«Şahın bibisi oğlu»
Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.
Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.
Görüşdük. Mən, poçt müdiri və xan faytondan düşüb piyada gedirdik, xanımlar isə faytondan düşməmişdilər.
Yolun hər iki tərəfində xanın rəiyyətləri sıra ilə durmuşdu. Onlar faytonlara təzim etdikcə mən İranda hökm sürən köləlik dövrünün bu şəklini gözdən keçirdim. Uzun küçələr Livarcanın böyük şəhər olduğunu bildirirdi. Faytonumuz fənərlərlə işıqlanmış böyük bir qapıda dayandı. Bura Hacı xanın yaşadığı bina idi.
Dərhal hər faytonun qabağında bir qoyun qurban kəsildi. Qurban kəsilincə dayandıq, qoyunlar kəsiləndən sonra cəmdəklərin üzərindən addayıb keçməli idik. Poçt-teleqraf müdiri əvvəlcə keçməyi mənə təklif etdi, mən etiraz etmədim. Etirazım Hacı xanın şərəfinə toxuna bilərdi.
Qurbanın üstündən addadım, miss Hanna da addayıb keçdi, şübhəsiz ki, şərqşünas qız Şərqin qurban adətini bilməmiş deyildi.
Geniş və meşəliyə bənzəyən bir bağa girdik. Ətrafında ər-ər ağacları düzülmüş geniş xiyabanda bir neçə dəqiqə yol getdik. Xiyaban böyük fənərlərlə işıqlanmışdı.
Uzun və daş döşəməli bir balkona çıxdıq. Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərək gedirdik.
Qadınlar bir otağa, biz isə başqa bir otağa girdik. Yuyunub yol paltarımızı dəyişdikdən sonra Hacı xanın uzun və zəngin tənabisinə keçdik.
Salonun zəngin xalçaları, pərdələri, avizələri mənə «Min bir gecə» hekayələrində oxuduğum və dünyada mövcud olmadığını hiss etdiyim Bağdad saraylarını, daha açığı, Abbasilər xilafətinin hərəm dairələrini andırırdı. Bu zənginlik bir mülkədarın əhatə edə biləcəyi zənginlikdən daha geniş idi. Bura bir neçə kəndi yox, İran kimi zənginliklər və asari-əntiqələr ölkəsini istismar edən bir əlin hakim olduğunu hiss etdirirdi.
Miss Hanna salona gec gəldi, xanın oğlunun dediyinə görə, xanın arvadı, gəlinləri və qızları miss Hannanın ətrafına toplaşaraq, onu öz yanlarından buraxmaq istəməyirlərmiş.
Miss Hanna poçt-teleqraf müdirinin arvadı ilə bərabər salona girdi. O, irəlilədikcə qızıl alovlu şamları olan böyük avizənin şəfəqlərinə yaxınlaşır və şəfəqlərdən rəng alan ağ ipək donu ilə əlvan bir vəziyyət alırdı.
Mən qızın Hacı xanla nə cür görüşüb tanış olacağı ilə maraqlanır və əcəba, qız qoca Hacı xanla bir qərbli və ya bir şərqli kimimi rəftar edəcəkdir? – deyə düşünürdüm.
Miss Hanna əvvəlcə salona farsca ümumi bir salam verdi. Bundan sonra miss Hanna Hacı xana yanaşıb onun əlini tutdu və əlindən öpdü, Hacı xan isə əlini onun saçlarına toxunduraraq:
– Bərəkallah, qızım, – dedi və oturmasına icazə verdi.
Mən bu amerikalı qızın nə qədər bacarıqlı, ədəbli, gözəl, munis bir qız olduğuna təəccüb etməsəm də, Şərqi öyrənmək istəyən kapitalist dövlətlərin bu kimi hazırlığına təəccüb etməyə bilməzdim.
20 yaşında bir qızın Şərqin əhvali-ruhiyyəsini öyrənməsi, özünü bir Şərq qadını kimi aparması olduqca maraqlı və bir aktyorun səhnədə oynaması kimi maraqlı idi.
Xan qıza müraciətlə:
– Bizi sərafraz buyurmuşsunuz, sizin təşrifiniz münasibətilə özümüzü bəxtiyar hesab edirik. Əfv edərsiniz, kiçik bir qəsəbədə yaşadığımız üçün mədəni məmləkətlərdən gələn əziz qonağı mədəni bir halda rahat edə bilməyə qadir deyilik, – dedi, – varımız bundan ibarətdir, amma siz özünüzü atanızın evində olduğu kimi hiss edə bilərsiniz.
Biz miss Hannanın Hacı xana nə cavab verəcəyi ilə maraqlanırdıq. Hacı xan Şərqin mehmannəvaz bir şivəsi ilə danışdı, qız isə bir amerikalı olduğundan Şərqin bu kimi rəsmi təarifinə qarşı hansı üslubda danışa bilərdi?
Hacı xan qızın farsca anladığını, farsca danışdığını bilsə də, onun bir fars qızı şivəsi ilə hərəkət edəcəyini bilmirdi. Odur ki, qız danışmağa başlarkən Hacı xan tamamilə heyrət içində qaldı.
– Şərqin unudulmaz və başqa ölkələrdə təsadüf edilməyəcək bir xüsusiyyəti vardır, – deyə qız sözə başladı, – o da mehmanpərəstlik, mehmannəvazlıq, munislik, mütəvazölik, kiçiklərə qarşı mərhəmət, böyüklərə qarşı hörmətdən ibarətdir. Şərqdə digər bir xüsusiyyət də vardır ki, onu da deməyə icazənizi istəyirəm, – deyə qız bir az düşündü.
– Bəfərma, düxtəri-mehribanəm – deyə Hacı xan onu təşviq etdi.
– Nədənsə, insan şərqlilərə tez öyrəşir. Onlara yaxınlaşmaq nə qədər böyük bir səadətdirsə, onlardan ayrılmaq da o qədər çətindir.
Qızın bu sözlərindən xan və xanın oğulları çox razı qaldılar.
Çaylar tökülməyə başladı. Hər şeydə bir xaruqəladəlik nəzərə çarpırdı. Firuzə başlı nargilələrin səsi, açıq pəncərənin qabağında vuran fəvvarənin fışıltısı, altun qaşıqların stəkanlardakı hərəkəti, xülasə, indiyə qədər xəyalıma gətirə bilmədiyim bu mənzərə mənə bir daha:
«Hər kiçik qəsəbəsində Böyük Britaniyanın «Birminham» sarayını düzəldən və özünü daxili zənginliklər içərisində nazladan Şərq, hələ bir çox illər bundan sonra da öz xarici düşmənınə qarşı mübarizə xəyalına düşməyəcəkdir!» – sözlərini təkrar etdirirdi.
Miss Hanna mənim qulağıma bir şey pıçıldadı, bunu Hacı xan hiss edincə:
– Kiçik xanım nə istəyir? – deyə soruşdu.
Mən xanın sualının cavabını verə bilmədim, çünki qız Şərqdə intişar tapa bilməyən bir təklifdə bulunaraq «nə üçün cənab xanın qızları və gəlinləri çay masasında iştirak etməyir?» – deyə soruşurdu.
Xan sualı hiss edirmiş kimi cavabını gözləmədən:
– Adətləri belədir, lakin mən bu adətin tərk olunmasına tərəfdaram. Hər şeyimiz mədənidir, libasımız, qiyafətimiz, ev yaşayışımız hamısı avropalı həyatı şəklini almaqdadır. Lakin örtülülük məsələsi əvvəlki şəklində qalır. Bu da bizim hələlik zahirən mədəni, daxildə isə ibtidan həyat keçirməkdə olduğumuzu göstərir. Bunu da deməliyəm ki, qızlar analarından, gəlinlər isə oğlanlarımdan asılıdır, – dedi.
Xanın oğulları yerə oturmamışdı, ayaq üstündə durub atalarının əmrini gözləyirdilər.
Poçt-teleqraf rəisinin dediyinə görə, nə oğlanlar, nə qızlar, nə də gəlinlər bir kərə də olsa, Hacı xanın icazəsi olmadan yerə oturmamışdılar.
Bundan sonra xan oğullarını irəli çağırdı və:
– Əyləşin – dedi.
Əvvəlcə Məhəmmədəli xan Əminülləyalə, ondan sonra kiçik oğlu Fətəli xan Səmsamüləşkər irəli gəlib əyləşdilər. Yenə də bir az sonra xan onlara müraciətlə:
– Xanımlarınızın və bacılarınızın gəlməsinə icazə verirəm, buradakı xanımların da meyli bunadır, – dedi.
Oğlanlar təzim edərək salondan çıxdılar, bir azdan sonra xanın iki gəlini, iki də qızı salona girib salam verdilər. Onların dördü də cərgə ilə durdu, mən onlara baxdıqda qarşımda sanki əlvan ipəklərə bürünmüş dörd tovuz quşunu gördüm.
Gəlinlər bir-birinə bənzəyirdi. Onlarda bir fərqi vardısa, o da böyüklük və kiçiklikdə idi.
Poçt-teleqraf rəisi bunların iki bacı olub, iki qardaşa ərə getdiyini söylədi.
İstər Hacı xanın qızları, istərsə gəlinləri bir paltarda, bir qiyafədə və bir biçimdə idilər, dördü də yaşıl ipəkdən don geymişdi, paltarların modası da köhnə modalardan deyildi.
Hacı xan bir kərə:
– Qızlarım çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı.
Təəccüblü burasıdır ki, gəlinlər salonda olduğu müddətdə oğlanların heç birisi salona gəlmədi. Biz çay içirdik, Hacı xan, Ələkbər yoldaş və poçt-teleqraf rəisi də qəlyan çəkirdi. Çay bitincəyə qədər qızlar və gəlinlər salonda qaldılar. Onlar özlərini olduqca azad hiss edirdilər, utanmırdılar və başqaları kimi başlarını aşağı salmırdılar.
Gəlinlərin Tehranda yaşayıb, Tehranda da oxuduqlarını söylədilər. Onlar ancaq hər il yayı Livarcana gəlirlərmiş. Böyük gəlinin adı Sərvinaz, kiçik gəlinin adı isə Səmənsa xanım idi. Qızların böyüyü Mişkbu, kiçiyi də İrandüxt xanım idi. Hacı xanın böyük oğlu Tehranda maliyyədə, kiçik oğlu isə hərbi idarədə xidmətdə idi.
Gecə saat birdə şam süfrəsinə oturduq. Süfrədə bizim ayağımıza kəsilən qurbanların ətindən görmədim. Bütün xörəklər toyuq ətindən hazırlanmışdı. Süfrədə içki adına yalnız şirin və ətirli şərbətlər var idi. Biz şam süfrəsindən qalxmaq istədikdə Hacı xan bizə müraciət ilə:
– Mən hər gün axşam yeməyindən sonra bir az eyvanda gəzişirəm, – dedi.
Biz də onunla balkonda gəzişdik. Yarım saatdan sonra poçt-teleqraf rəisinin arvadı ilə miss Hanna bir otağa, rəislə mən də başqa bir otağa çəkilib istirahət etdik.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-sahin-bibisi-oglu
Use ← → keys to move, R for a random poem
More by this author
İran parlamanında bir çoxları Zəhirülməmalik kimi oğurluq mandat ilə nümayəndəlik etdikləri üçün kənar edilmişlərdir (İran xəbərlərindən).*Dörd min sənədir olmamış İranda oğurluq
ƏcəbaPekin muzeylərində Çin tə’tilçiləri nəf’inə yenə toplandığı vaxt qapıda iri xətt ilə: «it, ingilis, yapon daxil ola bilməz» yazılmışdır.*Bu yazıq çinlilərin ağlına bir bax, əcəba
Balaca felyetonAmerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
Poems by other poets
Barəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.
Dul arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nədə baxmaz o movlaya dul arvad.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir