Page 7 of 10 · 60%

Bəli, sorğu-sual qurtardı, məclis tamama yetdi, hamı dağıldı. Xəstə Qasım da istədi müşseyiddən rüsxət alıb öz evlərinə qayıtsın. Müşseyid Xəstə Qasıma böyük ehtiram göstərdi. Bildirdi ki, hələ bir neçə gün Şeşpərin şəhərində qonaq qalmalıdır. Vaxt çatanda özü onu yola salacaq.

Xəstə Qasımı orda saxlamaqda müşseyidin məqsədi var idi. Bu məqsəd nəydi? Onun nə olduğunu burda qoyaq, sizə hardan xəbər verək Dağıstan vilayətindən. Dağıstan vilayətində kimdən Ləzgi Əhməddən. Elə ki, Ləzgi Əhməd Xəstə Qasımın verdiyi kömbədən yedi, ərşin-gürşün sirrini bildi, ona şairlik təbi verildi, daha dayanmayıb birbaş Dağıstana gəldi. Dağıstanda həm şairliklə, həm də aşıqlıqla məşğul olmağa başladı.

O zamanın adətinə görə bir vilayətdə güclü bir şair olardısa və o, Şah Abbasın bütün şairlərini bağlayardısa, onda həmin vilayət xərac verməkdən azad edilərdi. Ya gərək onu bağlayan bir şair tapılaydı, ya gərək vergi alınmayaydı. Elə ki, Ləzgi Əhməd ortalığa çıxdı ona qabaq nə bir aşıq, nə bir şair tapılmadı. Bir il, iki il axır Şah Abbas baxdı ki, balam, hənək-hənək axırı dəyənək, belə getsə, daha Dağıstan vilayəti vergi verməyəcək. Elan verdi ki, məmləkətdə olan cəmi şairlər, aşıqlar toplaşsın. Elə ki, onlar hamısı toplaşdı kimə daha çox ümidləri gəlirdisə, hamısını seçdilər göndərdilər Dağıstana Ləzgi Əhmədlə deyişməyə, ancaq bir nəticə hasil olmadı. Ləzgi Əhməd onların hamısını bağlayıb geri qaytardı. Yenə Şah Abbas harda yaxşı bir şair, ya aşıq sədası aldısa, göndərdi Dağıstana, yenə bir şey çıxmadı. Beləliklə, Dağıstan vilayəti yeddi il tamam Şah Abbasa xərac vermədi.

Şah Abbas vəzir-vəkilə, müşseyidə, cəmi əyan-əşrəfə elan vermişdi ki, harda ümidləri gələn, yaxşı bir şairdən, aşıqdan tapsalar, ya eşitsələr dərhal ona xəbər versinlər.

Bəli, elə ki, müşseyid Xəstə Qasımı tanıdı, gücünü gördü, fikirləşdi ki, Ləzgi Əhmədin öhdəsindən olsa-olsa bu gələ bilər. Oydu ki, Xəstə Qasımı Şeşpərində saxlayıb Şah Abbasa təcili xəbər göndərdi ki, bəs, mollaların, qazıların, alimlərin əlindən şikayət etdikləri adamı Mirzəli xan gətirdi, mənim hüzurumda imtahan elədilər. Məmləkətin cəmi başbilən mollalarını, qazılarını, alimlərini bağladı. Biz ona möhürlü-imzalı sənəd verdik ki, bu gündən istədiyi işlə məşğul ola bilər. Ləzgi Əhmədin də öhdəsindən gəlsə-gəlsə, bu gələ bilər.

Xəbər Şah Abbasa çatanda adam göndərib Mirzəli xanı hüzuruna çağırdı. Buyruq verdi ki, Xəstə Qasımı da götürüb Dağıstan vilayətinə getməlisən. Orda Ləzgi Əhmədlə onu deyişdirməlisən ki, bəlkə, canımız dincələ.

Mirzəli xan, - bəçeşm, - dedi. Ancaq əlavə etdi ki:

– Şah sağ olsun, mən ona söz vermişəm ki, əgər mollalara, qazılara, alimlərə qalib gəlsə, ona icazə verəcəyəm özünə toy eləsin, çünki mən onu gətirəndə toya hazırlaşırdı. Özüm də onun toyunda iştirak etməliyəm. İcazə ver toyunu eləsin, üstündən iki-üç ay keçməmiş hara deyirsən gedək.

Şah Abbas icazə verdi. Mirzəli xan qayıdıb Şeşpərin şəhərinə gəldi. Xəstə Qasımı götürüb birbaş Tikmədaş kəndinə varid oldu. Şah Abbasın buyruğunu da ona çatdırdı. Xəstə Qasım göz üstə dedi.

Tikmədaşda Mirzəli xanın iştirakı ilə böyük bir toy məclisi quruldu. Yeddi gün-yeddi gecə toy edib Güllü xanımı Xəstə Qasımın evinə gəlin gətirdilər.

Mirzəli xan Xəstə Qasıma yenə üç ay möhlət verdi və bildirdi ki, üç ayın tamamında gəlib onu aparacaq Dağıstana. Özü İsfahan şəhərinə qayıtdı.

Elə ki, üç ay keçdi Mirzəli xan başının adamları ilə hazır oldu. Xəstə Qasım bilirdi ki, Mirzəli xan gələcək. Ona görə o da tamam-kamal səfərə hazır olub Mirzəli xanı gözləyirdi. Xülaseyi-kəlam, qohum-qonşu, dost-tanış yığıldı, halal-hümmət elədilər. Xəstə Qasım bir də baxdı ki, sevgilisi Güllü xanımla bacısı damın üstə çıxıb boyunlarını bükərək ona baxırlar. Könlü cuşə gəldi, ürəyi az qaldı sinəsindən çıxıb yerə düşsün, qürbət hissi elə bil bir külək olub gəlib doldu vücuduna. Öz-özünə dedi:

– Ey dili-qafil, Dağıstan bura deyil, ora deyil, neçə aylıq yoldu. Birdə yad səfər, bərbad səfər. Gəlin atlandı, ya nəsib, ya qismət. Nə bilir bu səfərdə başına nə gələcək, sağ-salamatmı qayıdacaq. Oydu ki, bir göz qırpımında sazı köynəyindən çıxardı. Sinəsinə basıb görək sevgilisinə, bacısına necə müraciət elədi:

Mən gedirəm sizi kimə tapşırım
Dam üstündə duran sona kəkliklər?
Al-yaşıl geyinib zər bəzənibsiz,
Nə giribsiz donnan-dona, kəkliklər?

Gözəl kəklik daş başında səs eylər,
Qaqqaq çəkər bir-biriylə bəhs eylər,
Bilmirəm toy eylər, yoxsa yas eylər,

Əllər batıb qızıl qana, kəkliklər.

Gözəl kəklik dam üstündə durubdu,
Gərdən çəkib, necə boynun burubdu?
Bərəsində yoxsa ovçu görübdü?
Üz tutdular biyabana kəkliklər.

Hər ikiniz yaşılbaşlı sonasız,
Mənim gizli dərdim pünhan qanasız,
Ayrılırıq sağlığınan qalasız
Qasım gedir Dağıstana kəkliklər.

Xəstə Qasım, Mirzəli xan və onun adamları yola düşdülər. Gəlib o yerə çatdılar ki, keçən dəfə Xəstə Qasım dağlara baxıb şeir demişdi. Daha burdan sonra Tikmədaşın bütün dağları gözdən itirdi. Mirzəli xan güman etdi ki, Xəstə Qasım keçən dəfə yolu düşəndə əvvəl-əvvəl sevgilisinə söz qoşdu, sonra gəlib dağlar gözdən ithaitdə dağlara şeir dedi, yəqin, indi də o cür edəcək. Amma sonra gördü yox, Xəstə Qasım çox fikirlidi, heç saz-söz yadına düşənə oxşamır, onu fikirdən ayırdı:

– Xəstə Qasım, deyəsən, bu dəfə heç dağlar yadına düşmədi!

Xəstə Qasım baxdı ki, bu keçən dəfə dağlara söz oxuduğu yerdi. Yenə döndü baxdı vətən dağlarına. Gördü, Mirzəli xan atın başını çəkib, yəni ki, gözləyir görsün Xəstə Qasım bir şeirdən, filandan deyir, ya yox. O da atının başını çəkdi, dağlara baxıb kövrəldi, gəraylı üstə dağlara bu cür salamat qal dedi:

Nə aralı görünürsən
Dağlar, qal indi, qal indi.
Gül, çiçəyə bürünürsən,
Dağlar qal indi, qal indi.

– Xəstə Qasım, bu dağlarda sənin nəyin qaldı, axı, heç bu barədə bir söz demirsən.

– Xan, qulaq as!

Bağça qaldı, bağlar qaldı,
Sinəm üstə dağlar qaldı.
Güllü yarım ağlar qaldı
Dağlar qal indi, qal indi.
Bağlı qaldı toy libasım,
Anam yoxdu tuta yasım,
Ayrı düşdü Xəstə Qasım
Dağlar qal indi, qal indi.

Söz tamama yetdi, yenidən yola rəvan oldular. Ancaq Xəstə Qasım Mirzəli xandan belə bir xahiş elədi ki, harda qəbristanlıq görsələr, icazə versin Xəstə Qasım orda namaz qılıb fatihə oxusun. Xan razılaşdı. Xəstə Qasım hər qəbristanlığın yanından keçdikcə dayanar, namaz qılıb fatihə oxuyardı. Gəlib böyük bir qəbristanlığın kənarına yetişdilər.

– Xan, olarmı borcumu verim?

Doğrudur, xan icazə vermişdi, amma ürəyində peşiman olmuşdu. Çünki xan fikirləşdi ki, ey dili-qafil, burdan Dağıstana neçə qəbristanlıq var. Bunların hər birinin yanında yarım saat, bir saat dayansalar, onda gərək neçə ay yol gedələr. Ona görə də dedi:

– Zalım oğlu, belə getsə, sənin ucbatından ömrümüz yollarda keçəcək, bilmirəm bu ölülərdən xəzinəmi istəyirsən?

Xəstə Qasım gördü yox, Mirzəli xan dünyanın öldüsündənqaldısından hələ baş çıxarmır, onu maraqlandıran dünya malıdı, var-dövlətdi, dedi:

– Xan, sinəmə bir xanə söz gəlib, rüsxət ver deyim.

Xan cavab verdi:

– Deməyinə de, amma vaxtını bu ölülərə sərf eləmə!

Görək Xəstə Qasım orda Mirzəli xana nə dedi, onu necə başa saldı:

Ey dünyanı dost tutanlar,
Dön bir qəbristana bax!
Üzün çevir haq tərəfə,
Huriyi-qılmana bax!
Bu dünya bir bivəfadı
Heç kəs olmaz bərqərar.
Hərə beş ərşin ağınan
Köçəllər, mehmana bax!

Gözlüyün halal, haramı
Şeytandan uzaq olaq.
Yandırın şamı-çırağın,
Behiştin bağın bulaq
Satın bu dünya malını
Axirətçün mülk alaq.
Süleymana qalmayan dünya
Qalmaz heç insana bax!

Xəstə Qasım gördü, Mirzəli xan dərin fikrə gedib, gözlərini də zilləyib yerdə qatarlaşıb yol salan qarışqalara baxır. Qəbristanlığın kənarında köhnə bir dam yeri var idi. Divarları tamam uçmuş, bircə divarların himi qalmışdı. Allah bilir, neçə yüz ilin himi idi. Bir az aralıda qarışqalar özlərinə yuva tikirdilər. Qatarlaşıb himin boş torpağından yuvalarını tikmək üçün daşıyırdılar. İndi Mirzəli xan Xəstə Qasıma qulaq asa-asa gözlərini həmin qarışqalara zilləmişdi. Oydu ki, Xəstə Qasım sözünü böylə tamama yetirdi:

Göydən enərsə bir balıq,
Tex axtarar suyunu.
Bir gədanı şah qoysalar,
Tez tapacaq tayını.
Qarışqalar hücum çəkər,
Sökər himin layını,
Xəstə Qasım qıl tamaşa
Boş qalan meydana bax!

Doğrudan da, söz Mirzəli xana ağır təsir elədi. Tutduğu işə peşiman oldu. Xəstə Qasıma dedi ki, bundan sonra sənə icazə verirəm, harda istəyirsən, nə üçün istəyirsən dayan, özün bildiyini tut.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets