Contents
  1. 1
  2. 2
  3. 3

1

Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

– Ay yazıq, - dedi, - gözəlcə qız idi, maral kimi qaş-gözü var idi, o boy məndə olsaydı, dünyanı dağıdardım, bu getdi pasanlara niyançit eləməyə, uşaq-muşaq böyütməyə. Ox, uşaq nədir? Anamın canı üçün nenaviju!

Ceyran bunları deyib, hərdən yanakı, təhqirlə Səltənətə baxırdı. Onun, məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Qız qızardı, nəsə demək istədi, lakin dili gəlmədi.

Ceyran Səltənətin uşağına, analığına, sadəliyinə gülürdü. Səltənət bilirdi ki, Ceyranın bu hərəkəti böyük və bağışlanmaz bir qəbahətdir.

Ceyran bu sözü bir məclisdə deyə də bilməz, çünki, onun o boyalı üzünə tüpürərlər. Səltənət özü də Ceyrana ağır və layiqli bir cavab vermək istədi, ancaq hirsindən boğulub qaldı. "Gör mənim başıma nəyi qaxmc edirlər! Gör mənə kim qaxmc edir!"

Səltənət çox çalışdı ki, bu təsadüfü ərindən gizləsin. İlyas əl çəkmədi, axırda öyrəndi.

– Sən elə avaraların sözünü niyə saya salırsan? Niyə ürəyini sıxırsan?

Bəlkə də Səltənət ali məktəbə girmədiyi, uşağına görə təhsilini davam etdirməkdə çətinlik çəkdiyi üçün kədərlənirdi. İlyas bunu anlamışdı. Bir ev qulluqçusu tutdu. Səltənətin xahişinə görə, onun sənədlərini sahmanladı, Azərbaycan Pedaqoji İnstitutuna verdi. Səltənət böyük bir həvəslə ali təhsilinə davam etdi.

2

Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. İlyasın naharı gec hazırlanırdı, buna görə Səltənət İlyasdan üzr istədi.

– Gərək məni bağışlayasan!

İlyas dedi:

– Əzizim, mən subaylığımda da xörəkdən, istirahətdən korluq çəkməmişəm. İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən, pilətəni alışdırdım, budur qovurması, budur qayğanağı, nə bilim, çayı, çörəyi... nəki, lazımdır. Sən məndən heç nigaran olma. Sən iki şeyi unutma!

İlyas bunu deyib, Səltənətin üzünə ciddi və mənalı baxdı. Səltənət ərinin yoldaşlıq məsləhətlərini diqqətlə dinlədi:

– İki şeyi unutma! Qalanı öz yolu ilə gedəcək. Xörək, nahar, filan - sən bunların qayğısına qalma. Bu saat böyük quruluş və inkişaf işi gedir. Vətənimiz yeni bir aləmdir, hamı yaradır, hamı qurur, hamı qəhrəman olmaq istəyir və çoxu da olur. Unutma ki, sən hər şeydən əvvəl sovet vətəndaşısan. Ölkəmizə, xalqımıza fayda verməyə borclusan! Mən dözmərəm, dözmərəm ki, məktəbdə səndən narazı olsunlar. Eşidəm, biləm dərsdən zəifsən, acığım gələr, müəllimin yanına qiymətini düzəltmək üçün xahişə getmə. Geridə olma, oldun, birinci ol, üstün ol, əlaçı ol, qabaqcıl ol! Tələbəsənmi, lap yaxşısından ol! Sənin oxumağın üçün hökumətimiz hər nə şərait lazımsa, düzəldib, mən də əlimdən gələni edirəm! Bu bir, ikincisi, - İlyas bunu deyib, şəhadət barmağı ilə o biri otaqda oynayan uşağı, İlhamı göstərdi:

– İkincisi odur! Unutma ki, sən anasan, yaxşı analıq çətin, lakin çox şərəfli, çox müqəddəs işdir. Böyük adamlar, dahilər, ədiblər anadan yazıblar, deyiblər. Ana qəlbi insanın ilk məktəbidir. Məhəbbətin, səmimiyyətin, sədaqətin pozulmaz kitabıdır. Görmürsənmi, Sovet hökuməti anaları nə qədər əzizləyir!

Səltənət gəncliyin bu çağlarında belə bir xoşbəxt həyatına, təmiz və şən ailəsinə, ay parçası kimi parlayan İlhamına sevindi. O, İlyas deyən kimi, işdə də, analıqda da qabaqcıl olmağa can atırdı. Lakin Ceyranın küçədə elədiyi tənələri unuda bilmirdi.

Nə təhər oldusa, yenə belə bir təsadüf düşdü: saat dörd idi, Səltənət uşaq bağçasından gəlirdi, oğlunun əlindən tutub, Kommunist küçəsindən ötürdü. Bakı Sovetinin qabağında bir-birinə rast gəldilər. Ceyran Səltənətə yaxınlaşdı, gülümsəyərək dedi:

– Ay qız, sən lap ana oldun getdin. Bu köhnəlikdən, bu mövhumatçılıqdan əl çək. Get kefini çək, bu pasanları bir adama zada...

Səltənət qızışdı, sanki aylardan bəri ürəyində saxladığı söz dağının acığını çıxmaq üçün qəsdən Ceyranı axtarıb tapıblar, Bakının ən məşhur küçələrinin birində onunla qarşılaşdırıblar ki, buyur, Səltənət yoldaş, ürəyindəkini de!

Səltənət kəskin və əsəbi səslə dedi:

– Analıq çox böyük şərəfdir. Hər adama çatmayan şərəfdir. Mən bununla fəxr edirəm! Biraylıq kef üçün həftədə bir aborta gedən, adam öldürən alçaq, qatil olmaq istəmirəm. Çünki sinəmdəki boyalarla dolu redikül deyil, isti qanla dolu bir qəlbdir. Mən anayam, qəhrəmanları, xilaskarlan, igidləri, qütb fatehlərini, göylərin məğrur şahinlərini doğan analardan olmaq istəyirəm. Vətənimiz belə anaların vətənidir, inqilabımız belə anaların başını uca etmişdir. Bunlar insanlığın anası, qadınlığın bəzəyidir. Siz, bağışlayın, bunu anlamırsınızsa, başınızı remonta verin...

İlham anasının həyəcanını hiss edib, qolundan çəkdi ki, "bəri gəl, ana!" Ceyran pis vəziyyətdə idi. Onun yanşaq ağzı açıla qalmışdı. Çox çətinliklə sifətini yığdı, dodağını büzdü, əlini tovladı və dedi:

– Padumayiş!

Hələ dörd yaşını bitirməmiş İlham diribaş, zehinli, hər şeylə maraqlanan bir uşaq idi. Anasından soruşdu:

– O kimdir, ana?

– Ceyrandır!

İlham anasının üzünə baxdı:

– Hanı ceyrandır, heç onun buynuzları var?

Səltənət özünü saxlaya bilmədi, əsəbiliyini unutdu, güldü. İlhamla keçirdiyi saatlarda o, xüsusi bir nəşə duyurdu. Uşaq maraqlı və hazırcavab sözləridə onu məşğul edərdi. Tramvaydan düşəndə soruşardı:

– Ana, niyə poyezd dayananda fit çalır, tramvay çalmır?

Sahili gəzəndə soruşardı:

– Ana, bu qayıqlar nə üçün evlərinə getmirlər?

Mürəbbə yeyəndə anası acıqlanardı ki:

– Gilası bütün-bütün udma, çeynə, tumunu çıxart!

İlham mürəbbəli qaşığı ağzına dayamış halda altdan-altdan anasına baxar, cavab verərdi:

– Bulvarda sən hava uddun, heç çeynəmədin!

Bundan sonra Səltənət səhvini düzəltdi, "hava udmağa gedək" deməzdi.

3

Rayon səhiyyə məntəqəsi sağlam uşaqların yarışını düzəltmişdi. Həkimlər klubu bəzənmişdi, divarlar şəkil, plakat, şüarlarla dolu idi. Oyuncaqlar alınmışdı, bufet qoyulmuşdu, mebellər hazırlanmışdı. Analar uşaqları ilə yarışa gəlirdilər. Həkimlər uşaqlara baxır, çəkir, ölçür, yoxlayır, dindirirdilər. Sağlam və yaxşı bəslənmiş uşaqları ilk mükafata yazırdılar. Səltənət oğlu İlhamı əyləşdirmişdi. Altıaylıq qızı Validəni qucağında saxlamışdı. Bir əl onun çiynindən yapışdı, dönəndə məktəb yoldaşları Rübabəni, Böyükxanımı gördü. Şirin-şirin soruşdular, xoş-beş etdilər:

– Ay qız, gözün aydın, ikiləmisən ki, adı nədir?

– Sağ ol, Validədir. Sənin necə, ilkindirmi?

Böyükxanımın qucağında bir kök, totuq uşaq var idi. Əl-qolunu oynadırdı, dolu və möhkəm bir uşaq idi. Əldə, ayaqda durmurdu. Balıq kimi qatlanırdı.

Cavan, gəlin analar söhbətə başladılar. Ailə həyatından başlayıb, məktəbə, uşaqlıq günlərinə qədər xatırladılar. İndi onların hərəsi xoşbəxt bir ana, ixtisaslı bir işçi, azad və fəal bir vətəndaş idi. Rübabə həkim idi, Böyükxarum "Azərbalıq"da hesabdardı. Səltənət orta məktəbdə dərs deyirdi. Üçü də gözəl ev-eşik sahibi, üçü də sağlam uşaq anası idi.

Uşaqlar üçün musiqi çalınırdı.

Böyükxanım Səltənətdən soruşdu:

– Ceyrandan halısanmı? Bilirəm, səni təhqir etdiyini eşitmişəm. İndi sən görən Ceyran deyil, həkimlərə baxdırıb, deyiblər abort səni xarab edib, uşağın olmaz. Qız soyuq dizlərini qucaqlayıb, hönkür-hönkür ağlayır. Uşaq görən kimi gözünün yaşını tökür. Axırda bir gün anası da yanına düşür, doğum evinə gedirlər ki: "Yiyəsiz bir uşaq verin, biz böyüdək." Orada deyiblər: "Ay balam, indi nə zəmanədir ki, yiyəsiz uşaq olsun, hamı uşağını əzizləyib saxlayır, eşqlə böyüdür, yiyəsiz uşaq hardadır?" İndi Ceyran uşaq bağçasmdamı, yaslidəmi qulluğa girib ki, bəlkə analıq həsrətini unuda...

Böyükxanım sözünü bitirməmiş zəng çalındı. Stol yanında dayanan uzunsaç bir qız mükafat siyahısını oxudu. Mükafat alanlar içində Səltənətin, Böyükxanımın, Rübabənin adı var idi. Rübabə təəccüb elədi:

– Necə oldu ki, bizim üçümüz də mükafata düşdük?

– Necəsi yoxdur. Bəs Sovet hökuməti on il bizi oxudub gözüaçıq və mədəni adam etmişdir. Kəblə Tükəzbanlar ilə sənin, mənim təfavütüm bilinməsinmi? Budur bax, indi sovet balalarının sovet anası olmaq budur!

Uşaqların hərəsinə bir kostyum, bir dəst oyuncaq şeyləri verdilər. Onları düzüb oturtdular, oyuncaq şeylərini hər kəsin öz qabağına qoydular ki, şəkillərini alsınlar, fotoqraf əlini əlinə çalıb, aparatı göstərib dedi:

– Uşaqlar, bura baxın, buradan quş çıxacaq!

Uşaqlar başını qaldırıb baxırdı. İlham öz-özünə dedi: "Allatmağına bax! Heç maşında quş olar!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səfər

1Bəndalı əsgər gedəsi oldu. Anası Bəndalıya fətir bişirdi, isti paltar verdi. Səhər danüzü qalxıb, ona çay-çörək verdi. Boynunu qucaqlayıb öpdü, onu rayon mərkəzindəki çağırış məntəqəsinə yola saldı. Özü də çəpərin dalına çıxıb əziz, igid və yeniyetmə oğlunun dalınca baxdı. Bəndalı yeyin və düz gedirdi. Alaqaranlıqda onun enli kürəklərini görmək olurdu. Çox çəkmədi, o, bir nöqtə kimi, kiçildi, gözdən itdi.

19316 min
Badamın ləzzəti

İmran İçərişəhərin dar, qaranlıq, əyri-üyrü küçələrindən keçdi, daş pilləkənlərdən qalxıb yeddi nömrəli evin alçaq qapısından həyətə girdi. Həyət kibrit qutusu kimi, balaca, yaraşıqlı və kölgəli idi. Bir qadın şüşəbənddə paltar yuyurdu, bir pioner də su quyusunun qabağında, səkidə oturub, aeroplan modeli düzəldirdi.İmran dəftəri çıxarıb, ev qadınlarının siyahısını tutdu, ayın 25-də açacağı dərnək haqqında, dərs haqqında danışdı. Doqquz nəfərin adını yazdı, qayıdıb getmək istəyəndə fikrinə nə gəldisə, pionerdən bir də soruşdu:

193112 min
“Myaxqiy”

"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.

19324 min
Mərkəz adamı

"Ölərsəm, görmədən Darçın xanımda eşqimə istək,*Yazılsın səngi-qəbrimdə: ürək məhzun, can məhzun".*

193316 min

Poems by other poets