Page 1 of 2

Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.

Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.

Bu şərəfli tarixi bizə hər hansı şahiddən daha doğru və daha parlaq bir dil ilə söyləyən el nağıllarımız vardır.

"Koroğlu", "Nəbi", "Dədə Qorqud" və s. kimi qəhrəmanlıq dastanlarından başqa bizdə xalis məişət və sevgi temasında yazılmış çox nağıllar var ki, bunların özü Azərbaycan xalqının mənəvi yüksəkliyini, onun ümumbəşər əhəmiyyəti olan çox böyük fədakarlıqlarını göstərən bədii sənədlərdir.

Hər kəsə məlum və məşhur olan “Məlik Məmməd" nağılında xalqın xeyirxahlıq, alicənablıq duyğulan, səadət üçün çarpışmaq, mənfi qüvvələr ilə ölüm-dirim mübarizəsinə girişmək zərurəti ifadə olunmuşdur. Məlik Məmməd güclü və məğlubedilməz, əbədi bir xalqdır. Quyuda rast gəldiyi ağ divlər, əjdahalar isə həyat düşmənləri, səadət oğrularıdırlar. Məlik Məmmədin gördüyü gözəl qızlar həmin səadətin özüdür. Ağ qoyunlar ağ gün, qara qoyunlar qara gün timsalıdır.

Meyvəsi gənclik və qüvvət gətirən alma ağacı isə xalqın həmişə həsrətini çəkdiyi və uğrunda yorulmadan mübarizə apardığı müqəddəs məqsədlər, azadlıq, səadət, istiqlaliyyətdir. Alma ağacının insana cavanlıq gətirən, qocanı gəncləşdirən bir meyvəsi vardır. Məlik Məmmədin atası bu meyvənin yetişməsini gözləyir. Ancaq hansı haramilərsə bu meyvəyə dadanmışlar, yetişən kimi, onu oğurlayırlar. Alma sahibinə qismət olmur. Ata oğlanlarını növbə ilə gözətçi qoyur. Böyük və ortancıl oğlan yuxulayır, almanı qoruya bilmirlər. Nəhayət, kiçik oğul - Məlik Məmməd bu işin öhdəsindən gəlir. O, heç kəsin fikrinə gəlməyən ağıllı bir tədbir görür. Barmağını kəsib yarasına duz basır ki, gözünə yuxu getməsin. Bu tədbir sayəsində almanı, yəni ailənin səadətini oğurlayan ağ divi tapır. Quyuda onunla pəncə-pəncəyə gəlir. Qırx gün qırx gecə mübarizədən sonra düşmənini məğlub edir.

Məlik Məmmədin bu qələbəsi birdən-birə olmur. Ağ divin ətrafında olan bütün qara qüvvələr ona qarşı dururlar. Məlik Məmməd xəyanətə rast gəlir. Onu qaranlıq dünyaya, əjdahalar məskəninə atırlar. Lakin Məlik Məmməd məğlub olmur. Çünki o öz səadəti uğrunda vuruşarkən eyni zamanda məhkum olmuş qızları divlərdən, quşları əjdahalardan xilas edir. Bir sözlə, gəldiyi yerlərə ədalət, əmin-amanlıq gətirir. Xalqın arzu və istəklərinə əməl edir. Xalq onunla fəxr edir. Onun sayəsində mənfi qüvvələrin hücum və təcavüzündən qurtarır.

Nəhayət, Məlik Məmməd bütün düşmənlərini məhv etdikdən sonra, qələbə bayramından ibarət olan toy məclisi düzəldir, xoşbəxt bir həyat qurur.

Eyni motivlər İbrahimin nağılında da vardır. İbrahim də Məlik Məmməd kimi igid, insanpərvər, genişürəkli bir qəhrəmandır. O, hara gedirsə şikayətlər, nalələr, fəryadlar eşidir. Birisinin balasını əlindən almışlar, birisini sevgilisindən ayırmış, bir başqasının var-yoxunu talan etmişlər. İbrahim eşitdiklərinə etinasız qalmır. Məzlumların halına yanır. Onlara əlindən gələn köməyi etmək istəyir. Onun səfər və çıxışlarının başlıca məqsədi bundan ibarətdir.

Bu nağılda qəhrəmanın sevgilisi - əmisi qızı qəfildən yox olur. Vay xəbəri gətirənlər qəhrəmana deyirlər:

– Qızı haramilər aparıb.

– Necə haramilər?

– Burada haramilər dəstəsi var. Şəhərdə nə qədər gözəl qız olsa, aparırlar.

– Bəs o haramilər harada olurlar?

– Bax, o dağın dalında bir bulaq var. O bulaq onların yeridir...

İbrahim bunu və bunun kimi bir çox faciəli, ürək yandıncı xəbərləri eşidəndən sonra "ah çəkən" oğlanı da yanı ilə götürüb haramilərin üstünə gedir. "Ah çəkən" oğlan vahiməyə düşür. İbrahim ona təsəlli verib deyir: "Qorxma, gəl, ağ divin canı mənim əlimdədir. Mən elə onu öldürməyə gəlmişəm."

İbrahim dağın ətəyində bir quyu tapır. "Ah çəkən" oğlanı onun başında qoyub özü quyuya enir. Saçlarından asılmış bir qız görür. Qızın ayağının altında bir qızıl cam var. Sağ dabanından iynə boyda deşiblər. Qan cikkə-cikkə bu qızıl camın içinə düşür. İbrahim qızın halına yanır. Qızın da İbrahimə heyifi gəlir:

– Amanın bir günüdür, - deyir, - yazıqsan, get. Ağ div səni öldürər.

İbrahim heç bir söz deməyib əyləşdi. Başladı divi gözləməyə. Aradan bir az keçdi, bir də gördü budur, yer titrədi, göy guruldadı, div girdi içəri. İbrahimi görcək bir əlini öz qarnına çəkib yüyürdü onun üstünə. İbrahim cəld tərpənib qızıl camdakı qam götürüb atdı divin gözlərinə. Divin gözləri kor oldu. Yıxıldı yerə, başladı çapalamağa. Oğlan onun başını bədənindən ayırıb cəhənnəmə vasil elədi. Qızı dardan açdı, düşürüb yerə qoydu ki, "Sən otur burda!" Keçdi ikinci evə. Gördü, ah çəkən qardaşın qızı əyləşib, bir nahamvar div də başını qoyub onun dizlərinin üstündə yatıb. İbrahim otağa gircək div oyandı. Güləşmə başlandı. Düz yeddi gün yeddi gecə gah bu ona, gah o buna güc gəldi. Amma heç birisi yıxa bilmədi. Axırda, səkkizinci günün ikindi çağı idi ki, İbrahim bir "Ya mədəd" deyib divi başının üstünə qaldırıb vurdu yerə!

İbrahimin qəhrəmanlıq və igidliklərlə dolu olan səfəri xoş bir nəticə ilə bitir: İbrahim qızların ikisini də götürüb gəldi quyunun ağzına. Ah çəkən qardaşın qızını verdi özünə. Vəzir oğlunun nişanlısını verdi özünə. Özü də mindi ifritənin qanadının üstünə, gəlib çıxdı öz vilayətlərinə.

Biz "Məlik Məmməd" və "İbrahim" nağıllarında bir çox cəhətdən xarakter və paralel olan epizodları alaq.

Hər şeydən əvvəl ona diqqət etmək lazımdır ki, Məlik Məmməd də, İbrahim də ümumi bir iş üçün vuruşurlar. Onlar xalqın, əhalinin səadətinə mane olan ağ divlər ilə, haramilər ilə, əjdahalar ilə vuruşurlar. Onların şəxsi, xüsusi interesləri bu ümumi iş ilə müəyyən olunur. Ümumi düşmən, həm də onların səadətlərinin, sevgililərinin, ailələrinin düşmənidir. Ona görə də qəhrəmanlar, ilk qələbə ilə kifayətlənmirlər. Onlar öz sevgililərini xilas etməklə qalmırlar. Onlar ağ divin can şüşəsini qırmamış, əjdahanı parçalamamış, tilsimi sındırmamış, xalqdan oğurlanan əmlakı, adamları qaytarmamış qılınclarını qına qoymur, rahat olmurlar.

Qəribədir ki, nağıllarımızdakı həmin bu xalq qəhrəmanları öz şadlıq və sevinc günlərini, öz şəxsi həyatlarını da ümumxalq işi ilə bağlayırlar. Onların imkanları olduqda belə, toy etmir, ailə qurmurlar. Xalqın kiçik də olsa bir dərdi, deyintisi onların ürəyini narahat edir. Onlar xalq ilə gülmək istəyirlər. Buna görə də onlar xalqın əzizi olurlar. Buna görə də istər Məlik Məmmədin və istərsə də İbrahimin idealı böyükdür. Onların arzularına dərin məna vermək lazımdır.

Adama cavanlıq verən alma nədir? Nə üçün ələ keçmir, nə üçün sahibinə qismət olmur?

2 06 Bu alma xalqın əməyidir. Ömür boyu çəkilən ağır zəhmətin, tökü-

İon alın tərinin, qabarlı əllərin, ağır illərin məhsuludur. Məlik Məmmədin ailəsi, yəni xalq öz əlinin əməyindən məhrum edilmişdir. Təsadüfi deyil ki, bu ailə yüksək bir ehtiras ilə almadan danışır, onun həsrətini çəkir. Təsadüfi deyil ki, atanın ən igid oğulları alma üçün qarovul çəkirlər, yenə nəticə vermir.

Çünki bu almanı - xalq səadətini qəsb etmişlər, yiyələnmiş, mənimsəmişlər. Əvvəllər Məlik Məmməd ailəsinin qayğısı, alma oğrusunu tapmaq idi. Bu vəzifəni kiçik oğul yerinə yetirdi. Lakin əsl iş bu müdhiş, bu qüvvətli və amansız oğrunu məhv etməkdi. Ağ div, məlumdur ki, bütün nağıl və əfsanələrimizdə mənfi qüvvələrin ən qəddarı, ən çirkinidir. Bu, demək olar ki, xalqın nifrət və qəzəbindən yaranmış, qəsbkarları, istilaçıları, zorakıları, qatilləri, həyat və səadət düşmənlərini təmsil edən, müasir faşizmi andıran bir obrazdır. Bu qara qüvvə ilə mübarizə etməyin çətin, təhlükəli olduğunu Məlik Məmməd yaxşı bilirdi. Ancaq bu mübarizənin şərəfli və müqəddəs olduğunu da yaxşı bilirdi. Ona görə də qardaşlarının qorxaqlığına gülərək, özü quyuya sallanır, ağ divin yuvasını dağıtmaq kimi böyük bir işə iqdam edir. Bu qəhrəmanlar ümumi xarakterləri etibarilə orta əsr rıtsarlıq, cəngavərlik simalarından ayrılırlar. Rıtsarların başlıca məqsədi ad qoymaq, məşhur olmaq, macəralarda gün keçirmək olurdu. Onların səfərləri və çıxışları bu uğurda idi. Onların vaxtı tənhalıqda keçirdi. Bizim, haqqında bəhs etdiyimiz qəhrəmanlar isə ideal sahibləri idilər. Onların qarşısında aydın və məna cəhətdən də böyük məqsədlər var idi. Buna görə də onlar xalq ilə bağlı idilər. Onların istər güclü, istərsə zəif tərəflərini xalq ilə olan birlik və rabitələri ilə, bu rabitənin möhkəmliyi və ya zəifliyi ilə izah etmək lazımdır. Bu qəhrəmanların nəticə etibarilə qalib çıxmasının da səbəbi xalqdan qüvvət almaları idi. Heç bir nağılda qəhrəmanın igidlik səfərləri tənha keçmir. Bu səfərlərdə qəhrəman, odlar, alovlar içinə düşür, divlərin, əjdahaların hücumuna məruz qalır, cinlərin, şeytanların hiyləsinə tutulur, çox çətin vəziyyətə düşür. Belə zamanlarda biz qəhrəmanın çaşdığını, ya özünü itirdiyini görmürük. Belə çətin vaxtlarda qəhrəman göylərə, dini qüvvələrə də müraciət etmir. Qəhrəman qocalara, qoca kişilərə, ya qarılara müraciət edir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets