Bax-bax
İblis əməlinə, ibnə sözünə,Ağlar gözə, aha, amana bax-bax.Min əngəl gətirən dünya üzünə,Elmə, inkişafa, zamana bax-bax.
İnsandımı sıxan, əzən insanı?Mənəm, mənəm deyib açan meydanı,Süpürüb udmağa küllü dünyanı,Ac gözlər etdiyi gümana bax-bax.
Şirin söhbətinən, gülər üzünən,Yaxşı yola getməz əyri düzünən,Düşmənə aldanan yalan sözünən,Cəlladdan mərhəmət umana bax-bax.
Talayıb, toplayan dövləti, malı,Qan tökən zalımın varmı kamalı,Nədir işə salan bu qeylü-qalı,Qiymət ver yaxşıya, yamana bax-bax.
Can qurbandı insan qədri bilənə,Yaramazı yer üzündən silənə,Son qoyacaq öldürənə, ölənə,Gözlərindən qanlar damana bax-bax.
Miskinli Vəliyəm söyləyim mətin,Xalqa ziyan vuran kəsər hörmətin,Yanqır yaramazın, o pis niyyətin,Başında qaranlıq dumana bax-bax.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-bax-bax
Use ← → keys to move, R for a random poem