Çar konsulunun yeni xəyanəti
Bu gün miss Hannanın Payan kəndinə gedəcəyini bilirdim, o bunu bir gün əvvəl mənə xəbər vermişdi; qız mənimlə bərabər getməyi arzu edərək məktubunda təkid göstərmişdi.
Mən özüm də bu səfərdən maraqlanırdım, bu son günlərdə İngiltərə və Rusiya dövlətləri İranda yeni hadisələr yaratmaqda və Morqan Şosterin qovulması üçün ciddi surətdə çalışmaqda idi.
Morqan Şosterin müstəqil işləməsi, İranı müstəqil bir hökumət kimi tanıyaraq Rusiya-İngiltərə mənafeyini nəzərə almadan iş görməsi onları narahat edirdi.
Mühüm bir zamanda Süpəhdar ilə Sərdar Əsəd arasında da sədrəzəm üstündə mübarizə davam edirdi, bunlar sədrəzəmliyi öz aralarında növbətə qoymuşdular.
Biz Amerikanın Morqan Şosterin haqqındakı fikrini bilməyə tələsirdik, buna görə də mən miss Hanna ilə tez-tez görüşürdüm. Amerikanın Morqanı müdafiə edib-etməyəcəyi bəlli deyildi. Miss Hanna ilə sıxı görüşmələrim bir məhəbbətin səmimiləşməsi kimi mənə edildiyindən amerikalı qız öz şadlığını gizlədə bilmirdi.
Mən içəri girərkən miss Hanna qapalı pəncərənin qarşısında durub eyvanın sütunlarına bağlanmış meyvə ağaclarının hərəkətinə baxırdı.
Külək əsdikcə ağaclar hərəkət edir, budaqlarından asılan payız hulusu və sarı heyvalar sanki qıza salam verirdi.
Yanaqları qızarmış və bir qız kimi oynaq hərəkətdə bulunan «səlami»lər mələçi armudun pənbə və nimrəng yanaqlarından öpdükdə, o, utanaraq yarpağı üzünə pərdə çəkirdi.
Uzun bir eşqin və əzici bir sevdanın əsiri olan heyva da onları qısqanaraq özünü eyvanın sütunlarına vurub məhv edirdi.
İçəri girdik. Səhər yeməyi bitdikdən sonra miss Hanna isti paltarını geyindi, fayton da qapıda durub gözləyirdi.
Mən qızın Payan kəndindəki Amerika cəmiyyəti xeyriyyəsi işini yoxlamağa getdiyini zənn etmişdim. Lakin məsələ belə deyildi, qızın bu səfəri tam mənası ilə başqa bir məqsəd daşıyırdı. Faytonumuz yola düşdükdə qız redikülündən bir paket çıxardı. Paketdəki məktubun həm farscası, həm də ingiliscə tərcüməsi var idi. Məktubu Təbriz müctəhidi Mirzə Həsən ağa Amerika konsulxanasına yazmışdı.
«Amerikalılar mənim mülküm olan Payan kəndində mülk sahibinin icazəsi olmadan bir çox işlərə müdaxilə edirlər. Bunsuz da amerikalıların İranda başıpozuqluğu, hər işə istədikləri kimi müdaxilə etməsi, müstəqil iş görmələri İran xalqının həyəcanına səbəb olmuşdur. Payan kəndində uşaqların sahiblərindən alınıb Amerikaya göndərilməsi, onların xaçpərəst qanununca tərbiyə edilməsi işlərinə mən bir din rəhbəri olmaq münasibəti ilə, soyuqqanlılıqla baxa bilmərəm.
Buna görə də amerikalıların bu gündən etibarən Payan kəndindən çıxmasını tələb edirəm. Əks surətdə mən amerikalıların hərəkətini İranın daxili işlərinə müdaxiləsi kimi mənə etdiyimdən böyük dövlətlərin nümayəndələrinə müraciət edəcəyəm.
Mirzə Həsən».
Miss Hanna məktubu oxuduqdan sonra məni dərin fikir götürmüşdü. Amerikalılar Payan kəndindən yığışdığı təqdirdə bizim silahlar da qorxu altında qalacaq, silahları başqa bir yerə köçürmək lazım gələcək idi. Bu isə heç vəchlə mümkün deyildi, ruslar bizə göz verib işıq verməyəcəkdi. Onlar yerlilərin hərəm odalarına qədər soxulub silah tələb edirdilər.
Mən bu fikirdə ikən miss Hanna:
– Nə yapacaqsan? – deyə ümidsiz halda sordu. – Bura rus müstəmləkəsidir. Rus konsulunun tələbi budur. Ruslar hər şeyi bizdən bilirlər. Şəbnamələri çıxaranlar da sanki amerikalılar imiş, Amerikadan göndərilmiş kisədə tapılan şəbnamələr rus konsulunun əlində böyük bir bəhanə olmuşdur. Rus və ingilis konsulxanaları şəbnamələrdən Amerikanın xəbəri olmadığını bilsə də, bu qiymətli bəhanədən əl çəkmək istəmir, buna görə də Amerikanın Azərbaycandakı müəssisələrini sıxışdırmaq istəyirlər. Eybi nədir? Biz də Mirzə Həsənin təklifini qəbul etdik. İşimizi yığışdırmaq üçün iki həftə möhlət almışıq, indi isə uşaq qəbulunu dayandırmaq əmrini vermək üçün gedirəm.
– Amerika hökuməti bu barədə bir təşəbbüsdə buluna bilməzmi? – deyə qızdan soruşdum. – Buna Tehran və yaxud Vaşinqton bir təsir göstərə bilməzmi?
– Məsələ Payan kəndi məsələsi deyildir. Məsələ İngiltərə-Amerika, Rusiya-Amerika rəqabəti məsələsidir, məsələ Morqan Şoster məsələsidir. Hər iki hökumət bunu çəkə bilmir. Rusların Azərbaycanda öz evi kimi hərəkət etməsinə də İngiltərə səbəbdir. İngilislər bir çox səbəblərə görə İranın azadlığı əleyhinə olaraq açıqdan-açığa hərəkət edə bilməzlər. İngiltərədə proletariat etiraz edir və liberal müxalifətçilərin bəziləri də Orta Asiya siyasəti xətt-hərəkətinin dəyişilməsi tərəfdarıdır. İngiltərə İslam Şərqində öz nüfuzunu itirməyə çalışır, İran istiqlalına hüsn-rəğbət bəsləyən 70 milyonluq hind müsəlmanları da nəzərdə tutulur. Xüsusən İranda Rusiya və İngiltərə siyasətinin törətdiyi hərc-mərclik nəticəsində İngiltərənin ticarət kapitalı ağır zərərlər çəkir. «Linc» firması olduqca böyük zərərlər çəkmişdir, firma nümayəndələri istər parlamanda, istərsə parlaman xaricində söylədiyi nitqlərində, İngiltərə xariciyyə naziri əleyhinə çıxışda bulunmuş və onun İrandakı siyasətini tənqid etmişlər. Bundan başqa, Mançester və sair ticarət palataları da Qərbin siyasəti əleyhinə çıxışda bulunmuşlar. Belə şərait nəticəsində İngiltərə açıq hərəkətdə bulunmayaraq, rus süngüsündən istifadə edir, öz sözünü rus orduları vasitəsilə qəbul etdirməyə çalışır. Amerika hökuməti də bunu bilməmiş deyildir, ola bilər ki, Morqan Şoster də geri çağırılsın, zənnimcə, Amerika bu məsələni böyütmək istəməyəcəkdir.
Faytonumuz yenə də iydə ağaclarınını kölgəsi ilə örtülmüş çalaçuxur yollarla gedirdi. Payız küləyi şiddətli bir surətdə əsirdi. İydə ağaclarının saralmış yarpaqları miss Hannanın ağ dəridən tikilmiş yaxalığının üstünə düşməkdə idi.
Qız küləkdən qorunmaq üçün mənə qısılmışdı:
– Sizə də soyuqdur, – deyə əlimi əlinə alır və düşünürdü.
Bir azdan sonra düşüncədən ayrılaraq mənə müraciətlə:
– Ticarətiniz nə yoldadır? Özünüzü idarə edə bilirmisiniz? – deyə soruşdu.
– Nə üçün, fəna deyildir, – deyə cavab verdim.
– Cavahirçilik ticarəti təmiz bir ticarət olsa da, bununla kapitalist olmaq mümkün deyildir.
– Nə üçün? – deyə sordum.
– Çünki cavahir ticarəti kütlələrin ən az bir hissəsini əhatə edə bilər, onun istismar dairəsi çox dardır. Siz istəsəydiniz, mən sizə böyük bir para qazandırardım, az vaxt içərisində böyük bir sərvət əldə etmiş olardınız.
– Nə vasitə ilə?
– Amerikalılar müvəqqəti olaraq İrandakı ticarətlərini dayandırmağa məcburdurlar. Bütün müəssisələrin ticarəti dayandırması üçün Nyu-York və Vaşinqtondan təlimat vardır.
– Bunun səbəbi nədir?
– Ticarət karvanlarını mühafizə üçün silahlı qoşun dəstələri lazımdır. Şimalda Rusiya, cənubda ingilis ticarət karvanlarını müdafiə üçün məzkur dövlətlərin silahlı qoşunları vardır. Lakin Amerika tacirləri üçün bu, mümkün deyildir. Yollarda qarət olunan malları da biz, başqa dövlətlər kimi, İran dövlətinin hesabına yaza bilmərik. Ticarət mallarımız rus-ingilis qoşun dəstələrinin gözü qarşısında qarət edilsə də, onlar yardım vermirlər, onlar Amerika mənafeyini müdafiə etməyi öz hökumətlərinə qarşı bir xəyanət hesab edirlər. Bunları nəzərə alaraq, ticarət müəssisələri ticarəti yığışdırmalıdır. Amerika müəssisələrinin əlində bir çox mal vardır ki, bunları nə alman, nə Rusiya, nə də ingilis ticarət müəssisələrində ələ gətirmək mümkün deyildir. Siz Amerika mallarını alıb öz əlində saxlasanız, bir aydan sonra siz milyon sahibi ola bilərsiniz.
– Çox razıyam, cavahir ticarəti təmiz ticarətdir, lakin bunu da sevirəm, – deyə yenə də Məşədi Kazım ağanı xatırladım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-car-konsulunun-yeni-xeyaneti
Use ← → keys to move, R for a random poem
More by this author
Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
XXII. Generalın yanındaDoktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:
XXIII. Yeni hökumətin siması«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
XXIV. Esterin həbs edilməsiBolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik