Mədəni hücumu keçirtdik həyata,Qalmadı keçmişdən bir nişan, bir əsər.Minərkən quş kimi çaparaq bir ata,Bir yola salındı ölkəmiz sərbəsər.

İndi də "sürəkli iş günü" hər kəsiAyırır yolundan Əhmədin, Isanın.İşləyib canlara çarxların nəğməsi,Uçulur qübbəsi məscidin, kilsanın.

Dövranın günləri, ayları, illəriBir başqa mehvərin başına dolanır.Görüncə bir sıra zərbəçi əlləriKeçmişin müztərib ürəyi bulanır.

Tutuldu tarixin dolaşıq yolları,Bağlandı üzünə günəşli qapımız.Bu köhnə yolçunun bağlandı qolları,Bir səslə çığırdıq üstünə hamımız:

– Biz yeni tarixin qüvvətli oğluyuq,Yolumuz başqadır, izimiz başqadır!Həycanla, həvəslə, tufanla doluyuq,Fikrimiz getdikcə cahana əl qatır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets