Page 2 of 2 · 50%

Mənim toyuğum çil-çil idi,
Qanadları pil-pil idi.
Toyuq deyil, bülbül idi;
Səni yanasan, toyuq tutan,
Odlanasan, toyuq tutan!

Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Yanındakılar pıçıldaşırdı ki, "21-də kassirşadır". Kassirşa doğrudan qəşəng oynadı. Hər ləngərində bir gəminin qərq olmaq təhlükəsi hiss olunurdu. Döşəmənin taxtaları cırıldayır, şüşələr tərpənir, kənardakı stol titrəyirdi. Musiqi coşanda qadın kələfçəni düyün saldı. Nə etdiyini özü də bilmir, atılıb-düşürdü. Bunların hamısı təzə toyun nəzakət qaydalarını pozurdu. Bibimin içəridən qışqırığı bu arvadın rəqsini yarımçıq saxlayacağını güman edirdim. Olmadı. O, hərdən böyrünə biz soxulan fil kimi göyə atılırdı. Hamı baş-gözünü qorumağa başladığından, əl çalan yox idi.

Bundan sonrä sanki onun tamam əksinə, qəsdən bir arıq hörümçəyi aralığa saldılar. Atlas paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları mötərizə, burnu sual işarəsinə oxşayırdı. Yerindən qalxan kimi çapalamağa başladı. Onun sürətli, qarışıq hərəkətləri can verən məxluqu andırırdı. Sanki quruya düşmüş balıq özünü yerdən-yerə çırpırdı. Bir az çapaladıqdan sonra stuluna yapışıb qaldı. Sinəsi qalxıb-düşür, nəfəsini dərirdi. Bu da təzə kassirşa imiş!.. Ona macal vermədən qara krepdeşindən çarlston paltar geymiş, pəhləvan kimi enlikürək bir qadın aralığa çıxdı.

Xankişi səsləndi:

– Yoldaş yoldaşı ilə oynasın!

Yuxarı başda müştükdə papiros çəkən və yaxalığı yanakı əyilmiş bir kişi irəli çıxdı. Qaraquş kimi qanad gərib, arvadına kölgə salmağa, dolanbacı getməyə başladı. Qadın isə irişdiyindən dodağı sallanmışdı. Əri fırlanırdı, qadın durduğu yerdə qarmon kimi büzülüb-açılırdı.

Bunlardan sonra çıxan qadınların çoxu durduğu yerdə qanad çalır, sağa-sola dönürdülər. Yalnız bir nəfər (o da deyilənə görə gəlinin qohumu imiş), gözəl oynaması ilə hətta çalğıçıların da heyrətinə səbəb oldu. Qız al geyimi ilə şəfəq kimi parlayır, xumar gözlər kimi süzülüb gedirdi.

Çaylar içildi. Xörək gəldi. Plov nə plov! Buludlar qarlı dağlar kimi ucalmışdı. Camaat xörəyə girişdi. Evdə qulaq batıran bir marçıltı qopdu. Bir dəqiqədə məlum oldu ki, nə aş çatır, nə də qara.

Xankişi ürək verib dedi:

– Nə qədər kefinizdi yeyin, qorxmayın, xörək tapılar!

Məni fikir götürmüşdü. Marçıltıya, işıldayan dodaqlara, ağ boş-qablara uzanan qara biləklərə baxdıqca, yanımda oturan bibimə işarə edirdim:

– Ay bibi, toyun nəzakət qaydaları, deyəsən, bir balaca... Onun ağzı dolu olduğundan dillənmir, yalnız qaşlarını çatıb:

– Yox, - deyirdi.

Çay stəkanları paylandı. Xankişi bir-bir stəkanları şərabla doldurdu. Yuxarı başdan kassirşa ehmallıca baş qaldırdı.

– Yoldaşlar, - dedi, - xahiş eləyirəm ki, biz xoşbəxt olmuşuq. Bəy yoldaş, yəni Bəhlul, bizim 21 nömrənin işçilərindən olmağına görə bu bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, içilsin!..

Xankişi qışqırdı:

– Əl saxla!

Hamı qapı tərəfə baxdı. Naşı bəzənmiş, yaşlı bir qadın içəri girdi. Xankişi təqdim etdi:

– Qız anası!

O saat nidalar ucaldı:

– Yaşasın bəyimizin qayınanası!

– Təbiətin gizli qüvvələri mübarək eləsin!

– Təbiət hamıya qayınana yetirsin!

Qayınananı bəyin yanına keçirtdilər. Bibim camaatın hörmətinə cavab verdi:

– Təbiətin gizli qüvvələri sizə də qismət eləsin! Sizdən razı olsun!..

Stəkanlar dolur, boşalır, sağlığa içilirdi. Eşitməli sözlər danışılırdı Bəy danışanda hamı diqqətlə dinlədi. O deyirdi:

– Deməsinlər ki, Bəhluldur. Onverset qurtarsam da... elə bir şeyəm. O daxıl ki, var ha... Buradakıların çoxu həmkarımızdır, başa düşər. O daxıl elə şeydir ki, onverset ondan baş açmaz. Elə onverseti də oradan götürüblər. Görmürsünüz student gəlir, bizə baxıb öyrənir?

Mən deyirəm, o daxılın sağlığına içək ki, (bəy əlindəki stəkanı lampoçkaya qədər qaldırdı) bunu bizə yetirən odur. Bunsuz dünya bərqərar olmaz. Jiznimdə belə ləzzətli şey görməmişəm. İçək bunu daxılın sağlığına!

Stəkanlar döyüşdü, şaqhaşaq göyə çıxdı. Bəyin stəkanı qayınananın boş stəkanına dəyəndə, bəy boynunu əyib, geri çəkildi: Bu olmadı! Xankişi! Bu arvada nəsihət ver! Kim isə dilləndi:

– Ədə, dalaşarsız!

Xankişi qayınananın stəkanını doldurdu:

– Kim içməsə, yaxasına tökəcəyik.

– Təklif var: öpüşsünlər...

– Ədə, gəlin ilə öpüşərlər, o ki burada yoxdur.

– Yox, öpüşsünlər...

Xankişi qayınananı qucağına götürüb, Bəhlula tərəf qaldırdı. Bəhlul bir öpüş götürüb, şərabı başına çəkdi. Qadın qızarıb, yerində oturdu, qızın dayısı acıq eləyib getdi. Bəhlul bunu eşidən kimi hirsləndi:

– Kim məni istəmir, gedə bilər!

Başlar xörəyə tərəf endi. Qaşıqlar şaqqıldadı. Birdən Xankişinin səsi gəldi:

– Kim oğurladı?

– Nəyi?

– Kim götürdü?

– Nədir itən?

– Mənim qaramı sən yemisən?

Stəkan Xankişinin kəlləsində çilik-çilik oldu. Şərab şüşəsi bufetə dəydi. Şüşələr töküldü. Mürəbbə bankasının böyrü deşildi. Mürəbbə axdı, töküldü. Qayınana təşvişə düşdü:

– Batdı, batdı! - deyə yeznəsinin ətəyini çəkdi.

Dava qızışdı. Məclis parçalandı, cəbhələr ayrıldı. Bibim özünü aralığa atdı. Qışqırırdı. Mən qulağına pıçıldadım:

– Deyəsən, nəzakət qaydalarını, bir balaca...

Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım. Batinkaları, toqqanı atdım. Öz tələbə paltarımı geyinib, çıxmaq istədim. Bibimin ovqatı təlx olsa da, soruşdum:

– Bağışla, bir dəfə əsnədiyim üçün üzr istəyirəm. Təzə toyun nəzakət qaydalarını pozdum...

Bibim məni bərk-bərk tutub buraxmadı. Hamı dağıldı. Biz o biri otağa keçdik.

Bibim pəncərələrdən qoltuqlayıb aralığa şey tökürdü: konfet qutuları, tort, marmelad...

Mən elə bildim ki, bunları öz aramızda yeməyə saxlamışlar. Bir konfet götürmək istədim. Bibim biləyimdən tutub çəkdi. Corab, şal, kağız, gül dəstəsi, gümüş qaşıqlar, duxi, pudraqabı, krepdeşin, qənd-qabı, bəzək qutusu, dəsmal, yaxalıq, düymə... Bir sözlə, elə bil 22 nömrəli mağaza açıldı.

Mən gözləyirdim. Bibim səliqə ilə şeylərin qulağından tutub deyirdi:

– Bu şalı Məmmədin arvadı gətirib. Altı dənə qaşıq, isbatlı şeydir, Minaxanım alıb. Bəzək qutusu, əcəbdir! Kişinin adına layiq, Məşədi Rəhimi deyirəm ey!

Bibim sovqatı əlində saxlayır, bəyin fıkrini bildikdən sonra kənara qoyurdu. Bəy əvvəl mülayim görünür və deyirdi:

– Xub... Pis deyil... - Sonra: - Zarafat deyil! Ərinə çörək ağacı düzəltmişəm, hələ o çoxdur? Öt!

Bibim bir kağız gül göstərdi:

– Bu da, - dedi, - dostun Əyyubgildəndir.

Bəy mızıldandı:

– Elə dostu qəbirə qoyum! Heç utanmır da!

Bibim bir cüt corabı göstərdi:

– Bunu Həmzət gətirib.

– Kim?

– Mirsaadın arvadı, Həmzət!

– Çox qələt eləyib, gətirib! Sən də çox qələt eləyib almısan! Məni ələ salıb, ya özünü? Qızı küçükləyəndə mən onu adam bilib, subaylığım ilə qırx manat xərcə düşdüm. İndi mənim əziz günümdə kimə doqquzluq qoyur? Dur apar, at üstünə, gəl! Hələ o qədər ac qalmamışıq. İt uşağı! Corab! Özü də nə corab!

Mən bunları görəndə bildim ki, qardaşlığım məni niyə danışdırmır. Toyun nəzakət qaydasını hamıdan bərk pozan mən idim ki, heç nə gətirməmişdim. Döyülməyimdən qorxdum. Həyətə çıxmaq bəhanəsi ilə gecə vaxtı birbaş Ermənikəndə, yataqxanaya götürüldüm. Odur-budur, belə yerlərə getmirəm. Bir də mən təzə toya gedim! Ay tövbə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 min
Liman oğlu

Lalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?

19665 min
Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 min
Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 min

Poems by other poets