Miskin Vəlinin Canbağça səfəri
Page 5 of 9 · 44%
Əhməd getmişdi, Vəli qəsdən ləngiyirdi ki, bəlkə, toy yerinə getməmiş Nazlı xanımı görə. Doğrudan da, niyyətin hara mənzilin də ora. Nazlı xanım da səhər lap erkən durmuşdu. Öz aləmində hamıdan tez qalxmışdı, həyətə düşdü. Vəli pəncərədən baxıb onu gördü, həm də gördü ki, ara xəlvətdi, fürsəti fövtə vermədi. Tez qızılgülü də götürüb bayıra çıxdı. Qızılgülü əlində elə tutmuşdu ki, elə bil ürəyini çıxarıb əlinə almışdı. Nazlı xanım hənirtiyə döndü. Sübhün toranında Nazlı xanım elə bil bədirlənmiş ay idi, çıxmışdı Vəlinin yolunun üstünə. Vəli dili tutar-tutmaz sabahın xeyir eləyəndən sonra qızılgülü göstərdi. Nazlı xanım da utandığından bənövşə kimi boynunu büküb yerə baxdı. Vəli dedi:
– Nazlı xanım, deyəsən, bu sizin qızılgüldü, düşmüşdü yola, mən tapıb götürdüm ki, özünüzə qaytarım.
Nazlı xanım qara gözlərini süzdürüb utancaq-utancaq cavab verdi:
– Hə, mənim qızılgülümdü, əgər tapmısansa, qoy sənin olsun!
Vəli qulaqlarına ininmadı, yəni doğrudanmı bu sözü deyən Nazlı xanım idi. Elə bir yeri, göyü ona bağışladılar. Orda Vəli ilə Nazlı xanım söz verdi, söz aldı, əhdi-peyman bağladılar. Nazlı xanım cibindən bir kisə qızıl çıxardı, uzatdı Vəliyə:
– Amma bir diləyim var, bunu götür, Aşıq Məhəmmədin acığına özünə bir yaxşı saz al.
Bu hal Vəliyə ağır təsir elədi, qızılı götürmədi, dedi:
– Həyati-mehribanım, qorxma, sənin xatirinə elə bir saz alaram ki, kürreyi-ərzdə misli tapılmaz.
Vəli bir mehri-məhəbbətlə öz sevgilisini başdan-ayağa süzdü. Nazlı xanımın gözəlliyi onun könlünü cuşə gətirdi, görək Nazlı xanıma nə dedi, Nazlı xanım nə eşitdi:
O büllur buxağın, qaymaq dodağın,
Yanağın dağların lalasıdırmı?!
Müjgan kipriklərin keçdi sinəmdən,
Gözlərin canımı alasıdırmı?
Qoynunda bəslənən o bir cüt narın,
Xəstəyə dərmanı təzə nübarın,
Yasəmən tellərin, hilal qaşların,
Cismimi kəməndə salasıdırmı?
Miskinli Vəliyəm qəlbi durulan,
Qarşısında şən məclislər qurulan,
Qüdrətdən hüsnünə ziynət vurulan,
Yar tovuz quşunun balasıdırmı?
Gəlib görən olar deyə Nazlı xanımla Vəli daha uzun danışmadılar, ayrılıb hərə öz işinə getdi.
Bəli, toy üç gün çəkdi. Üç ötdü, dördüncü gün Vəli ilə Əhməd yenidən qayıtdılar sürünün yanına. Bundan beş-on gün keçmişdi. Vəli ha istəyirdi Nazlı xanımla olan söhbəti gizlin saxlasın. Gördü yox, söz ürəyini deşir, deməsə, tablaya bilməz. Axır açıb necə vardısa Əhmədə danışdı. Əhmədlə çox götür-qoy elədilər ki, bəs, qızı necə elçiləsinlər, bir şey çıxmadı. Vəli dedi:
– Məşədi Həmid mənə qız verməz, o yekəlikdə bəyi, taciri qoyub qızını bir lüt çobanamı verəcək? Hələ üstəlik bilsə ki, qızı məni istəyir məni qovar, qızını da öldürər.
Əhməd üzəvari Vəliyə təskinlik vermək istəsə də, bilirdi ki, bu çətin sevdadır. Məşədi Həmid itə qız verər, ayağı patavalı çobana qız verməz. Bundan neçə gün keçdi. Günün birində Əhməd dedi:
– Vəli, vallah sənin ağlın yoxdu!
– Niyə ki!..
– Ağlın olsaydı Məşədi Həmidə çoban olmazdın.
– Necə bəyəm, onda sənin ağlın heç yoxdur, çünki sən məndən əvvəl məşədi Həmidə çoban durursan.
– Mənim ağlım var ki, çoban dururam, çünki çobanlıqdan savayı əlimdən ayrı bir iş gəlmir. Ancaq mən sənin yerinə olsam, gedib bir yaxşı saz alaram, aşıqlıq eləyib güzəran keçirərəm. Yoxsa gəlib quru qanqal kimi bu sürünün qırağını kəsdirmərəm.
Vəli elə bil yatmışdı, ayıldı. Fikirləşdi ki, ey dili-qafil Əhməd doğru deyir, qışın şaxtasında, yayın istisində, aranın küləyində, dağın çovğununda sürü dalınca yüyürməkdən bezar oldu. Aşıq Məhəmməddən onun nəyi əskikdi, camaat içində də hörməti-izzəti olar. Çomaq sürüməkdən əli qabar bağladı. Əhmədə dedi:
– Əhməd, sabah mən getdim.
Əhməd soruşdu:
– Hara?
– Hara nədi? Aşıqlıq eləməyə. Sən hara demisən ora!..
Səhəri gün tezdən Vəli çomağını qoltuğuna vurub birbaş gəldi Məşədi Həmidin yanına. Salam verdi, əleyk aldı. Məşədi Həmid soruşdu:
– Oğul, xeyir ola, bu nə gəlməkdi?
– Ağa Məşədi, xeyir olmamış nə olacaq, gəldim xəbər verəm ki, Əhməd tək qalıb, bir adam göndər ona yoldaş olsun.
– Yoldaş nədi, bəs, sən neynirsən? Çoban ola-ola nə yoldaş?
– Ağa Məşədi, mən bu günə qədər çoban idim, bu gündən oldum aşıq.
Məşədi Həmid qaldı mat-məəttəl, dedi, bəlkə, bunun başına hava gəlib, çöldə qurddan-quşdan qorxub. Vəli gördü Məşədi Həmid bir şey başa düşmədi, dedi:
– Ağa məşədi, Allah ömrünü uzun eləsin, indiyə kimi mənə yaxşılıqdan savayı özgə bir şey eləməmisən. Ancaq indi mən çobanlıq eləmək istəmirəm. Gedib bir saz alıb aşıqlıq eləyəcəyəm. Odur ki, gərək bir adam göndərəsən ki, Əhmədə həyan olsun.
Çox götür-qoydan sonra Məşədi Həmid fikirləşdi ki, yəqin Vəli bir həvəsdi düşüb, bir aya, beş aya peşiman olub qayıdar, dedi:
– Oğul, yaxşı, indiki iş belədi hara istəiyrsən get. Beş il sən mənə çobanlıq eləmisən, beş ay da mən sənə çobanlıq elərəm. Oğlumu göndərərəm həm sənin, həm də mənim qoynumu otarmaqda Əhmədə kömək elər.
Vəli dedi:
– Ağa Məşədi, mənim qoyunlarımı otarmaq lazım deyil.
– Necə bəyəm, özləri otdayacaq?
– Yox, mən öz qoyunlarımı bazara çıxarıb satacağam.
Məşədi Həmid gördü yox, Vəlinin höccətliyi tutub, dediyini eləyəcək, naçar qalıb dedi:
– Oğul, indi ki elədir, özün bilərsən.
Vəli oradan sürünün yanına qayıtdı. Öz qoyunlarını seçib bazara hayladı, hamısını satıb Şəmkirə gəldi. Xəlvəti Nazlı xanımla görüşdü, bütün hal-qəzyəni danışdı, halal-hümmət edib ondan ayrıldı. Əvvəl-əvvəl qərara gəldi ki, gedib bir saz alsın, özü də gərək elə bir saz ala ki, tayı-bərabəri olmaya, Nazlı xanımın ürəyincə ola.
Vəli çoban adam idi, nə bilirdi yaxşı sazı hardan almaq olar, kim qayırır. Fikr elədi ki, Aşıq Məhəmməddən yaxşısı yoxdu, gedib ondan soruşum. Yaxşı sazın yerini o bilər. Odur ki, birbaş Aşıq Məhəmmədin yanına gəldi. Görüşdülər, hal-əvhal tutdular. Aşıq Məhəmməd soruşdu:
– Qardaş, xeyir ola, nə əcəb bizi yad eləmisən?
Vəli nə ki var idi hamısını danışdı. Axırda da dedi ki, bəs, istəyir bir yaxşı saz alsın. İndi gəlib ki, öz dostundan usta yeri öyrənə.
Aşıq Məhəmməd barmağını dişlədi, düşündü ki, bu öz ayağı ilə gəlib çıxdı, fürsəti fövtə vermək olmaz. Deyir, itlə dostluq elə, amma çomağını əlindən qoyma. Aşıq Məhəmməd üzdə özünü Vəliyə dost kimi göstərsə də, içindəki içindəydi. Vəlidən hayıf almaq üçün girəvə axtarırdı. İndi gəlib düşmüşdü əlinə.
İndi sizə kimdən deyim, Canbağçada şair Cahandan. Şair Cahan iyirmi-iyirmi iki yaşlarında cavan bir qız idi. Gözəllikdə bunun tayı-bərabəri hələ yer üzünə gəlməmişdi. Görməyən deyirdi görüm, görən deyirdi qulu olum, qulu olan deyirdi qurbanı olum, yolunda ölüm. Bir gözəldi, bir gözəldi şah görsə, behiştindən keçərdi, ac görsə doyardı, xəstə görsə sağalardı. Şair Cahanın şairliyinə də daha söz yox idi. Şair Cahan əhd eləmişdi ki, kim onu bağlasa, ona da ərə gedəcək. İndiyə kimi onun məclisinə neçə aşıq gəlib getmişdi, kimisi gücünü sınamağa, kimisi də Cahanın gözəlliyini eşidib onunla evlənmək eşqilə. Amma kim gəlmişdisə kor-peşiman geri qayıtmışdı, üstəlik sazını qoyub getmişdi. Şair Cahanın səsi-sorağı aləmə yayılmışdı. İndiyə qədər iyirmi iki aşığı bağlayıb yola salmışdı.
Bəli, elə ki, Vəli Aşıq Məhəmməddən saz yeri soruşdu Aşıq Məhəmməd dedi:
– Canbağçada Cahan eşitmisənmi?
Vəli cavab verdi:
– Heç Canbağça eşitmişəm ki, Cahan da eşitdim!
Vəli dağda, düzdə qoyun otaran adam idi, nə bilirdi şair Cahan kimdi. Aşıq Məhəmməd yəqin etdi ki, Vəli şair Cahanı tanımır. Ürəyində dedi, indi mən bunu göndərərəm Canbağçaya, gedər şair Cahanın yanına, keçər cənginə, yoluq qaza dönüb qayıdar. Yenə üz tutdu Vəliyə:
Deyirlər, Canbağçada bir usta Cahan var, elə saz düzəldir ki, xotkara ərməğan göndər. Əgər yaxşı saz istəyirsən, get onun yanına. Ancaq bir az uzaqdı.
– Yəni haradı ki?
– Canbağça deyilən yer Gürcüstan elindədi.
– Canı sağ olmuş, mən də elə bildim Çində, Hindistanda zaddadı. Gürcüstan budu, qulağımızın dibindədi ki…
Vəli Aşıq Məhəmmədlə xudahafizləşdi. Ordan Miskinliyə, öz el-obasına qayıtdı. Qərara gəldi ki, uzağı bir aya, iki aya yola düşsün Canbaxçaya, gedib Nazlı xanıma layiq bir saz alıb gətirsin.
Sizə kimdən deyim şair Cavaddan. Şair Cavad Vəlinin uşaqlıq dostu idi, uşaqlığın şirin çağlarında günləri bir yerdə keçərdi. Sonradan qəza elə gətirdi ki, Cavadgil Qabaqtəpəyə köçdülər. İndi on üç – on dörd il olardı ki, bir-birini görmürdülər. Bu on üç – on dörd ildə hər ikisi çox dəyişmişdi, görsəydilər, bir-birini tanımazdılar. Düzdü, soraqlaşıb bir-birindən hal-əhval tuturdular. Amma taleyin gərdişindən görüşə bilmirdilər. Elə ki, Vəli Miskinliyə qayıtdı, Cavada xəbər çatdı ki, bəs, deməzsənmi Vəli çobanlığı atıb aşıqlıq həvəsinə düşüb. Şair Cavadı maraq götürdü. O, Vəlinin hərdən şeirdən – filandan yazdığını bilirdi. Amma birdən-birə çobanlığı atıb aşıqlıq həvəsinə düşməsini anlaya bilmirdi. Fikirləşdi ki, hər şeyin təzəsi, dostun köhnəsi. Getsin həm bir Vəli ilə görüşsün, həm də görsün bu nə sevdadı düşüb. Aşıq paltarını geyindi, sazını çiyninə salıb düşdü yolun ağına. Ta ki gəlib Miskinliyə çatdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
More by this author
Poems by other poets
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,