Page 8 of 10 · 70%

Oradan yola düşüb çox getdilər, az getdilər gedib bir dağlıq yerə çıxdılar. Allahın qəzasından Mirzəli xanın atı xəstələnmişdi, daha yol yerimək istəmirdi, qaldılar naçar. Axır bu qərara gəldilər ki, birtəhər yaxınlıqdakı kəndə kimi getsinlər. Oradan fərli-başlı bir at tapıb alsınlar. Bir qədər yol gəlib kəndə çatdılar. Bu erməni kəndi idi. Soruşdular ki, bəs, kənddə kimdə yaxşı at var. Dedilər, Hazar keşişdə. Mirzəli xan başının dəstəsi ilə gəldi Hazar keşişin evinə. Bu haman Hazar keşiş idi ki, bu tərəflərdə yeddi para kəndin ağası idi.

Bəli, Hazar keşiş Mirzəli xanı allah kimi qarşıladı. Çünki bu yerlər də Şah Abbasa tabe idi. Mirzəli xanın Şah Abbasa yaxın olduğunu biləndə az qaldı ayaqlarına yıxılsın. Ona say-seçmə bir at verdi. Mirzəli xan nə qədər elədisə, pulunu almadı. Həm də gücbəla onları axşam evində qonaq saxladı. Axşam oldu, süfrə açıldı. Hazar keşiş soruşdu:

– Ay xan, başına dönüm, bəs, heç demədin hara gedirsən?

Mirzəli xan hara getdiklərini, nə üçün getdiklərini Hazar keşişə danışdı. Elə ki, Hazar keşiş Xəstə Qasımın şair olduğunu, Ləzgi Əhmədlə deyişməyə getdiyini bildi bir onun ayağına baxdı, bir başına baxdı, ağlı bir şey kəsmədi. Dedi:

– Mirzəli xan, yəni bir adam tapa bilmədinmi, Ləzgi Əhmədlə deyişməyə aparaydın?

Söz Xəstə Qasıma yaman toxundu, amma hələ dinmədi, axırını gözlədi. Mirzəli xan başladı Xəstə Qasımı tərifləməyə. Hazar keşiş yenə Xəstə Qasımı aparmağın əbəs olduğunu söylədi. Başladı öz şeirlərindən deməyə, indiyə qədər otuz doqquz aşıq bağladığını söylədi.

Doğrudan da, Hazar keşişin həm aşıqlığı, həm də şairliyi var idi. Özü də çox güclü şair idi. İndiyə qədər otuz doqquz aşıq bağlamışdı.

Elə ki, Hazar keşiş həddini aşdı, daha dözə bilmədi, dedi:

– Hazar keşiş, otuz doqquzunu bağlamısan, qırxa bircəciyi qalıb, gəlsən məni də bağlayasan qırx ola.

Hazar keşiş güldü:

– Bala, sən hələ uşaqsan, get ağzının qatığını sil.

Mübahisə düşdü. Mirzəli xan gördü, mübahisə uzun çəkəcək, dedi:

– İki saat cəng edənə qədər biryolluq deyişin qurtarsın getsin, Allah kimə verər verər.

Bu təklifə hər ikisi razılaşdı. Şərt bağladılar ki, əgər Xəstə Qasım uduzsa, Hazar keşişə bir çanaq qızıl verəcək, özü də sazı atıb ömrü boyu nökərçilik edəcək, yox əgər Hazar keşiş uduzsa, yeddi para kəndinin bütün kişilərinə sünnət etdirəcək, bütün qadınları çadra örtəcək, özləri də dönüb müsəlman olacaqlar. Xəstə Qasım keşişə nə qədər dedi ki, birinci o qabağa düşsün, olmadı. Xəstə Qasımı uşaq hesab elədiyindən qabağa düşmədi. Əlqərəz, Xəstə Qasım birinci deməli oldu. Hazar keşişə bildirdi ki, daha bazar açmağın yeri yoxdu, bircə qatar söz deyəcək, əgər keşiş aça bilsə, Xəstə Qasım məğlub olmuş hesabındadır. Hazar keşiş razılaşdı. Xəstə Qasım sazı köynəyindən çıxarıb zilini zil, bəmini bəm eləyib görək Hazar keşişə nə dedi:

Ol Adəmdən Xatəməcən gərdişi-dövran mənim,

Din mənim, məzhəb mənim, yol mənim, ərkan mənim.

Gül mənim, bülbül mənim, sünbülü reyhan mənim,

Yerdə insan, göydə qılman, ərşdəki aslan mənim.

Hazar keşiş belə hesab eləyirdi ki, Xəstə Qasım çarıqdançuruqdan, toyuqdan-cücədən danışacaq. Fikirləşirdi ki, hələ uşaqdı, nə bilir dünyada nə var, nə yox. Ancaq gördü yox, iş deyəsən, bir az qəlizə düşdü. Bu ərşdən, gürşdən, Adəmdən, Xatəmdən danışır. Sözə cavab tapa bilmədi. Öz-özünə dedi, qoy arxasını da dedirim, bəlkə, ona qədər bir şey fikirləşib tapdım. Üz tutdu ki:

– Xəstə Qasım, arxasını da de, mən də biryolluq hamısına bir yerdə cavab verərəm.

Xəstə Qasım davam elədi:

Abi ataş, xaki baddan yaratdı sübhan bizi,
Altı mindən altı yüzə isbat qılır üç yüzü,
Dörd yüz arxa bağlayar dəryada qırx dörd dənizi,
Yetmiş ikinin mən biriyəm, altmışın qırx səkkizi,
Beş içində altı Məkkə, səkkiz yüz fərman mənim.

Hazar keşiş gördü sözün arxası daha ağır gəlir, amma əlacı yox idi, dinməyib sakitcə qulaq asdı.

Yeddi eyvan, səkkiz seyvan, qırx sütun, bir ləngəri,
Yeddi ulduz, yeddi tuppuz, yeddi pus, yeddi dəri,
Bu hesabı cəm edənin başına əsər gəli,
Yeddi min qırxdan qabağa, səkkiz yüz dörddən bəri
Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim.

Bisti həşti nisb içində yar bizə isbat edər
Altı mindən altı yüzü otuz dördə zat edər,
Bir mürəkkəblə oxunan surəni kəlmat edər,
İncilü Tövratü Zəbur, natiqi-Quran mənim.

Xəstə Qasım Tikmədaşlı, sahibi cümlə xəta,
Var ümidim taci-meraca, billəm ki, eylər əta,
Açılar dəftər, görünər mənşər, bir şahsuvar illə-fəta
Əzmi-Qaf günahım olsa, əfv edər, rəhman mənim.

Hazar keşiş cavab tapa bilmədi. Üç günün içində Hazar keşişin yeddi para kəndinin bütün kişilərinə sünnət elədilər, arvadları çadra örtdü, xaçı atıb dönüb müsəlman oldular. Üç gündən sonra Mirzəli xan, Xəstə Qasım və Mirzəli xanın adamları yola düşüb gəlib Dağıstana çatdılar.

Bəli, elə ki, onlar soruşa-soruşa Ləzgi Əhmədin yaşadığı yeri öyrəndilər, birbaş gəldilər haman yerə. O birisi tərəfdən də Mirzəli xan vilayətin hakiminə xəbər göndərdi ki, bəs, gəlsin, Ləzgi Əhmədlə deyişdirməyə aşıq gətirib. Ləzgi Əhməd onların gəldiyini eşitdi. O saat da sazını götürüb gəldi Mirzəli xanın hüzuruna. Özünə çox arxayın idi ki, hər kim olsa, bu aşığı da bağlayıb sazını alacaq, üzü üstə geri qaytaracaq.

Əlqərəz, məclis quruldu, eşidib bilən hamısı tökülüşüb gəldi. Xəstə Qasım Ləzgi Əhmədin adını eşitsə də, kim olduğunu bilmirdi. Xəbəri yox idi ki, bu haman Ləzgi Əhməddir ki, vaxtilə kömbənin üçdə birini ona vermişdi. Elə ki, Ləzgi Əhməd ortalığa gəldi, Xəstə Qasım baxdı ki, bu haman adamdı. Ürəyində güldü, arxayın oldu ki, Ləzgi Əhməd uduzacaq, çünki kömbənin çoxunu Xəstə Qasım yemişdi, azını ona vermişdi. İstədi him-cim eləyə ki, Ləzgi Əhməd, çox haray-həşir salıb özünü biabır eləmə, üzü sulu sazı ver, təslim ol, vəssalam. Yaxınlaşıb zarafatyana dedi:

– Ləzgi Əhməd, kömbənin azını yemisən, uduzacaqsan ha…

Amma Ləzgi Əhməd mətləbi başa düşmədi. Əvvələn, xəbəri yox idi ki, vaxtilə qəbristanlığın yanında yediyi kömbə adi kömbə deyil, Allah vergisi imiş. Onun təbinə gələn hər şeyin hikməti bu kömbədədir. Elə bilirdi ki, elə vergidi, allah verib. İkincisi də, xəbəri yox idi ki, Xəstə Qasım kömbənin çoxunu özü yeyib, azını ona verib.

Əvvəl-əvvəl Ləzgi Əhməd Xəstə Qasımı tanımadı. Ona görə də soruşdu:

– Aşıq, adın nədir?

Xəstə Qasım cavab verdi:

– Xəstə Qasım!

– Hə, xəbərin gəlib bura da çatıb. Mollalara, qazılara, alimlərə doy gəlibsən, burası yaxşı. Amma neçə ay yol basa-basa öz ayağınla gəlib keçmisən cəngimə, burası, deyəsən, bir az pis olacaq! De görüm, hardan gəlmisən?

Xəstə Qasım fikirləşdi ki, yer-yurd deməyin mənası yoxdur, elə birbaşa özünü Ləzgi Əhmədə tanıtsın ki, bəlkə, işini qana, dedi:

– Sənin kömbə yediyin qəbristanlığın yanından!

Ləzgi Əhməd onun kim olduğunu başa düşdü, ancaq özünü o yenə qoymadı, guya ki, Xəstə Qasımın nə demək istədiyini başa düşmədi.

– Mən min qəbristanlığın yanında min dəfə kömbə yemişəm. Gərək onda hamısını bir-bir hesaba alıb yazaydım.

Xəstə Qasım gördü yox, Ləzgi Əhməd özü qəsdən tanışlıq vermək istəmir. Ürəyində dedi, eybi yoxdu, canın cəllad əlində – mərd olsan bağışlar, namərd olsan qılınclar.

Camaat gördü Xəstə Qasımla Ləzgi Əhməd arasında qəribə söhbət gedir, lakin heç kəs bir şey anlaya bilmədi.

Ləzgi Əhməd dedi:

– Xəstə Qasım, deyirlər, sən özünü çoxbilmiş hesab edirsən, ona görə həm də adını Dədə Qasım qoymusan.

Xəstə Qasım onun sözündəki rişxəndi başa düşdü, amma özünü o yerə qoymadı:

– Bəli, elədi ki, var!

Ləzgi Əhməd gülümsündü, yəni ki, sənin Dədə Qasım olmağına hələ çox var, bu, axirətdə də mümkün olan şey deyil. Oydu ki, hərbə-zorbaya keçdi:

Sənin adın Dədə Qasım,
Yandıracam oda Qasım.
Ləzgi Əhmədin əlindən
Gedəcəksən dada Qasım.

Xəstə Qasım baxdı ki, daha dayanmaq vaxtı deyil, Ləzgi Əhmədə cavab verməsə həddini aşacaq. O da sazı sinəsinə basdı:

Əhməd, belini dağa ver,
Gəl hirsinə qadağa ver!
Qurtarsan Xəstə Qasımdan
Bir ye, beş də sadağa ver.

Ləzgi Əhməd gördü bu, birə beş cavab qaytarır, qəzəbi daha da artdı, dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets