İyirmi altıncı fəsil
Page 2 of 5 · 20%
– Bəli, Miyanda Hikmət İsfahaninin anbarlarında 50 ton hazırdır.
Səfirin yanından çıxdıqdan sonra o, kabinəsinin qabağında Əli əmniyyəbaşını dizlərinə dirsəklənərək, başını qolları arasına alıb fikirləşən gördü. O saat qaşqabağını salladı, qaşlarını gözünün üstünə endirdi. Əli əmniyyəbaşı onu görən kimi qalxıb özünü düzəltdi, salam verdi. Fon Valter onun salamını almayıb, içəri girdi. Əli əmniyyəbaşı istədi çıxıb getsin, baş götürüb ayağı getdikcə qaçsın. Lakin hara? İran körfəzindən Xəzərə qədər fon Valterin hökmü keçirdi. Onu tapıb öldürəcək, mülkünü də müsadirə edəcəkdir. Bəsrəyə, oradan da Behrəyn cəzirələrinə qaçmaq fikrindən keçdi. Xəlvətcə ev-eşiyi satıb, uşaqlarını yığıb birbaş oraya köçmək lazım idi. Lakin orada da rahat bir iş tapacaqdırmı? İngilislərin əlindən qurtara biləcəkdimi? Var-yoxunu yeyib, ac-yalavac geri döndükdə isə bir daha qiyamətə qədər özünü dikəldə bilməyəcəkdi. Yox, fon Valterin sözünə əməl etməkdən başqa çarə yox idi.
Fon Valter onu içəri çağırdıqda oturmaq da təklif etmədi. Durub başını tez-tez tumarlayaraq gəzindi və gəlib gözlərini Əli əmniyyəbaşının gözlərinə dikdi.
– Xainsiniz, xain!..
Əli əmniyyəbaşı, naçar başını aşağı dikdi. Fon Valter:
– Hə, şahsevənin içinə qaçmaq istəyirsən, bəlkə, fikrin Talış dağlarından o tərəfə keçməkdir. İndi də bolşeviklərə qulluq etmək istəyirsən?
Əli Qəmərbanunun evindəki söhbətdən fon Valterin kamilən xəbərdar olduğunu duydu və əsl mətləbdən yayınmağa çalışdı.
– Cənab fon Valter, mən hara, bolşeviklər hara... Mən onların qanını içərəm...
Fon Valter, ümumən, belə adamları və xüsusən Əli əmniyyəbaşını yaxşı tanıdığı üçün, boş danışıqlara uzun vaxt sərf etmək fikrində deyildi, stolunun siyirməsini çəkdi, bir parça kağızı havada yellədi:
– Sən bizimlə əməkdaşlıq etməyə qol vermisən.
Əli əmniyyəbaşı altdan-altdan kağıza baxdı və titrədi:
– Vermişəm, qolumda da varam.
– Odur ha, elə onu yadına salmaq istəyirəm. Get və yadında saxla ki, belə işdə cəsarət lazımdır, ölərsən, mülkün, ailən, evin qalar. Ölməzsən, qoşunlarımız Qafqazı tutanda Bakı nəzmiyyəsini sənə tapşıracağam.
Əli əmniyyəbaşı çıxdı. Fon Valter yeni hərbi məlumatı oxudu və bir az şişərək dərisinə sığmadı. “Rədd olsun şübhələr, – dedi, – Almaniya dünyanın ağası olacaqdır...”
Ulduzlu və parlaq cənub gecəsi Tehranın üstünə qanad gərmişdi. Gündüz adamlarla qaynayan küçələrdə orta əsr Şərqini andıran əsrarəngiz bir sükut hakim idi. Dükanın qapısını bağlayaraq oradaca səkinin üstündə yer salıb yatmış xırda alverçilər və pinəçilərin xorultusu, üzünü şimala və cənuba tutaraq yola çıxan dəvə karvanlarının ahəngdar zınqırov səslərinə qarışırdı. Şərqin qədim adətinə görə, gecələr yol gedib, gündüzlər dincələn dəvə karvanları müasir çeşidli ingilis, amerikan, alman mallarını daşısalar da, min il bundan qabaqkı ahəng, ritm və səliqəsini saxlayır, “Ford”, “Şevralye”, “Kraysler” və başqa maşınların hərəkət etdiyi asfaltlı yollardan sallana-sallana keçib gedirdilər. Yalnız təsadüfən rast gələn bir maşının parlaq işıqları onların gözünü qamaşdırır, nizamını pozurdu. Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tutur, bir qarışıqlıq əmələ gəlirdi. Sarban həyəcanla dəvələri haylayır, karvanbaşı, üstündə mürgülədiyi birinci dəvədən yerə sıçrayaraq, tələsik onun ovsarından tutub yola çəkir və maşının yanından keçirir. Bu qayda ilə yavaş-yavaş bütün dəvələr gəlib keçir və yol açılırdı. Yenə gecənin əsrarəngiz sakitliyi içərisində ahəngdar və nə isə bir məyusluq oyadan, qəlbə qüssə gətirən zınqırov səsləri eşidilməyə başlayırdı. Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi.
Cümə məscidinin böyük həyətində kim isə avazla ucadan Quran oxuyurdu. Bir müəzzinin avazını andıran bu səs gecə qaranlığında məscidin divarları dibinə qısılaraq yatmış dilənçilərin arasındakı xəstə və şikəstlərin zarıltı və naləsini yatıra bilmirdi. Lakin gecə keçib, göydə ulduzlar qalınlaşdıqca hər şey, hər şey susurdu. Sanki bütün şəhər, bütün Tehran sakit cənub gecəsinin qoynunda əbədi bir yuxuya gedirdi. Həkimülmülk belə bir gecədə maşına oturaraq, şəhəri dolanır və yarım saat sonra əlahəzrətlə olacaq görüşünün məzmununu düşünürdü. Fikirləri qayda ilə bir-birinin dalınca düzməyə, inandırıcı bir məntiq yaratmağa çalışırdı. Fikrin ilişdiyi, məntiqin pozulduğu, yerdə zehnini tamamən yormamaq üçün diqqətini şəhərin mənzərələrini seyr etməyə verirdi. Lakin adət etdiyi, hər gün gördüyü bu mənzərələr uzun müddət onu məşğul edə bilmirdi, ona son dərəcə adi və təbii görünürdü. Onlarda düşüncə və xəyalı məşğul edəcək heç şey tapmırdı. Nə uzaqlarda qırpınan parlaq ulduzlar, nə zülmət içərisində uzanıb gedən göylər, nə karvanın qaranlıqlara axan ahəngdar və qüssəli səsi onu əyləndirə bilmirdi. Bu gecə, çox ağır görünürdü. Bu gecəki görüşü özü xahiş etmişdi. Buna baxmayaraq, yenə qəlbində bir qorxu, bir vahimə vardı. Beynində bu görüşün heç baş tutmamasını arzu edən bir fikir də oyanırdı. Lakin artıq gec idi. Söz deyilmiş, vədə verilmişdi. İndi ancaq bircə yol qalırdı. Heç bir tərəddüdə, qorxuya və şübhəyə yol vermədən elani-hərb etmək, düşündüklərini əlahəzrətə xəbər vermək! Bu fikirlərlə maşını qaytarıb saraya gəldi. Yerində oturub “Səda” qəzetinə bir də nəzər saldı. Lazım olan sətirlərin və sözlərin altından göy karandaşla cızdı. Bu zaman əlahəzrətin onu gözlədiyini xəbər verdilər. O, saatına baxdı. Şah vaxtından on dəqiqə əvvəl onu çağırırdı. O, təcili qalxıb, Rza xanın yanına getdi. Hökmüdar onu həmişəkindən mehriban qarşıladı. Uzun müddət təzim vəziyyətində saxlamayıb, oturmasına tez icazə verdi. O, bütün bunları xeyir əlaməti düşünərək qəlbən sevindi, istədiklərini söyləmək üçün əlinə fürsət keçdiyini güman etdi. Rza xan yerindən tərpənmədən və sol üzündəki çapığı oynatmadan danışmağa başladı:
– Ağayi vəzir, – dedi, – bizim üçün çətin bir dövr başlayır. Sovetlər və ingilislər biz gözləyəndən tez hərəkətə keçmək fikrindədirlər. Bu bizim vəziyyətimizi ağırlaşdırsa da, geriyə yol yoxdur!
Şah acıqlı bir halda sıçrayıb ayağa qalxdı. Ona bir şey olduğunu zənn edərək Həkimülmülk də mexaniki olaraq yerindən qalxdı. Rza xan əlini masaya döyüb təkrar etdi:
– Geriyə yol yoxdur! Yol yoxdur! Ahhh... Bu hadisələr almanlar Moskvanı alana qədər uzansaydı!..
Həkimülmülk əlahəzrətin ağır bir yük altında əzilir kimi inlədiyini gördükdə kömək etmək istədi:
– Əlahəzrət, bəlkə, ingilislərlə danışmaq mümkün oldu. Bəlkə, məsələni biz istəyən vaxta qədər uzatmaq mümkün oldu.
Rza xan dəlicəsinə otaqda gəzindi. Məngənə arasında sıxılır kimi öz-özünə:
– Məsələ ingilislərdə olsaydı, bu əhvalatlar meydana çıxmazdı. Məni narahat edən ingilislərin İrana qoşun yeritməsi deyil, vəzir! İngilis gəlsə də, taxt-tac yerində qalacaqdır! Qayda qalacaq, qanun qalacaq, sən qalacaqsan, mən qalacağam. Amma rusların ayağı dəyən hər yerdən bir alov, bir od qalxacaq! Yanğın – bütün məmləkəti bürüyəcək bir yanğın əmələ gələcəkdir! Bu yanğının aparmadığı ərbab qalmayacaq, tacir qalmayacaq, mülk qalmayacaq, dövlət qalmayacaqdır. Dünən dardan asdığın Kərimxanlar dirilib qəbirdən çıxacaq və əllərinə qırmızı bayraq alıb küçələrə töküləcəklər. Yox-yox! Qan dizə çıxsa da dava lazımdır. Tac-taxtdan əl çəksəm də, dava lazımdır. Çünki bu gün basılsaq da, sabah, bir aydan, üç aydan sonra alman orduları Rusiyadan axıb gələndə geri qayıtmaq üçün qapılar üzümüzə açıq olacaqdır! Sənin fikrin necədir, vəzir?
Həkimülmülk baş əydi:
– Əlahəzrət kamilən səhih buyururlar.
Rza xan qayıdıb yerində oturdu və öz-özü ilə danışır kimi:
– Müttəfiqlərin təklifləri rədd olunmalıdır, – dedi, – bizim qəti qərarımız belədir! Artıq məmləkət hərbi vəziyyətdədir, daxildə, öz içimizdə bütün şurişçilər, bütün məxluq bir qılınca səcdə etməlidir. Ona səcdə etməyənlərin başı kəsilməlidir. Elədirmi, ağayi vəzir?
Həkimülmülk qalxıb təzim etdi və başında dolandırdığı xəbis fikrini boyan etmək üçün fürsət çatdığını anladı:
– Əlahəzrət kamilən səhih buyururlar – dedi və sərhəng Səfaidən aldığı məlumatı öz mülahizələrini də əlavə etməklə Rza xana bildirdi. Rza xan qəzəbli halda otaqda gəzindi. Həkimülmülk sözünü qurtarıb, baş əyərək susduqda gözaltı onun üzünə baxdı. Şahın sol üzündəki çapıq titrəyirdi. Hikmət İsfahani bu saat burada olsaydı, əlahəzrət yəqin öz əli ilə onu həlak edərdi.
– O qoca tülkünü bu gecə zindana salmaq lazımdır!.. Eşidirsənmi, vəzir! Bu gecə!..
– Bəçeşm, əlahəzrət!
– Yəqin hamısı bir dəstədir. Sui-qəsdçilər, qatillər dəstəsi!.. Yəqin sərtib Səlimi də onların içindədir. Bəlkə, elə təşkil edən o özüdür. Heç şübhəsizdir ki, o özüdür! Lakin onu Qəsri-Qacara basmamış yanıma çağırtdır, mən onunla bir də danışmaq istəyirəm. Bu adamın sözləri mənim ürəyimə dağ çəkmişdir. Buraya çağır!
– Bəçeşm, əlahəzrət!
Rza xan darıxmış və səbirsiz halda:
– İndi gedə bilərsən! – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.
On doqquzuncu fəsilTəpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:
İyirminci fəsilİkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
Poems by other poets
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Bayram axşamıYadımdadır çocuqluqdaƏziz bayram gecələri…
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,