Page 2 of 2 · 50%

– Nə üçün almışdınız?

– Mən bu paranın müqabilində Təbriz xalqını Almaniya tərəfdarlığına cəlb edib, əfkari-ümumiyyəni Rusiya əleyhinə çevirəcəkdim.

– Daha nə etməli idiniz?

– Təbrizdə iğtişaş yaradıb, çar konsulu mənafeyinə çalışanları və Almaniya ittifaqı əleyhinə olan iranlıları tutub Helmi bəyin əlinə verməli idim.

O, sakit oldu, lakin onun bir çox sirləri gizlətdiyini hiss edirdim, çünki onun sirlərinə aid vəsiqələrin hamısı, son parça kağıza qədər bizim əlimizdə idi. Bunun üçün sərdar Rəşidə sual verdim:

– Daha başqa bir vəsiqə yoxdurmu?

– Bəlkə də, vardır. Hamısı xatirimdə deyil.

– Hərgah vardırsa danışm, utanmağa lüzum yoxdur, çünki məsələ tamamilə aydın edilmədən onun çarəsinə baxmaq çox çətindir. Utanmaq və qorxmaq yersizdir. Hazırda sizin bütün sirləriniz bizim və Helminin əlindədir, bunu bizdən gizlətməyin heç də lüzumu yoxdur, çünki hazırda biz sizin müdafiə məsələnizi həll edirik.

Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. O öz mühüm sirlərinin üstünü açıb söhbət etməkdən həm qorxur, həm də utanırdı.

Mən onu danışmağa məcbur etmək üçün bu sualı da verdim:

– Siz son günlər Hacı Səməd xanın Tiflisdən dübarə qayıdıb nə məqsədlə Təbrizə gəldiyini bilirdinizmi?

– Əlbəttə, bilirdim, konsulun özü vaxtikən məni yanına çağırıb demişdi ki, Hacı Səməd xanın Təbrizə gətirilməsi sizin mövqeyinizlə əlaqədar deyildir, o tamamilə hərbi nöqteyi-nəzərdən gətirilir.

– Elə isə nə üçün Hacı Səməd xanın Təbrizə gəlməsini eşidən kimi Təbrizdən çıxdınız?

– Özümü Tehran hökumətinə sadiq göstərmək üçün belə rəftar etməyə məcbur idim.

– Bu məsələdə çar konsulunun razılığını əldə etmişdinizmi?

– Bu barədə də konsul özü mənə təlimat vermişdi, eyni zamanda mənim Təbrizi başlı-başına buraxıb çıxmağım almanlar ilə müqavilə üçün də əlverişli idi, çünki mənim çıxmağım nəticəsində Təbrizdə hərc-mərclik başlana bilər və Rusiya mənafeyi zərərdidə ola bilərdi. Xalqın bu iş nəticəsində ruslara və rus təbəələrinə hücum etməsi ehtimalı var idi.

– Buna nə üçün müvəffəq ola bilmədiniz?

– Çünki inqilabçılar xalqı başa saldı və hərc-mərcliyə yol vermədilər.

– İndi deyin görüm, inqilabçılar barəsində fikriniz nə idi? Gedən vəsiqələr içərisində bu işə aid bir vəsiqə var idimi?

– Bəli, var idil

– Nə kimi vəsiqələr?

– İki siyahı tutmuşdum. Onlardan birisi qaçqında olanların, ikincisi də Təbrizdə yaşayanların siyahısı idi. Burada onları həbs etdirib Rusiyaya göndərmək, qaçqındakıları isə yerlərdəki çar agentləri vasitəsilə məhv etdirmək istəyirdik.

– Bu siyahıları bir yerə vermişdinizmi?

– Xeyr! Hələ tamamilə düzəldib qurtarmamışdım.

Sərdar Rəşid vəsiqələr haqqında uzun-uzadı məlumat verdi. Nəhayət, mən sual-cavabı kəsdim, indi də o, gözlərini mənim ağzıma dirəyib, məğlub olmuş adamlar kimi aciz-aciz baxırdı. Onun papirosuna bir kibrit tutub dedim:

– Sizin Təbrizdəki fəaliyyətiniz olduqca mürəkkəbdir. Lakin bu çətinliklərə baxmayaraq, sizin mövqeyinizi olduğu kimi müdafiə etməyə və həmin olduğu şəkildə saxlamağa söz verirəm, ancaq bir şərtlə:

– Hər cür şərtə razıyam.

– Siz bu şərtləri yazılı olaraq bizə verəcəksiniz!

– O da mümkündür.

Bu sözdən sonra mən kağızı onun qabağına qoydum, qələmi də mürəkkəbə batırıb ona verdim və cyazınızə dedim.

Sərdar Rəşid dediklərimin hamısını yazdı, imza etdi, sonra da mən zəng vurdum. Nina otağa daxil oldu, sərdar Rəşidin yanına gələrək əlini sıxdı və azərbaycanca:

– Həzrət əşrəf xoş gəlib, səfalar gətiribdir, – dedi. – Çox xahiş edirəm ki, bizim evə tez-tez təşrif gətirəsiniz, çünki mən hər zaman sizi gördükdə bacım İraidanı xatırlayıram. Mən zənn edirəm ki, bizim qohumluq əlaqəmiz hələ də davam edir.

Sərdar Rəşid Ninanın azərbaycanca danışmasından təəccüb edərək:

– Afərin, Nina xanım! - dedi. – Siz tamamilə bir iranlı xanım kimi danışa bilirsiniz. Lakin İftixarissoltan" nə qədər çalışdısa, kəlmeyi-şəhadəti düzgün deyə bilmədi. Elə mən əvvəldən görürdüm ki, onun islam dinini qəbul etməyə rəğbəti yox idi, – dedikdə Nina gülərək əlavə etdi:

– Şəhadət kəlməsini mən də öyrənə bilmirəm.

– Nə üçün, Nina xanım?

– Çünki şəhadət kəlməsini yaxşı öyrənmək üçün bir ərəb tapıb ona ərə getmək lazımdır. Halbuki bir rus qızının ərəbcə danışması mümkün deyildir.

Bu sözə mən də, sərdar Rəşid də güldük, Nina isə ayağa qalxdı:

– Məni bağışlayın, nahar işlərinə baş çəkmək lazımdır. Bu gün həzrət əşrəf üçün özüm nahar hazır etmişəm, – dedi.

Nina qalxıb getdikdən sonra sərdar Rəşid yavaşdan:

– Aparılan şeylərin içərisində bədbəxt İftixarissoltanın şəkli də var idi, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets