Bizə hansı elmlər lazımdır?
Page 2 of 3 · 33%
Axund Əbuturab buyurur: “Bəzi ibtidai məktəblərdə bəzi kitablardakı dini-islamın heç bir mətalibi-mühümməsini havi və came deyil, “əz bərayi xali nəbudən” mərasilə, bir saat tədris olunur..”
Cənab Axund burasını bilməlidir ki, dünyada hər bir işin, hər bir sənətin bir üsuli-təlimi, bir qanuni-təkamülü vardır. Bu üsul və qanuna riayət edib iş görənlər hansı məzhəb və əqidədə olursa olsunlar, şəksiz, tərəqqi edib mətləblərinə çatarlar. Biləks cümlə təfsirləri əzbər bilsinlər, madam ki, üsuli-təlimdən, qanuni-təkamüldən bixəbərdirlər, heç bir qərəqqiyə müvəffəq ola bilməzlər. Halbuki üsuli-təlimin, qanuni-təkamülün ən birinci tətbiq olunduğu yerlər məktəb və mədrəsələrdir. Buralarda hər şeydən artıq ona diqqət olunur. Diqqət olunur ki, “ibtidai” məktəblərdə dinin “mətalibi-mühümməsi” və çətin bəhslər əsla oxudulmasın. Süd əmən çocuğa ət verilə bilmə-yəcəyi kimi, zehni, mühakiməsi hənuz oyanmamış mübtədi balalara da heç vaxt “dinin mətalibi mühümməsi” oxudula bilməz. Bəlkə təlim və elmi-ruh üsulunca qurt, quş və tülkü hekayələri ilə, zehni hesablar və yüngül şəkillər ilə xırda balaların həvəsini oyandırıb, onları oxuduqlarını qanmağa, fikirləşməyə həvəsləndirməlidir. Bunları biləndən sonra dinin ən sadə əqidə, tarixə, tərcümeyi-hala dair yüngül bəhsləri öyrədilməlidir. Bu da cənab Axund Əbuturabın hələ az deyə şikayət etdiyi kimi nəinki gündə bir saat, bəlkə iki-üç gündə bir saatdan artıq oxudulmamalıdır.
Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə, böyüklərimizin belə asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf və füruata aid bəhsləri çox yerdə əzbərlədib balaların zehinlərini kor etmək, bəsdir, müsəlmanların əql və mühakimələrini kiçik başda ikən biəsil rəvayət və nəqliyyat ilə çürüdüb həqiqətdən uzaqlaşdırmaq!
Əziz müəllimlər, tərəqqisini arzu etdiyimiz ibtidai məktəblərdə, kim nə deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqbala xəyanət etmiş olarsınız.
Axund buyurur: “Məktəblərin təhsil olan elmlərində fariğ olan şəxslərin rəftar və kirdarlarından aşkər məlumdur ki, şəriəti-islamın heç bir etiqad və əməliyyatından baxəbər olmayıblar – “əz guze həmi təravəd an çe ke dər ust”.
Bəli, Axund cənabları, düz buyurursunuz. Bu xüsusda sizinlə həməfkaram. Həqiqət, məktəblərdən fariğ olanların əksəri islamın etiqad və əməliyyatından baxəbər deyillər. Burası çox doğru. Amma cənab Axund, insafla danışaq; bunların əsil etiqadatı bilməməklərində özləri müqəssirdir, yoxsa onlara təlim verən mollalar və müəllimlər? Buyurunuz, məsləkdaşınız axund və mollaların yazdıqları şəriət kitabların gözdən keçirək. Və onların şagirdlərə nə yolla təsir edəcəklərini insafla mülahizəyə alaq. Budur, ruhani məşhur bir əfəndinin yazdığı bir kitab qabağımdadır. Orada bu sətirləri oxuyuram: “Və bil-qədri xeyruhu minə-l-lahi-teala”, yəni xeyir və şər Allah taalanın istəyi ilə, xəlq və təqdiri ilə olduğuna inandım…”
İndi huş və guşla bir diqqət ediniz: bir çocuq ki, hənuz xırda yaşdan, xeyir və şər insanın öz əlində, ixtiyarında olmayıb, özgəsinin istəyi və təqdiri ilə olduğuna etiqad edə, o çocuq ola bilərmi ki, özündən yaxşılığa həvəs etsin? Və ya bir çocuq ki, zalımların zülm və şərini Allahdan bilə və eləcə tərbiyə ola, olarmı ki, böyüyəndə şəri dəf etməyə, zalıma qarşı durmağa cürət edə bilsin?
İnsaf ediniz! Bir çocuq ki, cümlə xeyir və şəri, cümlə qazanc və zərəri, səadət və bədbəxtliyi məhz Allahın istəməyinə asılı bilə və buna bu cür etiqad etməyi də dinin rüknündən, əslindən hesab edə, belə bir çocuq böyüdüyü vaxt ayə nə təbiətdə olar, soruşuram? Əcəba, bu növ etiqadın, bu sayaq tərbiyeyi-ruhiyyənin təsir altında böyüyən bir nəfər, bir ailə, bir millət tənbəl, aciz və həqir olmaz da, nə olur?
Madam ki, insan öz felinin xaliqi deyil, kim deyə bilər ki, mən filan xeyir işi yapmaq, vücuda gətirmək istəyirəm.
Madam ki, bir şəxs çalışsa da, çalışmasa da əzəldən təqdir olunmuş ruzi və qismətin ona çatacağını yəqin etiqad edir, belə bir kəs səy və tərəqqiyə həvəs edə bilərmi? Burasını keçəndən sonra madam ki, insanın feli öz ixtiyarında deyil, nədən ötrü öz ixtiyarında olmayan feldən məsul və cavabdeh olsun, nədən Əlinin haqqı Vəlidən istənilsin. Halbuki Həqq-təala adili-mühəzzirdir. Bizim bugünkü əksər etiqadımız, bugünkü rəftarımız isə ədalətə müxalifdir. Həqiqəti-islamiyyəyə ziddir. Belə müxalifətdə bir az dəvamımız milləti hər surətdə əsir və rəzil etməyə kifayətdir.
İndi, cənab Axund, buyurunuz görək, siz ki, şəriət adı ilə yazılan, camaatı yüz illərcə qeyd və sənəd edən, oxuyanları səfil və tənbəl qoyan kitabları, o cəfəng və xurafatnamələri görür və eşidirsiniz, nədən ötrü onlarin ziddinə bir məqalə, bir risalə yazıb izhari-həqiqət, əsasi-dini-islami təhfimə vasitə olmursunuz ki, həqiqəti islamı firənglərdən artıq bu gün müsəlman ad və paltarındakı alimnümalar, alim- nümaların şəriət adı ilə yazdıqları biəsil və biəql rəvayətnamələr xarab edir?
Cənab Axund, əgər islama xidmət etmək istərsəniz, bizə bir o qədər zərərləri toxunmayan firəngləri buraxıb öz aramızdakı həqiqəti-islamiyyə düşmənlərini, mədəniyyət və insaniyyət xadimlərini, məhəbbətnəva əduvvələrini islah ediniz, onları təriqi-hidayətə gətiriniz.
Hələ mübtədilərə məxsus şəriət kitablarımızı bir diqqətlə mütaliə buyurunuz, görünüz ki, oxuyanların zehinlərini, mühakimələrini əzəcək nə qələr etiqadlar, müxtəlif islam əmrləri vardır!
Bu saat gözümün qabağında təzə çap olunmuş bir şəriət kitabı durur ki, təshih edirəm. Gözümə sataşan sətirlərin birisi budur: Allah tərəfindən əmr olunan şeylərin 3-mincisı “böyüklərə itaət edib rizalarını kəsb eyləməkdir”.
İndi həmin bu şəriət əmrinin, bu fərzi nəzəri-diqqətə alaq. Axı nədən ötrü böyüklərə kor-koranə itaət edib, rizalarını kəsb edək? Halbuki islamın nəzərində böyük-kiçik, padşah-gəda, dövlətli-fəqir cümləsi birdir. Belə olan surətdə bu nə əmrdir bizə təklif olunur? Bu kimi əsilsiz, yersiz etiqadların, əmrlərin təsiri ilə deyilmişdir ki, millətimiz başdan-başa hökumətin zalım məmurlarına boyun əyib qul və əsir olubdur? İslama böhtan olan bu kimi yazıların, təlimlərin nəticəsi deyilimdir ki, ən axmaq bir hakim, ən cahil bir axund hər nə buyursa bəli, bəli deyib kor-koranə qəbul edirik, haqq ilə batili fərq etməyə özümüzdən bir qüvvə axtarmırız. Üluləmr, dövlətli ağa nə buyursa itaəti vacib bilirik ki, dünyada bundan alçaq, bundan heyvani bir təbiət dəxi ola bilməz. Mən bilmirəm, madam ki, insanlar yaradılışca da, Allahın yanında da birdir, nədən ötrü özgələrə boyun əymək rəzalətini qəbul edirik?
Zalım yalnız o deyil ki, özgələrə əziyyət verir, bəlkə zalımlığın ən böyüyü məzlumluğu qəbul etməkdir; böyüklərə heyvanca itaət edib zülm və istibdadın artmağına səbəb olmaqdır.
Bəzi axundlar deyirlər: İmam Hüseyn aleyhissəlam “məzlum” olubdur. Halbuki bu kəlam həzrətin haqqında böyük böhtan və həqarətdir. Həzrət imam əgər məzlumluğu qəbul etsə idi, heç vaxt o surətdə mərdanə də şəhid olmazdı.
Budur, bizim cahil axundların qaş yaparkən göz çıxarmalarına xırda bir dəlil.
Bu sözlərimdən qiyas edilməsin ki, ümumiyyətlə, “itaəti” qəbul etmirəm. Xeyr, biləks rza, həqq və həmrəy ilə olan itaət insanlığın ən birinci sifətidir.
Cənab Axund buyurur: “Həqqi-təala kitabında buyurubdur: “Xəlq etmədim cınnü insi məgər ibadət etmək üçün”. Burası məlumdur. Allah-təala həzrətlərinə ibadət etmək mümkün olmayacaq məgərin ki, əvvəl Allah-təala həzrətlərinin sifəti-zatiyyəsinə arif ola vəəfali-həkimanəsinə vaqif ola. Bu mətalibə arif və alim olmaq moqufdur. Qurani-şərifə arif və alim olmağa”. Buna şəkk yox. Həqqi-təala cinnü insi xəlq etmədi məgər, ibadət üçün. Mən də kəmali-ixlasla təsdiq edirəm ki, insan məhz “ibadət” üçün xəlq olunubdur, amma iş burasındadır ki, görək bu “ibadət” nədir?
Əvvəla burasını bilməliyiz ki, ibadət bir növ deyildir: Həqqi-təalanın bir sifətinə xas bir ibadət və hər ibadətin bir mükafatı vardır. Məsələn, həqqi-təalanın nəhayətsiz sifətlərindən biri “məbud”luq sifətidir. Bu sifətə məxsus ibadətdə: namaz qılmaq, oruc tutmaq, həccə getmək və qeyridir. Bu ibadətin mükafat və məcazəti isə cənnət və cəhənnəmdir ki, o da gələcəkdə, axirətdə veriləcəkdir.
Halbuki Allahın binihayət sifətlərindən biri, məsələn, “qalib”lik sifətidir. Buna məxsus ibadətdə zəmanəyə görə hərb alətləri yapmaq, əsgəri məktəbləri, yollar, maşınlar vücudə gətirməkdir. Bu ibadətin mükafatı isə bu dünyadır ki, o da qaliblik nemətidir. Qeyri ibadətlər də bunu kimi ülumi-əqiliyyənin köməkliyinə möhtac olan ibadətlərdir ki, cümləsinə mükafat bu dünyada ikən verilir. Heç bir nisyəyə, təxirə buraxılmaz. Bu təqdirdə Allahı tanımaq, insani-kamil olmaq əlbəttə ki, Allahın təkcə bir sifətini bilib ona iktifa etməklə olmaz, bəlkə cümlə və ya əksər sifəti-zatiyyə və əfali həkimanəsini bilib hərsəinə məxsus ibadəti əda etməklə olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-bize-hansi-elmler-lazimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir.Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı saat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda güllə-bazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm, polad ürək, əyyubi-səbir istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar.
Vasiteyi-nicatımız nədədir?Bugünkü adətimiz, əfkarımız zaman və məkanımızın vəzi nəzərə alınarsa nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər sanıram. Hərçənd bir millətin tərəqqisi əsasən, ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə avropalıların tərəqqisi, ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın ən ümdəsi, bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır.Mənim bu sözlərimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülərlər. Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz nəzərinə o dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur. Amma həqiqətdə isə belə deyildir. İdareyi-ruhaniyyələr bizim yeganə şəri-məhkəməmiz, milliməclisimiz, icmai-idarəmiz, xüsusi kabinetimiz, müstəqil məşrutə-xanəmizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islami saxlayan da odur, batıran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiyə qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarənin millətilə olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmamışıq. Biləks həməvaxt öz zərərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmağına bol-bol müsaidələr etmişik.
Məzlum ən böyük zalimdirDünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.
Alınan azadlığı nə cür saxlamalıİran mücahidlərinəİstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.
Poems by other poets
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
دل با تو برفت هیچ منزل که نمانددر عشق بگو کدام مشکل که نماند
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki