Aran
Page 2 of 2 · 50%
Fəxrəddin ayağa qalxıb minbərin yanına getdi və danışmağa başladı:
– Burada danışılan məsələlərin hamısına ayrı-ayrılıqda cavab vermək lazım deyil, çünki hər kəs eyni bir məsələ haqqında danışdı. Mənə belə gəlir ki, danışanların hamısı ilhamını bir mənbədən almışdır. Buna görə də mən danışan cənabların çox müəmmalı olan fikirlərini qismən izah etməyə çalışacağam. Zənnimcə, bu izahatdan sonra təzə xanədana biət etmək məsələsi və bunun hansı şərtlə mümkün olacağı öz-özünə həll ediləcəkdir.
Əvvəla, bunu demək istəyirəm ki, xəlifənin fərmanı gəldiyi zaman bizim biətdən boyun qaçırmağımızın səbəbi var idi. Çünki biət etmək qayibanə şəkildə doğru olmazdı, xalq biət etdiyi zatı görüb tanımalı idi. Hazırda isə məsələ aydındır. Hökmdarın özünü görməsək belə, biət məsələsini müzakirəyə qoya bilərik. Çünki təzə xanədan bu bir neçə ayın ərzində öz simasını göstərmişdir.
Mən Aranın hər tərəfindən bura toplanmış nümayəndələrə müraciət edərək onlara sual verirəm:
– Bizə nə kimi hökmdar, nə kimi bir üsul-idarə lazımdır?
Fəxrəddinin bu sualına heç kəs cavab vermədi. Fəxrəddin öz nitqini davam etdirib dedi:
– Cavab verən yoxdursa, mən verdiyim sualın cavabını özüm verə bilərəm. Bizə nə kimi bir hökmdar və nə kimi bir üsul-idarə lazımdır?!
Azərbaycan xalqı öz tarixini bilməyəcək qədər küt və savadsız xalq deyildir. Bizim mədəniyyət və tariximizin inkişaf dövrünə aid olan vəsiqələr, istilaçı ərəblər və cahangir iranlıların vurduğu zərbələrə baxmayaraq tamamilə aradan qaldırılmamışdır.
Cahangirlərin qılınc, mizraq, ox və nizələrlə tabe edə bilmədikləri bu ölkə, xarici ölkələri öz sənaye məhsulları ilə doyuran və dünyanın hər tərəfindən tacirlər cəlb edən mədəni ölkə olmuşdur. Azərbaycan şəhərləri vaxtilə dünya ticarətinin bitməz bir anbarı vəzifəsini daşımışdır.
Bacərəvan-Kəştasfi, Məhmudabad, Bərzənd kimi böyük ticarət bazarları cahangirlərin at təpikləri altında sürtülüb yerlə yeksan oldu. Artıq Qərb ölkələrindən Qara dəniz vasitəsilə Qarabağ, Gəncə və Şamaxıya gələn tacirlərin əvəzinə, cənubdan əli qılınclı ərəblər və farslar gəlməyə başladı. Biz azərbaycanlılar öz evimizdə rahat yaşamaq əvəzinə dörd əsrdən bəri ərəblər, farslar, səlcuqilər və sairələrlə ölüm-dirim müharibəsi aparırıq. Hazırda bizə elə bir hökumət lazımdır ki, Azərbaycan xalqının arzularını həyat keçirsin və xalqın öz vətənində rahat yaşaması üçün imkan yaratsın. Hazırkı xanədan iş başına keçdiyi gündən bəri xalqın arzularını həyata keçirə biləcək heç bir təşəbbüs etmədi. Biz yenə də kəndlərə və şəhərlərə cəza dəstələrinin göndərildiyini gördük, yenə də haman qamçıların və haman ağacların səsini eşitdik.
Burada qazi cənabları Azərbaycan üsyançılarını quldur, qaçaq və yolkəsən deyə adlandırdı. Məncə, cənab qazi öz fikrini müqəddəm və müəxxər dedi. O, yolkəsənlər və quldurlarla mübarizə aparan üsyançılar demək əvəzinə, yolkəsən və quldur üsyançılar – dedi.
Mən zənn edirəm ki, təzə xanədan Azərbaycan xalqının nə uğrunda mübarizə apardığını təyin etdikdən və xalqın sevmədiyi hakimləri Azərbaycandan rədd etdikdən sonra biət məsələsini Azərbaycan xalqının qarşısında qoya bilər. Biz böyük bir mədəniyyəti saxlamaq, Azərbaycanı azad bir məmləkət kimi yaşatmaq, sənətin və ədəbiyyatın boğulmasına imkan verməmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq. Mənə belə gəlir ki, xalqın nə istədiyini mərkəzi hökumətə doğru bir surətdə yetirsələr, bir daha qılınclarımızı qınından çıxarmağa ehtiyac qalmaz.
Fəxrəddin sözünü bitirdikdən sonra Nizami Əmir İnanca müraciət edib danışmaq istədi. Əmir İnanc onun nə demək istədiyini çox gözəl bilirdi, onun hökumət lehinə bir kəlmə də olsa söyləməyəcəyini bilirdi. Lakin ona söz verməməyə cəsarət etmədi, çünki Fəxrəddinin çıxışı xalqı onsuz da hökumət əleyhinə hazırlamışdı. Buna görə də Əmir istər-istəməz Nizamiyə söz verdi. Nizami sözünü bu misralarla başladı:
Gər məlik, inəst dər in ruzigar,
Mən bə tö viranə dəhəm səd həzar.
“Sel dünyanı tutubdur. Ağıllı adamlar sel gəldiyi zaman evindən dişarı çıxmaz. Mən bu vəziyyəti gördüyüm zaman qapımı tamamilə bağlayıb bir tərəfə çıxmaq istəmirəm. Lakin bunu mən bacarmıram, çünki mənim qapım hər kəsin üzünə açıq olmalıdır. Lakin hava olduqca küləklidir”.
Hökumət və xanədan dəyişməsilə məmləkət əhli bir şərtlə barışa bilər. O şərt – üsuli-idarənin dəyişməsindən ibarətdir. Qamçını bunun əlindən alıb başqasının əlinə tapşırmaq xalqın həyatında təzəlik törədə bilməz. Hərgah özünü bizə hökmdar sayanlar bizim üçün yüksək bir mədəniyyət gətirə bilmirsə, o zaman bizim mədəniyyətimizə də toxunmamalıdırlar.
Mən çox təəccüb edirəm ki, bu gün yenə də biət almaq məsələsi meydana atılmışdır. Biz əlimizi kimlərə uzatmalıyıq?! Hansı əlləri öpüb biət etməliyik?! Biz heç vaxt dodaqlarımızı qardaşlarımızın qanına batırmaq istəmirik, çünki biət üçün öpəcəyimiz əllər Azərbaycan xalqının qanı ilə boyanmışdır. O əllər qandan qurumayır, çünki hər gün təzə qanlar tökürlər. Bu qanları dayandırmaq və bugünkü xəyanətləri unutdurmaq üçün birinci növbədə xəyanətin başında duranları cəzalandırmaq lazımdır. Xalqın ruhuna, əzəmətinə, mədəniyyət və yüksəlişinə uyğun bir üsul-idarə yaradılmadan xalqın etimadını qazanmaq olmaz.
Nizami uzun nitqdən sonra oturdu. Əmir, Fəxrəddin və Nizamiyə cavab vermək istədisə də, fürsət tapa bilmədi; çünki biət etməmək üçün xalqın çox hissəsi məscidi buraxıb Məlikşah meydanına çıxmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-aran
Use ← → keys to move, R for a random poem
More by this author
20-ci ildə İran parlamanının açılması.*İranda güşad oldu parlaman, gözüm aydın!
EdərəmSeçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi.*Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm,
BirikLloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.*Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Əlbəttə ki!Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!