İyirmi beşinci fəsil
Page 4 of 4 · 75%
– İstəsən olar!
Bütün qəlbinə, bütün daxili aləminə yeni bir işıq salmış bu etiqad onda nəinki Qəmərbanuya, hətta taleyin özünə qarşı üsyan etmək qüvvəsini oyatmışdı. Bir zaman anlaya bilmədiyi Fridunun sözləri indi qəribə bir aydınlıqla qulağında səslənirdi. Fridun ona deyirdi: “Bizim bədbəxtliyimizin bir səbəbi də bəzilərimizdə olan ruhi zəiflikdir; halbuki insan arzusuna çatmaq üçün vuruşmalıdır, şir kimi vuruşmalıdır!..”
Bəs Gülnaz nə etmişdi? O, taleyin əlində aciz bir oyuncaq olmuşdu, həyatın fırtınaları cansız bir şey kimi onu bu daşdan o daşa çırpmışdı. Yox, görünür, acizlərə həyat yoxdur!
Bu fikirlər onun başında Qəmərbanunun evindən çıxıb qaçmaq qərarına qədər inkişaf etdi. Əvvəllərdə iradəsini sarsıdan küçələrdə qalmaq qorxusu da indi öz kəsərini itirmişdi. Küçə də bu cəhənnəmdən yaxşıdır! Bir də ki Xavər vardı. O demişdi: “Gəl, bir yerdə qalarıq!”. Bəs Qəmərbanu, ona olan borc?.. Cəhənnəmə olsun Qəmərbanu da, borc da! Qaçmaq lazımdır!..
Qızın fikirli hərəkətlərində qəti və kəskinlik olmağa başladığını sezən Qəmərbanu ona qarşı rəftarını daha da sərtləşdirmişdi. Onu bir saat da işsiz buraxmırdı, hətta odun yarmaq kimi ağır nökər işlərini də ona tapşırırdı. Bununla kifayətlənməyib, bütün evdəkiləri Gülnazın üstünə qaldırmışdı.
– “Görürsünüzmü, kəndçi qızının iddiası nə boydadır!” – deyə əlinin altında olan xanımların Gülnaza qarşı nifrətini qızışdırmışdı. Bu nifrətin səbəbi isə pis bir paxıllıq idi. Gülnaz namusunu qoruyaraq alçalmadığı üçün o biri xanımların onu görməyə gözü yox idi. Beləliklə də, arası kəsilməz təhqiranə və kobud rəftar, tənəli və soyuq baxışlar, tamamilə tənha və ağır həyat Gülnazı tezliklə qəti qərar çıxartmağa məcbur etmişdi. Qaçmaq! Lakin Qəmərbanu da öz qurbanını asanlıqla əlindən vermək fikrində deyildi. Gülnazı sındırıb əzmək, onun üçün artıq maddi faydadan çox, canlının canlı üzərindəki üstünlüyünü sübut etmək məsələsinə çevrilmişdi. Odur ki, mübarizə daha artıq bir ehtirasla davam edirdi. Qəmərbanu qızı bir an gözdən qoymurdu. Buna baxmayaraq, Gülnaz bir axşam fürsət tapıb bir daha qayıtmamaq məqsədilə həyətdən çıxmışdı. Lakin dar döngələrdən, uzun dalanlardan keçərək, Xavərin qapısını döydüyü yerdə Qəmərbanu özünü onun üstünə atmışdı. Onu faytona basaraq evə gətirmişdilər. O vaxtdan Gülnazı bir an gözdən buraxmır, bir dəqiqə də onu göz açmağa qoymadan işlədir, işlədirdi. Çox zaman qaş qaralanda, yorğun, əzgin, zirzəmiyə endiyi yerdə qaytarır, hətta bəzən yenicə gözünü yuman kimi dümsükləyib, şirin yuxudan qaldıraraq, ağır işlər tapşırırdı. İndi də onun səsini eşidən Gülnaz bu adi işgəncələrin davam etdiyini düşündü və cavab vermədi, yerindən tərpənmədi. Lakin Qəmərbanunun adətən olduğu kimi söyə-söyə çağırmadığını gördükdə təəccüb etdi və qalxıb yavaş-yavaş həyətə çıxdı.
Səriyyə həyətin ortasında eyvandan düşən işıqların altında durub gözləyirdi. Birdən Gülnaz gözünə dəydi, nədənsə yerindən tərpənməyə ayaqları gəlmədi. Gülnaz özünü onun üstünə atdı.
Qız onu öpə-öpə danışmağa macal vermədən aşağı zirzəmiyə apardı. Yalnız burada:
– Ana!.. Ana!.. Ah, əziz ana!.. – deyə səsləndi.
Məzardan çıxmış bir ölünü xatırladan Səriyyə xala Gülnazı bağrına basdı və ağladı: “Qızım, balam, Gülnazım...” Başını anasının sinəsinə sıxaraq, Gülnaz da ağlayırdı.
– Ana, bəs mənim atam hanı, bəs mənim Ayazım hanı, Niyazım hanı?.. Bu zalım fələk onların başına nə gətirdi, ana?
Səriyyə xala ağladı:
– Niyazı aclıq əlimdən aldı, bala. Ayazımı bu cəhənnəm, bu şəhər yedi, qızım! Şəhər Ayazımı dərya kimi uddu. Axtardım, tapılmadı, soruşdum, soraq verən olmadı, Gülnazım!..
– Ana, ana, yazıq ana! Daşa dönəydim, bu gününü görməyəydim, ana! Bu nə müsibətdir bizim başımıza gəldi? Bəs Allahda heç ədalət yoxdurmu, ana? Bəs, bir yazığa da bu qədər cəfa verərlərmi? Axı, biz nə etmişik, nə günah işləmişik, ana?.. Bəs onun ədaləti hanı?
Səriyyə xala onu bir də itirməkdən qorxurmuş kimi yenə qucaqlayıb başını oxşadı:
– Nə bilim, bala, nə bilim! Qapımızı bağlayanın qapısı bağlansın, yurdumuza od vuranın yurduna od düşsün!
Onlar yanıqlı bir ağı deyər kimi söyləşirdilər. Səsləri ucsuz-bucaqsız səhralara yayılıb gedən kədər dolu bir mahnını andırırdı.
Qeyri-adi bir titrəyişdən ananın səsi kəsilidi. Arvad yarpaq kimi əsib saraldı. Gülnaz onun uçulmaqda olan divara bənzər bədənini daha bərk qucaqladı. Onlar qəlblərini didib-dağıdan nəhayətsiz qüssə və kədərdən başqa heç şey duymurdular.
Ananın vücudu ölümlə həyat arasında gedən şiddətli mübarizədən titrəsə də hələ müqavimət göstərir, yıxılmırdı. O, zarıyaraq Gülnazı qucaqladığı halda gözlərini yumdu. Lakin bu bihuşluq dövrü uzun sürmədi. Azca sonra gözlərini açıb alnını ovuşduran Gülnazın əlindən tutdu. Gülnaz onun quru sümükdən ibarət olan vücudunu qolları arasına aldı. Bu qayda ilə nə qədər oturduğunu bilmədi.
Onun qolları arasında Səriyyəni huş apardı.
Səriyyə xala bir daha fabrik həyətinə qayıtmadı. Gülnaz yaşayan zirzəmidə qanlı öskürək bir saat da ondan əl çəkmədi, qızdırma və hərarət içində yatıb qaldı. Onun bu halını görən Gülnaz artıq həyatın əzab və işgəncələrindən sərtləşmiş bir səslə:
– Ah, ana, dünya nə pis dünyadır, yaxşı adamlara bir zindan olub. Əlsiz-ayaqsızları dəyirman daşı kimi əzən bu yerdən hara qaçaq, ana? Ölmürük də ki, canımız qurtarsın. Bu it gününü bir də görməyək!
Gülnazın bu sözləri Səriyyə xalanın ürəyini parçaladı. Doğub böyütdüyü qızına xoş bir gün verə bilmədiyi üçün özünü günahkar hiss etdi. Axı o, ana idi, böyük idi, uşaqları gözlərini onun əlinə dikmiş, ümidlərini ona bağlamışdılar. O, hara getmişdisə dalınca düşüb gəlmişdilər. O isə onları sürüyüb bu cəhənnəmə salmış, öz əli ilə öz balalarını bu odun içinə atmışdı. İndi ona bir tikə çörək, sakit bir həyat vermək üçün Səriyyə xala nəyə razı olmazdı? Yox, qalxmaq lazım idi. Ömrünün son günlərini də olsa, qızının səadəti üçün şam kimi əritməli idi.
O, zirzəminin kərpic döşəməsinə dirsəklənərək qalxmaq istədi:
– Gedim, mən də bir iş tapım, səni burdan qurtarım, qızım... İndi nə vaxtdır, gün çıxıbmı?
Gülnaz onun ağır halını görüb başını yastığa qoydu.
– Gün təzəcə batıb, ana, axşamdır...
– Nə vaxt çıxıb-batıb heç bilməmişəm. Görünür, çox yatmışam...
Gülnaz:
– Ana can, bir az dincəl, gedim, bəlkə, sənə, bir şam düzəltdim, – deyib onu boğan hıçqırıqları zorla saxlayaraq çölə çıxdı. Səriyyə xala dalınca:
– Lazım deyil, qızım, mən heç şey yeməyəcəyəm, – Dedisə də səsi Gülnaza çatmadı. Çünki bu səsdə artıq heç bir qüvvət qalmamışdı. Bu səs, doğrudan da, meyitə oxşayan, hərarəti soyumaqda olan bir bədəndən çıxartdı.
Gülnaz tez qayıda bilmədi. Qəmərbanu ona qabları yudurdaraq, gələn qonaqlara xidmət etməyi tapşırdı. Qızın fikri anasının yanında olduğunu gördükdə özü ona göz qoymağa başladı:
– Ay qız, ey – deyib hədələdi, – işdən yaxşı yapış, biyar-zad işləmirsən ki, gündə sənə qarın dolusu çörək verirəm, başdansovdu eləyib hirsimi başıma yığdırma...
Bütün bu sözlərə Gülnazın heç bir cavab verməməsini onun ruhən sarsıldığı ilə izah edərək, zahirən özünü daha acıqlı göstərirdi. Çünki bu yolla onu istədiyinə razı salacağını, alverini etdiyi xanımlarının cərgəsinə daxil edəcəyini düşünürdü.
Gülnazın anasının gəlməsi onun bu fikrini daha da möhkəmlətmişdi. Elə bu fikrin təsiri ilə də o, Səriyyə xalanın qolundan tutub küçəyə atmamışdı. Onun fikrincə, bundan sonra qız anasını yaşatmaq xatirəsinə hər şeyə razı olacaqdı. Yalnız gecəyarısından xeyli keçmiş artıq “qonaqlar”ın ayağı kəsildiyi zaman o, Gülnazı yanına çağırdı, bir boşqaba yığdığı qablardan qalmış düyü artığını ona göstərdi:
– Götür apar, qoy anan yesin...
Gülnaz aşağı endikdə anasını sayıqlayan gördü. Əvvəlcə onun yuxuda danışdığını güman etdi. Lakin yaxınlaşıb çiyinlərindən tutduqda od içində yandığını, bihuşluq aləmində sayıqladığını anladı. Boşqabı bir kənara atıb, yanında oturdu, başını dizinə aldı:
– Ana can, ana can! – deyib alnından, sönük dodaqlarından öpdü. Onu oxşadı. Ana ayılan kimi oldu. Əllərini gəzdirib, qızının üzünü axtardı:
– Əyil, Gülnaz, əyil bir ala gözlərindən öpüm. Əyil, qızım!..
Gülnaz əyilib, başını ananın köksünə qoydu və ağladı:
– Ana, sənə nə oldu, ana?
Ana getdikcə zəifləyən bir səslə:
– Mən də gedirəm, qızım, – dedi, – mən də gedirəm. Allaha şükür olsun ki, heç olmasa axır günümdə səni gördüm. Səni Allah özü göndərdi ki, gözümü bağlayasan qızım!
Gülnaz, ananın həyat çırağını sönməkdən saxlamaq, ona nəfəs vermək istəyirdi. Onu gah bağrına basır, gah oxşayır, öpürdü. Gah da təskinedici sözlər söyləyirdi. Lakin heç şey artıq dayanmaqda olan bir qəlbi döyündürəcək qüvvəyə malik deyildi. Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi.
Səhərə yaxın dan yerinin ilk işıqları görünəndə ana son dəfə özündən getdi. Onun ölümlə həyat arasındakı bihuşluq dövrü uzun çəkmədi, həyatda gördüyü əzablar onu can vermək əzablarından qurtarmışdı.
Onun ölümü ilə sanki Gülnazı həyata bağlayan son tellər də qırılıb töküldü...
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Poems by other poets
Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.