Page 1 of 6

Ustadlar dastana başlamazdan əvvəl ustadnamə deyərlər. Biz də ustadlar dilindən bir ustadnamə deyək:

Fənd eləmə, felli dərviş,
Belə kar eyləmək olmaz.
Yıxıbsan könlüm evini,
Mürğü zar eyləmək olmaz.

Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzünə gülənlərə,
Etibar eyləmək olmaz.

Qurbaniyə gətir məzə,
Dərd üstündə dərdim təzə
Dərd biləni dərdbilməzə,
Giriftar eyləmək olmaz.

Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər, biz də deyək iki olsun:

Kişi olub el içində dolanmaz,
Çəkəcək aləmdə sərsə qal indi.
Nadansan, qanmırsan xeyir-şərini,
Niyə qurdun mənə, sarsaq, al indi?

Müxənnətin ayağına, dərinə,
Xəstə olan yalvaracaq dərinə,
Əqlin çaşdı, niyə düşdün dərinə?
Kim deyirdi sənə sar saqal indi.

Abdullayam, düşdüm ala bilmirəm,
Qara xəttim olub ala bilmirəm.
İpəkdən, zərbafdan ala bilmirəm,
Yaraşır qəddinə, sarsaq, al indi.

Ustadlar ustadnaməni iki deməzlər, üç deyərlər, biz də deyək üç olsun, namərd ölüb heç olsun:

Sərrafam, bazarım xiridar istər,
Bihudə sursatım bazara vermə.

Bir dərdə salaram əlacın olmaz,
Cismini çarasız azara vermə.

Aləm bilir, köşək çəkməz nərinən,
Xəcil olur sənətində ərinən,
Meydan açma sən ər oğlu ərinən,
Hələ dərs al dinlə, yaz, ara vermə.

Qabağa sıçrama, dala düşərsən,
Düşməmisən, qeylü-qala düşərsən,
Lal eylərəm müşkül hala düşərsən
Bivədə cismini məzara vermə.

Həqiqət elmində keçək isbata,
Məna verək ərşə, həm kainata
Bir dastan bağlayaq hər hürufata,
Tərdəst ol, məzarın qaz, ara vermə.

Şıx Alıyla cəng eyləyən xar oldu,
Verdi sazın, el içində ar oldu,
Nadanın əlindən o bezar oldu,
Qaç, fürsət canından bezara vermə.

Bəli, sizə hardan deyim, hardan xəbər verim Türkmən vilayətindən, Türkmən vilayətində Sərsəbil adında bir şəhər varıydı. Bu şəhərdə Saleh adlı bir sövdagər yaşayırdı. Saleh sövdagərin malının, pulunun, var-dövlətinin sayı-hesabı yoxuydu. Amma bu kişi səxavətdə, mürüvvətdə, insaf-imanda ad-san çıxarmışdı. Çarəsizə əl tutardı, ac görsə, doyurardı, dilənçi görsə, pay verərdi, yolçu görçə, qonaq edərdi.

Saleh sövdagərin aman-zaman, gözünün ağı-qarası, dünya ümidi bir oğlu varıydı. Oğlunun yolunda malını istəsələr əsirgəməzdi, canını desələr, verərdi. Bəli, elə ki, uşaq doğuldu qohum-qonşu, dost-tanış yığıldı, yaxşı bir şadyanalıq elədilər. Uşağın adını da Şəhri qoydular. Gün günə söykəndi ay oldu, ay dolanıb il oldu. Şəhri böyüyüb beş yaşına çatdı. Saleh sövdagər oğlunun tərbiyəsi üçün bir dayə tutmuşdu. Dayənin işi-gücü uşaqnan məşğul olmaq idi. Uşaq da bütün mehr-məhəbbətini dayəyə salmışdı.

Bahar fəslinin gül gülü, bülbül bülbülü çağıran vaxtıydı. Dünyayi-aləm cana gəlmişdi. Dayə Saleh sövdagərdən urusxat istədi ki, uşağı aparıb gəzdirsin. Ta ki uşağın könlü bir az açılsın. Saleh sövdagər urusxat verdi. Dayə Şəhrini də götürüb şəhərin kənarına gəzməyə çıxdı. Şəhərin kənarı meşəlik, güllük-çiçəklik idi. Dayə bir daşın üstündə oturdu, uşaq da oynamağa başladı. Bir qədər keçdi, baharın xoş havasında dayəni bərk yuxu tutdu, uşaq qaldı başdı-başına. Bu çiçəkdən o çiçəyə, o çiçəkdən o birisinə, axır gəlib yaxınlıqdakı meşəyə çıxdı, ha o yana getdi, ha bu yana getdi, uşaq meşədə azdı, bir cığırı tutub o qədər getdi ki, bu həndəvərdən tamam uzaqlaşdı.

Xeyli vaxt keçdi, birdən dayə sərsəm yuxudan ayıldı, baxdı ki, qara gəlsin, nə uşaq var, nə də bir səs-səmir. Elə bil dayəni şimşək vurdu. Qalxıb ora qaçdı, bura qaçdı, çağırdı, neylədi uşaqdan bir əsər-əlamət görünmədi. Canına qorxu düşdü, dedi, ey Allah, bu nə iş idi mənim başıma gətirdin. Saleh sövdagərə bir övlad verdin, onu da mənim təqsirimdən yox elədin, indi mən sövdagərə nə cavab verəcəyəm. Xülasə, dayə çox axtardı, çox çağırdı, uşağı tapa bilmədi, axır axşamçağı ağlaya-ağlaya gəlib sövdagərə xəbər verdi ki, bəs, hal-qəzyə belə-belədi. Səs-küy düşdü, camaat yığışdı, gedib Şəhrini axtardılar, amma tapa bilməyib kor-peşiman geri qayıtdılar.

Sizə deyim zərgər Məsimnən. Zərgər Məsim çox qabil bir usta idi. Varı-halı da başından aşırdı. Amma övlad sarıdan Allah-taala onu bədbəxt eləmişdi. Bu işıqlı dünyada bircə övlad qismət eləməmişdi ki, yurdunda ocaq yandırsın. Övlad dərdi gecə də, gündüz də zərgər Məsimin yadından çıxmırdı. Bəli, zərgər Məsim başqa şəhərə daş-qaş almağa getmişdi, indi Sərsəbilə qayıdırdı. Meşənin içində yolnan gedərkən bir də gördü, bir uşaq səsi gəlir, uşaq hər kimdisə fəryad edir. Atın başını çəkdi, gördü, yoldan xeyli aralıda bir uşaqdı, yanında da heç kəs yoxdu. Atdan düşüb uşağa yaxınlaşdı, ha ora-bura baxdı ki, görsün bu uşaq kimnəndi, gördü, yox heç kəs yoxdu. Uşağın lap yanına gəldi, ay uşaq yiyəsi, deyə oranı-buranı çağırdı, cavab verən olmadı. Daha uşağı tək qoyub getmək olmazdı. Ata mindi, uşağı da qucağına alıb yola düşdü. Dedi, gedib şəhərdə axtararam, sahibini tapıb verərəm.

Nə isə yol boyu uşağın fikri heç Məsimin başından getmirdi. Çox götür-qoydan sonra öz-özünə dedi ki, ey tanrı, hikmətinə min şükür, alan da sən, verən də sənsən, mənim övladım yox idi, bəlkə, elə bu uşağı mənə övlad göndərmisən. Zərgər Məsim bu qərara gəldi ki, uşağı evinə aparsın, arvadıyla da məsləhətləşib onu özlərinə övlad eləsinlər.

Bəli, uşağı evə gətirdi, hal-qəzyəni arvadına danışdı, arvadı dedi:

– A kişi, Allahın kərəminə şükür, onu bizə göndərib ki, biz öləndən sonra yurdumuz boş qalmasın. Allah verənə bəndə şükür deyir.

Bu minvalnan Şəhri bir müddət zərgər Məsimin evində qaldı. Bir gecə Məsim yuxu gördü. Yuxusunda gördü ki, bir adam ağ atın belində, ağ geyimdə, başında ağ papaq, üzündə ağ niqab, əlində ağ qamçı Məsimin qabağında durub dedi:

– Ey Allahın günahkar bəndəsi, sahibini tapıb uşağı qaytar.

Bu sözləri deyib həmən adam yox oldu. Zərgər Məsim səhər qalxdı, amma yuxuya əhəmiyyət vermədi. İkinci gün yenə həmən yuxunu gördü, yenə əhəmiyyət vermədi. Üçüncü gün gecə yatanda yenə həmən ağ atlı adam Məsimin yuxusuna girdi və dedi:

– Ey Allahın günahkar bəndəsi, sənə sonuncu dəfə deyirəm, sahibini tapıb uşağı qaytar. Uşağı qaytarsan səni xoşbəxtlik, qaytarmasan bədbəxtlik gözləyir.

Məsim hövlnak yuxudan ayıldı, arvadını dümsükləyib qaldırdı, yuxusuna danışdı. Qərara gəldilər ki, Allah əmrindən çıxmaq olmaz. Uşağın sahibini tapıb onu qaytarmaq lazımdı.

Sabah açıldı, səhərlər üzünüzə xeyirliyə açılsın, zərgər Məsim düşdü şəhərin canına ki, bəs, kimin uşağı itib. O qapı sənin, bu qapı mənim. Axır ki, gəlib Saleh sövdagərin evinə çıxdı. Elə ki, uşağın onun olduğunu bildi, adam göndərtdirib uşağı evdən gətirtdi, Saleh sövdagərə gözaydınlığı verib uşağı ona qaytardı.

Bəli, o vaxtdan Saleh sövdagərlə zərgər Məsim bir dost oldular, daha bunların arasından su da keçəsi olmadı.

Bu hadisədən az müddət keçdi, bir gün arvadı Məsimə xəbər verdi ki, bəs, boynuna uşaq düşüb. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçdi. Zərgər Məsimin arvadı yükünü yerə qoydu, onun bir qızı dünyaya gəldi. Yaxşı bir şadlıq keçirdilər. Qızın adını Mehri qoydular. Zərgər Məsimlə Saleh sövdagər əhdpeyman bağladılar ki, Mehrini Şəhriyə versinlər, ta ki, onların dostluğu qohumluğa çevrilsin.

Bundan on beş il keçdi. Mehri ilə Şəhrinin günü çox vaxt bir yerdə keçirdi. Onlar bir-birini elə sevirdilər ki, elə bil gül bülbülə, bülbül də gülə aşiq olmuşdu.

Deyir, qəza işi qaçılmazdı, yarananı torpaq gözləyir. Günün birində zərgər Məsim bərk naxoşladı, ölüm başının üstünü aldı. Saleh sövdagəri yanına çağırıb qızını, ev-eşiyini ona tapşırdı. Özü isə bu fani dünya ilə vidalaşdı.

Elə ki, zərgər Məsim öldü, Saleh sövdagər bir müddət yas saxladı. Günlərin birində arvadı ona dedi:

– A kişi, bu dünya bivəfadı, bu gündən sabaha etibar yoxdu. Bir də gördün əcəl gəlib qapını kəsdi. Gəl Mehri ilə Şəhrinin toyunu eləyək. Heç olmasa, dünyadan nakam getməyək.

Saleh sövdagər gördü, arvadı çox ağıllı söz danışır, razılaşdı. Qərara gəldi ki, toy tədarükü görüb yaxşı bir toy eləsin. Fikir elədi ki, bunun üçün əvvəl-əvvəl bir səfərə çıxsın, lazım olanları satsın, lazım olanı alsın. Başladı səfər tədarükü görməyə. Tədarükünü görüb qurtardı. Böyük bir karvan Sərsəbildən yola düşdü. Son vaxtlar Saleh sövdagər hara səfər edirdisə, Şəhrini də özü ilə aparırdı. Onun üçün ki, alqı-satqı işlərini öyrənsin, ta ki onun sənətini davam elətdirsin.

İndi sizə deyim Cəlali Kürdoğlunnan. Cəlali Kürdoğlu qoçaq, vurub-tutan bir adamıydı. Başına böyük bir dəstə də toplayıb qaçaqlıq, quldurluq edirdi. Bu dağ mənim, o dərə sənin, bu kənd mənim, o şəhər sənin, yerini-yurdunu bilən olmazdı. Yetdiyinə yetərdi, yetmədiyinə bir daş atardı. Türkməndə məmə yeyəndən pəpə yeyənə hamı onun əlindən zinhara gəlmişdi. Cəlali Kürdoğlu insaf bilməzdi, mürvət bilməzdi, kim qabağına keçdi soyub buraxardı, xoşu da gəlməyəndə öldürərdi. Varlı deməzdi, kasıb deməzdi, at görsə nalını sökər, cütçü görsə cütünü alar, dərviş görsə paltarına tamah salar, qaysavadan pay umardı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets