Page 3 of 3 · 67%

Həqqi-təalanın sifəti-zatiyyəsini və əfali-həkim manəsini bilmək isə yalnız ülumi-fiqhiyyəni bilməklə olmaz. Lazımdır ki, Allahın qüdrət və əzəmətinə və sifati-üluhiyyətinə dəlalət edən bunca məxluqat və fələkatın, yəni Allahın əsərini surət və xilqətlərini bildirən ülumi-hikəmiyyə və əqliyyə bilinsin ki, əsərdən müəssirə intiqal edib müəssirin, yəni Allahın qüdrət və əzəməti, əfali həkimanəsi də bilinsin.

Əlbət ki, dəstəmaz, təharət və orucun təfsilatını bilməklə Allahın əfali-həkimanəsini bilmək olmaz.

Buyurduğunuz kimi, Allahı tanımaq, mömini-kamil olmaq Qurani-şərifə başdan-ayağa arif olmaqla olar.

Çox gözəl. Bu halda lazımdır ki, Qurana başdan-ayağa arif olmaq üçün Quranın yalnız yüzdə on qisminin, yəni fiqhə aid təfsirlərinin mütaliəsi ilə iktifa etməmək, bəlkə Quranın yerə, göyə, havaya, hərbə, iqtisada, əhd və hüquqa, hətta tilsim və sehrə də aid olan bəhslərin şərh və təfsirlərini bilmək. Bunları bilmək üçün də mütləq hikməti-təbiyyə, kosmoqrafiya, təbəqatülərz, kimya, tibb, tarix, fünuni-əsgəriyyə, hüquqi-beynəlmiləl, elmi-sərvət, riyaziyyat və qeyri elmləri bilmək, həm də həqqilə bilmək lazımdır.

Fiqhsiz şəriət elmi, yəni Quranın yüzdə on qismi, bilinə bilməyəcəyi kimi ülumi-əqliyyəsiz də hikəmiyyə, əxlaq və qeyri, yəni Quranın yüzdə doxsan qismi bilinə bilməz. Demək ki, Quranı bilmək, Allahı tanımaq üçün həm ülumi-şəriyyəni, həm də ülumi-əqliyyəni birlikdə bilmək lazımdır. Vəilla yalnız fiqh qismi ilə Allahı tanımaq heç vaxt ola bilməz.

Cənab Axund deyir: “Əgər bir şəxs tamam ömrünü ülumi-riyaziyyə və hikməti-təbiyyə təhsilində sərf edə, müəllimi-əvvəl Aristotalis məqamını dərk edə, əlbəttə, həqqi-təalaya alim və arif olmayacaq, insaniyyət və mədəniyyət şəhərinə daxil olamayacaq”.

Cənab Axund, biz də kəmali -cürətlə deyirik ki, bir şəxs tamam ömrünü şəriəti-əməliyyə və fiqhə sərf edə, amma Quranın bir çox ayətlərinin şərhi demək olan ülumi-hikəmiyyə və əqliyyədən bixəbər ola, əlbəttə, həqqi-təalaya alim və arif olmayacaq və mədəniyyət şəhərinə daxil olmayacaqdır. Nə cür də olsun ki, Allahı bilmək əsərini, yəni yaratdığı məxluqatın əsrari-xəlqiyyəsini surəti-həyat və davamını, qəvaini-məxsusiyyəsini bilməklə olar. Məsələn, bir kəs mühəndislik elmindən bixəbər olsa, əlbət, yapdırdığı körpünün möhkəm və çürük olduğundan bixəbər olacağı kimi, mühəndisini də həqq ilə tanıya bilməyəcəkdir. Bunun kimi bir kəs əgər Allahın əsəri olan məxluqat və mövcudatın əsrari-həyatiyyə və həvasi-təbiyyələrini bildirən ülumi-əqliyyədən bixəbər olsa, şəksiz ki, müəssirin, yəni Allahın qüdrət və səmadaniyyətindən bixəbər olub, onu haqq ilə tanıya bilməyəcəkdir, o şəxs istəsə şəriəti-əməliyyə elmində kamil və müctəhid ola.

Axund deyir: “Bizim bu zəmanəmizdə biz müsəlmanların insaniyyəti və mədəniyyəti məqufdur dəyanəti-islamiyyəni bilib əməl etməyə, elmi-hesab, elmi-tibb, elmi-həndəsə bilməklə insan olmaq olmaz…”

Mən də təsdiq edirəm ki, yalnız bir elmi bilməklə, əlbət, gözəl təbiətli kamil bir insan olmaq olmaz. Lazımdır xilqətində bir az istedad olmaqla bərabər, xırda yaşdan məlumatlı ana qucağında tərbiyə və adət ilə əxlaqi-həsənə kəsb etsin; ülumi-əqliyyə və nəqliyyə ilə hüquqi-vəzaifi-insaniyyəsini bilib hüsn-əxlaqının təzyiq etsin. Yoxsa istər şəriət, istər hikmət elmi olsun, heç bir elm öz-özlüyündə insan tərbiyəli, gözəl təbiətli edə bilməz. Budur ki, Osmanlı və qeyri yerlərin mədrəsələrinə dolan tərbiyəsiz, əxlaqsiz bir çox mollalar neçə illər şəriət elmlərini oxuduqları, hətta icazə də aldıqları halda oxuyanların ən pozuq əxlaqlısı, ən fasad təbiətlisi olurlar. Halbuki bunlara görə tibb, hüquq, əsgəri və qeyri məktəblərdə oxuyanlar bir dərəcə əxlaqlı, qeyrətli olmaqla bərabər öz millət və dinlərinə də əllərindən gəldiyi qədər xidmət edirlər.

Zənnimcə, tərbiyə və adət ilə əxlaq sahibi olmaq və sonra təhsili-ülum ilə onu ikmal etmək, məhz tərbiyəli, məlumatlı anaların qucağında və üsuli-təlim və tədris təhtində olan müntəzəm məktəb və mədrəsələrin bucağında olar. Buna görə müsəlmanlar arasında nə qədər analar oxumamış, məktəb və mədrəsələr nizama girməmiş qalır, o qədər də mədəniyyət aləmi bizdən uzaq qalacaqdır.

Axund Əbuturab deyir: Nə göyçək mətləb buyurub Molla Məhəmməd Bağdadi.

Elm rəsmilə rütbeyi-rifət,

Arizuyi-məhal imiş ancaq.

Eşq imiş hər nə var aləmdə,

Elm bir qilü-qal imiş ancaq.

Cənab Axund, həqiqətdə də belədir! Eşqsiz, həvəssiz dünyada heç bir xeyirli iş əmələ gəlməz; heç bir sirri-ilahi, heç bir ixtira vücuda gəlməz. Bəli, yalnız elm-rəsmi oxumaqla rəfeyi-rifət arizuyi-məhaldır. Bunlar çox doğru sözdür. Ən böyük məktəb və mədrəsə qurtaranlardan elələrini tanıyıram ki, oxuduqları elm-rəsmi sayəsində ancaq başını saxlayacaq bir qulluğa keçib onunla iktifa edirlər. Amma orta məktəbləri qurtarmış və ya öz-özünə oxumuş eylə həvəslilər var ki, elmə, həqiqətə olan eşqləri sayəsində ən fəzilətli sahibi-elm, ən əhəmiyyətli sahibi-rifət olublar.

Odur ki, fikrü məsləklərinə, öz etiqadlarına olan eşqləri sayəsində bunca milyonlar içində ancaq on-on beş Sokrat, Əflatun, İmam Cəfər Sadiq, Əbu Mənsur Matəridi, İmam Hənəfi, Əbu Əli Sina, İbn-Xəldun, Şeyx Rumi, Şekspir, Alfyeri, Bayron, Şiller, Qaliley, Paster, Edisson və qeyri özgələrdən təməyyüz edib, şöhrət və nami-əbədi kəsb ediblər.

İştə, Molla Məhəmməd Bağdadinin bəyan etdiyi eşq və istedad belədir. Bu eşq isə hər kəsin istedad və tərbiyeyi-əvvəliyyəsinə görə, kimisini İmam Cəfər Sadiq, İmam Qəzali, kimisini İbn-Rüşd,Məhiəddin Ərəbi, kimisini Nyuton, Qaliley, kimisini də Kamal, Midhət Paşa və Seyid Təbatəbayi eylər.

Eşq və eşqin xasiyyəti belədir, yoxsa, eşq sizin zənn etdiyiniz kimi dünyadan qəti-əlaqə edib əsami-məlaykeyi zikr və vərd ilə məşğul olmaq və beləliklə, guya vasili-əliallah olmaq eşq deyil.

Cənab Axund Əbuturab deyir: “Cənab kibriyaya həbib olmaq rəsuli-əkrəmə tabe olmaqdır”.

Əlbət ki, belədir: cənab kibriyaya həbib olmaq üçün rəsulə tabe olmaq, rəsulun getdiyi yoldan getmək lazımdır.

Rəsuli-əkrəmin getdiyi yol isə insanları hər növ ilə olursa olsun, səlamətə çıxartmaqdır. Bu səlamət yolu da təbii, yalnız ibadət ilə ola bilməz və ola da bilməmişdir. Həzrət Rəsulun həyat səadətini, icraatını təftiş edəcək olursaq, ömrünün çox qismini təfəkkür, vəz, məşvərət müharibə ilə keçirdiyi anlaşılır. Həzrət peyğəmbər millətin on xırda bir işindən ən böyük işinə qədər bizzat qarışar, ən qorxulu, təhlükəli yerlərə ən əvvəl özü gedər. Ən son zəhmət və rahatsızlığı ən ziyadə özü çəkərdi. Həzrət Məhəmməd dini-islamın nəşrinə, payidarlığına nəinki ibadət ilə, bəlkə ən ziyadə vəz, müşavirə, tədbir, yeri düşəndə qalxan, ox, mancanaq ilə çalışmışdır; ol zamanın ən birinci hərb alətləri: qılınc, qalxan, ox, mancanaq əsgərlik əməliyyatı: mancanaq atmaq, xəndək qazımaq və hasar çəkməkdən ibarət idi ki, bunların cümləsini, yəni ol zamanın ən birinci üsul və aləti – hərbiyyəsini həzrət peyğəmbər öyrənib əshabına da bildirmişdir.

Həzrət peyğəmbər ol zamanın nə qədər ülum və fünun məhsulu var idisə, müharibələrdə cümləsini tədbiq edirdi. Əsbabi-ruhaniyyəyə əsla təvəssül etməzdi, dua oxuyub yalvarmazdı. Hər vaxt üsul və aləti-hərbiyyəyə müraciət edib, onların vasitəsilə qələbəyə məzhər olurdu. Həzrət peyğəmbərin bu səy və ictihadına erməni keşişləri bizim dua və həyulapərəst axundlardan, əfəndilərdən artıq vaqif imişlər ki, keçən iğtişaş vaxtından heybələrində İncil əvəzinə Kürdəmirdən bombalar keçirib millətlərinə kömək etməyin qeyrəti-millətpərvəranəsində bulundular. Halbuki ol zaman bizim huripərəst ülumi-əqliyyə düşmənləri döşəklərində rahat yatıb qələbə və səlaməti təsbeh çevirməkdə, nafilə namazı qılmaqda axtarıb milləti badi-fənayə verdilər. Əcəba, həzrəti-Rəsul millətinin qan selləri içində üzdüyü vaxt mənzilində qapanıb ibadətmi edirdi? Və ya döşəkdə rahət uzanıb təsbehmi çəkirdi? Hanı həzrəti-Rəsulun əfali-amalını özlərinə rəhbər bilənlər? Hanı o müqəddəslər, bundan artıq millətin hansı qara günün gözləyirlər?

Axund deyir: “Əgər birisi sair ülumda dərəceyi-kamilə baliğ ola dəyanəti-islamiyyədən binəsib ola, əlbəttə, dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmayacaqdır”.

Axundun bu sözlərindən görünür ki, “dəyanəti-islamiyyə” ülumdan uzaq, ülumla irtibatı olmayan əlahiddə bir aləm imiş. Amma “dəyanəti-islamiyyə”yə bizim nəzərimiz elə deyil. Bizim etiqadımız bundadır ki, ülumun dərəceyi-kamalına baliğ olan şəxs “dəyanəti-islamiyyə ”nin də bir çox qisminə əməl etmiş olur.

Bir də həqqi-təalanın hər sifətinə məxsus ayrı-ayrı ibadət və ayinin olmağına görə, ülumun dərəceyi-kəmalına baliğ olmağın özü də alim sifətinə məxsus olan bir “ibadət”i oda etmək deməkdir. Allahın sifətini, sifətinə xas ibadəti bilmək, əda etmək isə Allahı bilmək, tanımaq deməkdir. Allahı hər növ yol ilə tanımaq, bilmək isə əsasi-islamdır.

Bu halda, nədən ötrü ülumda dərəceyi-kəmalə baliğ olan kəs dərəceyi-insaniyyət və mədəniyyətə baliğ olmasın? Məgər Allahın qadir, müdəbbir, alim, fazil, fəal… və qeyri sifətlərini bilməyə vasitə olan ülumi-əqliyyə və hikəmiyyəni təhsil etmək islamın xilafıdır, yoxsa əsası?

Axund buyurur: “Əgər bir kəs dəyanəti-islamiyyəyə alim və arif ola və üluma cahil, əlbəttə, insaniyyətə zərər yetirməyəcəkdir”. Bu nə söz, bu nə biməna hökm? Hələ üluma cahil olmaqla insaniyyətə zərər yetirməyin dünyəvi cəhəti dursun, şəri cəhətinə gələk: madam ki, Allahın hər sifətinə, məsələn, qaliblik, alimlik, müdriklik, qadirlik və qeyri sifətlərinə məxsus bir adət vardır və Allahın bir parə sifətlərinə, məsələn, qaliblik sifətinə məxsus “ibadət”: zamana görə əsgəri, sənaye məktəbləri yapmaq, top, tüfəng, dinamit və qeyri aləti-hərbiyyə meydana gətirmək, əsgəri teleqraf, şar, gəmi və maşınlar vücuda gətirməkdir və bunları əmələ gətirmək birər “ibadət”dir, bu təqdirdə ülumi əqliyyə və hikəmiyyəsiz bunca ibadəti əda etmək nə gunə mümkün olacaqdır? Bu ibadətləri əda etmək mümkün olmadığı surətdə Allahın qaliblik, qadirlik… və qeyri sifətləri nə ilə bilinəcəkdir? Dua oxuyub təsbeh çevirməkləmi? Bundan savayı, əgər ülum-əqliyyə bilinməzsə, bunca misri naxoşluqların önü nə növ ilə alınacaq? Duanəvislərin, nüsxəbazların bərəkəti ilə xolera, taun, çiçək, yatalaq kimi sarı naxoşluqlardan milçək kimi qırılan müsəlmanları əgər həkimlərimiz olmaz isə, kimlər tədavi edəcək? Bundadamı deyəcək: “Qədərdə nə varsa, o olacaqdır. Tədbir və çarə nəyə gərək?”.

Min zəhmət və məşəqqətlə çiçək döymək üsulunu tapıb minlərcə bigünah balaları əcəlsiz ölümdən xilas edib bunca ata və anaların göz yaşlarını dayandıran bir firəngin məgər Allah yanında heç bir fəziləti yoxmu?

Əcəba, bütün ömürlərini insanların səadət və rahatlıqları yolunda sərf edən Paster, Cenni, Marks və qeyri firəng məşahiri Allahın rəhm, müin, nasir və alim sifətlərinə məxsus olan “ibadət” ilə məşğul deyillərmi?

Bunlar və bu növ, ibadətdə Allahın ən fədakar, ən müxlis abidələri deyillərmi?

Mahtərmə Axund həzrətləri, insaf etməli: Allahın yüzlərcə sifətinə məxsus olan min növ ibadəti buraxıb, təkcə məbudluq sifətinə xas ibadətlə məşğul olan tərki-dünyalar kimi nə vaxta qədər özlərinizi insani-kamil, alimi-həqiqi, abidi-müxlis hesab edib, qeyrilərini insan cərgəsinə qoymamaq mərəzi-cəhalətindən xilas olacaqsınız?

Xülasə, bizim son cavabımız budur: Ülumi-əqliyyə ilə mədəniyyət və insaniyyətə çatılmaz isə, ülumi-nəqliyyə və şəriyyə ilə heç vaxt çatılmaz. Əgər ülumi-nəqliyyə və şəriyyə ilə mədəniyyət və insaniyyət olursa, ülumiəqliyyə ilə yüz qat daha möhkəm və şərəfli olur.

Ömər Faiq Nemanzadə

1907-ci ildə Tiflisdə “Bizə hansı elmlər lazımdır?”

adı ilə çap olunmuş kitabdan götürülmüşdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağacı qurd içindən yeyər (2)

Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir.Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı saat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda güllə-bazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm, polad ürək, əyyubi-səbir istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar.

19064 min
Vasiteyi-nicatımız nədədir?

Bugünkü adətimiz, əfkarımız zaman və məkanımızın vəzi nəzərə alınarsa nicat və tərəqqimiz idareyi-ruhaniyyələrin islahına bağlı olduğunu hər sahibi-fərasət təsdiq edər sanıram. Hərçənd bir millətin tərəqqisi əsasən, ruhanilər ilə olmuyub, biləks bəzi millətlərin, xüsusilə avropalıların tərəqqisi, ruhanilərin nüfuz və iqtidarından düşməkləri ilə başlamışdır. Amma islamda, xüsusən bu növ zülm və cəhalət dövründə, hər tərəfdən sıxılıb əzildiyimiz belə keşməkeşli bir vaxtda bizim vasiteyi-nicatımızın ən ümdəsi, bizi səlamətə çıxaran yolların ən gödəyi ancaq idareyi-ruhaniyyələrimizin islahıdır.Mənim bu sözlərimə ehtimal çox kimsələr, xüsusən bir çox intelligentlərimiz gülərlər. Çünki idareyi-dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz nəzərinə o dərəcə biganə, həqir, əhəmiyyətsiz, nüfuzsuz xırda görünübdür ki, ondan bizim üçün bir nicat ümidi təsəvvür etmək belə bir xəyali-fasid hesab olunubdur. Amma həqiqətdə isə belə deyildir. İdareyi-ruhaniyyələr bizim yeganə şəri-məhkəməmiz, milliməclisimiz, icmai-idarəmiz, xüsusi kabinetimiz, müstəqil məşrutə-xanəmizdir. Bizi dirildən də odur, öldürən də odur. Rusiyada islami saxlayan da odur, batıran da odur. Bizi insan edəcək də odur, bugünkü kökə salan da. Amma nə etməli ki, belə böyük bir idareyi-milliyəni biz indiyə qədər özümüzə mal etməmişik. Nə fayda ki, belə ali bir idarənin millətilə olan münasibət və mərbutiyyətini nəzərə alıb onun islahatına əsla çalışmamışıq. Biləks həməvaxt öz zərərimizə olaraq öz keflərinə və ya özgələrin siyasi oyuncaqları olmağına bol-bol müsaidələr etmişik.

19067 min
Məzlum ən böyük zalimdir

Dünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra hər nədənsə camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki, hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.

19064 min
Alınan azadlığı nə cür saxlamalı

İran mücahidlərinəİstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm və şiddətə həmişə nə cür möhtacisələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.

19064 min

Poems by other poets