İyirmi üçüncü fəsil
Page 2 of 5 · 20%
– Allahın qəzəbi tutub, insanların zülmünə dözə bilmir, dünyanı yandıracaq...
Doğrudan da, ona elə gəlirdi ki, bütün bunlar insanların pis əməllərinə qarşı bir xəbərdarlıqdır. Peyğəmbərlər, incil, tövrat və quran təsir etmədikdə haqq öz sözünü odların, alovların dili ilə yer üzünə çatdırır. Bu etiqada baxmayaraq, onsuz da hərarətdən yanan bədənini yağışdan qorumalı, başını şimşəkdən gözləməli idi. Niyazın əlindən tutub, özünü bazar yanındakı örtülü bir dalana saldı. Burada yağışın keçməsini gözləyənə və görkəmindən mötəbər adamlara oxşayan qadın və kişilərlə yanaşı Səriyyə kimi yurdsuzlar da vardı. Dalanın dibinə, divar dibinə qısılmışdılar. Qabaqda, dalanın ağzında təqribən Niyaz boyda, əynində döşü qırmızı güllü yun paltar, ayağında təzəcə tikilmiş sarı ayaqqabı olan bir uşağın əlindən tutmuş şlyapalı bir xanım durmuşdu. Uşaq anasının acıqlı baxışlarına və tez-tez qolunu dartmasına baxmayaraq, əlindəki topu yerə vurur, oynamaq istəyirdi. Səriyyə Niyazla birlikdə gəlib keçəndə arvad çimçəşər kimi özünü yığıb, azca divara tərəf çəkildi və yol verdi. Səriyyə dalda, üst-başının heç şeyə bulanmasından qorxmayan və heç şeydən iyrənməyən adamların içində durdu. Xanımın uşağı Niyazı gördükdə anasının əlindən çəkib, topunu Niyaza tərəf atdı:
– Gəl oynayaq.
Niyaz həvəslə, dığırlanan topa tərəf yüyürdü. Götürüb o biri uşağa atdı. Bu haldan acıqcasına narahat olan xanım uşağını çağırdı. “Olmaz!” dedi. Lakin uşaq bir də topunu Niyaza tərəf atdı, özü də qaçaraq yaxınlaşan yerdə ayağı bir-birinə dolaşdı və ağzı üstə yerə dəydi. Uşağın mehribanlığından ürəyi yumşalmış Səriyyə anası çatmamış əyilib, onu yerdən qaldırdı və “can, can!” deyib ovutmaq istədi. Lakin, elə bil, toxmaqla xanımın başına vurdular:
– Əl vurma, dilənçi!
Səriyyə tez uşağı yerə qoydu və çəkildi. Xanım onun qolundan tutub uzaqlaşdı və deyindi:
– Şəhərdə it əlindən tərpənmək olmur!
Bu sözün yanında, Səriyyə bütün çəkdiyi əzablar heç nə göründü. Üzünü arvada tutub:
– Elə demə, xanım!.. Fələk səni məndən də pis günə salar. Mənim də özümə görə bir güzəranım var idi. Bir tikə çörəyim var idi. Elə demə...
Dalanın dib tərəfində dayanmış adamlardan kim isə:
– Yox, onlar elə bilir ki, elə hamı heyvan yaranıb, adam yaranan bircə özləridir...
Qabaqdakı ağalardan biri acıqlandı:
– Yaxşı, səsinizi kəsin, qurbağa kimi quruldaşmayın.
Yağış dayanarkən onlar dalandan çıxdıqda Niyaz yenə zarımağa başladı:
– Ana, acam... Mənə çörək!
Səriyyə onu dilə tutmağa çalışdı:
– Bir az dayan, atanı taparıq, çörək alar, oğlum, bir az dayan!
Lakin Səriyyə danışdıqca Niyaz daha inad edirdi:
– Ana, çörək, acam.
Səriyyə ona qışqırdı:
– Bəsdir, çörəyi hardan çıxarım.
Uşaq ağladı:
– Ana, acam, mənə çörək!..
Səriyyə xala:
– Sən doğulan günə daş düşəydi, gəldin-gəlmədin qara gətirdin, – dedi, – ölmürsən də canım qurtara!
Anasından birinci dəfə belə sözlər eşidən, onun səsində bir yabançılıq duyan uşaq kövrəldi, ümidsiz bir səslə ağladı... Onun bu halı Səriyyənin fikrini özünə qaytardı, uşağı bağrına basdı:
– Ağlama, bala, gedək görək hardan bir tikə çörək taparıq.
Bazar arxının qırağında kiminsə bir vedrə boşaltdığını gördü. Bu yenicə soyulmuş qoyunun acı bağırsaqları idi. Səriyyə oğurluğa gedər kimi durub gözlədi, adam çəkildikdə acı bağırsaqları götürüb, arxın suyunda yudu, ətəyinin altına bükdü. Niyazın əlindən tutub, tələsik oradan çəkildi. Dükanların qapısından, örtülü dalanlardan xırdaca ağac yonuqları, kağız parçaları yığdı. Manqalda qızınan bir dükançıdan bir parça köz aldı, bazarın xəlvəti bir yerində acı bağırsağı nazik çubuğa çəkib bişirdi, Niyaza verdi:
– Ye, bala, ye ölmə...
Ətin iyinə özü də dura bilmədi. Günlərlə ac qalmış qarnına bir neçə tikə saldıqda sanki gözlərinə işıq, dizinə taqət gəldi. Gecə torpaqaltı mağarada Niyaz da, o da ağır bir yuxuya getdilər. Kənddə axır çərşənbələri bayrama hazırlaşdıqları günlər gəlib yuxusuna girdi. O, düyü asır, Gülnaz tavada kişmiş qovurur, Musa kişi çırt çubuğunu çəkərək, həmişəki kimi fikirli-fikirli oturub baxırdı. Uşaqlar da qırmızı yumurta ilə oynayırdılar...
Xoşbəxtlikdən səhər Niyaz yuxudan gec ayıldı. Buludlar çəkilmiş, ilıq bir günəş çıxaraq hər tərəfi işıqlatmışdı. Səriyyə bu cür yaşamaq mümkün olmayacağını, necə olsa bir iş tapmaq lazım gəldiyini düşündü düşündü. Bu fikirlə yenə şəhərin küçələrinə düşdü. Artıq Niyazın “Ana, acam, çörək” deyə zarıldamasına fikir vermir, qolundan tutub çəkir və iş tapmaq üçün bu qapıdan o qapıya, bu dükandan o dükana gedirdi. Onun dinmədiyini, heç bir söz demədiyini görən uşaq da sanki yorulub səsini kəsir və getdikcə aclıqdan daha az şikayət edirdi. Lakin bu hal Səriyyənin başına “bəlkə, uşaq öz içini yeyib öləcək” deyən qorxulu bir fikir saldı. Niyaz ona nə qədər əziyyət versə də, yenə övlad idi, onu da itirsə, Səriyyə bir dəqiqə də yaşaya bilməyəcəyini güman edirdi. O da ölsə, bu dünyada heç bir ümidi qalmırdı. Gülnaz və Ayazı itirdikdən sonra o, Niyazdan bərk-bərk tutaraq durmuşdu. Bir an uşağı gözündən kənara qoymurdu. Gecələr gözlərini bir saatlıq yuxu qapadıqda belə onu qolları arasına alıb yatırdı. Yuxuda əlini üstündən çəkmirdi. Lakin yeddi yaşı yenicə tamam olan uşaq da ayların aclığına, soyuq və əzabına davam gətirə bilmirdi. O, yavaş-yavaş şam kimi əriyir, arıqlayıb, çöpə dönürdü.
Dilənçiliklə dolanmaq mümkün deyildi. Qızdırma və dərdin əldən saldığı Səriyyə xala son qüvvəsini toplayıb, gündə bir qrana da olsa, iş axtarırdı. Nəhayət, hansı bir ərbabınsa yeni ipək karxanası açdığını öyrəndi. Soraqlaşa-soraqlaşa gəlib, karxananın yerləşdiyi, enli taxta qapısı olan bir həyətə girdi. Bura palçıqlı və zibilli olsa da, uzun və geniş bir həyət idi. Səriyyənin gözünə ilk dəyən, sağ tərəfdə eni iki-üç metr olan, həyətin bu başından o başına uzanmış çardaq oldu. Onun altında yüzdən artıq qadın işləyirdi. Onlar balaca taxta dəzgahların başında oturub, ayaqlarını və əllərini tərpədir, dəzgahları çaraq-çuruqla hərəkətə gətirirdilər. Həyətin aşağı başında, çardağın qurtaracağında açıq havada bir dəstə başqa qadın qollarını çırmamış, nə isə buğlanan böyük dəmir qazanlarla əlləşirdi. Qadınların hərəkət və işindən barama bişirdikləri anlaşılırdı. Bu arvadlar kimi bir işə əl çatdırmaq Səriyyə xalanın ən böyük arzusu idi. O, ayaqları əsə-əsə barama yuyan qadınlardan qarayanız bir qadına yaxınlaşdı:
– Ay bacı, ərbab haradadır?
Üz-gözündən tər süzülən və tövşəyə-tövşəyə nəfəs alan arvad, başını buğlanan qazanın üstündən qaldırmadan çımxırdı.
– Mənim cibimdə. Nə bilim hansı cəhənnəmdədir, get özündən soruş.
Səriyyə xala sual verdiyinə peşman oldu, bunu bir bədfal sayıb, yerində titrədi. Bu zaman Niyaz yenə zarımağa başladı:
– Ana, acam, çörək!..
Barama təmizləyən qadınların arasından xurmayısaçlı, göygözlü, dolğun bir qız başını qaldırdı:
– Niyə çımxırırsan, ay Fatma, səndən pul istəmir ki, söz soruşur, cavab ver, – dedi və Səriyyəyə döndü:
– Xala, ərbabın kontoru bax, həyətin o biri başındadır, düz get, sola dön...
Səriyyə təşəkkür etdi, lakin ikicə addım getməmiş haman qız dalınca gəlib, onu saxladı:
– Xala, iş istəyirsən, hə?
– Hə, bala, uşağıma bircə tikə çörək qazanım.
Qız yavaşca onun qulağına pıçıldadı:
– Ərbab razı olmasa, xanım Göhəri gör, o düzəldər. Ərbabın yanında kontorda işləyir, iri, qaragözlü, şümşad bədənli xanımdır, görən kimi tanıyarsan.
Səriyyə tanımadığı bu qızın xoş rəftarından mütəəsir oldu.
– Nə yaxşı adamsan, sən ay bala, adın nədir?
Qız gülümsədi, cavab vermək istədi, lakin acıqlı bir kişi ona mane oldu.
– Bazar açma, Firuzə, işində ol!..
Əlində qırmızı danəli təsbeh olan potuq və qara bığlı bir kişi gəlib, onların yanından keçdi, gözucu Səriyyəyə baxdı:
– Mane olma, arvad, çəkil get işinə!
Sex müdirini görən Firuzə tez yerinə qayıtdı. Səriyyə kontora tərəf gedərkən dönüb bir də ona baxdı. O artıq başını qazana əyib barama qarışdırırdı.
Səriyyə kontora gəldi, bura ortadan sarı ipək pərdə ilə ikiyə ayrılmış uzun bir otaq idi, qabaqdakı otağın divarları taxta ləmələrlə örtülmüş, ləmələrə sarı və göy rəngli ipək topları düzülmüşdü. Ləmələrin qabağında uzun stola oxşar, lakin ensiz bir taxtabənd qayırılmışdı. Uzunburun, pırtda gözlərinin bəbəyi sarı və boyu hündür bir adam əlində arşın, taxtabəndin dalında durmuşdu. Sarı rəngli ipək toplarından biri onun qabağında idi. O, ipəyi açaraq barmaqları arasında əzib, qarşısındakı adama göstərir və əsəbi-əsəbi danışırdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.
İyirmi birinci fəsilKərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Poems by other poets
Özün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Acı həqiqətlər qarşısında dadlı xatirələrÇox bağırdıq ki, nisanın da böyük xidməti var,Rolu var, qulluğu var, güclü əhəmiyyəti var.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,