Dinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.Əfkarımı bir zərrə usandırmadı tənqid,Atəşli cəhənnəm də məni qılmadı təhdid.

Biganə bilib məndən uzaqlaşdı cəmaət,Aldırmadı kəndisinə bir kimsə nəhayət,Nifrətlər edərkən mənə din oğrusu insan,Buldum fəqət azadə nəfəs almağa imkan.

Nə dinə, nə şər’ə, nə də qur’ana baxardım,Bir din olaraq onları kəndimdə arardım.Mahiyyətimi yazmadı İncilinə İsa,Əfkarımı dərc etmədi Tövratına Musa.

Nə qibləyə səcdə, nə namazında rukuim,Mən din ikən olmazdı Məhəmmədlə rücuim.Yox onlara hissimdə nə nifrət, nə məhəbbət,Hələ nə yapır qoy yapa qafil bəşəriyyət.

Din əhlinə də kəşf olur axırda müəmma,Dinsizliyi dinindən alırmış kişi zira.Getdikcə doğar əski cahandan yeni aləm,Bid’ətlər ölür, dəhrə gəlir ayrı bir adəm.

Dinin də olur zəhrili mazisi fəramuş,Hərbin də olur yerdəki atəşləri xamuş.Övladi-vətən munis ikən sinfə bölünməz,Asayiş olur dəhrdə, hərbin üzü gülməz.

Milliyyət üçün bir belə qan selləri axmaz,Din ordusu dəhşətlə cahan xalqını yaxmaz.Bir gündə ki, qalmaz nə şəriət, nə də rəhbər,Övraqi-əsatirə düşər ləfzi peyəmbər.

Nadidə xudalar da çıxar fikri-bəşərdən,İnsan unudar yerdəki allahı nəzərdən.Göylərdəkinin yerdə nümayəndəsi qalmaz,Yerlərdəki allahı bəşər fikrinə almaz.

Allaha güvənməz qan üçün bunca hökumət,Ruhani hökumətlərə qalmaz daha fürsət.Dinsizlik olar, bir daha qalmaz bu kəşakəş,Milliyyət ölər, həm də sönər yerdəki atəş.

Bir din kimi dinsizlik olar sinfdə möhkəm,Ondan sora asayiş olar yerdə müsəlləm,Azad edər insanlığı din mə’rəkəsindən,Dinin bəşərə yağdığı təkfir səsindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Son müharibə

Qətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı.Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi.

35 min
Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 min
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 min
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 min

Poems by other poets