah öskürürəm, gah asqırıram, anamın halına təfavüt eləmir.

– Bəsdir, adə, darıxma!

– Ana, kino başlandı.

– Qoy başlansın, eybi yoxdur.

Evimizə, adətdir, çox qonaq gəlir. Allah bərəkət versin, çaydan, çörəkdən, xörəkdən həmişə olur. Anamın bir xasiyyəti var, qonağı yedirtməmiş yola salmaz. Demirəm, hər dəfə hamıya plov verir. Hər halda bir xörək olur. Gələn qonaq da, şükür, aclıqdan gəlmir, görüşə, söhbətə gəlir, deyib-gülməyə gəlir. Durub getmək istəyəndə də anam ərk ilə qonağın qolundan tutub stula basır, danlayır:

– Nə olub, yarım saat deyil gəlmisən, hara tələsirsən, rahat otur yerində!

– Safurə xala, evdə gözləyən var.

– Gözləyən var, zəng vur, durub gəlsinlər.

– Yox, iş üçün gəliblər.

– İşdi, sözdü, nədi, qoy gəlib burda desinlər!

– Ay xala, burada deyiləsi söz deyil!

– Nə olub, yəni bizdən gizli sözünüz var? Deməli, biz də yad olduq?

Anam görür ki, qonaq tez getmək istəyir, uşaqlara qışqırır:

– Qız, xörəyi çək gətir!

– Safurə xala, Allah bol eləsin, yeyib gəlmişik!

– Yaxşı, yaxşı! Bir tikə xörək də dilinə vurmayacaqsan?

Uşaqlar tələm-tələsik xörəyi gətirib ortaya qoyurlar. Anam yazıq qonağın başının üstünü alır:

– Yeyinən!

– Vallah, aclığım yoxdur!

– Yeyəcəksən!

– Heç iştaham yoxdur!

– İştaha diş altındadır.

– Dişim də yoxdur!

– Yumşaq xörəkdir. Gül kimi badımcan dolması, buna nə diş!

– Heç boğazımdan getmir...

– Dayan, dayan!

Anam daha danışığın, nəsihətin nəticəsiz olduğunu görüb ayağa qalxır. Cərrahiyyə əməliyyatına hazırlaşmış, bıçağı əlinə götürmüş hakimlər kimi çəngəli alır, bütün bir badımcan dolmasını çəngələ keçirir, qonağın alt çənəsini ovcuna alır:

– Aç ağzını! Ağzını yaxşı aç!

Anam qonağın alt çənəsini tərpədir, yazıq qonaq bir üzü gülmək, bir üzü məcburiyyət ağzını açır. Fürsət tapan kimi anam dolmanı bütünlüklə qonağın ağzına qoyur:

– Bax, belə ha!

– Xala, ağzımda qalacaq!

– Qalmaz, çənəni tərpətsənə, canım!

– Axı, yemək istəmirəm.

– İstəməyə baxmaz!

– Vallahi, çətindir!

– Elə bil dərman yeyirsən! Həkimlərin əlinə düşmüsən, hələ indiyəcən sənə xörək yemək öyrətməyiblər?!

Mənim doğrudan da qonağa yazığım gəlir. Buna nəzakət, hörmət adı vermək əvəzinə əsəbiləşirəm. Anama acıqlanıram:

– Ay ana, məcburiyyət nə lazımdır, yemək istəyən özü yeyər də!

Anam bunu eşidən kimi mənə tərəf dönüb tünd baxır, hirslə cavab verir:

– Sən otur yerində! Siz təzə oxumuşlar mərifət, nəzakət nədi, bilmirsiniz. Quru-quru oturub qəzet sözlərini danışırsınız, noxud boyda da yeməyiniz, sərçə kimi ürəyiniz var. Ata-babalarda, rəhmətliklərdə əjdaha kimi ürək, ciyər var idi. Qonaq evdə boş oturdu nədir. Hərə bir nimçə xörəyi yeməmiş, bir kasa qatığı içməmiş, bir qarpız doğramamış ayağa durmaq nə idi!? Siz hərə bir armudu stəkan çay ilə qonaqlıq yola verirsiniz, bu nədir? Buna siz nəzakət, mərifət-filan deyirsiniz? Sizə dərs verən müəllimləri danlamaq lazımdır. Quş xörəyi yeyənin ürəyi də quş ürəyi olar, bala! Bilin, agah olun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 min
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 min
Nanənin hünəri

Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.

193713 min
Gözün aydın

Oğlum Arifə*1

193712 min

Poems by other poets