Xəstə Qasımın Dağıstan səfəri
Page 4 of 10 · 30%
Aşıq deyər avara,
Məcnun gəzər avara,
Uyma namərd felinə
Səni qoyar avara.
Xəstə Qasım, nə gəzirsən avara?
Ölüm yeydi bu günləri görüncə.
Hacı bir daha üzr istədi, bildirdi ki, Xəstə Qasımı tanımayıb. Onlara yaxşı hörmət göstərdi.
Gecəni yatıb sübh tezdən yola düşdülər Şeşpərin şəhərinə. Neçə gün yol gedib axır ki, şəhərə çatdılar. Xəstə Qasım fikirləşdi ki, onun hüzuruna getdiyi hamısı böyük adamlardı, gərək özünü bir yaxşı sifətə sala. Belə qərara gəldi ki, gedib bir yaxşı saz alsın, üzünü-başını qırxdırıb təmizlənsin, sonra müşseyidin hüzuruna varid olar. Oydu ki, Mirzəli xandan icazə alıb əvvəl-əvvəl bir sazbəndin yanına gəldi.
– Sazbənd əmi, salam.
Sazbənd gördü qapıda bir adam peyda oldu, ancaq ömründə bu geyimdə, bu şəkildə adam görməyib. Oturub əlində saz düzəldirdi. Altdan yuxarı tərs-tərs Xəstə Qasıma baxdı, dedi:
– Əleykimə-salam, əə, qoçu!
Xəstə Qasım sazbəndin nə demək istədiyini başa düşdü, amma özünü o yerə qoymadı.
– Mən qoçu deyiləm.
– Yaxşı, əleykimə-salam, əə, dərviş!
– Mən dərviş də deyiləm.
– Yaxşı, onda əleykimə-salam, əə, molla.
Xəstə Qasım gördü yox, bu göftügu uzun çəkəcək. Ona görə də kəsəsi dedi:
– Usta, tələsirəm, mənə yaxşı bir saz ver, hesabını de, çıxıb gedirəm.
Sazbənd güman elədi ki, yəqin, bu təhər-tövürdə adam ağıllıbaşlı adam olmaz, nə bilər sazın yaxşısı hansıdı, pisi hansıdı. Hayıf eləyib yaxşı sazı buna vermək olmaz. Yöndəmsiz bir saz götürüb verdi Xəstə Qasıma. Ustanın davranışından Xəstə Qasımın ağlı bir şeyi kəsmədi. Sazı alıb mizrabı simə bir vurdu, iki vurdu, gördü simlər çivisi çıxmış araba cırıltısı verir. Dedi:
– Usta, xahiş eləyirəm, mənə yaxşı bir saz ver, məni ləngitmə, getməliyəm.
Xəstə Qasım gördü, sazbənd öz işindədi, heç vecinə də almır ki, bu gecikir, getməlidi, ya yox. Bir tərəfdən də düşündü ki, bu məqamda cəhl eləməyin də yeri yoxdu. Gərək bir təhər şirin dillə ustanı başa sala, sazı alıb gedə. Çünki Mirzəli xan onu gözləyirdi. Sazbəndin verdiyi yöndəmsiz sazı sinəsinə basıb görək onu necə başa saldı:
Usta, məni gözlərinə fəda qıl,
Səndən saz istərəm, amma saz ola!
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoşavaz ola!
Usta gördü yox, bu, deyəsən, o, təsəvvür etdiyi kimi də deyil. Sazdan-sözdən başı çıxan adamdı. Diqqətlə qulaq verməyə başladı.
Yamanı yamana, yaxşını mərdə,
Tərifini edim hər düşən yerdə,
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə, naz ola!
Xəstə Qasım, sözüm söylərəm əyan,
Elə car eylərəm, bəyanbəbəyan.
Qiymətin soruşsan, tamam on tümən,
Nə ondan çox ola, nə də az ola!
Usta baxdı ki, bu çox arif adamdı, özü də sazdan-sözdən çox yaxşı başı çıxır. Ürəyində tutduğu işə peşman oldu, amma üzə vurmadı. Yaxşı bir saz seçib Xəstə Qasıma verdi. Pulunu alıb, yaxşı yol, dedi. Xəstə Qasım oradan bir dəllək dükanına gəldi ki, üzünü qırxdırıb getsin Mirzəli xanın yanına. Baxdı, gördü dəlləkxanada növbədi, oturub gözlədi. Növbəsi gəlib çatanda dəlləyin qabağında oturdu. Dəllək yekəpər bir adam idi. Ülgücü bülövə sürtüb başladı Xəstə Qasımın başını qırxmağa. Ülgücü bir çəkdi, iki çəkdi. Xəstə Qasımın gözlərindən yaş axmağa başladı. Ağrının şiddətindən hər dəfə dəllək ülgücü çəkdikcə elə bil o dünyaya gedib gəlirdi. Güzgüdə fikir verdi, gördü başının heç yarısı qırxılmayıb, amma başı dümağ pambığın içərisindədi. Dəllək hər dəfə ülgücü çəkəndə başından kotan kimi bir şırım açır, sonra da kəsilən yerə pambıq döşəyir. Gördü ki, balam, belə getsə, başında sağ tutar qalmayacaq. Yapışdı dəlləyin biləyindən, qalxdı ayağa, dedi:
– Allah evini yıxmasın, başımdan tük biçib pambıq əkirsən.
Dəllək saldı səsinin yoğun yerinə, Xəstə Qasımı borclu çıxartdı. Xəstə Qasım baxdı ki, bununla elə-belə qurtarmaq mümkün deyil, dedi:
– Dəllək, Allah atana rəhmət eləsin, sən haqlısan, amma sinəmə iki kəlmə söz gəldi, qulaq as deyim:
Şeşpərdə bir usta gördüm,
Baş qırxanda zol çıxardır.
Ətindən az-az götürür,
Dərisindən bol çıxardır.
Ayağını qoyur qoşa
Ülgücünü çəkir daşa,
Elə zorba gəlir başa,
Kənkançıya dol çıxardır.
O zaman ki, Xəstə Qasım növbəyə oturmuşdu bir adam dişini tuta-tuta gəldi ki, usta ölürəm, bu zəhrimarı çək tulla, qoy canım qurtarsın. Dəllək onu oturtdu mizə, kəlbətini götürdü, bir güc gəldi, iki güc gəldi, diş çıxmadı. Çox çək-çevirdən sonra axırda basıb yazığın qolunu çıxardı. Ona görə Xəstə Qasım sözünün mabədinə belə davam elədi:
Bir fitəsi vardı bezdən
Taqətimi kəsib dizdən,
Qanlı yaşlar tökür gözdən,
Diş çəkəndə qol çıxardır.
Ülgücünü çapışdırır
Suyu tasdan qapışdırır,
Kəsir, pambıq yapışdırır,
Başımızdan kol çıxardır.
Gedibdi ağlı huşundan
Xəbəri yox yoldaşından,
Sanki adamın başından
Tikmədaşa yol çıxardır.
Usta gördü, bu adam əməlli-başlı şairdi, hələ yanında saz da var. Yəqin etdi ki, hər kimsə aşıqlığı da var. Məclis-mərəkə adamıdı. Öz-özünə dedi:
– Əgər bu söz-söhbəti gedib bir yerdə danışsa, vay mənim halıma, dilə-dişə düşüb aləmdə biabır olacağam. Aşıq tayfası da dildən yüyrək olar. Bitin ayağına birə bağlayır. Birinin üstünə də beşini qoyacaq.
Gördü, ayrı əlac yoxdu, başladı yalvarmağa:
– Aşıq, başına dönüm, bir qələtdi eləmişəm, bu söhbəti heç yerdə danışma.
Xəstə Qasım dedi:
– Yaxşı heç yerdə danışmaram. Bircə toyda danışaram, bircə də vayda. Amma aman ver sözü tamama yetirim.
Xəstə Qasım fikir vermişdi ki, dəlləyin ülgücünü tamam pas tutub, allah bilir, nə vaxtın ülgücü idi. Birdə hər dəfə Xəstə Qasım əlini cibinə atanda dəllək baxırdı ki, görsün cibindən pul çıxardır. Odur ki, sözünü böylə tamama yetirdi:
Bu usta necə ustadı,
Ülgüc, büləyü pasdadı,
Xəstə Qasım can üstədi,
Elə bilir pul çıxardır.
Elə ki, Xəstə Qasım saz aldı, bir təhər üz-başını qırxdırdı, üstbaşını sahmana saldı birbaş Mirzəli xanın yanına gəldi. Bildirdi ki, müşseyidin yanına getməyə hazırdır. Birlikdə müşseyidin hüzuruna gəldilər. Mirzəli xan müşseyidə təqdim elədi.
Bəli, elə ki, müşseyid Xəstə Qasımı tanıyıb bildi, ona dedi:
– Oğul, budu, neçə vaxtdı səndən böyük şikayət yazılıb. Sən heç bir yeri oxumaya-oxumaya min cür işlə məşğul olursan. Alimlik, mollalıq, qazılıq edirsən. Hətta xəbər gedib Şah Abbasa çatıb. İndi mənim hüzurumda səni imtahan edəcəklər. Cavab verə bildin, mən sənə elə bir sənəd verəcəyəm ki, nə işlə istəyirsən get məşğul ol, yox əgər cavab verə bilmədin özündən küs.
Müşseyid Xəstə Qasıma icazə verdi ki, gedib dincəlsin. Sabahı gün məclis qurulacaq, sual-cavaba hazır olsun.
Sizə kimdən deyim mollalardan, qazılardan, alimlərdən. Elə ki, Xəstə Qasımın gəlmək xəbərini eşitdilər səhəri gün tezdən hamısı tökülüb gəldi müşseyidin iqamətgahına.
Hamı cəm oldu, məclis quruldu. Müşseyid əvvəl mollaları hüzura çağırdı:
– Mollalar!
Mollalar yerbəyerdən cavab verdilər:
– Bəli, ağa müşseyid.
– Əvvəl siz Xəstə qasımı sorğu-suala tutacaqsınız. Neçə müddətdi şikayət yazırsınız, indi nə sualınız var verin.
Mollalar dedi:
– Ağa müşseyid, qoy bu, əvvəl-əvvəl bizə desin görək adı doğru-dürüst nədir?
Müşseyid təəccübləndi:
– Necə yəni, bunun adı Xəstə Qasım deyilmi?
Xəstə Qasım dedi:
– Ağa müşseyid, mollalar düz buyurur, mənim bir neçə adım var. Onlardan biri Baba Qasımdı, biri Dədə Qasımdı, biri Aşıq Qasımdı, biri Molla Qasımdı, biri Azar Qasımdı, biri də Xəstə Qasımdı…
– Oğul, bir düjün adı asmısan boynundan, neynirsən onları bu qədər?
– Ağa müşseyid, mənim adım Dədə Qasımdı ona görə ki, çoxlu atalar sözü deyirəm, Baba Qasımdı ona görə ki, mən yerin altını da bilirəm, üstünü də, Aşıq Qasımdı ona görə ki, aşıqlıq eləyirəm, Molla Qasımdı ona görə ki, mollalıq eləyirəm, Azar Qasımdı ona görə ki, bir adam mənimlə mübahisəyə girsə, cəhl eləsə, canına elə üşütmə salaram ki, onu azar tutar, Xəstə Qasımdı ona görə ki, istəsəm birinin canına vahimə salıb xəstələndirərəm.
Xəstə Qasım adının mənasını izah edəndən sonra mollalar sorğu-suala başladılar. Bir gün gecə-gündüz tamam onu imtahan elədilər, amma hardan sual verdilər Xəstə Qasım ordan cavab verdi. Axır dedilər:
– Sən deyirsən mən haq vergisiyəm, bir Quranı əlimizdə tutub barmağımızı müxtəlif ayələrin üstündə gəzdirəcəyik, sən kənarda dayanacaqsan. Əgər doğrudan da, haq vergisisənsə, Qurana baxmadan bizim barmağımızı hansı ayənin üstündə saxladığımızı deməlisən.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-xeste-qasimin-dagistan-seferi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Bakım mənimBu torpağa ibadətim,Bu dünyaya səyahətim.
Ekranda görüşOğul şəhərdədir,Anasa kənddə,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.