Page 10 of 13 · 69%

Kaş gəmi bircə an burada dayanıb bizi bu çiçəklər aləminə çıxaraydı. Lakin “Maltəpə” çiçəkli adanı saymayıb yanından düz keçdi. Böyük adaya çıxdıq. Dənizin lap qırağında “Kapri” adlı restoran var idi. Restoranın açıq havada əlvan şəmsiyələr altında olan hissəsində nahar elədik. Bakını yada saldıq. Xaldun bəy Bakıda bircə gün olmuş, Musiqili Komediya Teatrında “Qayınana” əsərinə tamaşa eləmişdi. O, Nəsibə Zeynalovanın oyununu çox bəyənmişdi. Biz də bu istedadlı aktrisanı çox sevdiyimizi söylədik. Yenə də söhbət ədəbi əlaqələrdən getdi. Xaldun Taner əsas etibarilə komediya yazan dramaturqdur, Azərbaycandan komediya əsərləri göndərilməsini arzu edir, “söz verdilər, amma heç bir şey göndərmədilər” deyirdi.

Xeyli söhbətdən sonra adanı gəzməyə getdik. Türklər adaya maşın buraxmırlar. Maşınlar adanın havasını zəhərləyə, səsi, yanacaq maddələri ilə istirahət edənlərin səhhətini poza bilər. Maşın olmadığı üçün gəzməyə gələnlər faytonlara minib adanı gəzirlər. Uzunqulaqlara da minib gəzən olur. Üstüaçıq faytonlardan birinə qardaşım, Rəsul və mən mindik. O birinə isə Xaldun bəy və gənc rəfiqəsi. Atlar yorğa yeriyir, biz adanı doya-doya seyr edirik. Üzü yoxuşa doğru olanda atlar ayaq saxlayır, addım-addım qalxırdılar. Gözüm birdən faytonçunun üzünə sataşdı. Bütün bu gözəlliyə, bu faytonlara, minib-düşən adamların şən əhvalına, kefinə tamam biganə olan bu adamın üzündə elə dərin bir laqeydlik, elə bir buz soyuqluğu vardı ki, ona baxıb sarsılmamaq olmazdı. Ona baxanda yadıma “Tənəkə” pyesində gördüyüm Zeyno qarı düşdü. Kaş Zeyno qarı palçıqlı paltarlarını adaların yaşıl sularında yuya biləydi, yorğun ayaqlarını, üstü düyün-düyün göy damarlı əllərini bu yaz günəşinin altında qızdıra biləydi. Bu şam ağaclarının ətirli kölgəsində uzanıb dincələ biləydi.

Atlar yoxuş yuxarı ağır-ağır addımlayırdı. Atların da üzündə faytonçunun üzü kimi yorğun və laqeyd bir ifadə var. Görünür atlar da, faytonçu da uzun illər eyni yolu eyni addımlarla keçməkdən yorulub usanmışdılar. Nə təbiətin gözəlliyi, nə də bu şən insanlar faytonçunu ağır fikirlərindən ayıra bilmirdi.

Gül-çiçək içərisindəki yay evlərinin balkonlarında arabir solğun rəngli gözəllər görünürdü. İstanbulun varlı əhalisi yayı bu adalarda öz yay evlərində keçirirdi. Heç yerdə gülləri bu qədər gözəl görməmişdim. Gül hər yerdə güldür və hər yerdə gözəldir. Adaların gülə baxan, gül becərən bağbanları görünür böyük estetik zövqə malikdir. Güllər gah pəjmürdə bir dəstə gül, gah səliqəli bir qamot, gah zənbilə yığılmış dəstə formasında düzəldilmişdi. Gül topalarına belə forma vermək, şübhəsiz, ustalıqdır. Bəzi yerlərdə güllər ot-alaq içində batıb gedir. Böyük adanın gülləri isə xüsusi zövq və səliqə ilə saxlanılırdı.

Yuxarıda, şam meşəliyində otlar, çiçəklər bizim dağların otuna, çiçəyinə bənzəyirdi. Bülbüllər də bizim bağların bülbülləri kimi cəhcəh vururdular. Otların, çiçəklərin, bülbüllərin dili hər yerdə birdir, onların heç bir tərcüməçiyə ehtiyacı yoxdur.

Böyük adanı yaxşıca gəzib sahilə endiyimiz zaman bizi gətirən “Maltəpə” gəmisi bizi sədaqətlə gözləyirdi. Bilet alıb gəmiyə mindik. Mərmərə dənizinin yaşıl suları ilə irəliləyirdik. Gözüm yeni çiçəkli adaya sataşdı. Əlimlə toxuna bilmədiyim vəhşi çiçəkləri uzaqdan gözlərimlə öpüb ayrıldım.

Adalar keçmişdə türk sultanlarının, paşalarının istirahət yeri olub. Paşazadələr içərisindən dövlət əleyhinə işləyən üsyankar ruhlu adamları da bu adalardan bəzilərinə sürgün edər, orda həbsdə saxlarmışlar.

Xaldun Taner vidalaşıb Kadıköydə su pərisinə bənzəyən rəfiqəsi ilə gəmidən düşdü. Biz iskələyə qayıdırdıq. Axşam düşürdü. Axşam qaranlığı İstanbulun qara, kirli binalarını gizlətmişdi. İndi gecələr işıqlanan camelər görünür, göyün boz-mavi fonunda ətrafına muncuq kimi işıqlar düzülmüş minarələr ucalırdı.

Xaldun Taner Avropa təhsili görmüş, mədəni bir ziyalıdır. Onun şəxsiyyəti ilə yaratdığı əsərlər arasında ziddiyyət var. “Dəvə quşu”, Kabare teatrında qoyulan “Şəhri İstanbul” tamaşası İstanbulun aşağı təbəqələrinin həyatına yaxşı bələd olan, həm də sənətkarlıq sirrini bilən usta bir yazıçının qələm məhsuludur. Şəhərin məişət səhnələri, ictimai həyatın bir parçası, kəskin siyasi satira, ölkənin və xalqın taleyi üçün narahat olan sənətkarın həyəcan və təşvişlərinin ifadəsidir. Tamaşaçı yazıçının bu təşvişlərini yerli və əsaslı hesab edir, şərik olub alqışlayır.

Xaldun Taner ağlamalı işlərə güldürməyi bacaran sənətkardır. “Şəhri İstanbul” qeyri-adi, orijinal bir kompozisiyadır. Orda Nazim Hikmətin və Orxan Vəlinin şeirləri, Əziz Nesinin novellası iştirak edir. Aktyorlar öz geyimlərində çıxış edirlər. Qədim yunan dramına məxsus tərzdə xorla şeirlər oxuyurlar. Nazimin və Orxan Vəlinin şeirlərini. Bütün bu ünsürlər bir mövzu ətrafında birləşir. Şəhri İstanbul. Şəhri İstanbulun bugünkü həyatı, məişəti, adamları... Personajların ruhi halını dərindən tədqiq etmək, kəskin ictimai motivlər, ictimai həyatın müxtəlif cəhətini qələmə almaq, təsvir etdiyi hadisə və adamların daxili aləmini açıb göstərmək, xəstə cəhətləri ifşa etmək Xaldun Tanerin sənətkarlıq xüsusiyyətidir.

Səhnə boşdur, dekorasiya deyilən şey yoxdur. Aktyorların geyimindəki dəyişiklik çox cüzidir, pencək geymək, yaxud çıxarmaq, pencəyin yaxalığını qaldırmaq, köynəyin qolunu yuxarı çırmalamaqla kostyumda müəyyən dəyişiklik edilirdi. “Şəhri İstanbul” İstanbulun bugünkü həyatını təsvir edən kəskin satira əsəridir. Bəzən aktrisaların rolda həddən artıq abırsızlıq eləmələrinə dözmək, mənim kimi tamaşaçılar üçün çətin olurdu. Hər şey alışmaqdan asılıdır, yəqin ki...

Boğaz içində Çinaraltı deyilən bir yer var. İndi bura qəhvəxana və çayxanadır. Bura şairlər yığışar, söhbət edər, şeir oxuyarlarmış.

Deyirlər, çinarlar çox yaşayır, çinarların ömrü uzun olur, yüz illər, bəlkə daha çox. Kim bilir, bu Çinaraltı kimləri görmüş, hansı şairlərin səsini dinləmişdir. Boğaz içinin mavi suları türk şairlərinin axıcı, səyyal şerlərini dinləyərək narın-narın ləpələnmiş, şeirlərin ahəngi bahar rüzgarına qarışıb ölkənin hər yerini gəzmişdir. Bəlkə, bu çinarın ulu babaları, saray mühitində, saray havasında darıxıb açıq havaya çıxmaq istəyən divan ədəbiyyatı şairlərinin də şeirlərini dinləmiş, xalq dərdinə, xalq müsibətinə biganə olan sultanlara qəsidələr, mədhiyyələr yazan şairləri kölgəsindən qovmuşdur. Bəlkə, Lalə dövrü şairləri, Nədim gəlmiş Çinaraltına, şerin, sənətin əbədi mövzusu olan məhəbbət şeirlərini oxumaq üçün.

Məsti-lazim kim böyütdü böylə bipərva səni,
Kim yetişdirdi bu günə sərvidən bəla səni
Buydən xoş, rəngidən pakizədir nazik tənin,

Bəsləmiş qoynunda guya kim küli rəna səni
Bir əlində gül, bir əldə cam, gəldin saqiya,
Ğanqısın alsam gülü, yaxud ki, camı ya səni...

Məhəbbət əbədi mövzudur, onu şairlərə heç kəs qadağan edə bilməmişdir.

Hələ orta əsrlərdə divan şairləri sultanları vəsf eləyən mədhiyyələr yazdıqları zaman, uzaq Sivasda Pir Sultan Abdal sultana qarşı kəndli üsyanlarına başçılıq etdiyi üçün dar ağacından asdırılmışdı.

Türkiyənin tarixini, ictimai-siyasi həyatını öyrənmək üçün şairlərin taleyinə nəzər salmaq kifayətdir.

Zülm və istibdad əli ilə söndürülən çıraqlar xalq tərəfindən yenidən yandırılmış, xalqın azadlıq uğrunda mübarizə yollarını məşəl kimi işıqlandırmışdı.

Bəlkə Çinaraltı odlu vətənpərvər, böyük inqilabçı şair Namiq Kamalın ehtiraslı səsini eşitməmişdi.

Zalım olsa nə rütbə bipərva,
Yenə bünyadı zülmü biz yıkarız.
Mərkəzi xakə atsalar da bizi,
Kürreyi ərzi patlatır, çıxarız.

Ömrü zindanlarda, sürgünlərdə keçən şair, Rodos adasında sürgündə məhv olmuşdu.

Ölərsəm görmədən millətdə ümid etdiyim feyzi,
Yazılsın səngi qəbrimdə vətən məhsun, bən məhsun...

Əbdülhəmid istibdadının qara günlərində ona sui-qəsd hazırlayan vətənpərvərin atdığı bomba bircə an gecikmiş, sultan xilas olmuşdu. Türkiyənin ən böyük şairlərindən biri Tofiq Fikrət bu münasibətlə “Birləhzə təxir” şerini yazmışdı:

Ey şanlı avçı, daminı bihuda qurmadın,
Atdın, fəqət yazıq, yazıqlar ki, vurmadın...

Əsrin əvvəllərində Əbdülhəmid taxtdan düşdüyü zaman Fikrətin müdrik və təmkinli səsi eşidildi:

Haqsızlıq edən başları bir gün qoparırlar.

Çinaraltı, sən kimləri görmüsən, kimləri yola salmısan? Bosforun sahilində vətən timsalı olan Çinaraltı... Dünya dərdlərindən, vətən qayğılarından kənara çəkilib şerə və sənətə xalq dərdini buraxmayan, səslərin, kölgələrin, ahənglərin aləmində yaşayan şairlər... Türkiyənin iki böyük söz ustası, sənətkar şairi Yəhya Kamal, Əhməd Haşım... Qoca çinar yəqin ki, bu şairləri dinləmiş, onların məstedici şeirlərinə qulaq asarkən gənc Nazim Hikmətin dili ilə:

Akın var, günəşə akın,
Günəşi zəbt edəcəyiz,
Günəşin zəbti yakın,

– deyə gurlamışdı. Ədəbiyyata mübarizə ruhu gətirən, proqressiv fikir və düşüncə inkişafına təsir göstərə bilən şairlər xalqın ictimai mübarizə tarixinə imza ata bilir, orada möhkəm yer tutur. İyirminci əsrin öz məsələləri, öz problemləri var. Əsrimizin böyük şairlərindən biri olan Nazim Hikmətin tribunası yalnız Çinaraltı deyil, daha böyük meydan və daha yüksək zirvələr olmuşdur.

Ya ölü yıldızlara həyat aparacağıq,
Ya bizim dünyamıza çökəcək ölüm.

Aya, ulduza həyat aparmaq ərəfəsindədir əsrimiz. Türkiyənin gözəl şairləri yəqin ki, Nazim estafetini daha uzaqlara aparacaq, bu şöhrəti bir az da yüksəklərə qaldıracaqlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets