Məhkəmə, müdafiə, mühakimə işi çətin, məsuliyyətlidir. Hər adam bacarmaz.

Gərək səriştəli hüquqşünas olasan, yüzlərlə qanun kitablarını, əsasnamələri, qərar-qətnamələri vərəqləyib nöqtəsinəcən diqqətlə öyrənəsən. Bunların hamısını bənd-bənd, yaxşıca bilməmiş adamı məhkəməyə, hüquq aləminə qoymazlar.

Bu mətləbləri yaxşı dərk etdiyim üçün məhkəmə işi təklif olunanda, mən yaxın durmazdım və bu aləmə cəlb olunmağımı heç güman da etməzdim.

Amma, necə deyərlər, həyat mürəkkəbdir və dairəsi də genişdir. Düzü, əyrisi, dolanbacı, qaranlığı, işığı çoxdur. Bir də görürsən, elə bilmədiyin, gözləmədiyin bir aləmə atılmısan, istər-istəməz orada sən özünə münasib bir şərait tapmalısan, tapşırılan işi, pis, yaxşı aparmalısan.

– Bu niyə belə, o niyə elə, necə, nə sayaq!

Addımbaşı öz işindən narazılıq edib şikayətlənən, ərizə yazıb idarələrdən kömək istəyən, vəzifədən boyun qaçıran adamlardan da heç xoşum gəlməz. Belə adamları hər yerdə ikrah ilə qarşılayırlar, demaqoq, dəngəsər sayırlar.

Qərəz ki, məni, kəndlilər demişkən, suçıxmaz arxa cuvar eləmişdilər, məhkəmə sahəsində işə çəkmişdilər.

Məhkəmə deyəndə, böyük çıxmasın, ortada elə ağır münaqişə də yox idi. Bir yoldaşın başqasını söz ilə, şifahi təhqir etməyi müzakirə olunurdu.

Təhqir məsələsi obyektindən, yəni aid olduğu konkret şəxsiyyətdən çox asılıdır. Onun xarakterindən, münasibətindən, ciddiliyindən, hərəkətindən, təkidindən və hakəza!

Adam var ki, təhqirə yerində cavab verir. Bununla da iş qurtarır. Adam var, heç təhqirə cavab və məna vermir. Özünü nalayiq adam ilə üz-üzə durub danışmaq dərəcəsinə endirmir. Belə səbir, möhkəm xarakter bir xoşbəxtlikdir. Adam var ki, yox, tükü-tükdən seçir, öz ünvanına deyilən, ya eşidilən hər nöqtəni diqqətlə araşdırır, dalınca düşür, hərifi yerində oturtmamış əl çəkmir.

Bu dəfə Davudun qaldırdığı məsələ, ona edilən təhqir ciddi, təkidli idi. Ona görə də məni bu münaqişəyə cəlb etdilər ki, hər iki tərəfə təsirim olsun. Məsələ bişməsin, böyüməsin, mülayimliklə həll olsun.

Davud hamıdan qabaq yanıma gəldi. Müttəhimin barəsində məlumat verdi, öz ərizəsini təqdim etdi, üstəlik bir yoldaşlıq xahişi irəli sürdü ki, sözünü, hərəkətini düşünməyənləri intizama çağırmaq bir bizim yox, ümumən sovet ictimaiyyətinin borcudur, vəzifəsidir. Yoxsa, idarədə oturmaq, baş girləmək, işləmək çətin olar.

– Yoldaş filankəs, biz əgər bu gün, bu məqamda Gərayın dərsinə baxmasaq, əl-ayağını yığışdırmasaq, daha yerimizdə oturub iş görə bilmərik. Hər yoldan ötən havalanar, üstümüzə ayaq alar, elədir, ya yox?

Davudun danışığı belədir. Hər cümləsindən sonra qabaqdakına sual ilə müraciət edir:

– Belədi, ya yox? Düzmü deyirəm?

Davud öz vəziyyətini izah edəndən sonra ümumən işin xarakteri, ictimai aləmin münasibəti haqqında da danışdı:

– Əlbət ki, bu işin ümumi cəhəti sizə hamıdan yaxşı aydındır! Doğrudur, ya yox?

Yoldaşlıq məhkəməsinin adı, doğrudur, yumşaq, mülayim yoldaşlıq məhkəməsidir, ancaq hər halda məhkəmədir. Bir müttəhim ciddi ictimaiyyət qarşısında mühakimə olunur. Mən məmnunam ki, məhz siz mühakimə edirsiniz, hərifi də, məni də yaxşı tanıyırsınız. Ədalətlə işə baxacaqsınız. Mən buna əminəm! Düzdür, ya yox?

Bizdən də nə asılıdır, hazırıq. Elə edin ki, hərif möhkəm dərs alsın! Bir də belə nalayiq hərəkətlərə yol verməsin! Bilsin ki, adamın danışıq və hərəkətlərinə diqqət edən, göz qoyan var, dünya özbaşına deyil! Belədi, yox?..

Məktəbdə adi söhbət zamanı Gəray ilə Davud arasında deyişmə olmuşdu. Gəravın bir sözü Davuda ağır gəlmişdi. Ona görə də Gərayı məhkəməyə çəkmək üçün ərizə yazmışdı.

Mən hər iki tərəfi dinləyəndən sonra gördüm ki, buradakı ixtilaf süni münaqişədir. Məhkəməlik bir iş yoxdur. Bunun üstündən səbir, sükut ilə ötmək də olardı.

Ancaq Davud təkid edir. Gərayın cəzalandırılmasını istəyirdi. Nəyə görə? Elə-belə. Heç nə üstündə deyişmişdilər, sözləri çəp gəlmişdi.

Gəray ona demişdi: “Mən sənin kimisinin üzünə tüpürməyə də tənəzzül etmərəm!"

Gərayın bu sözünü Davud dəftərinə eynilə yazmışdı və hər yerdə yana-yana təkrar edirdi:

– Mənə belə söz deyən hərifin cilovunu çəkməsəniz, böyük yerlərə müraciət edəcəyəm, yoldaş filankəs.

Ərizəyə baxandan, eyni tərəfləri təxminən öyrənəndən sonra mən məhkəmə iclasını açdım və hərifləri dindirdim.

Gəray səbir və təmkinlə danışdı və izah etdi ki, aramızda olan deyişmə zamanı mən heç bir artıq, nalayiq söz deməmişəm və yoldaşı təhqir etməmişəm. Ərizə yazan yoldaş sübut eləsin ki, doğrudan da aralıqda təhqir olub.

Hərif kənardan replika verdi:

– Olub!

– Hörmətli hakimlər, mənim aləmimdə heç bir təhqir sözü olmayıb. Davud belə bir faktı bilirsə, təkrar eləsin.

Davud dərhal dəftərini açıb əzbərlədiyi cümləni oxudu:

– Mən sənin kimisinin üzünə tüpürməyə də tənəzzül etmərəm! Bu təhqirdir, ya yox?

Gəray Davudu buradanca tutdu:

– Təhqir harasındadır sözün?

– “Üzünə tüpürmək" nə deməkdir?

– Tüpürmək məsələsini sən deyirsən, mən deməmişəm.

– Necə deməmisən?

– Sən Azərbaycan dilini yaxşı bilmirsən.

– Çox yaxşı bilirəm, çox yaxşı da başa düşmüşəm.

– Tənəzzül etmək nə deməkdir?

– Tənəzzül etmək alçalmaq deməkdir.

– Mən əgər sizin üzünüzə tüpürmək dərəcəsinə alçalmaq istəmirəmsə, buna siz niyə etiraz edirsiniz?

– Üzümə tüpürmək nədir?

– A kişi, tüpürmürəm ey, tüpürmürəm!

– Bəs nə üçün belə deyirsən?

– Yoldaşımın şərəfini qoruyuram. Bunu başa düşmək lazımdır, yoldaş! Tənəzzül etsəydim təhqir sayılardı. Mən ki o dərəcəyə enməmişəm.

Gəray üzünü məhkəmə heyətinə tutub, diqqət cəlb elədi:

– Burada təhqir yoxdur, mühakiməlik də iş yoxdur. Davud yoldaşa məsləhət görmək lazımdır ki, dili yaxşı öyrənsin, qanunlara da ehtiramla yanaşsın!

Davudun deməyə cavabı yox idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets