Page 2 of 2 · 50%

Ali məktəb qapısına gələn ilk gündən Eliş ayrı bir mənzərə görür.

– Ata, srağagün qəbul imtahanında qırx doqquz adam yazı yazıb, onun iyirmi doqquzu iki alıb, qalanları da üç, ya dörd. Bir nəfər də beş alan olmayıb! Hamısının da əlində attestatı! Bəs mənim işim nə sayaq olacaq?

– Qızım, elə şeylərin sənə dəxli yoxdur. Yaxşı müəllim ikinin də, üçün də adamını bilir. Sən narahat olma! Deynən, Məşədi Rəhimin qızıyam!

– Ata, vallah, mən qorxuram o məktəbdən.

– Qorxan gözə çöp düşər, qızım, sən get imtahanuva! Sən müəllimə eşitdir ki, filankəsin qızıyam.

– Qorxuram ona baxmayalar!

– Nə haqqı var baxmaya! Corab artelindən də ikiillik staj kağızın var. Stajı olan uşaqları göydə qəbul eləyirlər. Sən niyə qorxursan, qız! Sənin vəsiqələrin var ki, top da dağıtmaz! Bircə eşitdir ki, filankəslərdənəm!..

Məşədi Rəhim arxayın salsa da, qız şüursuz deyildir. Görür ki, burada müəllimlər bilik axtarır, bilən uşaq axtarırlar. Yüz iyirmi beş nəfərin içində əjdaha kimi adamlar var. Nə söz desən, yazır-pozurlar. Gündə bir dərsin suallarını deyib əzbərləyirlər. Elə mətləblər danışır, deyirlər ki, Elmira heç eşitməyib, oxumayıb. Bu dar vaxtda oxumağa, öyrənməyə də macal yoxdur. Atasının sözünə arxayınlaşıb, "Allaha təvəkkül" deyib, Eliş imtahana girir. Tələbələr yazmağa başlayanda Eliş fürsət tapıb koftasının qolunda gizlətdiyi bir kitab vərəqini yavaşca çıxarır, möhürlü kağıza köçürmək istəyir.

Çeşməkli müəllim, sən demə, bunu görür. Yavaşca gəlib Elişin əlindən kitab vərəqini alır, özünü də ayağa qaldırıb qoca müəllimin yanına aparır. Qoca müəllim ağzını açmamış, Elişin gözlərindən leysan yağışı kimi yaş axır:

– Müəllim, qələt eləmişəm! Müəllim, məni bağışlayın!

Qoca müəllim Elişi kənar stullarda əyləşdirir ki, yazsm. Özü də başqalarına mane olmamaq üçün yavaşcadan deyir:

– Qızım, aldatmaq yolu ilə jurnalist olmaq istəyirsən?

Çeşməkli müəllim, Elişin əvəzinə qoca müəllimin sualına belə cavab verir:

– Aldatmaq yolu ilə jurnalist olmaq, qəzetlərdə aldadanlara qarşı məqalələr yazmaq istəyir!

Çeşməkli müəllimin sözünü Eliş eşidir. Bu sözdən sonra hər iki müəllimin sükutla, mənalı-mənalı ona tərəf baxdığını da hiss edir.

Elişin indi bütün vücudundan tər axır. Əlini, ayağını tərpədəndə təzə ipək paltarının suyun içində olduğunu güman edir.

Eliş qəssab ailəsində, Məşədi Rəhimin hap-gopu şəraitində böyüsə də, zəmanə uşağıdır, məktəb ona həyat, həqiqət hissini verməmiş deyil. Bu hiss ilə də imtahan qabağında həyəcan, tərəddüd keçirmişdi. Bilmirdi ki, getsin və ya getməsin. Müəllim oğurluq vərəqi onun əlindən alanda, ani bir iztirabdan az qala ürəyi qopur: "Ay aman! Bu saat qolumdan tutub bayıra atacaq! Vəsiqələrimi cıracaq. Atamın adını yazacaq!.. Vaxsey, bu nə iş idi mən tutdum, ay aman!.."

Xoşbəxtlikdən çeşməkli müəllim açıb-ağartmır. Elişi sinifdən də qovmur. Göz yaşları, görünür, müəllimlərin onsuz da yumşaq olan ürəyini kövrəldir. Elişi yazı imtahanından məhrum etmirlər.

Məhrum etmirlər, amma nə olsun ki, çeşməkli müəllim də, çeşməksiz müəllim də bu qara qızı tanıyır, onun hərəkətinə ürəkdən gülürlər.

Nə yaxşı ki, uşaqlara, bütün sinfə elan eləmirlər... Eliş utandığından, xəcalətindən başını qaldıra bilmir. Yer yarılsa yerə keçməyə, müəllimlərin gözünə görünməməyə hazırdır.

Sinifdə hamı başını aşağı salıb öz mövzusunu yazır. Biri Vaqifdən, biri Korçaginin rəşadətindən, bir başqası Bakı mənzərələrindən. Ancaq hamıdan kənarda, sanki bir anda hamının yoldaşlıq ehtiramından məhrum edilmiş qara qız əlində qələm quruyub qalmışdır: "Nə yazmaq, bu anda o nə yaza bilər?"

İndi o, tutduğu işin qəbahəti, aqibətindən başqa heç nə düşünmür. O, hələ də bu etiqaddan əl çəkməmişdir ki, hərəkətinə gülən müəllimlər imtahandan sonra onun vəsiqələrini töküşdürəcək, oğurluğunu gəldiyi məktəb müdirinə bildirəcək, valideynlərinə töhmət edəcəklər...

İmtahan qurtarır. Hamı yazısını aparıb müəllimin stolunun üstünə qoyur. "Sağ ol" deyib çıxır.

Ən axıra qalan qara qızdır. Müəllimlər yığılan vərəqləri sahmana salmaqla məşğul olanda Eliş başını qaldırıb otağı boş gördü. Bir sətir də yazılmamış möhürlü kağızını gətirib müəllimlərin qabağına qovub, cəld çıxmaq istəyəndə qoca müəllim onu çağırır:

– Qızım, görünür, həyəcanlı olmusan, bir şey yazmamısan. Biz səni başqa bir qrupla təzədən çağırarıq, yazarsan, narahat olma!..

Elmira Məşədi Rəhim qızı qoca müəllimin onu, cinayət başında tutulmuş bir adamı belə mülayim dindirəcəyinə ümid etməzdi. Müəl limlər, siniflər, imtahan verən cavanlar onun gözündə böyüyür, müqəddəs bir aləmə çevrilir. O, özünü bu aləmdən kənar ləyaqətsiz bir adam sayıb xəcalətlə yerə baxa-baxa sinifdən çıxır, heç kəsin gözünə görünməmək üçün tez məktəbdən uzaqlaşır.

Nə tramvaya, nə trolleybusa oturur. Yol uzunu fikirləşə-fikirləşə evlərinə gedir. İndi, özü aşkar görür ki, universitet kimi ali mərtəbəli bir məktəbə gəlmək üçün oxumaq, yazmaq, şeir əzbərləmək, mütaliə eləməkdən başqa, bunlardan daha vacib şeylər də bilmək, öyrənmək lazım imiş! Belə bir məktəbə gəlmək üçün gərək xəyalından, zehnindən, fikrindən keçən, keçə bilən pis, xəbis şeylərin hamısını kənara atsın, insan gərək dərədə-təpədə, oyanda-buyanda görüb-götürdüyü çirkin, eyibli, mərifətdən, ədəbdən kənar hərəkətlərdən təmizlənsin. Buraya yalnız təmiz paltar, parıldayan çəkmə ilə yox, təmiz niyyətlər, parlaq arzularla gəlsin, hər kəs gərək buraya bir yox, iki sağlamlıq kağızı gətirsin: birini həkimdən, birini də öz ürəyindən, cavan vicdanından alsın!

Qara qız qapılarına çatandan sonra sanki, vacib bir şey xatırlamış kimi, dik geri qayıdır. Qayıdır, gəldiyi yol ilə daha yeyin gedir. Anası ikinci mərtəbənin pəncərəsindən baxır. Qızının hərəkətinə təəccüb edib çağırır:

– Elmira, Elmira, a qız, sənə nə oldu?

Qara qız arxasına baxmadan addımlayır. Qan-tər içində özünü məktəbə, qəbul komissiyasının otağına salır:

– Qardaş, mənim ərizələrimi verin!

– Qəbul qurtarmamış kimsəyə ərizə qaytarılmır...

– Mən qəbulda iştirak etmirəm. Öz xahişimlə müsabiqədən çıxıram!

– Rektora müraciət edin.

Elmira eyni əzmlə rektorun qəbul günündə növbəyə yazılıb kağızlarını geri alır. İndi qəssab Məşədi Rəhimin evində mərəkədir. Kişi qızının hərəkətlərini başa düşmür:

– Qızım, imtahan vaxtı, adamı danlayan da, söyən də olar, sən niyə belə hərəkət edirsən? Yar-yoldaş yanında mənim başımı nə üçün aşağı salırsan? Mən səni qəzetçi eləməyə söz vermişəm, dəli olma!

Elmira indi atasına izah edir:

– A tacan, sən məni yarımçıq qəzetçi eləmək istəmisən, belə adamı ali məktəbə qoysalar da, səhvdir. Neçə il yalandan corab artelindən mənə kağız almısan. Mən yalandan yox, doğrudan işləyəcəyəm. Həmin corab artelində toxucu olacağam. İstehsalatçı olacağam. Fəhlələrə özümü sevdirəcəyəm, son qərarım budur!

İndi qəssab Məşədi Rəhim, qızının bu hərəkətinə təəccüb qalır, bilmir ki, məktəblə, müəllimlərlə dalaşsın, yoxsa onunla üzə duran Elmira ilə!

Bir səhər rektorun yanına şikayətə gələndə qəssabı universitetin qapısında duran növbətçi qadın dayandırdı:

– Olmaz, yoldaş!

– Niyə olmaz axı?

– Rektorun yanına belə getmək olmaz!

– Sənətim xoş gəlmir, ya libasım?

– Sarımsaq yemisən, bu halətdə sən kiminlə danışmağa gedirsən? Qəssabın gözü kəlləsinə çıxdı:

– Bu da sözdü, heç mətləbə dəxli var?

– Dəxli çoxdur, yoldaş, dayan!

– Sarımsaq pis şeydirsə, hökumət mağazalarında niyə satırlar?

– O bizim işimiz deyil!

– Şikayətim var direktora.

– Sabah gələrsən, sabah!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 min
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 min
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 min
Yaxşı nədir, pis nədir

Bir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!

19693 min

Poems by other poets