Page 1 of 4

Dağların ətəklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtıdır. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qoşduğu şirin nar, qızıl alma vətənidir:

Şirvanın şirin narı,
Turş narı - şirin narı.
Öz yarınız sizin olsun,
Göndərin bizim yarı.

Şirvanın yollarında,
Gül oldum kollarında.
Bir cüt bazubənd olaydım
Yarımın qollarında.

Şirvanda şahım qaldı,
Ağladım, ahım qaldı,
Düzəndə durna gördüm,
Onda tamahım qaldı.

Salamabad - Şirvan mahalı, Ağdaş rayonunun balaca bir kəndidir. İlyas burada doğulmuş, şirin uşaqlıq günlərini də burada keçirmişdir. Kəndli İsmayıl kişi öz sonbeşiyi, dörd qardaşın ən kiçiyi olan İlyası xüsusilə əzizlərdi. Onu yanma salıb çölə, tarlaya aparardı. İşlətməyə yox, gəzdirməyə aparardı. Xəyalında tutardı ki: "Mən kotanla, əkinlə məşğulam. Qoy uşaq çölün təmiz havasında oynasın, qoruxdan çiçək toplasın, quşların səsini dinləsin, dağları, daşları seyr eləsin."

İsmayıl kişinin özü geniş tarlaların və çöllərin açıq üfüqlərində böyümüşdü. O, təbiət mənzərələrinə məftun idi, ancaq kasıblıqdan başı ayılmamışdı. Ömründə beş gün, ya beş ay başını qaldırıb, bu sirli təbiətin gözəlliklərini doyunca seyr etməmişdi. O özünə müyəssər olmayan səadəti oğlu üçün arzulayırdı. İlyas kotanın dibindən kənara getməyəndə, atası qolundan tutub aparar, zəmidə bitən, qol-budaq atan uca palıd ağacının dibində əyləşdirərdi:

– Otur, - deyərdi, - həm dincəl, həm tamaşa elə! Kotan dalınca niyə yeriyib özünü yorursan?!

Ancaq, deyəsən, uşağın qərarı gəlmirdi. O, həmişə gəzmək, qaçmaq, atılıb-düşmək, bəzən də lap böyüklərin işi ilə məşğul olmaq istədi.

Məktəb həyatı İlyas üçün yeni bir aləm oldu. Yazı öyrənmək, kitab oxumaq həvəsi ilə alovlanan uşaq ilk dərs ilində öz bacarığını göstərdi. Yuxarı siniflərə keçdikcə, İlyasın tələbi artırdı. Onun həvəsi burada lazımınca təmin olunmurdu. Dərs otağında, məktəb həyətində o darıxırdı. Sürətlə böyüyən, inkişaf edən uşağa hətta küçələr, kənd çox balaca görünürdü. İlyas qalstuk taxıb pioner dəstəsində məşq edir, şərqilər oxuyur, pionerlərlə tənəzzöhə çıxır, açıq havada faydalı müsahibələr dinləyirdi. Bunların hamısı ona az görünürdü. Onda yerə-göyə sığmayan bir ənginlik, bir vüsət, bir geniş fəza həvəsi yanırdı. Beşinci sinifdən sonra o özünü saxlaya bilmədi. Yaşlılar, böyüklər kimi çöl, əkin işlərinə getmək istədi. 1932-ci ildə 15 yaşlı İlyas Salamabadda gedən mübarizələri görür, duyurdu. O, uşaq ağlı ilə bilirdi ki, köhnə əkinçilik üsulu batıb gedir, batıb getməlidir. O hiss edirdi ki, buna razı olmayanlar vardır. Görürdü ki, hampalar əl-ələ verib kolxozu lağa qoyur, yoxsullara gülmək istəyirlər. İlyas da məhz bu günlər tarlada çalışır və istəyirdi ki, kolxozun adı çıxsın. İstəyirdi ki, onun iştirak etdiyi kolxoza zəif deməsinlər. İstəyirdi ki, keçici bayraq onun işlədiyi sahədə yellənsin. İstəmirdi ki, kölgə kimi həmişə səssiz-sədasız qalsın. 90 kilo pambıq yığdığına görə briqadir onu mükafatlandırdı. O gün İlyasın yadındadır. O, ilk dəfə idi ki, böyük kişilər, kəndlilər, kolxozçular arasında seçilirdi. İlyas arzu edirdi ki, atası İsmayıl da bu kəndlilərin arasında görünəydi. O, istərdi ki, anası Mərziyə baxaydı, gəlib oğlunun qolundan tutaydı, əlini kürəyinə vuraydı, tay-tuş qadınlardan belə sözlər eşidə idi: "Tanrı saxlasın, qoçaq uşaqdır!"

Təəssüf ki, bu zaman İlyasın nə atası, nə anası sağ idi. Onların əvəzinə kolxoz rəhbərləri İlyasın əməyinə qiymət verir, ona "mərhəba" deyirdilər. Onlar İlyasa, doğrudan da, atalıq elədilər.

– Bala, - dedilər, - sağlam, cavan oğlansan, pambığı havaxt istəsən yığa bilərsən. Gəl sən texnikuma gir, oxu, sənət sahibi ol. Bizə baxma, biz uşaq olan vaxtlar oxumaq yox idi. Sən sovet balasısan. Hökumət xərc töküb, məktəb açıb, niyə oxumuyasan, niyə avam qalasan?

İlyas onların məsləhətindən çıxmadı. Ağdaş pedaqoji texnikumuna daxil oldu.

İlyas bu sənəti təsadüfi seçməmişdi. Müəllim olmaq onun böyük arzusu idi. Çünki o, müəllimi hamıdan əziz və hörmətli tutardı. Həmişə təmiz geyinib səliqəli işləyən, həmişə mehriban danışıb, faydalı sözlər deyən, hər şeydən başı çıxan, hər kitabın dilini bilən müəllim, İlyasın nəzərində dünyanın ən xoşbəxt adamı idi. O duyub-diişündüyü nə ki xoş və gözəl şeylər varsa, hamısını müəllimlik sənəti ilə birləşdirərdi. Çirkin və ürək bulandıran şeyləri müəllimdən çox-çox uzaq sayırdı. Ona elə gəlirdi ki, yalnız məktəblilər yox, dünyada hamı müəllimə hörmət edir. Müəllim gələndə hamı ayağa qalxır, hamı özünü yığışdırır, sözünü düşünüb sonra danışır. Ona elə gəlirdi ki, hər kəs müəllim olmaq istəyir, başqa sənətə gedənlərin hamısı əvvəl bunu arzu edir, yalnız müəllim ola bilmədiklərindən başqa sənətə gedirlər...

İlyas öz arzusuna nail olmaq üçün, özünü dərsə vermişdi. Sinif məşğələləri bitəndən sonra onu kitabxanada, qiraətxanada, dərnəkdə, yaxud ağac kölgəsində əlində kitab əyləşən görərdin. O, xalq nağıllarını, Koroğlu dastanım, Azərbaycan şairlərinin əsərlərini həvəslə oxuyardı. Şirvan torpağının yetirdiyi böyük Sabir, Seyid Əzim, Məhəmməd Hadi, Abbas Səhhət ona müəllimlərin müəllimi kimi böyük və əzəmətli görünərdi. Odur ki, onların sözlərini dəftərində yazar, döyüş və sevgi qoşmalarını əzbərlər, hərdən Şirvan dağlarında, əlini qulağına qoyub səslənərdi:

Məni binadan bəslədi
Dağlar qoynunda-qoynunda.
Tülək tərlanlar səslədi
Dağlar qoynunda-qoynunda.

Dolanda igid yaşıma
Yağı çıxdı savaşıma.
Dəlilər gəldi başıma
Dağlar qoynunda-qoynunda.

Səfər elədim hər yana,
Şahları gətirdim cana.
Qır atım gəldi cövlana
Dağlar qoynunda-qoynunda.

İlyas Ağdaşa gətirilən "Çapayev" filminə ilk dəfə tamaşa edənlərdən biri idi. Birinci dəfə idi ki, İlyas vətən yolunda can qoyan belə bir qəhrəmanın sərgüzəştini öz gözü ilə görürdü. İlyas "Çapayev"ə şirin bir kitaba vurulan kimi, məftun oldu. Bir demədi, iki demədi, dönə-dönə tamaşasına getdi. Adamları başına yığıb döyüşə aparan, adi vaxtında sadə, zarafatcıl bir yoldaş, təhlükəli vaxtlarda qəzəbli və cəsur sərkərdə, döyüşdə şığıyan qartal, çaxan ildırım olan Çapay, İlyasın gözü qarşısında idi. Elə bir igidin, düşmən gülləsindən yaralanması, sularda məhv olması gənc İlyasın ürəyində dərin bir hüzn yaradırdı. Mümkün olsaydı, İlyas yaraqlanıb ağların qabağına çıxar, Çapayın qanını istərdi. Nə edəsən ki, tarixdir, olub-keçmişdir...

İlyas 1937-ci ildə komsomol sıralarına daxil oldu. Onun pedaqoji məktəbində ictimai işlərdəki fəaliyyəti daha da artdı. Osoviaxim işlərini ona tapşırdılar. İlyas məktəb binasında bir tir düzəltmişdi. Üç "faşist" nişana qoyub deşik-deşik etmişdi. Məktəblilər balaca ov tüfəngini alıb tuşqullayanda, "faşist"in əndamına baxıb soruşurdular:

– Ay İlyas, harasından vurum, onun sağ yeri yoxdur ha!

İlyas atəş əmri verirdi:

– Vur, - deyirdi, - faşistə nə qədər güllə vursan yeridir. Hələ ki gözləri baxır, başarırsan, lap bəbəyinə at!

Məktəbdəki komsomol təşkilatı İlyasa ilk mübarizə vərdişi verdi. İlyas burada Leninin, Stalinin əsərlərini oxuyur, leninçi gənclərin vəzifələrini öyrənirdi. Leninin III komsomol qurultayındakı nitqi elmi-siyasi hazırlığın, bilik almağın zərurətini öyrədirdi.

Kitablar bu gənc tələbənin ən səmimi, ən sevimli yoldaşı olmuşdu. O, yalnız siyasi ədəbiyyatı yox, inqilab qəhrəmanlarının həyatını təsvir edən əsərləri də əlindən yerə qoymurdu. Bir gün İlyas "Polad necə bərkidi" romanını oxuyub bitirdi, kitabı ağır-ağır bükdü, bir müddət dinmədi. Sanki bu şirin və xoş döyüş səhifələrinin bitdiyinə təəssüf edir, sanki, bu əhvalatın mabədini arayırdı. Birdən xəyalının dərinlərindən bir səs gəldi:

"Polad belə bərkiyirmiş! Pavel Korçaqin, amansız və güclü düşmən ilə vuruşub qalib gələn, gənc qəlbini bayraq edib irəliyə, döyüşlərə gedən komsomolçu indi hardadır? O, sosializm ölkəsinin nemətlərindən faydalanırmı? Axı bu nemətlərdə onun haqqı çoxdur. Axı vətən yolunda o ömrünü vermişdir, axı o, qəhrəmandır!"

Burada Nikolay Ostrovski İlyasın xatirinə gəlir. İlyas, belə qəhrəmanlar yetirən bir təşkilatdandır. Onun fəxr etməyə haqqı var. İlyas xə166 yala dalır: "İnsafsız ölüm... Kolya bu illərdə sağ-salamat olmalı idi. O, vətəndaş müharibəsi günlərindən xatirə danışmaq üçün lap buraya, Ağdaşa gəlməli idi. Biz Azərbaycan gəncləri də o böyük komsomolçunun xəcalətindən çıxardıq. Biz onun əlini sıxıb and içər, Korçaqin yolunu qəbul edərdik... Bəlkə də, Kolya əvvəlki rəşadəti, əvvəlki döyüş həvəsi ilə qabağa düşüb bizi döyüşə, vətən davası cəbhələrinə aparardı..."

1938-ci ildə İlyas illər boyu həsrətini çəkdiyi arzuya nail olmuşdu. Pedaqoji məktəbini bitirmiş, müəllimlik diplomu almış, Gülöyşə kəndinə müəllim təyin olunmuşdu. Bu il, deyəsən, İlyasın həyatında uşaqlıq dövrünün bitdiyi, yeni və böyük hadisələrin başlandığı il idi. Gülöyşə kəndliləri təmiz geyinmiş, cavanca bir oğlanın kəndə yeni müəllim gəldiyini eşidib maraqlanmışdılar. Çox çəkmədi ki, bu oğlan kəndin bütün işlərində görünməyə, seçilməyə başladı. "İlyas müəllim" sözü dillərdə gəzirdi. 3-4-cü sinfin uşaqları İlyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər. İlyas uşaq olduğu zaman müəlliminə necə baxırdısa, gülöyşəli uşaqlar da öz müəllimlərinə elə baxırdılar. İlyas onlara təkcə dəftər, kitab, yazı, hesab və qiraətdən bəhs etmirdi, geyinmələrinə, duruş-oturuşlarına, yoldaşlıq əlaqələrinə, danışıqlarına da fikir verirdi. İlyas yaxşı müəllimdə gördüyü təsir gücünə inanmışdı. Ona görə də hər şeyi özü etmək, hər işi özü görmək istəyirdi. O, gələcək vətəndaşlarını təmiz və saf qəlbli, əmək və biliyi sevən yüksək zövq sahibi etmək, zəmanəyə, sovet dövrünə ləyaqətli vətəndaşlar etmək arzusunda idi. Uşaqlardan hörmət və məhəbbət gördükcə, onun işə həvəsi, vəzifəyə eşqi daha da alovlanırdı. Gecəni gündüzə, gündüzü gecəyə vurub həmişə məktəb və şagirdləri düşünürdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəxsi məsələ

Böyük insana, insanpərvərə – Stalin*1

194030 min
Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 min
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 min
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 min

Poems by other poets