Çarın təzə nökəri
Page 3 of 3 · 67%
Bu təntənədən alınacaq nəşələr Təbrizi xaricdən təhdid edən hadisələrin qorxuları ilə əvəz olunurdu.
Konsul piyaləsini doldurub, təzə valinin şərəfinə içirkən danışdığı cümlələrdə özünün daxili düşüncəsini izhar etdi:
– Cənab vali! Məmləkətimiz qorxulu və mühüm günlər keçirməkdədir. Şahənşah ölkəsi xarici düşmənlər tərəfindən təhdid edilməkdədir. Osmanlı-alman dövlətləri İran azadlığını yıxmağa hazırlanır. Buna görə də «iranlı» adını daşıyan bütün namuslu adamlar şahənşah hökumətinin azadlığını və ölkəsinin istiqlaliyyətini müdafiə etmək üçün vahid bir cəbhəyə yığışmalıdır. İmperator hökuməti də İran istiqlaliyyətini müdafiə etmək üçün öz qonşuluq vəzifəsini və özünün müəyyən müqavilələrlə borclu olduğu vəzifələri yerinə yetirməyə çalışmaqdadır. İqtisadi və siyasi əlaqələrlə bir-birinə bağlı olan Rusiya və İran məmləkətləri tarixin mühüm və məsuliyyətli bir dövrünü keçirir. Bu iki dost məmləkət hazırda öz şərəf və əzəmətini müdafiə etmək və düşmənlərinə zərbə endirmək üçün aralıqda olan dostluq əlaqəsini bir daha sıxlaşdırmalıdırlar. Tehran hökuməti və şahənşah dövlətinin nazirləri lap öz vaxtında bunu nəzərə aldılar. Təzə valinin təyin edilməsi də bunu təsdiq edir. Mən bu ziyafətdə imperator hökumətinin bir nümayəndəsi sifəti ilə təzə valinin öz vəzifələrini ifa etməsi üçün əlimizdən gələn yardımı göstərməyə hazır olduğumuzu bir daha təkrar edirəm. Vali cənabları bu barədə şahənşah hökumətini əmin edə bilər. Hazırda mənim cənab valinin şərəfinə qaldırdığım bu piyalə səmimi dostluq piyaləsidir. Cənab vali, sizin şərəfinizə!
Konsul piyaləsini içdi, biz də bir kərə piyalələri əlimizə götürüb yenə də süfrənin üstünə qoyduq.
Təzə vali konsulun tostundan sonra öz piyaləsini doldurub qalxdı və yaltaqlığa məxsus ifadələrin ən rəzil cümləsini meydana atdı.
Süfrə başından durdular. Hərə bir tərəfə çəkildi. Yenə də sərdar Rəşid məni qoltuqladı, konsul da bizə yanaşaraq bir neçə qədəm dolaşdı, sonra onu telefona çağırdılar. Sərdar Rəşid məni özündən razı salmağa və eyni zamanda mənim ağzımdan Rusiya əleyhinə olaraq bir söz tapmağa qəsd etdi.
– Cənab ağa! – dedi. – Azərbaycan ki var, İranın ayrılmaz bir parçasıdır. Min şükür olsun ki, Hacı Səməd xan kimi xainlər iş başından rədd oldu. Məmləkətimiz yenə də öz əlimizə çatdı, indi biz öz məmləkətimizi öz istədiyimiz kimi idarə edə bilərik. İmperator hökuməti də bizə əlindən gəldiyi köməyi edər, gördüyünüz kimi cənab konsulun özü də bunu buyurdu. Söz öz yanımızda qalsın, ruslar da haman ruslar deyil, osmanlı-alman ittifaqı məsələsi aralığa çıxandan bəri onların da siyasəti dəyişibdir. Biz indi ruslarla yavaşyavaş açıq danışa bilərik, biz indi istiqlaliyyətimizi möhkəm etmək üçün öz sözümüzü deyə bilərik. Öz aramızdır, biz osmanlılarla da çox tez anlaşa bilərik, bir tərəfdən yaxın qonşu, bir tərəfdən də din qardaşlarımızdır, ətimizi yesələr, sümüklərimizi çölə atmazlar. Lakin bizə hələlik ruslarla ixtilaf çıxarmaq əl verməz. Yəqin ki, ağa da mültəfitdir, indilik xəmir belə su aparır, Tehranın də fikri budur. Zahirdə biz bitərəf qalmalıyıq. Qoy hələlik bunlar bir-birini döysün, amma məsələ başqa cürdür, biz təzə gələn qonaqlara, Rusiyaya bildirmədən kömək göstərməliyik. Mən bu barədə bütün tanışlara və namuslu iranlılara xəbər vermişəm, sizə də xəbər verirəm, camaatımızı hazırlamaq lazımdır. Onlar avamdır, siyasətçi deyildir, onları bir para rusofillər çox tez yoldan çıxarda bilər. Bizim xalqımızın başlıca nöqsanı özünün çox tez aldanmasından ibarətdir. Hər halda mən sizi özümünkü hesab edib öz qəlbimi deyirəm. Siz mənim dediyim sözləri bir diplomat sözü hesab etməyin, özünüz də bir az soyuqqanlı olun, əlbəttə, mən sizin bəzi səhvlərinizi əfv edəcəyəm, lakin axşam sizin mənə verdiyiniz cavablar bir ölkənin valisinə veriləcək cavab deyildir. İndi siz gərək mənə kömək edəsiniz. Mən Azərbaycanı hərc-mərclik və xarabalıq içərisində əlimə almışam. Öhdəmə götürdüyüm məsuliyyətləri dağların belinə qoysan əyilər, belə deyilmi?
– Belədir! – dedim. – Həzrət əşrəfin vəzifəsi çox məsuliyyətli bir vəzifədir. Zamanın özü də məsuliyyətli bir zamandır.
– İndi ki, cənab sərkar buna mültəfitdir, indi ki, ağa mənim nə qədər mühüm bir zamanda iş başına gəldiyimi təsdiq edir, o zaman mənim siyasətimi anlamalıdır, xalqı da o siyasətin həyata keçirilməsinə tərğib etməlidir. Əcəba dediklərimi cənab sərkar təsdiq etmirmi?
Sərdar Rəşid çox uzun danışdı. İndisə o məndən cavab gözləyirdi. O məndən çar konsuluna xəbər vermək üçün əlverişli bir material arayırdı. Məncə, konsulu telefona çağırmaq məsələsi də vaxtikən düşünülmüş bir hiylə idi, bəlkə də, konsul onu mənimlə tək buraxmaqda belə bir məqsədi təqib edirmiş. Mən əlimdəki papirosa bir qullab vuraraq bir az düşündüm, sonra da sərdar Rəşidə müraciət edib dedim:
– Şəxsən mənim başlıca bədbəxtliyim orasındadır ki, siyasi məsələləri həll edə bilmirəm. Yalnız mən deyiləm, İranda mövcud bütün tacirlərin mədəsi siyasi qidaları həzm etməkdən acizdir. Bəlkə də, bu bizim savadsızlığımız və xəbərsizliyimizin nəticəsidir. Çox təəssüf olsun ki, biz nə öz dostumuzu, nə də öz düşmənimizi tanımamışıq. Bizim üzümüzə hər kəs gülmüşsə, ona dost demişik, hər kəs ki, bizim şəxsi mənafeyimizə toxunmuşsa, onu düşmən hesab etmişik, çünki biz nə ümumi təhlükə barəsində düşünməyi bacarır, nə də ümumi mənafe uğrundakı işlərdə çalışa bilirik. Lakin cənab vali bizlərə bənzəməz, o bütün ömrünü siyasət içərisində keçirmişdir. Mən ona inanıram ki, cənab vali hazırda hadisələrlə hamilə olan gecələrin sabah nə kimi uşaq dünyaya atacağını bilir. Bununla bərabər cəsarət edib həzrət əşrəfə kiçik bir məsləhət verməyi də düşünürəm. Mənim zənnimcə, hazırda həzrət əşrəfin mənə verdiyi siyasi sirləri bizim kimi uzağı görə bilməyən və siyasi məsələləri həzm edə bilməyən adamlara vermək böyük bir səhvdir. Ola bilər ki, mən həzrət əşrəfin buyurduqlarını həyata keçirib ona kömək etmək istədiyim zaman, böyük bir səhv də buraxaram, bu səhvlə də ümumi işləri korlaya bilərəm. Mən həzrət əşrəfi əmin edirəm ki, onun mənə verdiyi bu sirləri heç bir kəs bilməyəcəkdir. Lakin hər kəs mənim kimi deyil, hər kəs həzrət əşrəfə mən qoyan hörməti qoya bilməz. Çox adamlar vardır ki, min tümən nəqd pula aldığı sirri bir qran nisyə pula sata bilər. Mənim də qorxum ondadır ki, həzrət əşrəfin sirləri o cürə adamların əlinə düşər, onlar isə üstünə beş-altısını da əlavə edib, cənab konsulun qulağına yetirər.
Sərdar Rəşid məndən özünə lazım olan cavabları ala bilmədiyindən bir çox dəqiqələr gözümün içərisinə baxaraq:
– Elədir! Bərəkallah! – dedi və əlindəki papirosuna dərin bir qulla» vurdu.
Gecə saat üçdə qalanlar qumara və rəqsə məşğul oldu, mən və Nina vidalaşıb yola düşmək istədikdə sərdar Rəşid məni dayandırib dedi:
– Sabah gecə cənab konsulun şərəfinə kiçik bir ziyafət verəcəyəm, rica edirəm siz də Nina xanımla bərabər təşrif gətirəsiniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-carin-teze-nokeri
Use ← → keys to move, R for a random poem
More by this author
Aprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
Dinsizlik özü də bir dindirDinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
GürcüstanMübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!