Page 2 of 3 · 33%

– Hacı xanın gəliri çoxdurmu?

– Sayını bircə Allah bilir. Yalnız Livarcanın gəliri xanın ölüsünə də bəsdir, dirisinə də. Xalisə torpaqlarından gəlir, rəiyyətlərindən vergi alır, öz bağları gəlir verir, rəiyyət bağlarından vergi alır, buzxana və hamamlardan qazanır, nə başını ağrıdım, karvansaralar, bütün bazar, dükan Hacı xanındır. Onlar da gəlir verir. Suların gəliri, çeşmələrin gəliri. Livarcan bazarı Ələmdar bazarından böyükdür. Həftəbazarına yüz kəndin adamı gəlir. Gələnlərin hamısı vergi verir. Ağa, müxtəsər ki, bura çox gəlirli yerdir. Bunun üçün də xanın düşmənləri buraya diş qıcadıblar.

Küçələrdə dərviş oxuyurdu, ətrafına toplananlar bazar əsnafı və bir də işsiz-gücsüz adamlar idi. Çayxanalar, aşpaz dükanları başqa İran şəhərlərində olduğu kimi idi. Bazarı gəzib fikir verdim, bura bir şəhər həyatı keçirsə də, başqa şəhərlərin bazarında təsadüf edilən adətlərin bəzilərini burada görmədim. Tiryək çəkən yox idi, deyildiyinə görə, tiryək buraya sirayət etməmişdi. Nökərin dediyinə görə, burada qumarbazlıq çox intişar tapmışdı. Hətta başqa yerlərdən buraya qumar oynamağa gələnlər varmış.

Məktəbə getdik, məktəb gözəl bir məsciddə yerləşirdi. Fəqət məktəbə lazım olan şeylərdən burada heç biri yox idi. Uşaqların döşəkləri qamışdan toxunmuş həsir üstünə salınmışdı. Pəncərənin qabağında qoyun dərisi salıb oturmuş müəllimin qarşısında ağ bir mərmər vardı, uşaqlar kitablarını bunun üzərinə qoyub oxuyurdular. Müəllim bizim yanımızda bir çoxlarının dərsinə qulaq asdı. Uşaqlardan birisi belə dərsini rəvan oxumurdu, onlar qorxur və şaşırırdılar. Dərs oxuduqları zaman bir gözləri axundun yanında qoyulmuş «tərbiyə alətləri»ndə – çubuqlarda və fələqqədə olurdu.

Biz bunu müəllimə anlatdıqda o belə cavab verdi:

– Əzzərb-zinətüttəlim – yəni kötək təlimin zinətidir.

Biz yenə də Hacı xan sarayına qayıtdıq. Yenə də balkonda oturduq, poçt müdiri və Ələkbər yoldaş da gəlmişdi. Bir azdan sonra poçt müdiri:

– Məşğuliyyət lazımdır! – dedi. Hacı xan nökərlərini çağırıb:

– Qumar dəsgahını gətir, – deyə əmr etdi.

Xidmətçi gümüş bir padnos gətirdi, padnosun içində bir dəstə qumar kağızı, bir də gümüşdən qayrılmış uzunsov bir qutu var idi.

Hacı xan eynəyini çıxarıb gözlərinə taxdı, poçt-teleqraf müdiri qumar kağızlarını açaraq düzəltdi, sonra Hacı xan həmin gümüş qutunu açıb, içindən qızıldan qayırılmış, yaquta, zümrüdə, firuzəyə tutulmuş bir maşa çıxartdı.

Mən təəccüb etdim. «Burada tiryək çəkilməyəcəkdi, əcəba, maşa kimə lazımdır?» – düşünürdüm.

Oyun başlandı, Hacı xan qumar kağızlarına əl vurmayaraq, maşa ilə çevirirdi, o mənim heyrət etdiyimi duyaraq:

– Mən ziyarətə getdiyim vaxt qumara əl vurmamaq üçün and içmişəm, bu barədə anamın qəbrinə də qəsəm etmişəm, anam mənim üçün Məkkədən də müqəddəsdir. Mən də anam kimi atamdan sonra doğulmuşam, doğulduğum gün anam da ölmüş, buna görə anam hər şeydən müqəddəsdir. Ona and içdiyim üçün qumara əl vurmayaraq, məşğuliyyət vaxtı maşa ilə çevirirəm, – dedi.

Oyundan sonra mən miss Hanna ilə bərabər bağa endik. Xanın oğlanları, qızları və gəlinləri də bizə qoşuldu. Fətəli xan ruslardan, rus təbəələrindən şikayət etməyə başladı, yenə də kəndlərin söhbətini təzələdi. Biz bağçadan gec döndük. Hələ nahar süfrəsi salınmamışdı. Balkona çıxdıqda poçt xidmətçilərindən Rüstəmin məktub gətirdiyini gördüm. Məktub Səttar Zeynalabdinov yoldaşdan idi, rus Culfasından yazırdı. Məktubu sevinərək açdımsa da, oxuyarkən hamımıza bir qəmginlik üz verdi. Səttar yoldaş məktubu belə başlayırdı:

«Hörmətli rəfiq! İki gün bundan əvvəl, yəni mayın 26-da burada böyük hadisələr baş verdi. Fəal yoldaşlarımız, bir sözlə, Culfada İran inqilabında çalışanların hamısı həbs olundu, Rzaqulu Nəcəfov, Tağı Yusifov, Ağa Məhəmmədhüseyn Hacıyev, Baxşəli ağa, Şahtaxtlı, Nəsrulla Şeyxov və başqaları həbs edilib, haman gecə Naxçıvana göndərildi. Mən jandarm idarəsində olan adamın vasitəsilə həbslərin kimin tərəfindən olduğunu öyrəndim, həbs edilənlərin siyahısını general Snarski vermişdir. İranda da həbslər ehtimalı vardır. Özünü gözlə, bilmirəm Təbrizə necə gedəcək və nə vasitə ilə yaşayacaqsan. Hər nə olursa-olsun, bu tərəfə qayıtma, mümkünsə o tərəflərdə bir az rahat ol. Min manat da rus parası göndərdim, məsarifdən müzayəqə etmə, məktubun cavabını tez yaz. Para lazımsa, yenə də göndərərəm. Məndən nigaran qalma. Cavabını alan kimi buradan rədd olub Bakıya gedəcəyəm. Təbrizə, Məşədi Kazım ağaya yazmışam. Ev, əşya və məsarif barəsindəki hər bir ehtiyacınız təmin ediləcəkdir. Təbriz yolu da açılmışdır. Getmək fikrin varsa, tez xəbər ver.

Səttar, Culfa, 28 may 1909-cu il».

Məktubun məzmununu elan etmədim. Ancaq yolun açılması münasibətilə miss Hannanı təbrik etdim. Rüstəmdən min manat alıb kağızını imzaladım. Nahar süfrəsi bitdi. Poçt müdirinə və Ələkbər yoldaşa məsələni anlatdım. Təbrizə getmək qərara alındı. Bakıdan gəlmiş məktubu da açdım. Bu məktub bizə bir qədər ümid verdi. İndi mən rusca «Kaspi», türkcə «İttifaq» qəzetlərinin xüsusi və məsul müxbirləri sifəti ilə Təbrizə gedə biləcəkdim.

Gedəcəyimi Səttar yoldaşa bildirmək lazım idi, məktubu yazdım, yenə də poçt xidmətçisi Rüstəmlə göndərdim. Bir də Culfaya gedib oradan qayıtmaq qorxulu olduğundan Ələkbər yoldaş Şüca kəndindən fayton danışıb Livarcana gətirmək üçün adam göndərdi.

Biz Səttar yoldaşa yazdığımız məktubun cavabını almaq üçün Livarcanda iki gün daha qalmalı idik.

Ev sahibləri bütün yayı Livarcanda qalmağımızı rica edirdilər, lakin qalmağa nə mənim imkanım vardı, nə də miss Hannanın.


İki gün sonra Səttar yoldaşdan məktub gəldi. O belə yazırdı:

«Mümkün olsa, Ələkbər yoldaşı da özünlə bərabər Təbrizə apar. Əmir Heşmət və onun qardaşları Əbülqasım və Mirzə Məhəmməd xan da Təbrizə getdi. Onların özbaşına hərəkət etməsinə imkan verməm. Çünki Əmir Heşmət başıpozuqluq sevən adamdır, özünə də bu barədə tapşırılmışdır. Səttar xanla sıx əlaqədə olmağını rica edirəm, ruslar onları aldada bilər. Nə cür olursa-olsun, Əmir Heşmətin Təbriz nəzmiyyə rəisliyinə təyin olunması üçün çalışın. Bu barədə Təbriz hakimi Cəlalülmülkün rizasını əldə edin. Sənin fikrini burada bir də müzakirə etdik, doğru fikirdir. Əlimizdə silahlı qüvvə olmalıdır.

Qoşun rəisi Amanulla Mirzədən də istifadə etmək lazımdır. O, vətənçidir, sosial-demokratların xətti hərəkətinə kömək edir.

Mənziliniz Məşədi Kazım ağanın evində olmalıdır. Dörd gün əvvəl gedən müsafirlər vasitəsilə ona məktub göndərmişəm. Dübarə 1500 manat da göndərdim. Amerikalı qıza hörmət edin, bəlkə, bizə lazım oldu, çünki amerikalılar rusların və ingilislərin düşmənidir. Amerikalı qız sizə hörmət bəslədiyini, hətta onu dərinləşdirmək istədiyini burada xanıma söyləmişdir. Hərgah ona rəğbətin olmasa belə, işimizin xatirəsi üçün məhəbbət göstərmək lazımdır. Zənnimcə, sən bunu bacararsan.

Xanım da sizə və miss Hannaya salam göndərir.

Səttar, Culfa, 29 may 1909-cu il».

Miss Hanna içəri girərək məktubu gördü və şübhəli bir surətdə soruşdu:

– Yenə məktub haradandır?

– Culfadandır, Səttar cənablarından, – dedim.

– Bizim ziyafətində olduğumuz hörmətli zatdanmı?

– Bəli, xanım, özüdür ki, var.

– Onun gənc xanımı məndə müsbət bir xatirə buraxdı, – deyərək onu xatırladı.

– Xanım sizə xüsusi salam göndərmişdir.

– Daha nə yazmışdır?

– Sizə hörmət bəsləməyi, sizin məramınız xaricində hərəkət etməməyi tövsiyə etmişdi.

– Daha nə yazmışdır? – deyə qız təkrar soruşdu.

– Bir az da sizin ona dediklərinizdən yazmışdır.

– Mən ona nə demişəm?

– Səmimi yoldaşlığımız haqqında ona demədinizmi?

Qız utandı və düşünərək:

– Bilmirəm, xanıma dediklərimi o mənim özüm kimi ifadə edə bilmişdirmi? – soruşdu.

– Zərər yoxdur, o ifadə eləmədiklərini siz özünüz də ifadə edər və öz səmimi məramımızı bir-birimizə yetirə bilərik, – dedim.

– Siz xanımın tövsiyələrinə əməl edəcəksiniz?

– O tövsiyələr olmadan belə mən sizin məramınız xaricində heç bir hərəkətdə bulunmamışam, yenə də bulunmayacağam... Siz mənimlə bir ürək dostu kimi səmimi danışa bildiyiniz halda, belə bir vasitəyə ehtiyac vardırmı?

Balkonun bir tərəfində oturmuşduq. Qız başını çiynimə söykəyərək doluxsundu. Mən qızların bu ani və adi sevişindən olduqca nifrətlənirdim, hətta onun ağlaması və bu tezliklə sevməsi mənə çox saxta görünürdü.

Ay sanki Kəmki dağının arxasından başını çıxardıb gecənin qoynunda üzən iki gənc qəlbi güdürdü. Onun uşaqları böyük fantanın səpintiləri arasında süzülüb sevmiş bir qəlb qədər saflanıb keçir, sərv ağaclarının budaqlarındakı dodaqlara sürüşərək balkonumuza yüyürür və miss Hannanın pənbə yanaqlarına əlvan bir şəkil verirdi. Livarcan yaylasının əyləndirici ruzigarı da miss Hannanın tellərini darayır, mavi gözlərinin üstünə toplayırdı. Bu vəziyyət bir yarım saatdan artıq çəkdi. Nəhayət, mən onun redikülündəki kiçik dəsmalını çıxarıb tellərini gözləri üzərindən kənara atmaqla göz yaşını sildim və:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İntibahnamələr

İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.

17 min
Nizamüddövlə bağında

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

16 min
Şümşad xanım

Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.

26 min
Mahmud xan

Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.

7 min

Poems by other poets