Xəstə Qasımın Dağıstan səfəri
Page 5 of 10 · 40%
Xəstə Qasım razılaşdı, amma bildirdi ki, onlar əllərini Xəstə Qasım ayəni deyib qurtarana qədər onun üstündə saxlasınlar. Mollalar Quranı götürüb açdılar, istədikləri ayənin üstündə əllərini gəzdirməyə başladılar. Xəstə Qasım ayələri şeirlə deməyə başladı:
Əzəl bismillahdı nameyi-allah,
Göydən yerə endi əhsənül-xaliq.
Xəstə Qasım gördü, mollalar əllərini bir ayənin üstündə axıra qədər saxlamırlar. Bir ayəni deyib qurtarmamış o birisinə keçirlər ki, Xəstə Qasım çaşsın. Ona görə də ayələri bütöv deməyə macal tapmayıb onların hərəsinə bir misrada, ya da bir kəlmədə toxunmalı oldu:
Doxsan min kəlməni tamam eylədi,
Orda nə buyurdu əhsənül-xaliq.
Dörd kitabdı dəlil gəldi aləmə,
Hərcət, həvvəst, hüddük onu bilənə,
Safəst, qərzəst, zəzil saldı aləmə
Fatəbərəkətdi əhsənül-xaliq.
Sureyi-əlhəmdə quruldu binnət
İrrəhman-irrəhim, ayeyi-rəhmət,
Yusəbbim, hülullah paki-zəlsifət
Ayeyi-Quranda əhsənül-xaliq.
Xəstə Qasım deyər fəhm edə bilməm,
Bəraət Yasindi fəhm edə bilməm,
Bu dünya işini fəhm edə bilməm,
Özün qismət eylə əhsənül-xaliq.
Mollalar gördü, Xəstə Qasımı çaşdırmaq mümkün olmadı. Əlacsız qalıb sorğu-sualı qurtardılar. Müşseyid istədi onları mürəxxəs edə. Xəstə Qasım üz tutdu müşseyidə:
– Ağa müşseyid, axı, bunlar məni aftafanın ağzından salıb lüləyindən çıxardılar. Olarmı beş-altı kəlmə də mən bunlardan soruşum?
– Olar, buyur, ancaq de görüm, sən də onlardan bir sutkamı soruşacaqsan?
Xəstə Qasım cavab verdi:
– Xeyr, ağa müşseyid, mən sizin vaxtınızı çox ala bilmərəm. Bunların hamısından bir yerdə bir-iki qatar şeirlə beş-altı kəlmə söz soruşacağam.
Müşseyid mollalara işarə verdi ki, yerlərindən durmayıb suala cavab verməyə hazır olsunlar.
Xəstə Qasım üzünü mollalara tutub bu qıfılbəndi ərz elədi:
On beş qazı bir səhrada əyləşib,
Hərənin bir taxtda xub qərarı var.
Nəyinən bağlanıb, nəynən açılıb?
Üç cəsəd, beş gərdən, altı səri var.
Müşseyid baxdı mollalara:
– Mollalar, cavab verin!
Mollalar qaldı məəttəl, bir-birlərinin üzünə baxdılar.
Xəstə Qasım arxasını dedi:
O nədir ki, gündə gedər üləma?
Neçəsi gedər, neçəsi gələr salama?
Zahirdədi, pünhan deyil aləmə,
Səddi beydi səddi həştad yolu var.
Bu sözlərdi Xəstə Qasımdan amal,
Aşıqlar baş tapmaz nə sahib kamal,
Yığılsa alimlər, şərqinən şimal
Aça bilməz, açsa zor hünəri var.
Mollalar bir-bir əkilməyə başladılar. Müşseyid dedi:
– Neçə müddətdi kişinin əlindən yazırsınız ki, belə savadı yoxdu, heç nə bilmir, indi cavab verin.
Mollalardan səs çıxmadı. Xəstə Qasım dedi:
– Ağa müşseyid, bəlkə, bir başqasını deyim, ona cavab versinlər.
– Buyur.
Xəstə Qasım sazı sinəsinə basıb o birisi qıfılbəndi ərz elədi:
İki əbru arasında
Altı kaf, yeddi lam gördüm.
Kafın, lamın mərkəzində
Sirri-Quran tamam gördüm.
Yüz min xandı, yüz min yavər
İntizarın açmaz dərhər,
Taxt üstə üç min peyğəmbər
6666 əməlini gördüm.
Bəyəndim çardeyi-məsimi,
Xalq bəyənsin xilasımı,
Sidqinən Xəstə Qasımı
Onda kəmtər qulam gördüm.
Söz tamama yetdi. Müşseyid bir də baxdı ki, içəridə molla qalmayıb. Əmr verdi, mollalar hamısı geri qayıtdı. Üz tutdu onlara ki, siz indiyə qədər hökuməti aldatmısız, xalqı aldatmısız. İndi məlum oldu ki, sizin savadınız yox imiş. Bu gündən sizə mollalıq eləməyi qadağan edirəm. Bəratınız, qövlünüz, hər nəyiniz var tökün yerə. Mollalar dinməz-söyləməz sənədlərini tökdülər müşseyidin qabağına. Müşseyid buyruq verdi, mollalar mürəxxəs oldular. Müşseyid üz tutdu qazılara:
– Qazılar, hüzura!
Qazılar hamısı gəlib müşseyidin hüzurunda əyləşdilər.
– Nə sualınız var verin!
Qazılar sorğu-suala başladılar. Deyərlər, sorğu-sual bir gecə-gündüz davam elədi. Qazılar şəriətdən, qanundan, qaydadan, qeyri şeylərdən nə bilirdilər soruşdular. Nəhayət, sorğu-sualın başa çatdığını bildirdilər. Xəstə Qasım mollaları imtahan elədiyindən müşseyid fikirləşdi ki, yəqin, onun qazılardan da sorğusu olacaq. Ona görə də soruşdu:
– Oğul, sənin də qazılara sualın varmı?
– Bəli, ağa müşseyid, mümkünsə beş-altı kəlmə də mən soruşum.
– Buyur.
Aldı Xəstə Qasım görək qazılara nə dedi, onlardan nə soruşdu:
Ay ağalar, ay qazılar,
Göy çadırda duran kimdi?
Haqqı, mizan-tərəzini
Puli-sirat quran kimdi?
Qazılar qaldı məəttəl. Müşseyid dedi:
– Arxasını de, bala.
Nanə qılın qul kafəni
Harda dörd mələk məkanı?
Dəryanın üstə kotanı
Fələk qoşub, sürən kimdi?
Qazılar yenə cavab verməyib dedilər:
– Ağa müşseyid, bu ağlına gələni danışır. Kim dəryanın üstə kotan qoşub yer sürə bilər, axı, belə bir şey mümkün deyil.
Müşseyid üz tutdu Xəstə Qasıma:
– Oğul, cavab ver.
Xəstə Qasım sözünün mənasını izah elədi:
– Dünya yarananda əvvəl-əvvəl yetmiş min il çərx üstündə hərəkət etdi, otuz beş min il çınqıllı hərəkətdə oldu, otuz beş min il isə buzlu hərəkətdə, dünyada heç bir yaşayış olmadı. Elədirmi, ağa müşseyid?
– Bəli, elədir.
– Sonra Allah-taala işıqdan qaranlığı seçmək üçün Dərdail məlaikəni xəlq etdi. Gecə üçün ayı, gündüz üçün günəşi yaratdı, amma ay və günəş hərəkətsiz qaldı. Cənab Əli Allahın buyruğu üzrə aya və günəşə məqam verdi. Aya dedi, sən qərbdən, günəşə dedi, sən şərqdən hərəkət edəcəksən. Ay gecə hərəkət edəndə qorxdu, qaçmaq istədi. Ona görə də Allah-taala yeddi ülkər ulduzu yaradıb ona köməkçi və gözətçi verdi ki, daim ayın arxasınca gəzsinlər. Daha sonra Allah qurunu sudan ayırdı. Bütün yer üzü su idi. Allahın hökmü ilə yer üzünün üçdə birindən su çəkildi və quru əmələ gəldi. Daha sonra insan yer üzündə qərar tutdu və özünü dolandıra bilsin deyə fələyin hökmü ilə yer əkməyi öyrəndi. Bax, mən onu deyirəm ki, yer üzü əvvəl su idi, sonra həmin su olan yerdə torpaq əkildi, məhsul hasil edildi.
Müşseyid Xəstə Qasımın sözlərini təsdiq etdi. Xəstə Qasım sözünü tamama yetirdi:
Xəstə Qasım bir deyilsən,
Sən insansan sirr deyilsən
Haqq sirrin bilən deyilsən,
Sirri səndən soran kimdi?
Qazılar cavab verə bilmədilər, mollaların halını görmüşdülər, ona görə də canlarını titrətmə tutdu. Xəstə Qasım baxdı ki, qazılar tir-tir əsirlər, dedi:
– Ağa müşseyid, mənim bir adım ona görə Azar Qasımdır ki, mənim qorxumdan adamın canını titrətmə tutur, necə ki, indi bu qazıların canını tutub. Müşseyid dedi:
– Bəlkə, bir ayrısını deyəsən, ona cavab verələr.
– Baş üstə!
Xəstə Qasım ikinci qıfılbəndi dedi:
Bir səhrada on yeddi qazı əyləşib
Onun taxt üstündə xub qərarı var.
Birisində doxsan iki əl gördüm,
Bir cəsəd, üç gərdən, altı səri var.
Səksən min molladı, səksən min seyid,
Səksən min xiyaban, səksən min meyid,
Yazıb cəmləyəni səksən min şahid
Səksən min şahidin beş məzarı var.
Beş məzardan qalxar yeddi əlamət,
Verməz bir-birinə macali-möhnət.
Hər kimdə istəsə kəndinə şöhrət
Zərrə qədər ona simu-zər var.
Xəstə Qasım sözün yetdi tamama,
Gün batan, gün doğan gəlsin salama.
Nə alim işidi, nə də üləma,
Təcnis mənasında zor hünəri var.
Qazılar bu qıfılbəndə də cavab verə bilmədilər. Müşseyid acıqlandı:
– Siz də indiyə qədər hökuməti, camaatı aldadırmışsınız, bu gündən sizə də qazılıq etməyi qadağaq edirəm. Tökün sənədlərinizi hər nəyiniz var!
Qazılar qazılığa aid hər nə kağız-kuğuzları var idi tökdülər müşseyidin qabağına, onun göstərişi ilə hüzurdan mürəxxəs oldular. Müşseyid buyuruq verdi:
– Alimlər, hüzura!
Alimlər hamısı gəlib yerbəyer oldular, başladılar Xəstə Qasımı imtahan eləməyə. Elmin köklərindən, ərşdən-gürşdən hər nə bilirdilər sual verdilər. Müşseyid gördü, alimlər Xəstə Qasıma hardan deyirlər, ordan cavab verir, elə bil hər şeyi öz əli ilə yazıb. Yəqin elədi ki, doğrudan da, o, haqq vergisidi. Bir sutkanın tamamında alimlər bildirdilər ki, bəs, suallarını qurtardılar. Müşseyid soruşdu:
– Oğul, sənin bunlara nə sualın var?
Xəstə Qasım dedi:
– Ağa müşseyid, mənim sualım çox az olacaq.
– Buyur!
Xəstə Qasım üz tutdu alimlərə:
Hikmət məskənində əyləşən alim
Əvvəl mənə yamənhudan xəbər ver!
Ərşin sütununda, merac evində,
Bu gün orda göftügudan xəbər ver!
Alimlər onun sözünü kəsdilər:
– Ağa müşseyid, bu yalan danışır, qoy desin görək Allahın dərgahına kim gedib ki, bu gün orda nə söhbət getdiyini də bilə.
Müşseyid dedi:
– Bala, cavab ver!
– Ağa müşseyid, qoy onlar Quranın filan səhfəsini açsınlar.
Alimlər Quranın həmin səhifəsini açdılar. Xəstə Qasım dedi:
– Həmin səhifəni oxusunlar. Orda yazılıb ki, Allahın sağında neçə min məlakə əyləşib, solunda neçə min. Allah-taala yerə baxır, görür, onun yaratdığı bəndələr şər işlərlə məşğul olur, adam öldürür, oğurluq edir, yalan danışır, yol kəsir, nə bilim ayrı nə bəd işlərlə məşğul olur. Onda Allahın qəzəbi tutur, solundakı məlaikələrə deyir:
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-xeste-qasimin-dagistan-seferi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Bakım mənimBu torpağa ibadətim,Bu dünyaya səyahətim.
Ekranda görüşOğul şəhərdədir,Anasa kənddə,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.