Dinlə sözlərini bu pərişanın;Xalqından ayrılma ey gözüm, canım.Vəzifə şöhrəti köçəri quşdur,Gördük son gününü sultanın, xanın.

Bu dünyagörmüşü dinlə ey cavan:Xalqınla nəfəs al, xalqa arxalan.Vəzifə ilməyi taxılan boyun,Hər an o ilməkdə boğulur inan.

Qonşuda ac varsa bunu unutma,Sən pulu onlardan gəl, əziz tutma.Səxavət insanın yaraşığıdır,Yoxsula pul versən əlini qıtma.

Pulu əzizləyib, yığma üst-üstə,Bu həvəs, bil, səni eyləyər xəstə.Varislər o pulu “gül dəstə” kimiGəlib qoymayacaq qəbrinin üstə.

İbadət eyləmə ey oğul, pula,Bu ibadət səni çəkir pis yola.Yükünü yüngül et, demiş NizamiTa ki, getdiyin yol əzabsız ola.

Qafil, vəzifənə gəl, az arxalan,Stolun başına bəsdir, az dolan.İllərlə yığdığın haram sərvətiBir gündə itirə bilərsən inan.

Özünü özündən qoru ey cavan,Sənin öz içində yaşayır düşman.Cilovla içində düşmən tamahıOnun ölümünə özün ver fərman.

“Bal tutan barmağın yalar”, bəs nədən,Balı bütün yedin, ey tamahkar, sən?Toxluq eyləmisən, indi başınıQaldıra bilmirsən xəcalətindən.

Sən ibadət eylə öz sənətinə,O, səni düşməyə qoymaz çətinə.Əlin işdən, gücdən soyuyan zaman,Qoymaz səni özgə mərhəmətinə.

Sən niyə xalqından belə uzaqsan?Yenə də bu xalqa qayıdacaqsan.Mənzili gödəkdir vəzifələrin,Nə olar bir dönüb, dövrənə baxsan?

Dinləyin sözünü mərd qocalanın,Minlərlə dərdlinin, dərdin alanın.Dinləyin sözünü, dövran özünüİndi bir dərmansız dərdə salanın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland