Nəvai

Canım üzülür hicr ilə, canan gərəkdir,
Könlüm alışır dərd ilə, dərman gərəkdir.
Bu qəm gecəsi aşiqi-pərvanəyəm, ancaq
Başımda mənim şəmi şəbistan gərəkdir.
Qəmzən xoş olur könlümə, ey işvəli dilbər,
Ah, oxlarına bir neçə peykan gərəkdir.
Eşqin gecə-gündüz məni yandırdı içərdən,
Eşq əhli, Nəvai, yana pünhan, gərəkdir.


Qəmin oxu ki, könüllər evin nizanə qılar,
Bu xak olan tənimə yetcək, orda xanə qılar.
Ləbin bəhanəsiz el qanım tökər hər dəm,
Mənə gəlincə iş, əlbəttə, bir bəhanə qılar.
Könül verib o füsunkar çeşmə bilməz idim
Ki, el içində məni aqibət fəsanə qılar.
Könüldə gövhəri-peykanını ki, yığmış can,
Bu bəlli işdi ki, viranəni xəzanə qılar.
Qurur ölüm toru hər sübh quşlara təzdən,
Sabah yeli ki, çəmən sünbülünü şan qılar.
Nəsibi bülbüli-zərində qəm tikanimidir,
Nəvai nəğməsinə səs verib təranə qılar.


Yar getdi könüldə onun bir nazı qalıbdır,
Ancaq ki, qulağım dolu avazı qalıbdır.
Göz evini göz yaşları yıxdı bu gün, ey dil,
Yerində onun qəmli xarabası qalıbdır.
Könlüm quşu sünbül saçının toruna düşmüş,
Bülbül kimi hər gül sarı avazı qalıbdır.
Gül fəsli o quş hansı yana meyl eləmiş ki,
Bağ içrə fəqət sərvi-sərəfrazı qalıbdır.
Gəl qəm yemə sən yar sitəmindən ki, Nəvai,
Ömrün çoxu sevdayla keçib, azı qalıbdır.


Hansı bir çöhrə ki, meyl etsin ona xəstə könül?!
Hansı bir zülf ki, olsun ona vabəstə könül.

Qüssə dırnağı ilə yaralayıb hər tərəfin,
Nəqş edər əymə qaşın şəklini qəlb üstə könül.

Qan demə gül yanağın şövqünə, gül, lalə dərər,
Dərd bağından tutur lalə, gülü dəstə könül.

Könül azad deyilsə, yemə qəm, şeyx, saqın,
Çünki azadəliyi görmədi heç kəsdə könül.

Zülmdən cana gəlib atsa Nəvai eşqi,
Yalvarıb söyləyəcək atma gəl ahəstə könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love