Dürrətülbağdad
Page 2 of 2 · 50%
– Artıq para verərəm, – dedi.
– Gözlədiyim zatın parası daha artıqdır. Başqasını götürə bilmərəm. Hələlik onu gözləyəcəyəm.
Bu söhbətdə Fəxrəddin yelkənçiyə yanaşdı və yelkənçi onu görürkən, qadına müraciətlə Fəxrəddini göstərib əlavə etdi:
– Budur, ağanın özü gəldi.
Qadın Fəxrəddini gördüyü zaman ona yaxınlaşıb soruşdu:
– Möhtərəm cənab məni də Hərbiyyə məhəlləsinə qədər götürməyə icazə verərmi?
– Mənim heç etirazım yoxdur.
Gəmiçi Fəxrəddindən bu sözü eşidərkən dedi:
– Görünür ki, mənim möhtərəm ağam Bağdada təzə gəlibdir. Biz xanımı heç bir vechlə götürə bilmərik, çünki xanım yaşadığı Hərbiyyə məhəlləsi ilə ağanın getmək istədiyi məhəllənin arası bir neçə saatlıq yoldur. Sizin getmək istədiyiniz Əmin qəsri, şəhərin şərq tərəfində və Məxrəm məhəlləsinin cənub tərəfindədir. Xanımın getmək istədiyi Hərbiyyə məhəlləsinə gəldikdə, o da yuxarıda, şəhərin qərb hissəsi ilə “Bəndəfruş” bazarının arasındadır. Buna görə də xanımı bərabər götürmək mümkün olmayacaqdır.
Qadın çox sakit durub baxır və düşünürdü; çünki körpüdə başqa yelkən yox idi. Fəxrəddin isə bu qadını əlindən buraxa bilməyəcəkdi. Ona böyük ümidlər bəsləyirdi. Bunun üçün də gəmiçini razı eləmək lazım gəlirdi. Fəxrəddin bunun üçün də gəmiçiyə belə bir məsləhət verdi:
– Hərgah sizin üçün ağır deyilsə, xanımı aparıb Hərbiyyə məhəlləsinə qoyandan sonra qayıdıb Əmin qəsrinə tərəf gedərik. Xanımı burada buraxıb getmək nəzakətsizlik olar. Nə qədər kiraya lazımsa, mər artıqlığınca öhdəsindən gələrəm.
Fəxrəddinin bu sözündən sonra gəmiçi:
– İndi ki, ağa etiraz etmir, daha mənim nə sözüm ola bilər?! – dedi. Və taxtanı götürüb körpüyə uzatdı. Fəxrəddin isə qadına tərəf dönərək:
– Xanım buyura bilər, – deyərək qadının qolundan tutub yelkənə çıxartdı. Yelkəndə oxuyub-çalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. Şəraba lazım olan hər cür məzə və əlvan yeməklər süfrəyə düzülmüşdü.
Yelkən şəhərin qərb hissəsinə tərəf gedirdi. Çayın üzərində bircə dənə də yelkən yox idi, çünki şəhərin bu tərəfləri uzaq olduğu üçün, səyahətçilər mərkəzdə gəzməyə sevinirdilər.
Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular. Lakin Fəxrəddini nə musiqi, nə də nəğmə düşdüyü fikirlərdən ayıra bilmirdi. O ancaq Dilşadı düşünürdü.
Fəxrəddin oxuyan qıza tərəf dönərək tərifləyici bir surətdə dedi:
– Sizin bir-iki saat bundan qabaq oxuduğunuz qəzəl nə qədər xoşuma gəlir və nə qədər də ruh oxşayıcı idi. Mən Bağdad gecəsi və Dəclə səyahətindən aldığım təsirləri xatırlayarkən, siz haman qəzəlinizlə gəlib mənim gözümün qarşısında duracaqsınız.
Oxuyan qızın ruhu yüksəldi və Fəxrəddinə təşəkkür edərək dedi:
– Verdiyiniz qiymət ağanın öz alicənablığı ilə əlaqədardır. Lakin sizin xoşunuza gələn hansı bir qəzəl olduğunu xatırlaya bilmirəm.
– Siz bir qızdan oxuyurdunuz.
– Qərənfildənmi?
– Xeyr.
– Tahirədənmi?
– Xeyr, o da deyildi.
Söhbətə gəmiçi müdaxilə edərək:
– Yəqin ki, bizim ağamız Dilşadın qəzəlini sevmişdir, – dedikdə, Fəxrəddin də:
– Bəli, mən haman qəzəli demək istəyirdim.
Qızlar oxuyub-çalmağa başladılar. Fəxrəddinin təqib etdiyi naməlum qadın da üzünü açdı və açan kimi Fəxrəddinə sual verdi:
– Möhtərəm ağamız Dilşadın kim olduğunu bilirmi?
Fəxrəddin bilməyən və tanımayan bir adam kimi çiyinlərini dartıb dedi:
– Haradan tanıyıram?! İki saat bundan əvvəl adını eşitdim, maraqlandım, gözəl və nəcib olduğuna iman etdim; çünki qadının gözəlliyini hamıdan əvvəl şairlər hiss edirlər. O, əhəmiyyətli bir qadın olmasaydı, Bağdad kimi bir yerdə dillərə düşməzdi.
Qadın gülərək cavab verdi:
– Təbiəti şairin zövqü ilə ölçmək olmaz. İnsan ac olduğu zaman arpa çörəyini bal havası yerinə yeyər.
Fəxrəddin qadının bu sözünə etiraz etmədi. Lakin qadın bir an belə ondan gözünü götürmürdü. O, tanış bir adama baxan kimi baxırdı, sanki Fəxrəddini tanış olduğu bir adama bənzədirdi. Fəxrəddin bu baxışlardan heç də şübhələnmirdi. O qəlbində: “Qadın Bağdad qadınıdır. Açıqdır, eyş-nuş içərisində böyümüş bir qadındır. Gözəlliyi və libasının zənginliyi, qulaqlarındakı qiymətli kuşvarəsi, topuqlarındakı zümrüd xalxallar, barmaqlarındakı qiymətli daşlar özünün kübar olduğunu xəbər verir. Gözüm ilə görmüşəm ki, xəlifənin sarayından çıxmışdır. Xəlifə sarayına degib-gələn adamlar da xəlifəyə layiq ailədən olmalıdır” – deyə düşünürdü.
Fəxrəddin bu fikirlə şərabı götürüb piyalələri doldurdu və naməlum xanıma təklif edib dedi:
– Əziz və möhtərəm xanım bu qəribin gecəsini şərəfləndirməyə tənəzzül edərmi?
Qadın xəfifcəsinə təbəssüm edərək soruşdu:
– Əcəba, siz qəribmisiniz?
– Bəli, qəribəm.
– Haradansınız?!
– Fərğanədən gəlmişəm.
– Burada çoxmu qalacaqsınız?
– Demək olmaz, hər şey iqbalımdan asılıdır. Müsaidə əldə edərsəm, bəlkə həmişəlik burada qaldım.
– Mən də qəribləri sevirəm, hətta qəlbən sevirəm! Çünki qəriblərin daddığı acılıqları mən özüm də dadmışam. Möhtərəm ağamızı hiss edirəm. Gecələri qəriblər üçün çox əziyyətdir. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. Bütün bunları nəzərə alaraq möhtərəm ağamızla olan bu qısa müsafirətdə onun vaxtının xoş keçməsinə çalışaram.
Qadın bunları dedikdən sonra, piyaləni götürüb dodaqlarına aparmaq istərkən, yenə də qaytarıb mizin üstünə qoydu və üzr istəyən adamların vəziyyətinə düşərək dedi:
– Biz piyalələri qaldırmadan əvvəl lazımı bir vəzifəni unutduq. Birisi ilə tanış olmadan piyalə-piyaləyə vurmaq həm ədəbsizlik, həm də nəzakətsizlikdir. Bu, bağdadlı bir qadın üçün yaramaz. İndi gəlin tanış olaq.
Qadın bu sözləri dedikdən sonra əlini Fəxrəddinə tərəf uzadıb – Dürrətülbağdad, – dedi.
Fəxrəddin onun əlini sıxdığı zaman – Ömərxan Fərğanəvi, – dedi.
Onlar qadınla birlikdə piyaləni qaldırıb içdilər. Piyalələri doldurub içməyin fasiləsi o qədər də uzun çəkmirdi. Həm Fəxrəddin, həm də qadın oxuyub-çalan qadınlara nəğmələr, ahənglər və musiqi parçaları sifariş verirdilər.
Fəxrəddin qadına çox dərin bir diqqətlə baxırdı. Onun saçları Bağdad gecəsi qədər qara, çöhrəsi isə İraqın səhər üfüqləri qədər qırmızı idi. Onun gözəl, ağlı-qırmızılı çöhrəsinin işığı zəif yanmaqda olan şamların işığını unutdururdu. O gözəl idi. Yaşı otuz beş-qırx aralarında ola bilərdi. O başındakı örtüsünü götürmüşdü. Gecənin şıltaq ruzigarı onun saçlarını sünbül arğacı kimi o tərəfə bu tərəfə qatlayır və dalğalandırırdı.
Yelkənçi də bu gecəki sərnişinlərlə maraqlanırdı, məqsədə və mənzilə gec yetişmək üçün yelkəni çox yavaş-yavaş sürürdü. Yelkən xəlifələr və vəliəhdlər sarayının tam ortası ilə gedirdi. Səs-səmir yox idi. Ancaq yelkənin burnu Dəclənin göbəyini öpmək üçün mavi qumaşı yırtdığı zaman bir xışıltı eşidilirdi. Qadın içdiyi piyalələrin təsirindənmi, yaxud öz dərəni düşüncələrinin sövqindənmi ruzigardan qaşları üzərinə düşmüş qara tellərini kənara ataraq Dəclə çayına baxıb:
– Bax gör mənim ağam nə qədər xoşbəxt bir gecəyə malikdir! Ulduzun şəfəqləri Dəclə çayında çimir. Ağamızın yelkəni isə səma pərilərinin əlləri üzərində gedir.
Fəxrəddin də qadının cavabında dedi:
– Baxınız, gecəmiz nə qədər şərəfli bir gecədir! Ulduzlar yelkənimizdə gedən aybənizli qadını görüb onu salamlamaq üçün yelkənimizin ətrafında axırlar, – dedikdə, Fəxrəddinin sözlərindən və təşbehlərindən razı qalan qadın bir daha saçlarını çöhrəsindən kənara ataraq:
– Onsuz da gecəmiz qaranlıqdır. Ruzigar isə qara buludları oynadaraq, ayın üzərinə pərdə salmaq istəyir, – dedi.
Yelkəndəki şadlığın nəşəsi ölçülməz qədər böyük idi. Oxuyanlar və çalanlar indiyə qədər təsadüf etdikləri sərnişinlər içərisində bu gecə təsadüf etdikləri sərnişinlər qədər xoşdil, xoşküy və ədəbli sərnişin görmədiklərini dedikləri kimi, yelkənçi də:
– Ağa icazə versəydi, Bağdadda olduğu zamanda yelkəni onun sərəncamına verərdim, məmnuniyyətlə ona xidmət edərdim, – dedi.
Şəhərin bu hissəsi olduqca işıq idi. Pəncərələrdən düşən işıqlar Fəxrəddinə Dürrətülbağdada lazımınca baxmaq üçün imkan yaradırdı. Qadın da Fəxrəddinə baxır, lakin ona hiss etdirməksizin baxır və şübhəsini oyandırmaq istəmirdi.
Yelkən cisrə yaxınlaşdı. Pəncərələrdən və sərv ağaclarının dalısından yelkən üzərinə düşən işıqlar nəticəsində şərabla dolu piyalələrdə əlvan yarpaqların şəkli rəqs edir və şəraba təzə bir rəng bəxş edirdi.
Yelkən möhtəşəm sarayların bağçaları qarşısından keçdiyi zaman, ətir qoxuları Dəclə çayında səyahət edən sərnişinlərin dimağını oxşayırdı. Gəmi cisrin altından üzüb keçdi, Bağdadın “Şəhər-Mənsur” deyilən hissəsinə yaxınlaşmağa başladılar. Qadın da artıq baş örtüsünü hazırlayır və saçlarını sahmana salırdı.
Fəxrəddin qadından gözlədiyi məqsədi əldə edə bilmədiyi üçün kədərlənirdi. Eyni zamanda, Fəxrəddin, bu gözəl və munis qadınla vaxt keçirməyin nə qədər qiymətli olduğunu qeyd edirdi. Fəxrəddin qəlbində “Bağdadda olduğum zaman bu qadınla tez-tez görüşməliyəm” – deyir və öz arzusunu qadına bildirmək üçün cəsarətini dilində mərkəzləşdirməyə çalışırdı.
Nəhayət, qadına tərəf dönüb sözünü dedi:
– Möhtərəm xanım lütfən bu gecəki Dəclə səyahətini təkrar etmək üçün söz verə bilərmi? Mən bir daha bu səadətə nail ola biləcəyəmmi?
Qadın da incə bir təbəssümlə cavab verdi:
– Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı?
– Unudulmaz bir təsir buraxdı.
– Elə isə etiraz etmirəm.
– Əziz və gözəl xanımla bərabər Bağdad gecəsində Dəclə səyahətinə çıxmaqdan nəşəli bir həyat vardırmı?
– Elə isə sabah zöhr zamanı məni Rəsafə camesinin qarşısında gözləyin.
Qadın bu sözlərdən sonra vidalaşıb yelkəndən körpüyə çıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-durretulbagdad
Use ← → keys to move, R for a random poem
More by this author
Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
V. «Ərdəhan» gəmisində«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.
VI. Neft sənayesi milliləşirNeft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. Bu məsələ ətrafında saysız-hesabsız dedi-qodular başlandı.Mədən sahibləri neftin milliləşdirilməsi məsələsinin əsasən həll olunduğuna və Moskvada təsdiq edilməsinə baxmayaraq, məsələni uzatmaq və bunun həyata keçirilməsini çətinləşdirmək üçün əldən gələni əsirgəmirdilər.
VII. Rayanın romanıRaya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona işləmək imkanı verilmirdi; onu bir tərəfdən Leyla, o biri tərəfdən də İvanov təqib edirdi. Bunlardan əvvəlincisi Rayadan şübhələndiyi, ikincisi isə Rayanı sevdiyi üçün onu gözdən qoymurdu. Son günlər, Leylanın Raya haqqındakı şübhəsi daha da artmışdı. O, yəqin etmişdi ki, itirdiyi məktubları Raya götürmüşdür. Leyla məktubları Rayanın mənzilindən təkrar götürmüşdü.Bütün bu məsələlər Rayanı düşündürürdü. O, İvanovun portfelindən götürdüyü vəsiqələri iki gün idi ki, Şaumyana yetirə bilməmişdi, çünki onu bir saat da sərbəst buraxmırdılar.
Poems by other poets
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Min bir bəlaya düşdü, budur əhli-ruzigarMin bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.
Ay əsər indiSəhər-səhər bir gözələ uğradım,Ondan dəydi mənə ay əsər indi.