İşıqlı həyat həsrətində
Page 2 of 2 · 50%
Gövhər deyər, zornan ərə verilən
Bu dünyada nə bir sənsən, nə də mən.
Çadra müsəlman geyim “moda”sının müəyyən bir ünsürü deyildi: o, əsarət rəmzi, mütilik timsalı, qadının öz üstündə daşıdığı fərdi, səyyar zindanı idi. Müsəlman evlərində əndərun və birun adlı iki hissə olurdu. Pəncərəsiz sal divarlarla küçədən, bayırdan gizlədilmiş içəri hissə – əndərun – qadınların yaşadığı yer, bütün ömürlərini sürdükləri dar və məhdud bir sığınacaq idi. Çadra yalnız geyim ünsürü olmadığı kimi, əndərun da yalnız memarlıq istilahı deyil. Çadra da, əndərun da – həyat tərzi, əxlaq və anlaq norması, islam şərqinin qadına olan “fəlsəfi” münasibəti idi.
Bu kitabı varaqladıqca düşünürdüm: şairələrimizin çoxunun ömrü-günü əndərunda keçib, həyatlarını qara çadra altında yaşayıblar. Bəs onda nə qəribə haldır? Bütün dünyadan təcrid olunmuş, sal daşlarla, kor, pəncərəsiz divarlarla ayrılmış əndəruna Azərbaycan qadınları bayırdakı geniş dünyanın bütün duyğularını, sevinc və kədərlərini keçirə biliblər, çadranın qara pərdəsi altından yer üzünün bütün rənglərini, çalarlarını görə biliblər, seçə biliblər...
Başqa dinlər kimi islam dini, insanın fərdini, “mən”ini öldürməyə çalışıb. Bu cəhətdən şəriət ehkamları qadınlara qarşı daha amansız olub.
İnsanın böyüklüyü, barışmazlığı və qüdrəti ondadır ki, o, həmişə öz mənliyi, qüruru uğrunda üsyana qalxıb. Bu insanlıq üsyanında qadınlığın da öz payı var. Bəzən “üsyan” sözün müstəqim mənasında qiyam, vuruş olub, qurbanlar aparıb. Belə şəhidlərdən biri Tahirə Qürrətüleyidir. Amma insan ləyaqəti uğrunda döyüşün zahirən görünməz, səssiz, sakit formaları da var. Şəriətin dünyanı qadına haram elədiyi bir dövrdə sevgi haqqında, həyat haqqında öz sözünü pıçıltıyla belə olsa da demək fədakarlıqdır, hünərdir. Çünki bu zəif pıçıltılar əsl şerə çevrilirsə, deməli onlar qəlbin çırpıntılarından doğulub. Qəlbin çırpıntıları isə, təbil zərbələrindən fərqli olaraq eşidilməzdir.
Əlbəttə, kitabdakı şeirlər nə kəmiyyət, nə də keyfiyyət baxımından eyni ölçüdə deyildir. Ancaq ən yaxşı şeirlərdə şairələrin məni, fərdi duyulur: hər birinin öz səsi, öz sözü eşidilir.
Ağabəyim ağanın qəzəlindən iki misra hifz olunub. Bu beytdə narın meh kimi yüngül, güclə sezilən bir təəssüf var:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Ağabəyim ağanın zərifliklə etdiyi giley qarşısında Şəhrabanunun şikayətləri nə qədər ehtiraslı və çılğındır:
İşvə bilməz, qəmzə bilməz, naz bilməz,
Sevgi bilməz, söhbət bilməz, saz bilməz,
Söz eşitməz, qaş anlamaz, göz bilməz,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Qoyun deyil qoyunlara qatam mən,
Öküz deyil çodarlara satam mən,
İgid deyil qucaqlaşıb yatam mən,
Ana, məni bir nadana verdilər,
Günahıma, babalıma girdilər.
Azərbaycan şairləri bundan da kəskin dillə danışmağı bacarırlar. Aşıq Pəri həddən artıq canfəşanlıq eləyən aşiqi “ağlına dua yazdır” – deyə yerində otuzdurur.
Zərif, məlahətli olmağı da bacarır şairlərimiz. Heyran xanımın bu misralarında nə qədər incə bir qadın işvəkarlığı var:
Ey sərv-qəddü simtək,
Şəkkər ləbü qönçə dəhən,
Doğrusu, sən çox gözəlsən,
Biz də bir az pis deyilik.
Fatma xanım Kəminə sadəlövh bir səmimiyyətlə: “Ey gözüm, Əhmədə bax, gör nə qəşəng oğlandır” – deyə, hisslərini gizlətmir.
Şairə Zeynəb isə azad insan hissini təbiiliklə ifadə edir:
Gəl eşit Zeynəb sözünü,
Yoldan yığ yarın gözünü.
Çox da incitmə özünü,
Götür məni qaç, İsmayıl!
Hər şeir bir insan xarakteri, bir qadın temperamenti, bir taledir! Duymağı, sevməyi bacaran, bəzən hissləri uğursuzluğa düçar olan, bəzən yarından, bəzən övladından, bəzən vətənindən ayrı düşən qadınlar... Daha çox ağlayan, amma gülməyi də bacaran, iztirab çəkən, ümid bəsləyən, arzularla yaşayan, düşünən, duyan qadınlar... Həyatlarını, hisslərini şerin diliylə əbədiləşdirmiş, ömürlərinin şerə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş şairələr...
Dünyanın hər üzünü görmüş, şux bayatıdan hüznlü qoşmalara qədər hər ovqatda şeirlər yazmış Bəsti təqribən yüz il ömür sürüb. Ömrünün bir əsrini başa vurarkən Bəsti sevincini, dərdini, duyduqlarını çoxdan unutmuş, yaşıdlarının, müasirlərinin çoxunu torpaqlara tapşırmış, qəribə bir “vaxt qürbətinə” düşübmüş. Bu “vaxt qürbətində” onu tanıyan qalmayıb. Şairə qəribə bir nisgillə:
Aşıq Bəsti mənəm,
Ellər tanımır –
deyir və bu yaşında belə sırf qadın psixologiyasına məxsus bir işvəylə əlavə edir:
Sinnim doxsan olub
İllər inanmır.
Bir əsrlik ömrün müdrik təcrübəsindən Bəstinin başqa bir poetik və dərin obrazı da yaranıb:
Məleykə boyludu, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi, aldadır səni,
Cavanlıq donunda qalan bu dünya.
Zənnimcə, bu obrazı yalnız qadın sənətkar kəşf edə bilərdi.
Azərbaycan şairlərini oxuyun, tanıyın, sevin. Onlar bu sevgiyə layiqdirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-isiqli-heyat-hesretinde
Use ← → keys to move, R for a random poem