Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.

Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

– Mən çoxdandır ki, bir şeyi səndən soruşmaq istəyirdim, amma cəsarət etmirdim, bilmirəm sən o suala cavab vermək istəyəcəksənmi?!

– Nə üçün cəsarət etmirdin?! Mənim səndən başqa özgə bir sirr yoldaşım vardırmı?! Danış, utanma, bilmədiyin şeylərin hamısını məndən soruş.

Rəna Nizaminin sözlərindən cəsarət alaraq sözə başladı:

– Mən hər yerdə eşidirəm ki, Nizami Gəncə şairlərinin hamısından qüvvətlidir və sənətkar şairdir. Lakin nədənsə sən onların hamısından yoxsul və fəqir bir həyat keçirməkdəsən. Əbül-Ülanın dövlətinə, cəlalına bax. Qapısındakı qulamların, cariyələrin və nökərlərin sayı-hesabı yoxdur. Onun arvadı Cahanbanu və qızı Mahtab xanım küçəyə çıxdıqları zaman xalq elə bilir ki, Əmirin qadını Safiyə xatundur gəlir.

Hələ Fələki şairi demirəm. Onun da dövlət və sərvətinin sayı yoxdur. Onların tövlələrində məmləkətin ən cins atları bağlanıbdır. Həqayiq təxəllüslü şairi o qədər göyə qaldırıblar ki, nəhayət, Şirvan xaqanı ona öz adını vermişdir. Hazırda xalq hər yerdə Xaqaninin hörmət və dövlətindən danışır. O şairlər hamısı sürülərə, ilxılara malik olduğu halda, sənin gümanın ancaq arıq bir inəyə gəlir. Onlar malikanələrə, bağlara, uca və təntənəli saraylara malikdirlər. Biz isə palçıq və suvaqlı bir damın sahibiyik. Mən ancaq bunların səbəbini bilmək istərdim. Lakin mən səndən çox xahiş edirəm ki, mənim bu sualıma başqa məna vermə, elə düşünmə ki, mən bu yoxsul həyatımızdan şikayətlənirəm. Çünki mən bu evə gəlməmişdən əvvəl də bu evi və bu evin sahibini çox yaxşı tanıyırdım. Yuxarıda saydıqlarımın heç birisi mənə zalım deyil, mən atamın evində də belə bir həyat keçirirdim.

Nizami yeməyə başlamamışdı, Rənanın danışıqlarını diqqətlə dinləyirdi. Çünki Rəna onun evinə gəldiyi gündən bəri, onunla bu qədər ciddi danışmamışdı. O, əlini uzadıb Rənanın gözləri üzərinə düşən tükləri barmaqları ilə yuxarı daradı və dedi:

– Mənim ruhum və mənim şadlığım Rəna! Verdiyin sualların cavabı çox sadədir. Şahlar və hökmdarlar xələtlərin kimlərə verilməsi üçün çox düşünürlər. Sən hökmdarın hüzurunda durub başını əyməsən, daldan çiyninə xələt salmazlar. İndi mənə cavab ver görüm, Rəna, sən mənim başımın hər bir qatil, alçaq hökmdarın qabağında əyilməsinə razı ola bilərsənmi?

Rəna ağladı, gözlərinin yaşı qarşısında qoyulan qurumuş arpa çörəyini islatmağa başladı və tutqun bir səslə dedi:

– Sənin başına and içirəm, mən o başın əyilməsinə razı deyiləm. Mənim pərəstişlərimə səbəb olan yeganə bir şey varsa, o da sənin başının əyilməzliyidir.

Nizami onun gözlərinin yaşını silərək alnından öpdü və sözünü davam etdirdi:

– O xələtlərin rəngi bir çoxlarını aldadır. Lakin o xələtlərin kəklik ovlayan ovçuların gəzdirdiyi “dalva”lardan heç bir fərqi yoxdur. Şahlar və xaqanlar, cah-calal və dəbdəbə düşkünü olanları haman xələtlərlə ovlayırlar. O kimi xələtlər şərəf və vicdanı dəfn etmək üçün bir kəfən vəzifəsini görür. Şairlərin əllərində olan malikanələr, bağ-bağçalar, xanəgahlar, qulamlar, kənizlər və cariyələr, pul müqabilində alınmamışdır. Əmirlər, şahlar, hətta xəlifələrin özü də yuxarıda adlarını saydığım şeyləri şərəf, izzət-nəfs, namus və vicdan müqabilində verirlər. Layiqsiz və xain hökmdarları tərif edən şairlər sarayların zinətli sütunları altında bəslənən toratanların vəzifəsini bitirirlər. Özlərinin yazdıqları mədhnamələrlə avam xalqın şüurunu aldadıb ovlayaraq xaqanların və xəlifələrin pəncərəsinə tapşırırlar. Onlar yazan mədhnamələr də Azərbaycan kəndlisini qırıb məhv edən silahların cərgəsində işlənir, qarət və talanlarda, haqsızlıq və xəyanətlərdə onların qələmləri də iştirak edir. Mənim gözəl və səmimi Rənam, indi əsrimiz elə bir əsrdir ki, ancaq hökmdarların qarşısında qul kimi əyilənlər qul və cariyələr sahibi olurlar. Lakin ağıllı və şərəfli başlar xalqın xainləri və xalqın düşmənləri qarşısında əyilməz. O başlar yalnız xalqın əməl və arzuları və məmləkət xalqının iradəsi qarşısında əyilə bilər. Mən bu başı həmən günə saxlamışam. Həqayiq təxəllüsünü almaqla şadlanmamalıdır. Həqayiq təxəllüsü daşıyan Əfzələddin, xaqandan Xaqani təxəllüsünü almaqla şadlanmamalıdır. Artıq o, Həqayiq təxəllüsünü daşıdığı zamana qayıtmaq istəsə belə, bacara bilməyəcək. Çünki saraydan xalqın içərisinə ağ bir üzlə qayıtmaq çox çətindir. Sarayın bir qapısı da zindana və həbsxanaya açılır. Gözəl Rənam! Bax, Əbül-Üla, Xaqani bir-birini nə qədər rüsvayçı bir surətdə həcv edirlər. Cariyə və kəniz düşkünləri sarayda birincilik qazanmaq üçün bir-birinin boğazını üzməkdədir. Xaqaninin qayınatası Əbül-Üla öz gənc damadını küçə söyüşləri ilə söyür. Çünki birinci saraya girmiş, ikinci isə saraydan çıxarılmışdır. Gözəl Rəna! Gəl bu arpa çörəyilə bir kasa südə qənaət edib bu qədər iyrənc qiylü-qalın içərisinə girməyək. Sən mənim sənətimin xaqanlar və soltanlar xidmətində durub rəzil bir vəziyyət almasına razı olma.

Nizami bu son sözləri dediyi zaman Rəna hönkür-hönkür ağladı və:

– Mənə inan, İlyas! Mən heç vaxt sənin alçalmağına razı deyiləm, – dedikdə, Məhsəti xanım da öz otağından çıxıb nahar süfrəsi başına gəlirdi. O, Rənanın ağladığını gördüyü zaman təəccüblə Nizamiyə sual verdi:

– Bu nə deməkdir, İlyas?! Mən heç güman etməzdim ki, sən bu tezliklə Rənanı ağlada biləcək bir hərəkət edəcəksən.

Məhsəti xanım gəldiyi zaman Nizami və Rəna ayağa qalxmışdı. Məhsəti xanım Rənanın başını köksünə alaraq:

– Eybi yoxdur, ailə həyatında şübhələr və deyişmələr də ola bilər. Mən sizin ikinizə də qulaq asıb ixtilaflı bir məsələ varsa həll edərəm, – dedi. – Bir vaxt mən də çox ağlamışam. Bəzən səbəbsiz, bəzən də şübhələr nəticəsində ağladığım olmuşdur. Hətta bir gün yazdığım iki rübai o qədər müvəffəqiyyətli idi ki, mən sevindiyimdən ağladım. Gənc ərim Əmir Əhməd içəri girib məni ağlar görərkən, o da özünü saxlaya bilməyərək hönkür-hönkür ağladı. Lakin indi mən təəccüb edirəm ki, Rəna kimi bir qadın ağladığı halda, İlyas kimi bir şair nə üçün ağlamır?!

Məhsəti xanım Rənanın və Nizaminin alnından öpərək:

– Oturun, bəzən kədərləri yumaq üçün göz yaşları da lazım olur, – dedi.

Rəna cavabında:

– Mən bir daha bu cür sualları verməməyə söz verirəm, – dedikdə, Nizami Rənanın ağlamasının səbəblərini əvvəldən axıra qədər Məhsəti xanıma danışdı və əlavə etdi:

– Mən özüm Rənanın bu kimi suallar verməsindən maraqlanıram. Çünki o, ancaq bu vasitə ilə mənim yoxsulluğumun səbəbini bilər.

Məhsəti xanım Nizamiyə nəsihət verərək dedi:

– Sən yoxsul deyilsən. Çünki, vicdanca yoxsul olmaqdansa, məişətcə yoxsul olmaq daha yaxşıdır.

Fəxrəddin qapını açıb otağa daxil oldu. Salam verdikdən sonra Məhsəti xanımın əlini öpüb oturdu. Rəna qalxıb onun üçün də yemək gətirdi. Lakin Fəxrəddin yeməyə etina etmədi. Rəna onun bu etinasızlığından narazı qalaraq:

– Nə üçün yemirsən? Etinasızlığına səbəb süfrəmizin yoxsulluğudurmu? – dedikdə Fəxrəddin də:

– Rəna xanım, öz vicdanıma and içirəm ki, etinasızlığım süfrənizin yoxsulluğundan deyil; çünki bu süfrənin başında iki böyük dünya diz çöküb oturmuşdur. Fəxrəddin kimdir ki, bu süfrəyə etinasız baxsın?! Sizin hamınızın şərəfinə and içirəm, dünən nahardan bəri boğazımdan bir qətrə su da getməmişdir.

Nizami ona sual verdi:

– Səfərdə olduğun üçünmü?

– Xeyr, səfərdə deyildim, səfərdə olanın barəsində düşünürdüm. Bəxt heç zaman mənim üzümə gülmədi. İqbalım məni aldatdıqca anladım və nəhayət, ayılarkən bir ümidsizliklə qarşı-qarşıya durdum.

Məhsəti xanım onun nə demək istədiyini dərhal anlayaraq sual verdi:

– Dilşaddanmı bir xəbər aldın?

Fəxrəddin qəmgin bir halda:

– Bəli, Dilşaddan xəbər aldım. Lakin o artıq yoxdur, ancaq onun adı dilimdə qalmışdır. Bilmirəm, onu unuda biləcəyəmmi?! Bu da mənim üçün bir kədər oldu.

Nizami təəccüblə onun üzünə baxıb soruşdu:

– Əcəba, sən onun buradan gec-tez aparılacağını bilmirdinmi?! Bunu sənə Hüsaməddin xəbər verməmişdimi? Dilşadın adından sənə məktub gəldiyi zaman bunun kölgəsində bir xəyanətin gizləndiyini sənə təkrar-təkrar söyləməmişdimmi?!

– Lakin hara aparıldığını bilmirəm.

– Bağdaddan başqa hara apara bilərlər? Xəlifəyə göndərilən məktub öz əlində deyildirmi?

– Şübhəsizdir ki, qız burada deyil, o burada olsaydı, onun qiymətli boyunbağısı korların və dilənçilərin əlinə düşməzdi.

– Hansı boyunbağı?

– Mənim Dilşada hədiyyə verdiyim boyunbağı.

Fəxrəddin bunu deyərək boyunbağını çıxarıb Nizaminin yanına qoydu və:

– Budur, adım da üstündə yazılmışdır. Bir neçə gecə bundan əvvəl Məsudiyyə karvansarasının qabağından keçən taxt-rəvanların birisindən boyunbağını bir dəsmala bağlı olaraq korların, dilənçilərin üstünə atmışlar. Korlar və dilənçilər boyunbağını bölüşmək üçün barışa bilməmişlər, nəhayət, satmaq üçün zərgər Qəvaməddinin yanına gətirdikdə, o, boyunbağını tanımışdır, çünki mən bu hədiyyəni onun özünə sifariş vermişdim.

Rəna və Məhsəti xanım bu xəbərdən kədərləndilər. Nizami isə ona təsəlli verdi:

– Əvvəlcə insan səhv buraxmamağa çalışmalıdır. Lakin səhvi buraxdıqdan sonra özünü itirməməlidir. Çünki çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər. Sən heç bir zaman yoldaş, arkadaş və qohum-qardaş məsləhətini eşitmirsən. Səni məğlub edən olarsa, ancaq bu kimi nöqsanların səbəbinə məğlub edəcəkdir. Dünyada heç bir vaxt təkbaşına iş görənlər qalib gələ bilməmişdir. Dünyada özünü hakim-mütləq sayan padşahlar belə təkbaşına iş görməmişdir. Onlar da vəzirlərin məsləhətini eşitmişdir. Sənə yüz kərə dedim ki, o qızın vasitəsilə qorxulu təşəbbüslərə başlama. Sənin tutduğun işlər ancaq bu cür nəticə verə bilərdi. Hərgah sən onu sevmirdin, hərgah sən onu yalan sevginlə aldadaraq Əmir İnanca qarşı apardığın mübarizədə alət etmək istəyirdinsə, kədərlənməyə heç bir ehtiyac yoxdur. Lakin sən onu sevə-sevə bu qorxulu məsələyə cəlb etdiyin üçün kədərlənməlisən. Çünki sən onun döyülməsinə, həbs edilməsinə, cürbəcür işgəncələr görməsinə, nəhayət, buradan sürətlə aparılmasına səbəb oldun! Bu təşəbbüsdən nə kimi faydalar əldə etdin? Mühakim İbn-Davudu döydürməkdən başqa nə qazandın? Sən bununla heç bir təqsiri olmayan bir qəlbi təhqir etdin. Əmirin qadını olanda nə olar?! O bizə nə etmişdi?! Bunların hamısı keçibdir. Bu məsələ üzərində buraxılan səhvi düzəltmək mümkün deyil, gələcək haqqında düşünmək lazımdır.

Fəxrəddin bu nəsihətlərə cavab olaraq:

– Doğrudur, İlyas, mənim səhvlərim çox böyükdür. Hazırda nə etməliyəm? Dilşadı qurtarmaq üçün nə kimi çarə düşünə bilərəm? Buradan çıxıb Bağdadamı gedim? Gedib nə edəcəyəm?! Orası Gəncə deyil ki, minlərcə tanışım olsun, – dedikdə, Nizami:

– Səbir etməlisən. Dünyanın peşəsi hadisələr doğmaqdır. Görürsən ki, vəziyyət tez-tez dəyişir. Xüsusən bizim vətənimiz heç bir zaman hadisəsiz yaşamayıb, yenə də yaşaya bilməyəcəkdir, çünki mövqeyimiz belədir. Heç bir tərəfə hərəkət etməyi məsləhət görmürəm. Mənə qulaq as! Özünü ələ al! Bu hadisə sənin mətanətini artırmalıdır. Hadisələrin süzgəcindən süzülüb çıxan adamlar dünyada qalib yaşaya bilər. Sən bu hadisələr nəticəsində özün üçün müəyyən yaşamaq yolunu təyin edə biləcəksən. Dilşadın buradan aparılmasına onu tamamilə itirmiş kimi məna vermə. O, burada olanda da sənin əlində deyildi, indi də sənin sərəncamında deyil, vəziyyət heç də dəyişməmişdir. Sənə verilən tək-tük görüş imkanları da müəyyən bir siyasətin nəticəsi idi. İndi siyasi vəziyyət tamamilə Əmirin nəfinə olaraq dəyişdi, artıq onun qızından və cariyələrindən istifadə etməyə ehtiyac yoxdur. Lakin bu həmişəlik deyil, biz onu yenə də diz çökdürəcəyik. Lakin sənə yenə də tapşırıram Əmir İnanca qarşı əlaqəni dəyişdirməməlisən. Bizim xırda təşəbbüslərimiz, onun böyük təşəbbüs etməsinə səbəb olar, onu ayıq sala bilər. Dilşadın qurtuluşu barəsində dərin düşünmək, faydalı tədbirlər görmək lazımdır. İndi isə Rəna xanımın qəlbini sındırma, buyur, bizimlə nahar elə.

Fəxrəddin süfrəyə əlini uzadırkən:

– Nə qədər şərəfli bir ailədir, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üç ildən sonra

Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı.Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin.

1 h
Nitqin surəti

Məzarın üstünə tikilmiş bu bəyaz mərmər insanın nəzəri-heyrətini nə qədər cəlb edirsə insan bir o qədər də ələmnak olur. Zira bu bir parça yazılı daş isə də, bir fani, daha açığı bir vətən və insaniyyət aşiqinin, arı olan həyata vida etdiyini insanlara bildirir. Gəmtalə bir milyonçu!!! Öz vətənini necə fəramuş etdin? Necə bu vida, bu müfarigət məcburi idi? Yəqin ki, sən əsarətin biəman əlindən qurtararaq, məqqərrisulhi-əbədi, mərkəzi-hürriyyəti-ilahi olan dəri-ahirətə çəkildin. Ey zayir! Sən bu qaranlıq İranda bir işıqlıq istəyirdin, lakin, ey ziyalı rəfiqim, özün bir qaranlıq hüfrə basdırıldın. Ey məlaktinət! Mən cəsarətən deyə bilərəm ki, sən behiştdən azadiyyət və hürriyyəti dünya əhlinə, xüsusən İran xalqına tanıtdırmaq üçün qanad çalıb dünyaya düşən bir mələk idin! Əcəba bəs nə üçün vətənində hürriyyəti-tam bərqərar olmamış uçub getdin? Övladi-vətənin hürriyyətə münasib bir qüvvətə malik olmadıqları üçün deyil?! Bəli! Bəli! Vətəndə, millətdə hənuz o iste’dad hazır olmadığı üçün yenə peşiman-peşiman cənnətə uçdun. Mələklərə, hurilərə, öz xəyali pişivalələrinizə qoşuldun.Ey mələk! Sən cənnətdən uçub yerə qondun, əfsus ki, qonduğun yerlər əcəlzari-fələkət olan İrandan ibarət qaldı. Mən yəqin edirəm ki, sənin ruhun da behiştdə İran adı eşitdikdə qəmnak olur, sərasimə diksinir. Əlbət ki, öz vətəninizin xarabalığından, məzlumiyyətindən mələklərə söhbət edərsən. Ey işıqlı gün! qaranlıq bir vaxtda çıxdın! Qürub etdikdə heç kəs sə-nin bu ələmnak qürubunu bilmədi. Vəfasız və hənuz haqşünaslığın qədri-mənzələtini anlamayan iranlıların qəlbindən məhv oldun. Fəqət hürriyyətpərəstanın gözündə, qəlbində müçəssəm duracaqsan!

2 min
Söhbət

«Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində.*Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın?

2 min
Məktub

(«Molla Nəsrəddin»in möhtərəm yazıçısı Qızdırmalıya)*Əfəndim! Sözlərinizdən hərarət yağır, oxuyanda insanın dil-damağı quruyur. Məqalələrinizin hədərən-pədərən olmasından belə mə’lum olur ki, bir az da titrətməniz vardır. Onun da cəhəti bulvarda gəzəndə starşi qaradovoy, börk götürmüsən, sənə soyuq dəyibdir. Əlbəttə mənim ərzimi qəbul edib gərək bir qrantsız hamam tapasan, bir qədər tərləyib, sonra suya girib fitəni başuva salıb altmış qab isti su fitənin üstündən başuva tökəsən. Ondan sonra əhvalını mənə yazgilən. Hərgah yaxşı olmasan, eybi yoxdur, qızdırmanı bağlaram.

1 min

Poems by other poets