Page 5 of 5 · 80%

Qətibə qaşlarını çatıb sual verdi:

– Mənmi haqsızam?

– Bəli, əfv edin, birinci haqsız sizin özünüzsünüz. Siz açıq olsaydınız, sizi görmək üçün meşələrdə gizlənənlər və bunun üçün də döyülən və təhqir edilənlər olmazdı. Çünki bəzi adamlarda yaşlı olduqlarına baxmayaraq çocuqluq xasiyyətləri davam edir, onlar hər şeyin içərisini öyrənməklə maraqlanırlar. Buna görə də qismən sizə haqq qazandırıram, çünki örtülü şeylərlə maraqlananlar çoxdur. Lakin gözəllik xəsisliyi sevməməlidir. Təbiət olduqca mahir bir sənətkardır, bunun üçün də mən təbiəti sevirəm. Təbiət, ərəb, türk və rum qanından düzəldilmiş bir gül dəstəsini bizə təqdim edibdir. Biz bu nemətlə doğrudan da maraqlanmalıyıq.

Qətibə nazlanaraq sual verdi:

– Şairin tərif etdiyi gül dəstəsini görmək olmazmı?

– Siz onu hər gün görürsünüz.

– Harada?

– Güzgüyə baxdığınız zaman.

– Demək ki, məndə türk, ərəb qanı ilə bərabər rum qanı da vardır.

– Bəli, vardır. Siz bunu bilmirdinizmi?

– Bilmirdim, rica edirəm, doğrusunu söylə. Bu həqiqətdirmi?

– Həqiqətdir.

– Rica edirəm, izah et.

– Sizin böyük nənəniz, Mütəvəkkil xəlifənin qadını Şəanin xanımdır. Onun şeir oxumaqda və şeir yazmaqda böyük bir şöhrəti var imiş.

Qətibə, İlyasın sözünü kəsərək:

– İnandım, inandım, – dedi, – məndə rum qızı Şəaninin qanından vardır. Mənim şeirə və musiqiyə olan marağım da bunun nəticəsi imiş. Sözünü davam etdir!

– Şəanin xanımın atası Şam tərəflərində mövcud olan bir deyrdə (monastır) ibadət edən məşhur keşişlərdən idi. Mütəvəkkil xəlifə Şam səyahətinə getdiyi zaman keşişə qonaq olmuş və Şəanin xanımı orada görüb sevmiş, ona evlənmişdir. Sənin baban xəlifə Müstərşidbillah Şəanin xanımın nəvələrindən birisinə evlənmiş və sənin anan Safiyə xanım da ondan doğulmuşdur. Bu yalnız sənin babana məxsus olmayaraq, bütün xəlifələr (Mənsur və Harundan başqa) ərəb qızından doğulmamışdır, əvvəldə olduğu kimi indi də xəlifə sarayları türk, gürcü və rum qızları ilə doludur.

İlyasın bu sözlərindən sonra Qətibə düşünməyə, İlyas isə ona və onun daşıdığı zinətlərə tamaşa etməyə başladı.

Qətibə gözəl idi; onda türklükdən qara saçlar, ərəblikdən təbəssümlü gözlər, rumluluqdan ağlı-qırmızılı yanaqlar ən gözə çarpacaq cəhətlərdən idi. O, söyüd kötüyünün üstündə əlvan bir rəsm kimi oturmuşdu. Tirmə çəpkəninin belini almaz və yaqutdan toxunmuş kəmərlə kip bir surətdə çəkmişdi. Çəpkənin yaxasındakı zümrüd və zəbərcəd düymələri, alnından tellərinə saçdığı badam şəkilli almaz cıqqa, ağ və incə topuqlarındakı inci xalxallar, iki tərəfdən döşlərinə taxdığı almaz ayparalar, onu tovuz quşunun qanadları qədər bəzəmişdi. Onun gözəl bir qadın olaraq heç bir nöqsanı yox idi.

– Bu, nə gözəl parçadır. Qətibə, söyləyin, bu harada toxunmuşdur?

Qətibə təəccüblə:

– Gəncədə, əcəba sən bilmirsənmi?

İlyas gülərək dedi:

– Bilirəm, soruşmaqda başqa məqsədim vardır.

– Nə məqsədin vardır? – deyə Qətibə yenidən soruşdu.

– Elə bildim “bunu filan ölkədən mənə töhfə göndəriblər” deyib vətənimiz Gəncənin hər babətdə zəngin bir xəzinə olduğunu inkar edəcəksiniz.

Qətibə İlyasa cavab verməyib sükuta getdi.

İlyas sükutu pozaraq:

– Demək ki, siz şeiri və musiqini sevirsiniz, – dedi.

Qətibə də cavabında:

– Şeir və musiqi mənim ruhumun yeganə qidasıdır, – dedi.

– Oxuyandan, çalandan və şeir yazanlardan kimi çox sevirsiniz?

– Mən Bağdadda təhsil aldığım vaxt məşhur oxuyan, çalan və şeir yazan qadınlardan Türfə və Zəəf xanımı çox sevirdim. Bağdadın ən məşhur oxuyan və gözəl qadınlarından Dürrətülbağdadı ancaq bir kərə görüb və eşidə bildim.

– Siz Məhsəti xanımın çalıb oxumasından xəbərdarsınızmı?

– Eşitmişdim, lakin görmək mümkün olmadı.

– Siz onun Gəncəyə qayıdıb gəlməsinə kömək edə bilməzmisiniz?

– Sən onu sevməməyə söz verərsənmi?

İlyas gülümsəyərək:

– Mən onu indi də, gələcəkdə də bir sənətkar şair kimi sevəcəyəm. Gözəl qız, mən çox gəncəm, Məhsəti xanım isə olduqca ixtiyardır. Mən onu bir qadın kimi yox, bir şair kimi sevirəm:

– Mənim canıma and içə bilərsənmi?

– And içə bilərəm, lakin hansı bir əsasla mənə inana biləcəyinizi təyin edə bilmirəm.

– Məndə əsas vardır. Şair qəlbi daşıyan bir zat ona inanan bir qızı aldatmaq istəməz.

– Fikrinizlə şərikəm. İndi deyin görüm, Məhsəti xanımın qayıtması işinə kömək edəcəksinizmi?

– Söz verirəm. Sən de görüm, məktubumun cavabını nə üçün göndərmədin?

– Bizim ikimiz də gəncik, fərq burasındadır ki, mən azad və açıqda, siz isə örtülü və pərdə dalında yaşamısınız. Buna görə də mənim həyatdakı təcrübəm qismən artıqdır.

– Sənə göndərdiyim məktubu özün üçün bir həqarətmi bildin?

– Bəlkə də, mən fikrimi lazımınca ifadə edə bilmədim. Mən, yazdığınız məktubu özüm üçün həqarət kimi yox, sizin tərəfinizdən baş vermiş bir ehtiyatsızlıq kimi təbir edirəm. Bağışlayın, bir az açıq danışmaq lazımdır. Sarayda xidmət edən adamların bir neçə üzü vardır. Onlar bir-birini öyrənməyi və öyrəndiklərini başqalarına xəbər verməyi özlərinə vəzifə hesab edirlər. Məktubunuzu mənə gətirən qoca bağban sizin sirlərinizi başqalarına da verə bilər. Kim bilir, bəlkə, indiyə qədər o sirlər bir neçəsinin əlinə keçmişdir. Buna görə də sizin ehtiyatsızlığınız məni həddindən artıq düşündürür. Məktuba cavab verməkdə təxir etməyimin bir səbəbi də budur. Bu barədə mənə inanın.

Qətibə düşüncəli başını yuxarı qaldıraraq:

– Məsləhətlərindən həddindən artıq məmnun qaldım, – dedi. – Məhsəti xanımı Gəncəyə qaytarmaqdan əlavə yenə də nə arzun olsa söyləyə bilərsən.

– Əsas arzum budur ki, məni bu qədər qiymətləndirməyəsiniz.

– Sən şairsən, dediklərini yaxşı düşün. Bir qızın qəlbinə belə bir tələbatı vermək mümkündürmü?

– Bunsuz da atanızın mənə qarşı fikri müsbət deyil. Bu görüş mənim bədbəxtliyimə də səbəb ola bilər. Rica edirəm, mənə olan əlaqəniz dostluq əlaqəsi çərçivəsindən kənara çıxmasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şərəfli ailə

Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

9 min
Vahid Azərbaycan

Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

7 min
Atabəy Məhəmməd

Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.

5 min
Fitr bayramı

Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.

18 min

Poems by other poets