Ağlın gözü işıqlanmış qəlb evinin çırağından,Yaxşı olar bu nurilə gizli xəznə axtarasan.

Xəznə tapmaq istəyirsən sındır canın sütununuKi, xəznələr asanlıqla ələ gəlməz, anla bunu!

Əgər xəznə ilanısan, halqa olma qapıda sən,Viranlıqdır xəznələrin şahmarına əsil məskən.

Səhv elədim, ilan olma, lap cənnətin ilanı da,Ki, haqqında pis söz yazıb, verməsinlər səni bada.

Əgər cənnət istəyirsən, özün parla gövhər kimi,Gecələri işıqlandır öz nurunla qəmər kimi.

Gecə Ay tək oyaq ol ki, sirlər əyan olsun sənə,Əgər aləm görən Aysan, ya da şahsan bu aləmə.

Ancaq gecə mövcud olar səfalı üz, ayıq ürək,Zülmət içrə həyat suyu və al yaqut tapılan tək.

Yaxşı olar ki, qarının öz xoruzu ayıq ikən,Səltənətin ov qırğısı yatmış ola səhər erkən.

Mərdsən əgər süfrəndə sən qida elə öz qanını,Çünki əzəl ana qanı bəsləmişdir bu canını.

İstəyirsən əgər balıq, quşla dolsun sənin süfrən,Yolçu olma, ibrət götür Süleymanın zənbilindən.

Bu divlərin cövrünü sən çəkəcəksən, de nə qədər,Zəngilər tək yaşa daim, Zənganlıya salma nəzər!

Özünə ad qoyanda da toxucu qoy, dəmirçi yox,Dəmir yonsan heç olmasa açar düzəlt, nəinki ox.

Bu açarla zindanı aç, zəncirləri qır yerə at!Bu açarla zindanları qıfıllayıb şadlıq yarat!

Elm oxuyla ovla əgər istəyirsən təmiz şikar,Elm ilə ov şikar elə, ov itilə nə işin var?

Göydə fələk tərəzisin bir arpa da çəkə bilməz,Yerdə əyar varındırsa, o tərəzi kara gəlməz.

Məşəl yandır əlinə al, gecə yola çıxan zamanKi, məşəlsiz, qaranlıqda yeriməyə yoxdur imkan.

Güman etmə dənizlərdə gəminə bir ziyan dəyər,Tufanlardan qorxu olmaz “Allah kərim” desən əgər..

Dənizdə bir qorxu görsən, kişi kimi hümmətli ol,Tələsərək ləngər salma, hər vuruşda cürətli ol!

Muradına müxalif bir külək əssə, düşmə ruhdan,Bu küləyə qarşı durub, qələbə çal ona hər an...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets