Page 1 of 4

Səttar xanın qərargahıdır. Stol üstündə Cənubi Azərbaycanın xəritəsi salınmışdır. Səttar xan həyəcanla evi dolanır.

Səttar xan — Bizim evimizi yıxan iki şeydir: idarəsizlik və iradəsizlik. Qalib gəlmək üçün nə lazımdır? Sözdə, işdə, fikirdə birlik. Təəssüf ki, bu da bizim yoldaşlarımızda yoxdur.

Sərkərdə — Cənab Sərdar, mən də inqilabçıyam. Lakin nə etməli, Bağ-meşə təslim oldu. Qara Məlik düşmən tərəfinə keçdi. İndi artıq Azərbaycan inqilabı əvəzində mühasirəyə alınmış bir şəhər vardır.

Səttar xan — (acıqlanır) Azərbaycan adına böhtan demə! Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, onun oğulları diridir, onun inqilabı da yaşayacaqdır. Qara Məlik, Bağ-meşə nə üçün təslim oldu?

Sərkərdə — Xalq sözə yox, qüvvətə inanır.

Səttar xan — Sayın çoxluğu qüvvət deyil. Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. Biz üsyana başladığımız zaman kimə arxalanmışdıq? 9 nəfərə! Amma indi bütün bir orduya arxalanırıq.

Tütünçüoğlu — Elədir, cənab Sərdar.

Səttar xan — Onda bizi kim tanıyırdı?

Tütünçüoğlu — Heç kim.

Səttar xan — Amma indi bütün inqilabçı dünya bizi tanıyır. Bizi Rusiya və Zaqafqaziya inqilabçıları tanıyır. Bizi böyük Lenin tanıyır!

Telefon zəng çalır.

Tütünçüoğlu — Hə... Bəli, Sərdarı? Bu saat, cənab Sərdar.

Səttar xan — (telefonu alır) Hə, salam, nitqlərinizin surətini almışam. Baştan-ayağa, yaşasın Səttar xan və məhv olsun Məmmədəli şahdan başqa heç bir şey yoxdur. Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. (Trubkanı yerinə qoyur). Hər başda bir cürə fikir, hər dildə bir cürə söz...

1-ci müçahid — Alvar cəbhəsindən Cavad ağa gəlmişdir.

Səttar xan — Buraxın gəlsin.

Cavad ağa — (silahlı olaraq gəlir) Sizi təbrik edirəm, cənab Sərdar. Alvarı götürdük. Alvarda hökumət qoşununun müqavimətinə baxmayaraq, Bağır xan qüvvətimizi lazımınca təşkil edib hökumət qoşununu darmadağın etdi. Alvar xalqı da inqilab qoşunları ilə bərabər şəhərin köməyinə gəldi.

Səslər — Yaşasın Səttar xan! Yaşasın Azərbaycan!

Səttar xan — (pəncərədən həyətə) Namuslu ağalar, qeyrətli və qəhrəman qardaşlar. Bu günkü qələbənizi bütün Azərbaycan xalqı adından təbrik edirəm! İnqilab paytaxtına xoş gəlmisiniz!

Səslər — Yaşasın Səttar xan! Yaşasın inqilab!

Səttar xan — Zülmkarlar mövqelərini möhkəm etmək üçün fars-azərbaycanlı ixtilafları yaratdılar. Xalqın milli azadlığına təcavüz etdilər. Məsələ budur.

Səhnə arxasından Dərvişoğlunun səsi eşidilir.

Dərvişoğlu:
Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan,
Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli!
Hatəmdə olmamışdır səndə olan səxavət.
Rüstəmdə olmamışdır səndə olan şücaət...

Səttar xan — Eşidirsinizmi? Mən çox arzu edərdim ki, bizimkilər gizlin iş üsulunu həyatə, qoşun arasına soxulmuş dilənçi Dərvişoğlundan öyrənsinlər.

1-ci müçahid — Bu adam müçahidlər arasına soxulub, icazəsiz qərargahın həyətinə girmişdir.

Tütünçüoğlu — Səni bura kim buraxdı?

Dərvişoğlu —
Sakit ol, bu evdə beş gün qonaqsan.
Allaha sığınsın gərəkdir insan.

Tütünçüoğlu — (acıqlanaraq) Riyakar məl’un, de görək səni bura kim göndərdi? (Vurmaq istəyir).

Dərvişoğlu — Ya haqq, ya dust Əli!

Səttar xan — Dayan, buna bir tümən pul verin.

Dərvişoğlu — Ağam Əli səni inqilaba çox görməsin (Oxuya-oxuya gedir):
Şiəyi-ali-Əlidən qalmamışdır bir nişan,
Dini möhkəm qıldı Səttar xan, Bağır xan, ya Əli!

Səttar xan — Casusdur. Biz onu öldürsək, düşmənlərimiz deyəcəklər ki, biz Əli nökərini öldürdük. Bu saat uşaqlara tapşır ki, Dərvişoğlunun dalısınca düşsünlər, hər kəslə danışsa tutub yanıma gətirsinlər. (Cavad ağa gedir, Səttar xan sərkərdəyə) Siz də gedin, əlaqə saxlayın, rabitə işlərimiz yerində deyil, bu nə deməkdir, cəbhənin cəbhədən xəbəri yoxdur?

Sərkərdə gedir.

Zeynəb — Salam, Sərdar, gününüz xeyir.

Səttar xan — Əleykəssəlam! Haradaydın?

Zeynəb — Hacı Salman ağa mehmanxanada taxıl satanların iclasını çağırmışdı.

Səttar xan — Saat ikidə?

Zeynəb — Bəli, saat ikidə.

Səttar xan — İndi saat yeddidir. Bilirsən, əziz bacım, bəzən bir dəqiqə keçikmək bir ildə qazanılan böyük bir qələbəni uduza bilər. (Evi dolanır).

Zeynəb — (utana-utana) Bu mənim səhvimdir, cənab Sərdar. Doğrusu, Cavad ağadan nigaran idim. Alvar cəbhəsinə getmişdim.

Səttar xan — Eybi yoxdur, səni başqa iş üçün çağırmışam. (Fikirli bir surətdə evi dolanır). Düşmən şəhəri ac qoymaq üçün ittifaq düzəldir. Bizimkilər də onun buraxdığı sülh şayiələrinə inanır. (Zeynəb və Tütünçüoğluna). Əksinqilab qərargahına getmək lazımdır.

Tütünçüoğlu — Mən gedə bilərəm.

Səttar xan — Nə cürə gedə bilərsən?

Tütünçüoğlu — Dilənçi paltarında.

Səttar xan — Yox, hərçənd düşmən bu üsulu işlədir, amma çox köhnəlmişdir (Qapı açılır, bir nəfər dilənçi gətirirlər). Bunu haradan tutdunuz?

1-ci müçahid — Səfi bazarçasında tutulmuşdur.

Səttar xan — Səni niyə tutublar?

Dilənçi — Bilmirəm, başına dönüm.

Səttar xan — Dərvişoğlu ilə danışandamı tutdular?

Dilənçi — O qaçdı, əvəzinə məni tutdular.

Səttar xan — Adın nədir?

Dilənçi — Mən Təbrizli deyiləm. Qaradağlıyam, dəstikirliyəm, adım Orağçıoğlu Xəlildir.

Səttar xan — Bəs sənin Təbrizdə nə işin var?

Dilənçi — Atam inqilabçı idi. Ələkbər xan atamı öldürüb, evimizi yandırdı. Qaçıb Təbrizə gəlmişəm.

Səttar xan — Torbandakı nədir?

Dilənçi — Çörəkdir, qapılardan yığmışam.

Səttar xan — Yalan danışırsan, sən çorabçı ləvənd Təybənin oğlu Qədirsən (Tütünçüoğluna). Papağını götür (götürürlər). Başındakı çapıq yeri nədir?

Dilənçi — Ələkbər xanın nökərləri atamı öldürəndə məni də yaraladılar.

Səttar xan — Yenə yalan dedin? Doğrusunu desən səni azad edərəm.

Dilənçi — And olsun İmam Hüseynə, bir kəlmə də yalan deməmişəm.

Səttar xan — Dörd il bundan əvvəl Keçil qapısında sənin başını yaralayan mən özüm deyildimmi? Öz bacısının namusunu satmaq istəyən alçaq, onda qaçıb əlimdən qurtardın. Amma indi qurtara bilməyəcəksən.

Dilənçi — Əsli olmayan sözlər eşidirəm. Mənim heç yerindən bacım olmayıb...

Səttar xan — (Tütünçüoğluna) Cavahir bacını bura çağırın!

Dilənçi diksinir.

Dilənçi — Sərdar, məni inqilabın başına dolandır. Öldürmə, nə qədər ömrüm var, sənə qulluq edərəm.

Səttar xan — Namussuzluq sənin iliyinə qədər işləmişdir. (Cavahir gəlir. Səttar xan ona əmr edir). Cavahir bacı, at çarşabını.

Cavahir çarşabını atır.

Dilənçi — Ah, namərd bacı, sən məni satdınmı?

Səttar xan — Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirdin. Torbasındakı dinamitləri çıxarın, bizə lazım olar.

Dilənçi — Məni öldürməyin, Sərdar!

Cavahir — Cənab Sərdar, icazə verin o xaini mən özüm küllələyim.

Səttar xan — Sənin cəzanı bacın Cavahirə tapşırıram. Apar!

Cavahir tapançanı çıxarıb dilənçini aparır.

Zeynəb — O, nə qədər də igid bir qızdır.

Səttar xan — Əyləşin, indi deyin görüm, siz əksinqilab qərargahına necə gedə bilərsiniz?

Zeynəb — Arvadlar Ermənistandan şərab alıb Dəvəçi məhəlləsinə aparırlar. İslamiyyənin ətrafı şərab satan arvadlar ilə dolu olur. Mən də bir bəsti şərab alıb ora gedərəm.

Səttar xan — Yaxşı fikirdir. Sən ora kifayət qədər dinamit aparmalısan. Səni bizimkilər İslamiyyənin ikinci qapısının ağzında gözləyəcək.

Zeynəb — Mən onları necə tapmalıyam?

Səttar xan — Səid kimi başında göy əmaməsi var. Çiyninə Xorasan kürkü salır. Tez-tez çaxmaq çaxacaq, yanından qadın keçəndə, — ya haqq, ya haqq, — deyəcəkdir. Bəstini ona verərsən.

Zeynəb — Baş üstə, hər şey aydındır.

Səttar xan — Kağız vermirəm. Deyərsən ki, lağımları hazır oldu, olmadı? Bu gecə İslamiyyəni partlatmalıdırlar... Bu dinamitləri də götür get, uğurlar olsun! (Tütünçüoğluna). Sən də bir neçə bomba götürüb Zeynəbin dalısınca get! Hərkah o tutulsa, onu qurtarmağa çalış.

Tütünçüoğlu — Baş üstə.

Cavahir — (daxil olur). Cənab Sərdar, mən vəzifəmi bitirdim, mənə görə əmriniz?

Səttar xan — Sən bu gecəni Dəvəçiyə qayıtma! Get hələlik rahat ol!

Cavahir gedir.

1-ci müçahid — (gəlir) Cənab Sərdar, çar ordusunun generalı yanınıza gəlmək istəyir.

Səttar xan — Buraxın gəlsin. (Mücahid gedir). Nə üçün gəldiyini bilirəm.

General — (yanında iki nəfər xidmətçi gəlir) Gününüz xeyir, Sərdar.

Səttar xan — Təşəkkürüm var, general. (Əlini sıxır və kürsünün üstündə əyləşmək üçün yer göstərir).

General — İmperator hökumətinin tələbinə görə, İran hökuməti sülhə razılıq vermişdir. İmperator konsulxanası sizi inandırmaq üçün Qur’an möhürləyib.

Səttar xan — Təşəkkür edirəm, general!

General — Siz Qur’anın müqəddəsliyi naminə bu sülhə inanmalısınız. Bu gecədən e’tibarən hökumət ordusu Təbriz altından çəkilir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets