Page 2 of 4 · 25%

Həyətin qapısı təzəcə açılırdı. O, ocaqları odlamağa başladı. Gözləri yuxulu və əzgin qadınlar həyətə toplaşırdılar. Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə, hey əsnəyir və danışırdı.

– Ay xala, səni çox ağır işə qoydular. Yoldaşın kimdir?..

Səriyyə tək olduğunu söylədikdə o söydü:

– İnsafsız köpək oğlu, bacarsa qanımızı da sorar. Səndən qabaq bu işi iki adam görürdü. Bəs hüququn nə qədərdir?

– Bilmirəm, ərbab heç bir söz demədi.

O, başını tovladı:

– Ay hay, ərbab nə deyəcək. Onunla olsa heç bir şahı da verməz. Bu gün danış, iyirmi tüməndən əksiyə razı olma. İki admın işini görürsən.

Söz bura çatanda bir neçə başqa qadın da gəlib çıxdı. Fatma Səriyyəyə dediklərini onlara danışıb:

– Görürsünüz, yazığa hüququn da bildirməyib!

– Firuzə elə yaxşı deyir, kargər özü danışmasa, onun haqqını verən olmayacaq.

Bu zaman göygözlü, xurmayı saçlı Firuzə də gəldi. O, qadınların hamısına salam verdi. Səriyyə xalaya döndü:

– Necəsən, xala?

– Necə olacaq, iki adamın işini görür, hüququn da bilmir.

Bu sözləri deyən Fatma idi. Səriyyə xala birinci gün onda gördüyü acıqlılığın heç də pis ürəkliyindən olmadığını anladı. Eyni zamanda bu söhbətlər ona qəribə göründü. Maaş davası çəkmək heç onun fikrinə də gəlmirdi. O, bir iş və yatmağa yer verdiyi üçün fikrində ərbaba min dua oxuyurdu.

– Eybi yoxdur, qızım, nə verər, öz insafına görə... Məni ki işə düzəldib, evi abad olsun.

Fatma onun sözünü kəsdi:

– Dədəsinin xeyrinə düzəltməyib ki, sənin-mənim qanımı sormasa Göhər xanıma gündə bir boyunbağı almaz.

– Elə demə, ay qız, ərbabın qulağına çatar, yaxşı olmaz.

– Nə deyirəm ki, yaxşı olmaya... Haqq söz niyə pis olur? Mən deyirəm ki, bizə də adam kimi baxsınlar.

O, arvadların tənəli baxışları altında tək qaldığını hiss edib, Firuzəyə döndü:

– Belə deyil, ay qız, Firuzə? Niyə ağzına su almısan, mənə qandırdıqlarının yüzdən birini də bunlara qandır.

Firuzə güldü:

– Daha acıqlanmaq niyə? Bir az yavaş danışsan olmaz? Onlar səndən də, məndən də yaxşı qanırlar. Dayan bir, qoy bir az yerlərini möhkəmlətsinlər, onda görərsən.

Fatmanın, Göhərin adını pisliyə çəkməsi Səriyyənin xoşuna gəlmədiyi kimi, görünür, bəzi başqa arvadların da ürəyindən deyildi. Bunu hiss edən Firuzə söhbəti bir az yumşaltdı və yenə Səriyyəyə təəccüblü görünən səmtə saldı:

– İranda kargərin dərdinə ağlayan kimdir? Hansı ərbabın kefi nə qədər istəyir, o qədər hüquq verir. Gün batandan gün çıxana kimi işlədir. Bizim halımız onlardan da pis... Onlar görən işi biz də görürük, amma hüququmuz iki dəfə azdır.

– Elə mən də onu deyirəm də, intihası sənin kimi yarpağa bükə bilmirəm. Amma ət elə haman ətdir.

– Yox, yarpağa bükmək niyə... həqiqət belədir. Günah da bizim özümüzdədir. Nə qədər oturub səsimizi çıxarmırıq, o qədər bizə baxan olmayacaq. Ağlamayan uşağa süd verməzlər.

Sex müdirinin gəlməsilə söhbət kəsildi. O, üzünü Firuzəyə tutdu:

– Ay qız, yenə dilini dinc qoymursan, vallah bir gün ya səni çölə atacaqlar, ya sən fabriki bağlayıb, bu yazıqların çörəyini kəsəcəksən.

Sonra arvadlara döndü:

– Yeriyin, yeriyin işə, bu boş sözlərdən nə qarnınıza çörək, nə əyninizə paltar çıxmayacaq.

Arvadlar dağılışdılar. Baramaları qaynayan qazanlara tökməyə başladılar. Getdikcə buğ və hərarət içində ağır zəhmətlə dolu bir gün başladı. Səriyyə xala, səhərki danışıqların təsiri altında neçə dəfə istədi ki, sex müdirinə yaxınlaşıb maaşını soruşsun, lakin cəsarət etməyib, süpürgə və vedrəsini götürdü, qazanların ətrafını dolanmağa, həyəti silib təmizləməyə başladı.


Səriyyə xala ömründə vaxtını saatla ölçməyə adət etməmişdi. Onlar günün batıb-çıxması və havanın rəngi ilə yatıb-durar, işlərdilər. Hər işin də öz zamanı vardı. Birini gün çıxmamış, birini gün iki adam boyu qalxanda, o birini günorta yerinə gələndə, üçüncüsünü ikindi çağı, dördüncüsünü gün batanda görərdilər. Lakin fabrikdə onun qulağına tez-tez saat 8, saat 12, saat 7 sözləri dəyirdi. Ərbabla fəhlə qadınlar arasında bu saat üstündə çox söhbət gedirdi. Nəinki saat, hətta dəqiqə sözü də ortalığa çıxmışdı. Bu gün bir qadını işə on dəqiqə gecikdiyi üçün fabrikdən də qovmuşdular. Arvad ağlayıb ərbabın yanına getdi.

– Ağa, başına dönüm, səndən də ayıb olmasın, südəmər uşağım var, kefsizləyib, gecikdirən o oldu.

Ərbab bu sözlərə qulaq asmadı:

– Hərəniz gündə o dəqiqə yubansa, yüz adamdır, elər min dəqiqə. Saata vuranda on altı saat, işə çevirəndə bir gün yarım. Mən ki gündə üç adama havayı pul verə bilmərəm.

Bundan sonra Səriyyə xala saat və dəqiqədən baş açmasa da, daha tezdən durmağa və daha gec yatmağa başladı. Lakin fabrikdə saat söhbəti kəsilmədi. İşdən çıxarılan arvad özünün körpə uşağı və naxoş ərinin də acından öləcəyini söyləyib ağladı, fabrikin həyətindən çıxmadı. Onun bu halı bütün fəhlə qadınlara təsir etdi. Lakin Səriyyənin gözlədiyi kimi, hamıdan əvvəl onun köməyinə gələn Firuzə və Fatma oldu. Günorta naharında arvadlar divarın dibində oturduğu zaman Firuzə kənara çəkilib, bir dəstəni başına yığmışdı.

– Bax, ərbabın qabağını almasaq, belə bir gün hamımız üçün var. Bəs rəvadırmı ki, elə bir-bir bizi götürüb çölə atsınlar? Acından ölək?..

İşdən çıxarılan arvad kövrəldi:

– Vallah, evdə bir şey də yoxdur ki, satıb iki gün dolana bilək. Dava başlanandan bəri bazarda da qiymətlər hər gün artır. Mənə bir kömək eləyin, gedin ərbaba yalvarın, bəlkə, ürəyinə rəhm düşə.

Fatma onun sözünü kəsdi:

– Elə bu vaxta qədər yalvarmışıq ki, bu günə qalmışıq.

Kim isə:

– Bəs nə edək, – dedi, – ərbabla dava ki, edə bilmərik.

Firuzə, bunu gözləyirmiş kimi:

– Niyə o bizimlə dava edə bilər, biz bilmərik? – dedi. – Gəlin hamılıqca gedək duraq üzünə ki, yoldaşımızı qaytar yerinə, yoxsa, biz də işləmirik.

Arvadlar bir-birinə dəydi:

– Deyər buyurun, o siz, o da qapı, xoş gəldiniz.

– Deyə bilməz, onda gərək karxananı bağlaya...

– Niyə bağlayır, sən çıxarsan, yerinə küçədən yüzünü tapar.

Firuzə yenə qabağa çıxdı:

– Biz əl-ələ versək, sözü bir eləsək, ərbab ona cəsarət etməz.

Fatma:

– Bircə dalımca gəlin, – deyib qabağa düşdü, gəlin görək yer üzündə bir insaf-mürüvət deyilən şey var, ya yoxdur...

Onlar ərbabın yanına getdilər. O, kontorda, ipək toplarının qabağında oturub, nə isə şotkaya çəkir, fikirləşib hesablayırdı. Qadınları görən kimi şotkanı bir kənara atdı:

–Hə, nə var?

Arvadlar Fatmanı irəli verdilər:

– Yeri de.

O, qabağa yeridi:

– Ərbab, sözümüz budur ki, bu arvada yazığın gəlsin. Keç günahından:

Ərbab domba gözlərilə qadınları süzdü və xeyli düşünüb cavab verdi:

– Günahından keçərəm, bir şərtlə.

Arvadlar arasında bir yüngüllük əmələ gəldi:

– Keçər, ağa rəhmdildir.

– Ağanın şərti nədir?

– Şərtim odur ki, sabahdan on saat yerinə 12 saat işləyəcəksiniz.

– Hüququmuz artacaqmı?

– Xeyr, artmayacaq. Budur, səhərdən şotkanı qoymuşam qabağıma, ha oyana çevirirəm, ha bu yana çevirirəm, mədaxillə məxaric bir çıxmır.

Qadınlar Firuzəyə baxdılar. Onların bu baxışında sanki “yaxşı qazandıq, sağ ol” deyən bir tənə vardı. Firuzə qadınların içindən:

– Ağa, – dedi, – bəs bəşər də gündə on iki saat belə işə dözə bilərmi? On saat işləməklə çoxumuz mərəz tapmışıq. On iki saat işləmək olmaz.

Ərbab ayağa durdu:

– Onda gərək karxananı bağlayam, hamınızı tökəm eşiyə. Görürsünüz ki, davadır, karxana saxlamaq çətindir.

– Niyə çətin olur, ağa, davanın sizə xeyri olub, malın qiyməti qalxıb, hüququmuz elə haman hüquqdur.

Ərbab acıqlandı.

– Kimdir orda mənə iqtisad dərsi deyən? Mən çox bilirəm, bacım, ya sən?.. Deyirəm ki, on iki saat işləməsəniz, hamınızı tökəcəyəm eşiyə. Dağılışın, sabahdan səhər saat səkkizdə gəlib axşam saat səkkiz yarımda gedəcəksiniz, yarım saat da nahar hesabına.

Arvadlar dağılaşırkən hərəsi bir söz danışırdı:

– Əcəb xeyir elədik? Allah zərərindən saxlasın.

– Hanı o ərbabın üzünə duran xanımlar?

– Əl-ələ verəndə də belə olar, ərbab sıxar, canın çıxar.

Firuzə bu danışıqları kəsdi:

– Arvadı ki, karxanaya qaytardıq. Bu da böyük işdir. Əl-ələ versək, iş gününü də uzatmağa qoymarıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets