Page 2 of 2 · 50%

"Ü ç şahzadə nağılı"ndada qəhrəman böyük bir arzuya düşür. Padşahın qızını almaq istəyir. Şahın qızı isə tilsimli və qorxulu bir qaladadır. Həmin qalanın yolu cəsədlər, kəllələr ilə doludur. Çox igidlər bu eşqə düşüblər, ancaq tilsimdə həlak olublar. Bunların heç biri qəhrəmanı qorxutmur. O, nurani bir qocadan məsləhət alır. Qoca ilə hər görüşəndə o, yeni qüvvət alır. Yeni tədbir sahibi olur. Nəhayət, tilsimli qalaya hücum edərək, bütün maneələri rədd edir, bütün keçidlərdən ötərək, qalanı alır, öz məqsədinə nail olur. Qəhrəmanların qələbəsini təmin edən əsas faktor qocaların tədbiri olur. Bunlar düşmənə qarşı mübarizə tədbirləri öyrətməkdən başqa, xalqın yaşayışının da qayğısına qalırlar. Bunlar hamının bilmədiyi, çoxlarının xəbərsiz olduğu şeyləri bilir, lazım olduğu yerdə bildirirlər. "Əmir Aslanın nağılında" belə bir nurani kişi şahın yuxusuna girir. Ona güzəranı olmayan rəiyyətdən xəbər verir. Şah sonsuzluqdan şikayət etdikdə, qoca, şəhərin filan yerində ac qalan bir sənətkar ailəsini ona tanıdır. Şah sabahı gün böyük ehsan tədarükü görür, həmin yerə gedib açları tapır. Şah bu ailəyə böyük kömək təşkil edir.

Həmişə qəhrəmanlar ilə yaşayan, təsvir olunan bu qocaların kim olduğunu biz onların işi ilə təyin edə bilərik.

Bu qocalar kimlərdir?

Bunlar xalq nümayəndələri, xalqı təcəssüm etdirən simalardır. Bunlar zəngin təcrübə, bilik sahibləridir. Uzaqgörən, təmkinli, tədbirli, səbirli adamlardır. Bunlar dostu da, düşməni də dərhal tanıyırlar. Yolların haradan ayrıldığını, haraya gedib çıxdığını bilirlər. Keçmişi söyləyir, hal-hazırı qiymətləndirir, gələcəkdən xəbər verirlər. Nağıllarda bu qocalar öz idrakları, ağıllı məsləhətləri sayəsində bütün çətinlikləri yox edir, əlçatmaz məqsədləri ələ gətirirlər. Ona görə də xalqda, kütlə arasında bunlara qarşı böyük hörmət və etimad vardır. Onların göründüyü yerlərdə məğlubiyyət yoxdur. Ancaq onların sözünü eşitməyənlər basılır, peşmançılığa düşürlər. Əmir Aslanın nağılında xain bir vəzir haqqında söhbət gedir. Bu xain Əmir Aslanın atasına zəhər verib öldürür, özü taxta çıxır. O zamanlar uşaq olan və kimsəsiz olan Əmir Aslan böyüdükdən sonra öz atasının mülkü, səltənəti uğrunda, həm də vəzirin qızına olan məhəbbəti uğrunda mübarizə edir. Düşmən çoxdur, qüvvətlidir. Dövlət, qoşun, silah, məmləkət hamısı düşmən əlindədir. Əmir Aslan təkcə öz 108 cəsarəti və rəşadətinə arxalanaraq padşaha qarşı durur. Şahın əmri ilə

Əmir Aslanı mühasirə edib tutmaq istəyirlər. O isə öz gücünə, qolunun qüvvətinə güvənir. Onu hər şeydən artıq ruhlandıran öz haqqı uğrunda mübarizə aparmasıdır. Qəsbkar vəzirin hərbə-zorbasından qorxmur, qılıncını çəkib özünü düşmən qoşununa vurur. Cəsarət və mərdliklə vuruşaraq düşməni məğlub edir və atasının səltənətini ələ keçirir. Burada da Əmir Aslan eldən, xalqdan kömək alır. Tək-tənha böyük bir qoşun ilə vuruşmağa məcbur olduğu, ağır bir vəziyyətdə qaldığı bir zamanda özünün, atasının xeyirxahları köməyə gəlir, başqa bir tərəfdən düşmənin səflərini yarırlar.

"Ağ quş nağılı" şir südü ilə bəslənmiş, meşələrdə, dağlarda, qayalarda böyümüş, sular və quşlar ilə səs-səsə verib dil açmış Şirzad adlı bir qəhrəman haqqındadır. Şirzad şah oğludur. Atası min nəzir-niyazdan sonra, yeganə övlad olaraq onu tapmışdır. Ancaq xain vəzir, səltənətə yiyələnmək üçün Şirzadın ata-anasını məhv edir. Qundaq körpəsi olan Şirzad isə ancaq bir təsadüf üzündən çöldə salamaq qalır.

Çöllər, meşə heyvanları Şirzadın fəlakətinə acımış kimi, onu himayə edib böyüdürlər. Şirzad həddi-büluğa çatar-çatmaz xainlər və onların cinayəti haqqında xəbər tutur, intiqam fikrinə düşür. Yalnız öz igidliyi, cəsarəti və hünəri sayəsində padşahlığı qəsbkarlardan alır. Ancaq özü hünər dalınca düşdüyündən taxta oturmur, şahlığı əmisinə tapşırır.

Əmisi bir gün oğlanlarının hünərini yoxlamaq istəyir. Hamısını hüzuruna çağırıb deyir:

– Siz hamınız özünüzü igid hesab edirsiniz. Mən bir şərt qoyaram. Kim mənim atımın ayağının dəydiyi yerdən mənim görmədiyim bir şey gətirərsə, o, əsl igiddir.

Şahın bu şərtindən sonra böyük oğul səfərə çıxıb qiymətli bir ləl gətirir. Halbuki padşahın xəzinəsində bu ləldən çoxdur. İkinci oğul da belə olur. Şirzad isə gedir, tilsimlər sındırır, divlər öldürür, özündən yanan bir çıraq gətirir. Şahın axtardığı da bu imiş.

Şirzad xalq fantaziyasının yaratdığı gözəl bir qəhrəmandır. Ona görə də o, həmişə müqəddəs arzular uğrunda çarpışır. Həyatını, ömrünü bu yolda qoyur. Şahlıq rütbəsinə çatmaq, özünü mənsəb sahibi etmək üçün deyil, həqiqəti, ədaləti müdafiə etmək üçün vuruşur. Şirzadın tapıb gotirdiyi "özündən yanan" çıraq isə xalqın uzun əsrlər çox axtardığı, az tapdığı həmin həyat həqiqəti idi. Bütün şərəfli adamlarımız, bütün qəhrəmanlarımız bu həqiqət uğrunda çarpışmışlar. Bu həqiqətin əsl yolçuları xalqın əsl, həqiqi oğullarıdır.

Bu nağılda da Şirzad xalq müdrikliyinin köməyilə iş görür. Onun üzərində həmişə ağ bir quş uçur. Bu, güclü bir tale kimi Şirzadı qələbədən-qələbəyə aparır. Şirzad bu quşun səsini dinləyib, sözünü eşitdikcə basılmaz olur. Əksinə, ağ quşun sözünə əməl etmədikdə məğlub və pərişan olur. Şirzad səhv etdikdə belə ağ quş öz kölgəsini onun başından çəkmir. Onun səhvlərini göstərir, haraya, hansı yol ilə getməli olduğunu söyləyir.

Bu nağılda xalqın öz qəhrəmanını himayə edib izləməsi bir də ondan görünür ki, Şirzad hər yerdə ürəyiaçıq, qonaqcıl kişilərə rast gəlir. O, bunların hamısından sədaqət, köməklik və hədsiz hörmət görür. Bu kişilər qorxulu yerləri, qorxulu qüvvələri ona göstərib saqındırırlar. Şirzad isə sanki qəsdən bu yerlərə, qara qüvvələrin üstünə gedir. O, xalqı bu qüvvələrdən xilas etmək uğrunda vətənin, vətəndaşlarının əmin-amanlıqda yaşaması üçün xidmət edir. Nağıldakı təsvirlərdən (geniş və məhsullu çöllər, Muğan durnası, bol və dadlı meyvələr...) məlumdur ki, əhvalat Azərbaycan mühitində gedir. Şirzada bu mühit ana qucağı kimi doğma və əzizdir. Burada onun bütün səfərləri şadlıq, qalibiyyət və xoşbəxtliklə keçir.

Xalq nağıllarındakı qəhrəmanların qüvvəti hər şeydən əvvəl onların təmiz, müqəddəs ideallarındadır. Qalibiyyətin də səbəbi budur. Xalq da ancaq buna görə onların böyük obrazını, xəyalını əsrlər boyu zehnində və ürəyində yaşadır.

Xalq nağıllarımızda mühüm yer tutan məsələlərdən biri də istilaçılara qarşı mübarizə məsələsidir. Bəzi nağıllarda bu tema müstəqil olaraq qoyulur. Bəzilərində isə epizodik bir hadisə kimi, qəhrəmanın sevgi macərası ilə, taleyi ilə bağlı verilir.

Bu temada olan nağıllarda, qəsbkarlara qarşı son dərəcə yüksək xalq qəzəbi, kin və nifrət hissi ifadə olunur.

İstilaçı nə qədər güclü, nə qədər qüvvətli olur-olsun, onun ən zəif və ən xəstə bir cəhəti vardır. O da istilaçı, qəsbkar olmasıdır. O, nə qədər qəddar, nə qədər qansız, amansız olur-olsun, xalq onunla mübarizədə yeni-yeni qüvvələr tapır.

Bu cəhətdən "Qara vəzirin nağılı" maraqlıdır. Burada Sənubər adlı gözəl və şahzadə qızdan, onun uğrunda gedən mübarizədən danışılır. Tarix boyu istilada məşhur olan Lemsə (nemes) padşahının oğlu qoşun yığıb gəlir ki, Sənubəri mən alacağam. Nə Sənubər ona getmək istəyir, nə də şah, nemes padşahı ilə üz-üzə gəlmək istəyir. Nemes qoşunları isə tökülüşüb gəlir, ölkəni istila etmək istəyirlər. Sənubərin atası bu barədə məsləhət, məşvərət məclisi çağırır. Pəhləvanlar, sərkərdələr isə nemes qoşunlarına qarşı vuruşmağa hazırdırlar. Şah, bu qorxulu düşməni məğlub edən sərkərdəyə hədiyyə vəd edir və deyir ki: "Kim lemsə padşahının qoşununu sındırsa, qızım Sənubəri də ona verəcəyəm". Bəbir adlı cəsur bir pəhləvan irəli yeriyib bu vəzifəni öhdəsinə götürür. Şah Bəbir pəhləvana qoşun, sursat verib düşmənin qabağına göndərir. Bəbir pəhləvan düz bir ay nemes qoşunları ilə vuruşur. Axırda düşməni məğlub edib qovur, vətəni təhlükədən qurtarır. Şah da vədəsini yerinə yetirir, Sənubəri Bəbirə verib dəsgahlı toy məclisi qurur.

Hadisədən məlumdur ki, bu toy, əslində bir bayramdır, böyük bir xalq bayramıdır. Çünki, xalq, istilaçının başını əzmişdir, yurdu təhlükədən qurtarmışdır.

Bu gün böyük sovet xalqımız qudurğan german-faşist işğalçılarına qarşı müqəddəs vətən müharibəsi apardığı bir gündə, xalqımızın bütün tarix boyu öz azadlığı, öz müstəqilliyi, öz səadəti uğrunda apardığı mübarizələr daha parlaqlığı ilə nəzərimizdə canlanır. Bu gün cəbhələrdə igidcəsinə vuruşan, düşmənin tankını dağıdan, təyyarəsini salan, topunu susduran, sıralarını yaran qızıl əsgərlərin arslan cəsarətini gördükdə xalqımızın Babək, Koroğlu, Nəbi, Şirzad, Əmir Aslan, Bəbir və s. kimi böyük oğulları yada düşür. Hal-hazırdakı vətən müharibəsinin qızıl döyüşçüsü indi vətəni qorumaq işində tarixləri heyrətləndirən qəhrəmanlıq nümunələri göstərir.

Bütün sovet xalqları ilə birlikdə Azərbaycan xalqı da öz igid oğullarını şanlı sovet vətənimizin müdafiəsinə silahlandırmışdır. Bizim əsgərlərimiz top, tüfəng, tank və təyyarədən başqa, daha qüvvətli bir silaha malikdirlər. O silah da əsgərlərimizin, vətən oğullarının öz ana sovet vətənlərinə, öz torpaqlarına, öz xalqlarına əbədi bağlı olmalarıdır. Vətənin məhəbbəti ilə böyüyüb bəslənmələri, azadlıq və bəşəriyyətin səadət nəğmələri ilə böyümələridir. Xalqımızın bütün tarixi əsgərlərimiz üçün ilham və rəşadət mənbəyidir. Arxası böyük sosialist vətəndə, üzü cəbhəyə durub vuruşan mərd döyüşçülərimiz Çapayevlər, Frunzelərlə yanaşı olaraq, xalq qəhrəmanlarımızı da öz cərgələrində təsəvvür edirlər. Onlar Koroğlunun Misri qılıncını havada oynayan, Nəbinin vəfalı aynalısını səslənən, Çapayevin atım ildırım kimi düşmən üstünə cuman görürlər. Xalqımızın tarixindəki bütün müqəddəs və şərəfli döyüş səhnələri hər dəqiqə əsgərlərimizin təsəvvüründə və xəyalındadır. Ona görə də qızıl əsgər hücum edəndə bütün bir xalqı, bu xalqın min illik tarixini, əzəmətini, döyüş ənənələrini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini özü ilə bərabər görür. O, bunları qorumaq üçün düşmən üstünə şığıyır. Quduz düşmənin bütün çıxışlarını, bütün fəndgirliklərini mərdanəlik, möhkəmliklə dəf və rədd edir. Vətən müharibəsi döyüşçülərinin hər birinə aydındır ki, bu gün azadlığımızı, yurdumuzu, qələbəmizi qorumaq, düşməni məhv etmək uğrunda hər bir fədakarlıq sənətə və əbədiyyətə layiqdir. Düşmən əzildikdən, vətən təhlükədən qurtardıqdan sonra bu fədakar oğulların, qızların hər birinin adına yeni-yeni dastanlar yaradılacaqdır. Vətən qəhrəmanları haqqında mahnılar isə həmişə xalqın ürək mahnısı olmuşdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets