Page 1 of 2

Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar.

Vaxtilə, – sürgün edilmişdir – deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtmasilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü.

O, Dilşada olan sevgi və duyğularını nə qədər səfərbər edirsə-etsin, Əmir İnancın bu sevgiyə verdiyi imkanları nə qədər qiymətləndirirsə qiymətləndirsin, yenə də Əmir İnancın və onun Atabəyi Məhəmmədin Azərbaycandakı hərəkətləri ilə barışa bilmirdi. O, xalq azadlığının ərəb mizraqları, fars və İraq qılıncları altında məhv edilməsinə soyuqqanlılıqla baxa bilmirdi. O, bu vəziyyət qarşısında acizləşmişdi. Qəhrəmanlığına baxmayaraq yazıq və həyatın bütün imkanlarını uduzmuş adamlar kimi nə edəcəyini bilmirdi. Əmirin əleyhinə hərəkət etmək fikrini qərarlaşdırdığı zaman sanki Dilşad gəlib gözünün qarşısında durur:

– Fəxrəddin, özünü ələ al, Əmir öz sözünü geri götürərsə, mən məhv olaram, – deyirdi.

Lakin Dilşadın saçlarını sığallayıb, fikrində: "Dilşad, mənə inan, sənin sevgin mənə hər şeydən artıqdır", demək istədiyi zaman, dilənçi halına gətirilən minlərcə ailələrin qız və qadınları Fəxrəddinin gözünün önündə təcəssüm edir və xalqın kürəyində səslənməkdə olan qamçı və mizraq səsləri Dilşadın yalvarış səslərini örtürdü.

Nizami, məscidə bərabər getmək üçün Fəxrəddinin yanına gəldi. O, Fəxrəddini öz təbii halında görməyərək soruşdu:

– Səni təbii halında görmürəm.

– Doğrudur, fikirliyəm.

– Nəyin fikrini edirsən?

– Xoşbəxtliyimiz baş tutur.

– Hansı xoşbəxtliyiniz?

– Dilşad ilə olan xoşbəxtliyimiz.

– İzdivac məsələsinimi deyirsən?

– Bəli, onu deyirəm. Səncə, o, sadə bir xoşbəxtlikmidir?

– Baş tutarsa, böyük xoşbəxtlikdir.

– Ona mən də inanmırdım. Lakin indi inanıram.

– Təzə xəbərmi var?

– Var, çox da gözəl xəbər!

– Ayıq ol ki, bu xəbər Səba xanım gətirən xəbərlərdən olmasın.

– Yox, bu xəbər deyil, Dilşadın özünün yazdığı məktubdur. Gizlin bir söz yoxdur, alıb oxuya bilərsən.

Fəxrəddin cibindən Dilşadın məktubunu çıxarıb inandırıcı bir tövr ilə Nizamiyə uzatdı. Nizami məktubu alıb çox diqqətlə oxudu, məktubu əlində saxlayaraq qaşlarını qoşalaşdırdı və bir az fikir etdikdən sonra:

– Məktub Dilşad tərəfindən yazılmışdır, buna şübhə yoxdur. Lakin bu məktub bir səbəbsiz deyil.

– Səbəb odur ki, Əmir bununla məni xəbərdar etmək istəmişdir. Bu da ki, hazırlıq görmək üçündür.

– Yox, Fəxrəddin, inana bilmirəm. Mən səni bu qədər də avam və sadə bilmirdim. Sən Əmir İnancı tanımırsanmı? Onun xəlifəyə yazdığı məktubu oxumadınmı? Vaxt qazanmaq üçün Dilşadı sənə vədə verdiyini başa düşmürsənmi? Necə olur ki, Əmir İnanc mövqeyini möhkəm etdiyi və arxasında hədsiz-hesabsız bir qoşun durduğu zaman heç bir təzyiq olmadan özü məktub göndərib, Dilşadı sənə verir? Mən bunu bir hiylə hesab edirəm, mənə inan, bu məktub böyük bir hadisə ilə əlaqədardır. Mən istərdim ki, dostum qılınc və mizraq qəhrəmanı olduğu kimi, tədbir və düşüncə qəhrəmanı da olaydı! Özünü şaşırma, mən elə bilirəm ki, Dilşad Gəncədə deyildir. Məktub isə səni iğfal etmək üçündür.

– Dilşad məni iğfal etməkmi istəyir?! Buna kim inana bilər?!

– Səni Dilşad iğfal etməz, biləks onu iğfal edib bu məktubu yazdırarlar.

Fəxrəddin fikrə qərq oldu, bu fikrin təsiri ilə də ağzından bu sözlər çıxdı:

– Gedəcəyəm də, bildiyimi danışacağam da – dedikdə Nizami dərhal onun nə barədə düşündüyünü anladı və gülərək dedi:

– Xalq susduğu zaman sənin danışmağın sükutu pozar, xalqın fikrinə təkan verər, lakin rəhbərlər susduğu zaman xalq düşmənin haqlı olduğu qənaətinə gələrək, rəhbərləri ata da bilər. Cəbhədə qılınca, məclisdə gözəl və dəyərli nitqə malik olanlar qəhrəmandır. Bizcə, xalqın gələcəyi və müqəddəratı nə qədər dəyərsiz və yoxsul olursa olsun, o yenə tək bir şəxsin zəngin müqəddəratından dəyərli və qiymətlidir. Halbuki bu kimi iclaslarda bütün Şərqdə nümunəvi və yüksək bir mədəniyyətə malik olan Azərbaycan xalqının müqəddəratı həll edilir. Bizim mədəniyyətimizi sönmüş və geri qalmış fars və ərəb mədəniyyətilə bir qaba yerləşdirmək istəyənlərlə açıq danışmaq lazımdır. Biz irəlidəyik, bizi bir daha geri qaytarıb ərəb mədəniyyətinin qabığına soxmaq istəyənlər səhv edirlər. Bunu onlara anlatmaq lazımdır Bu isə açıq danışmaqla mümkündür. Ərəblər bizə din gətirdilər, qəbul etdik, təriqətlər, məzhəblər gətirdilər, qəbul etdik, lakin dillərini, mədəniyyətlərini qəbul etməyəcəyik, çünki bizim mədəniyyətimiz öz dilimizin əsasında qurulmuşdur. Biz təriqətləri və onların doğurduğu tükənməz mövhumatı ancaq mədəniyyətimizin vasitəsilə təsviyə etməliyik. Düşmənlərimiz bizi iranlılarla müqayisə etməməlidir. Onlar istilaçı İskəndəri peyğəmbər deyib göylərə qaldırdıqları halda, biz bunun əksinə olaraq ərəblərlə dörd yüz ildən bəridir vuruşuruq və müharibəmiz indi də davam edir. Mən əminəm ki, nəhayət, qalib də gələcəyik. Dur ayağa, vaxtdır, məscidə getmək lazımdır. Bütün Aran ölkəsinin gözü bizim ağzımızdadır. Qalx, deyirəm, qalx!

Nizaminin nəsihətləri Fəxrəddinin qanında heç bir zaman duymadığı bir coşqunluq yaratdı. Şad və qüvvətli bir ürəklə evdən çıxıb məscidə gəldilər.

Məsciddə əhali əlindən yer yox idi. Aran şəhərlərinin hamısından nümayəndələr gəlmişdi. Nizami və Fəxrəddin məscidə daxil olduğu zaman, hamı ayağa qalxdı. Şairə və qəhrəmana qarşı bu ehtiram hökumətə qarşı açıq bir nümayiş şəklini aldı. Gəncə qazisi Əmir İnancın tapşırığına görə minbərə çıxdı. Xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin adına uzun bir xütbə oxudu. Sonra da camaatı xəlifənin, Toğrulun və Atabəy Məhəmmədin itaətinə çağırdı. Xütbəsində hökmdarın ədalətindən, Atabəy məmləkətlərinin abadlığından danışandan sonra üsyan məsələlərinə keçərək dedi:

– Bəzi quldurlar, qaçaqlar və soyğunçular hökumətə yağı olduqları üçün, Allah bəndələrinin rahətini pozurlar. “Təzə qanun verin!” deyib qışqıranlar öz sözlərini açıqdan demək istəmirlər. Onlar “Təzə qanun verin” deyəndə köhnə qanunun ləğv edilməsini istəyirlər. Burası bütün Aran xalqına məlumdur ki, peyğəmbər-zişanın tətbiq etdiyi qanunlardır. Lakin avam xalq onların “təzə qanun” sözü ilə nə demək istədiyini bilmir. Hərgah bilsəydilər, onların sözlərinə baxmazdılar, onları döyüb xalq arasından çıxarardılar. Lakin nə olubsa keçib gedibdir. İndi xəlifənin və Atabəyin mərhəməti Aran xalqına şamil olubdur. Xəlifə bütün günahkarları bağışlamış və şəhərlərdə sakitliyi bərpa etmək üçün öz qoşunlarını göndərmişdir.

Qazidən sonra Əmirin özü də, veziri Toxtamış da danışdılar. Danışıqlar mövzu və mündəricə etibarilə bir-birindən o qədər də fərqli deyildi.

Rəsmi şəxslərin danışıqları bitdikdən sonra əmir yenə də Aran nümayəndələrinə müraciətlə Soltan Toğrula və Atabəy Məhəmmədə biət etmək məsələsini qoydu. Lakin biət etmək üçün nə yerindən tərpənən, nə də danışmaq istəyən yox idi.

Fəxrəddin danışmaq üçün icazə istədikdə Əmir çox məmnuniyyətlə ona söz verdi, çünki Əmir Dilşad tərəfindən göndərilən məktubla Fəxrəddinin hökumət əleyhinə olan fikrini dəyişdiyini zənn edirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets