Page 8 of 13 · 54%

– Yox, Nigar can, mən sənin otağında qala bilmərəm.

– Nədən? – deyə heyrət etdi.

– Gözümü açanda divardan asdığın eybəcər şəkilləri görsəm, qorxudan bağrım çatlar. – Nigar sözlərimə xeyli güldü. Nigar otağını çox qəribə şəkillərlə bəzəmişdi. Qədim keçmişdə dəli olmuş adamların rəngli fotoşəkli, əqrəb, bö rəsmləri gənc qızın kiçik otağının divarlarını bəzəyirdi. Bu dəli şəkillərinin üzündə elə bil əbədi bir cəhənnəm dəhşəti həkk olunmuşdu. Yəhudilər düşmənə qarğış edəndə “Allah səni öldürsün” deməzlər. “Allah ağlını əlindən alsın” deyirlər. Bu şəkillərə baxanda diri ikən cəhənnəm əzabı çəkən insanları görürdüm. Gənc qız bu şəkillərdən nə ləzzət alır, anlaya bilmədim. Nigarda bacı və qardaşı kimi rəssam istedadı var, hər üçü gözəl rəsmlər çəkirlər.

İnanıram ki, Nigar gələcəkdə Türkiyənin gözəl şairlərindən biri olacaq. Biz onunla İstanbulu dolaşır, şeir oxuyurduq. Küçələrdən birindən keçəndə, – Xala, bura “şair Nigar caddəsidir”, – dedi.

– Görürsənmi, türklər indidən sənin adına küçə də qoymuşlar, – deyə zarafat elədim.

– Yox, xala, 19-cu əsrin sonlarında yaşamış şairə Nigar bind Osmanın adınadır bu küçə...

– Bilirəm, gülüm, – dedim. Anamda o şairənin “Əfsus” adlı şeir kitabı var idi. Anam onun şeirlərini çox sevərdi. Mən dünyaya gələndə anam mənə o şairənin adını qoymuşdu.

Nigar xanımın anamdan eşitdiyim şeirləri indi də yadımdadır:

Əfsus ki, qəmdən məni azad edəcək yox.
Viranə dili bir daha abad edəcək yox.
Ya rəb, nə üçün zarı Nigarı şu cahanda
Naşad edəcək çoxsa da, bir şad edəcək yox.

Nigara Azərbaycan şairləri Məhsəti Gəncəvi və Natəvandan danışdım. Məhsəti rübailərinin mərdlik və cəsarətli ruhundan söhbət açdım. Bakıda Natəvana heykəl qoyulduğundan danışdım. Nigar Azərbaycan haqqında bütün söhbətləri böyük maraqla dinləyirdi. Avtobusda başqa sərnişinlər çox olduğu üçün mən daha Azərbaycan mahnıları oxuya bilmirəm. Konya yolunda isə hey oxuyur, oxuyurdum. Mən oxuduqca qardaşım yavaşcadan köhnə mahnıları təkrar edirdi, heç birisini unutmamışdı. Onun xüsusilə Nərminə Məmmədovanın səsindən və oxuduğu havalardan xoşu gəlirdi. “Bülbülün geydiyi yaşıl”, “Girdim yarın bağçasına”, “Qaragilə” və başqa havaları oxuyurduq:

Bülbülün geydiyi yaşıl
Qolların boynuma aşır
Ağlamaq mənə yaraşır
Sən ağlama, mən ağlaram.

“Qəzəfər–Bilgə” avtobusu dayandı. Düşüb taksiyə mindik. “Pero Palas” otelinə sürdük. Yer olmadı. Həmin Məşrutə caddəsində “Kavak” adlı kiçik bir otelə düşdük. Qardaşım, uşaqlarının yanına getdi. Biz otağımıza qalxıb uzun yolçuluqdan sonra dincəlməyə getdik.

İstanbul dünyanın gözəl şəhərlərindən biridir. Beş yüzdən artıq camesi və saysız-hesabsız minarələr İstanbulu dünyanın başqa şəhərlərindən ayırır, ona xüsusi bir gözəllik verir. Kinofilmlərdə gördüyüm Amerika şəhərləri, Nyu-York, Vaşinqton və başqa şəhərlər, mənə elə gəlir ki, çox hündür göydələn binaları ilə şəhəri səmadan məhrum eləmişlər. Bu göydələn binaların arasındakı quyu kimi küçələr daş bir torbaya bənzəyir. Bu səmasız şəhərlərdə yaşayanlar yəqin ki, bu daş torbaların içində sıxılır və darıxırlar. İstanbulun isə üstündəki göy təmiz, mavi və genişdir. Gecələr bu göy üzü parlaq ulduzlarla dolur, Bosforun mavi sularında parıl-parıl yanırlar.

İstanbul axşamüstü və səhər tezdən daha gözəl olur. Yasəmən rəngli duman içərisindən görünən came və minarələr getdikcə dumandan sıyrılıb çıxır, üfüqdən qalxan günəşin şüaları altında parlayır, qədim və əsrarlı bir aləmdən xəbər verirlər.

Aya-Sofiya, Süleymaniyyə camesi, altı minarəli Sultan Əhməd camesi və başqaları nadir memarlıq və sənət abidələridir. Sultan Əhməd camesinin yaranması haqqında belə deyirlər: Sultan Əhməd memarı hüzuruna çağırtdırıb demişdir: elə bir came yaradarsan ki, Aya-Sofiya onun yanında sönük görünsün. Camenin minarələri altın olsun. Memar “altın”, yəni qızıl sözünü guya “altı” başa düşmüş, Sultan Əhməd camesinə altı gözəl minarə yaratmışdır. Yəqin ki, memar xalq sərvətini qızıl minarəyə sərf etmək əvəzinə, “altın”ı “altı” başa düşdüyünü bəhanə etmişdir. Rəvayətə görə sultan qəzəblənmiş, memarı həmin minarədən atdırmışdır. Başqa bir rəvayətə görə, memar altı minarəni o qədər gözəl yaratmışdır ki, qəzəbli sultan gözəllik qarşısında ram olub memarı əfv etmişdir. İkinci rəvayət daha ağlabatandır. Belə bir sənət abidəsi yaratmış sənətkara qıymaq insan ağlına sığmayan cinayət olardı.

Yüksək sənət və memarlıq əsərlərinin ehtişamla ucaldığı bir şəhərdə yeni memarlıq əsəri yaratmaq, müasir memar üçün çox çətin məsələdir.

Yeni türk mədəniyyətinin zövq və tələbinə uyğun olaraq yaradılmış İstanbul “Kültür sarayı” müasir üslubda milli, gözəl və əzəmətli bir sənət abidəsidir. Binanın təməl daşı 1946-cı ildə qoyulmuş, 1969-cu ildə başa çatdırılmış və istifadəyə verilmişdir. Layihəni hazırlayan yaradıcı kollektiv, başda baş memar Hayatı Tabanoğlu olmaqla, böyük bir səbir və təmkinlə 23 il gözləmişdir. Bu müddət ərzində Türkiyədə bir neçə dəfə hökumət dəyişmiş, çoxlu maliyyə nazirləri gəlib getmişdir. Elə illər olmuş ki, dövlət bu tikintiyə bir quruş da pul buraxmamış, inşaat dayandırılmışdır. Nəhayət, 23 ildən sonra səbirli İstanbul tamaşaçıları gözəl bir “Kültür sarayı” qazanmışlar. Həyatının çox illərini bu inşaata sərf etmiş baş memarın qəlbində də yəqin ki, peşmanlıq hissi sevinc və fərəh duyğusu ilə əvəz edilmişdir.

“Kültür sarayı” ürəkaçan, yığcam və gözəldir. Tamaşa salonuna min üç yüz adam yerləşə bilir. İki milyondan artıq əhalisi olan İstanbul üçün belə bir bina lazımlı bir hədiyyədir. Binanın 23 ilə başa gəlməsi tərifəlayiq bir hadisə deyil, lakin yaxşı cəhət odur ki, bu müddətdə yüksək hazırlıqlı mədəni və müasir aktyor kadrları yetişmişdir.

Kamal Atatürk hələ o zaman türk teatr sənətkarlarının Avropa teatr mədəniyyəti ilə ayaqlaşmaq səviyyəsinə qalxmasını, onun üçün də teatrın akademik təməllər üzərində qurulmasını, yüksək mədəni səviyyəsi olan hazırlıqlı aktyor kadrlarının yetişdirilməsini tələb edirdi.

Dövlət konservatoriyasının nəzdində olan aktyor bölməsinə ilk illərdə qəbul etmək üçün tələbə tapmaq çətin olurmuş. Sonralar isə ildə 8-10 nəfər yüksək hazırlıqlı, mədəni və istedadlı aktyor və aktrisalar yetişmiş, aktyor fakültəsi 23 il ərzində ölkəyə 160-180 nəfər sənətkar vermişdir. İstanbul şəhər teatrı 1936-cı ildə təsis edilmiş, Ertoğrul Mühsinin ətrafına topladığı bir aktyor kollektivi ilə işə başlamışdı. Ertoğrul Mühsin uzun illər İstanbul və Ankara dövlət teatrlarına rəhbərlik etmiş, bir çox tamaşalar qoymuşdu. Proqressiv fikirli bu sənətkar indi qocaldığına görə işdən ayrılmışdır.

Son on il ərzində Cüneyt Kökçer Ankara və İstanbul dövlət teatrlarının bədii rəhbərliyini öhdəsinə götürmüş, həm də baş rollarda görkəmli aktyor kimi çıxış etmişdi. C.Kökçerin dövlət teatrlarına rəhbərlik etdiyi dövrdə, türk teatrları Qərb ölkələrinə qastrol səfərinə çıxmış, bir neçə xalqlararası teatr festivalında iştirak etmişdir. Paris, Afina, Belqrad və başqa şəhərlərdə göstərilən tamaşalar içində qədim yunan faciəsi “Kral Edip”, Pirandellonun “IV Henrix” kimi dünyada məşhur olan əsərlərlə yanaşı türk müəlliflərinin də əsərləri Avropa səhnələrində türk aktyorları tərəfindən tamaşaya qoyulmuşdur. Əhməd Qüdsi Təçərin “Koroğlu”, Güngər Dilmənin “Midasın qulaqları” əsərləri Avropa tamaşaçısına göstərilmişdir. “Kültür sarayı”nda Qərbi Avropa bəstəkarlarından Verdi, Motsart, Vaqner, R.Ştraus və başqa müəlliflərin opera əsərləri ilə yanaşı, türk bəstəkarların ilk operaları – Əhməd Ədnan Sayğının “Kərəm”, Nevit Kodallının “Tanrılar və insanlar”, S.Helenderin “Nəsrəddin Xoca” kimi operaları da tamaşaya qoyulmuşdur.

“Sonalar gölü”, “Kopeliya”, “Qizella” kimi icrası mürəkkəb olan balet əsərləri ilə yanaşı türk bəstəkarı Ferit Tuzun “Çeşmə başı” baleti, Bulent Turcanın “Xəncərli xanım” və sairə balet əsərləri ilə türk baleti oyanmağa başladı.

Türk rejissor və aktyor kadrlarının hazırlanmasında alman professoru Karl Eberetin çəkdiyi əmək yüksək təqdirə layiqdir. Karl Eberet dövlət konservatoriyasının aktyor bölməsində müəllim-pedaqoq kimi, həm də səhnə quruluşlarında rejissor kimi çıxış etmiş, türk aktyor və sənətkarlarına gözəl bir sənət məktəbi yaratmışdır. Ağır illərdə və ağır şəraitdə türk teatr mədəniyyətinin inkişafı uğrunda fədakarlıqla çalışmış alman professorunu onun yetişdirməsi olan məşhur türk aktyor və rejissoru C.Kökner belə yad edir: “Karl Eberet Hitlerə də, onun rejiminə də nifrət edirdi. Bu rejimin bir gün necə olsa yıxılacağını bilirdi. Əvvəllər yalnız vaxtının ildə üç ayını Ankara teatrına verə bilərdi. 1939-cu ildən isə onu bizim teatra bağlayan bir az da faşizm rejiminə nifrəti oldu. Faşist Almaniyası məğlub olduğu zaman deyirdi: “Bu gün Hitlerlə bərabər bəlkə Almaniya da çökür. Lakin Almaniya qocaman bir ağaca bənzər. Çökən, qırılan yalnız budaqlardır. Bu ağacın kölgəsini yaşadan Gete kimi, Şiller kimi, Bethoven kimi, Vaqner kimi, daha neçə-neçələri kimi köklərdir. Almaniya torpağına çox dərin yayılmış bu köklərdən yeni budaqlar qalxacaq, yeni yarpaqlar göyərəcəkdir”. O, vətənin ağır faciəsini bizə sənət dərsi öyrətdiyi, teatrımızda yeni quruluş hazırladığı saatların həyəcan və sevinci arasında ovuda bilirdi”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets