Yas məsələsi
Ailə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!
Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.
Bu dəfə arvad mənə macal vermədi. Sözümə baxmadı, dediyində təkid elədi, iki ayağını bir başmağa dirədi. Hörmətli oxuculara lap aydın olmaq üçün əhvalatı başdan danışaq:
İxtilaf deyəndə, nədən baş vermişdir? Nə xörək, nə bişmiş, nə səliqə-sahman, nə qısqanclıq üstündə idi. Xeyr. Mən belə şeylərə dözümlü adamam. İşdən evə qayıtdım, şükürlü bəndə kimi qabağıma nə qoydular, lap əriştə şorbası, kartof qızarması, göy lobya, dinməz-söyləməz başımı aşağı salıb yeyəcəyəm. Xörəyi sonalamaq əvvəldən xoşuma gəlməz, ay dadı belə, duzu elə! Noxudu, ədviyyəsi filan...
Bilirəm ki, evdə xörək özbaşına yaranmır, uzun zəhmətin nəticəsi sayəsində əmələ gəlir. Bazardan bir kilo ət, beş dəstə göyərti almaq, növbəyə durmaq, satıcılarla deyişmək hövsələ, hünər istəyir.
Bununla belə, xörək zamanı süfrənin səliqə-sahmanına diqqət yetirənəm.
Bu dəfə ixtilaf lap heç nədən başladı. Mən deyim, siz də eşidin. Heç gözləməzdim, yas məsələsindən başladı.
– Niyə yas?
– Bizdə yas yox ey.
– Kimin yası?
– Heç kimin. Lap küçədən keçənin yası.
– Başa düşmədim.
– Qoy axıracan danışım, sonra sual verərsiniz.
– Danış görək!
İşdən evə qayıdıram, istirahətə gəlirəm, qapı bağlıdır. Soruşuram, arvad hanı? Qonşular deyirlər yasdadır.
– Kimin yasıdır?
– Kəblə Nəsibin.
Kəblə Nəsib kimdir? Bilmirəm, qonşular tanımır, mən də tanımıram, qəzetlərdə də belə ad, belə mərhum yoxdur. Kəblə Nəsib adında nə qohum, nə tanış bilirəm. Soyunub rahatlanıram, olub-olmayandan özümə xörək, qayğanaq, kartoşka düzəldirəm. Saat 10-11-ə yaxın arvad gəlib çıxır.
– Hardaydm, arvad?
– Yasda!
– Kimin yasıdır?
– Kəblə Nəsib rəhmətə gedib.
– O kimdir?
– Kəblə Nəsibi tanımırsan, kişi? Sizin bağ qonşusunun qayınatası.
– Allah rəhmət eləsin, axı yasa axşam, işdən sonra gedərlər. Günün günorta çağı nə yas?
– Yas var, yas var. Allah göstərməsin, gündüz də olur, axşam da. Nə dedim, arvad cavabını verdi.
Yoruldum söz güləşdirməkdən.
Sabahısı gün işdən gəlirəm, yenə qapı qıfıllıdı.
– Arvad hanı?
– Yasda!
– Bu kimin yasıdır?
– Dursun xanımın kürəkəni, cavanca oğlan.
– Adı Dursun olanın yası olmaz.
– Dursun özü ölməyib, ərinin qohumu ölüb.
– Ölüb-ölüb. Sən niyə ev-eşiyindən didərgin düşmüsən, arvad?
– Balam, qonum-qonşu gedir, mən niyə getməyim?
– Yasları podrata götürmüsən? Şəhərdə yas qurtaran deyil, sən elə dabanlarını çəkib bir-bir qapıları gəzəcəksən?
– Gəzəndə nə olar?
– Ay arvad, mən səni uşaqlara baxmaq üçün almışam, yaslarda sinə vurmaq üçün yox!
– Yasa gedəndə uşaqları qonşuya tapşırıram.
– Qonşu sənə nənəlik eliyəcək?
Arvad ahəstə cavab verdi:
– Hələ ki eləyir.
– Boş-boş danışma, qulağını aç, eşit! Bir də eşitsəm, yaslara gedirsən, səni boşayacağam!
Arvad bir az susdu, sonra qəhərli bir səslə dedi:
– Boşa, neynək!
Arvad sözünü dedi, kənara çəkilib kiridi.
Diqqətlə baxanda gördüm arvad gözlərinin yaşını tökür, hönkür-hönkür ağlayır. Doğrusu, ürəyim pis oldu.
Qəlbinə toxunduğuma peşman oldum:
– Ay arvad, özümdən çıxdım, söz idi dedim, ömrümüzün bu çağında mən sənin kimi ürək dostunu heç boşayaram? Mənə kişi kimi söz ver ki, yaslara getməyəcəksən!
– Getməyəcəyəm!
– Atan oldu rəhmətlik! Sən həmişə olduğu kimi gözümün işığı, ailəmizin ağasısan!.Di sakit ol! Allah yasları da, qəm-qüssəni də bizdən uzaq eləsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-yas-meselesi
Use ← → keys to move, R for a random poem
More by this author
Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.
Tamaşa1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.
İlhamın anası1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:
Anaların üsyanıAvqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Poems by other poets
Ey görünməz dost elindən gələn quş!Hansı murdar əllər yıxmış yuvanı?
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,