Page 2 of 2 · 50%

Tağı bəy — (Tütünçüoğluna) Sözün doğrusun Dərvişoğlu dedi: «Hər yanda dolandım, dedim allaha təvəkkül!..» Bu günün vəzifəsi budur, eşidirsən?

Tütünçüoğlu — Eşidirəm, Dərviş Tağı!

Hamı gülür.

Tağı bəy — Ay camaat, siz bilirsiniz ki, mən inqilabçıyam. Sahibkar da yezid deyil ki, dinc adamı heç bir vaxt dara çəkməzlər.

Tütünçüoğlu — Fəhlələr, yoxsullar! Sahibkar inqilabçılara çörək verməmək üçün fabriki bağladı. Siz Tağı bəy kimi adamların hiyləsinə aldanmayın. O, xalqın dostu deyil.

Mücahid — Tütünçüoğlu düz deyir. Biz barışmayacağıq!

1-ci müçahid — Biz vuruşacağıq!

2-ci müçahid — Biz sahibkara küzəştə getmərux!

Davatkəroğlu — (Tütünçüoğluna) Əsəd, yekə oğlansan axı! Niyə bu xalqı qırğına verirsən?

Tütünçüoğlu — O sənin işin deyil!

Tağı bəy — Ay Əsəd, xata olmadı ki, bir qədər Bakıda qalıb qayıtdın...

Davatkəroğlu — Biz bu xalqın bədxahı deyilik ki.

Tağı bəy — Belə ha. Ağadır. Bu gün kefi istər, fabriki bağlar. Sabah da kefi istər, açar. Qardaşım, insaf da yaxşı şeydir. Biz ağa ilə bərabər ətək dolusu pul tökub fabrik tikdirməmişux ki?

1-ci müçahid — Biz heç bir zaman ağanın keyfi ilə oynaya bilmərux!

Hacı Mehdi — Ağanı istəmirux!

Hacı Salman — Ağanı istəmirux! (Tərəfə) Nadürüst oğlu qoyacaq ki, malımızı bazarına salaq?

Davatkəroğlu — Siz Təbrizi Bakı ayağına apar­mayın.

Tütünçüoğlu — Bakı ilə Təbrizin nə fərqi var? Fabrik həman fabrik, fəhlələr həman fəhlə. Ehtiyac da həman ehtiyacdır!

Davatkəroğlu — Elə isə bir azdan sonra gəl kəndiri asılanların boğazından aç. Yaxın gələnin qulaqlarını yerdən göbələk qopardan kimi qopardaram!

Əlidadaş — Mən səni Təbrizdə qoysam, bu bığlar mənə haram olsun!

2-ci müçahid — Sahibkar, sahibkar!

3-çü müçahid — Sahibkar, sahibkar!

Mülkədar — (qapıdan çıxır) Nə istəyirsiniz, nə hay-küydür?

3-çü müçahid — (irəli keçir) Həbsə alınanları burax!

Mülkədar — Qoy hökumət gəlib mənimlə danışsın!

Tütünçüoğlu — Hansı hökumət?!

Mülkədar — Qacar hökuməti!

Tütünçüoğlu — Biz Qacar hökumətini də, ona arxa verib, Azərbaycan yoxsullarını soyan cəlladları da, həris mülkədarları da məhv edəcəyik! (Yaxasından tutur). Yoldaşlarımızı burax!

İşçilər — Yoldaşlarımızı burax!

Fəhlələr mülkədara hücum edirlər. Mülkədarın silahlı adamları fəhlələri qovub fabrikin qabağından çıxarır. Mülkədar başı dağılmış halda qaçır.

Tağı bəy — (tindən çıxır) Mənə Tağı bəy deyərlər. Yaşasın azadlıq deyib çağıranların hamısının adı buradadır. (Dəftəri göstərir.)

Hacı Mehdi — (başını tindən çıxarıb baxır. Hacı Salman bu biri tindən səslənir) Buradayam, hacı...

Hacı Salman — Necə gördün?

Hacı Mehdi — Bu deyil, hələ dalısı var. Qələbə bizimkidir.

Hacı Salman — Hansı qələbə? Biz kimik?

Hacı Mehdi — Kimliyimiz yerinə görədir.

Hacı Salman — Biz kimə qalib gəlirux? Kimlə vuruşurux?

Hacı Mehdi — Biz vuruşmurux, bizim üçün vuruşurlar.

Hacı Salman — Anlamadım!

Hacı Mehdi — Yeri deyil, daha mən sənə burda vəzzariyyat oxuya bilmərəm ki!

Hacı Salman — Yenə də olsun, ucundan-qulağından?

Hacı Mehdi — Hansı tərəf qalib gəlsə, biz qalib gələrik. Yollar açılacaq, biz mallarımızı istədiyimiz bazarda, istədiyimiz qiymətə satacağıq.

Hacı Salman — Hən də, insan ya gərək əksinqilabçı olsun, ya da ki, inqilabçı, yə’ni belə deyil?!

Hacı Mehdi — Bə nəmənə?

Hacı Salman — Hən də!

Hacı Mehdi — İnqilab öz inqilabımızdır. Necə istəsək elə edərux.

Tağı bəy — Belə ha! Mənim də dediyim budur. Əsil kişi sözü də budur. Öz inqilabımızı özümüz edərux.

Mülkədar — (başı sarıqlı halda gəlir. Bir neçə çar bayrağı gətirir) Bu bayraqları vurun dar ağaclarının başına (alıb vururlar. Polislər meydanı camaatdan təmizləyir. Zeynəb və Cavad ağanı dara çəkmək üçün gətirirlər).

1-ci müçahid — Qaçaq Zeynəbi gətirirlər.

Mülkədar — Camaat, bu qaçaq Zeynəbdir, buna baxıb ibrət alın. Mücahidlərin, qaçaqların axırı dar ağacıdır!

Zeynəb — Camaat! Mən qaçaq Zeynəbəm. Mən nə yol kəsmişəm, nə adam öldürmüşəm, nə də yoxsul kəndlilərin son köynəyini çıxarmışam.

Mülkədar — Tez kəndiri boğazına keçir!

Zeynəb — Təbriz qadınları! Mən burada gördüyünüz insan ovlayanlar əlindən dağlara qaçmışdım. Məni tutdular. İndi məni, adam soyanlar, oğrular və xalqın düşmənləri asdırır. Cəllad məni asdırır. (Mülkədara) Mən sən kimi itlərin çoxunu öldürmüşəm.

Mülkədar — Kəs bu bayquşun səsini!

Tağı bəy — Səttar xan! Səttar xan gəlir.

Hökumət qoşunu qaçır.

Cavahir — Səttar xan gəlir!

Mülkədar — (qaça-qaça) Konsula xəbər verin! Konsula xəbər verin! Konsula xəbər verin!

Dilrüba — (qucağında Zeynəbin uşağı, qışqıra-qışqıra gəlir) Zeynəb, Zeynəb, Zeynəb!

Zeynəb — (kəndir boğazına salınarkən) Oğul, balam!

Dilrüba — (irəli gəlir) Qorxma, Zeynəb, Səttar xan gəlir!

Davatkəroğlu — (Dilrubanı görüb əlləri süstləşir, kəndiri əlindən buraxır. Dilrubaya tərəf dönüb titrəyir) Ah, Dilrüba, mənim qatilim Dilrüba!

Dilrüba — Burax, yaramaz!

Zeynəb — (təpik ilə Davatkəroğlunu vurub yıxır). Çəkil, alçaq!

Bazar adamı mülkədarın adamlarını daşa basırlar. Səttar xan dəstəsi ilə musiqi tərənnümləri altında gəlir.

Səttar xan — (camaata) Azərbaycan xalqı! Əsirlik tarixinin vərəqlərini çırın! Qoy azadlıq deyə çağıran səslər qanlı Qacarın gülüstan saraylarını titrətsin! Qoy Azərbaycan xalqının sümükləri üstündə qurulan Qacar qəsri yerindən oynasın! Qoy dumanlı Təbrizin üfüqlərində şığıyan ildırımlar bütün Azərbaycan xalqının azadlıq yollarını işıqlandırsın!.. (Qılıncını çəkib irəli keçir. Hökumət qoşunlarını qovub meydandan çıxarırlar. Zeynəb Dilrubanı bağrına basır və uşağını qucağına alır).

Səttar xan — (Zeynəbə) Sən indi qaçaq Zeynəb deyil, qoçaq Zeynəbsən!

Tağı bəy — (gəlir) Tağı bəy dəstəsi məğlub olmaz! Mən Davatkəroğluna can verən oğul deyiləm!

Hacı Salman — (gəlir) Biz adamın kürkünü yırtarux!

Hacı Mehdi — İnqilabçı olmuşam da, olacağam da!

Hacı Salman — Niyə də olmayım axı, gəl Hacı Mehdi, əlahəzrət imperatorun konsulu gəlir. Buludlar qalınlaşır.

İnqilabçılar mülkədarı əsir gətirirlər.

Səttar xan — (Tütünçüoğluna) Dar ağaclarını yıxmayın. Sahibkarın özünü asdıracağam!

Konsul — (bir neçə qazaq ilə gəlir). Gününüz xeyir, cənab Sərdar! Mən bir məsələ üçün yanınıza gəlmişəm.

Səttar xan — Buyurun!

Konsul — Sahibkar imperator himayəsindədir.

Səttar xan — İnqilab hərəkatına qarışmayacağınıza söz vermişdiniz.

Konsul — Sözümüz sözdür.

Səttar xan — Elə isə dar ağaclarına yaxşı baxın!

Konsul — Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur.

Səttar xan — Bəs o çar bayraqları nədir?

Konsul — Sərdar! Sizin qarşınızda duran böyük Rusiya hökumətinin nümayəndəsidir!

Səttar xan — Böyük Rusiya xalqının nümayəndəsi olsaydınız bir dost kimi əlinizi sıxardım. Təəssüf ki...

Konsul — Nəhayət, sizinlə bir general danışır!

Səttar xan — Sizinlə də Azərbaycan xalqının iradəsini təcəssüm etdirən sadə bir sərbaz danışır!

Konsul — Son sözümdür!

Səttar xan — Mənim də son sözümdür. Xalqın düşmənlərini dar ağacına!

Sahibkarı dar ağacına qaldırırlar.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets